Введите слова для поиска

Ondan yaxşı qardaş yox idi

Maqsud İbrahimbəyov

ONDAN YAXŞI QARDAŞ YOX İDİ

Tünd xardalı boyanmış qazanlar ikimərtəbəli ağ hamam binasının yastı damından ucalır, şəhərin bu uсqar səmtində haradan baxsan, görünürdü. Onların yeknəsəq uğultusu gecə-gündüz ətraf məhəllələrə yayılır, hətta xəzri qopanda belə, bütün həyətlərdə eşidilirdi.

Məhəllə adamları qazanların səsinə alışmış və bu səsi sanki eşitmirdilər, bura adamlarının beşinci, altıncı nəsli ötən əsrin ortalarında tikilmiş hamam qazanlarının uğultusu altında doğub-törəyir, xoş güzəran sürür, peşmançılıq çəkir, rəngarəng həyat mübarizəsində gah qalib gəlir, gah da məğlub olurdular. Hamam bu rayonun yeganə gözəgəlimli, görməli yeri idi, ona görə də əsl hamam sərraflarının şəhərin o başından bura çimməyə gəlmələri heç kimi təəccübləndirmirdi.

Hamamın qabaqlar yaratdığı yeganə narahatlıq onun aydın, qara sütun kimi göyə dirənən, sonra isə elə bil mina çəkilmiş mavi səmanın fonunda tez-tez dəyişən, hansısa əfsanəvi ağac, vəhşi heyvan və quş şəklinə düşən tüstüsü idi. Küləkli havada küçələri qəhvəyi tüstü-duman bürüyür, ağacların yarpaqlarına, həyətlərdə sərilmiş paltarların üstünə qapqara, əl vuran kimi yayılan lopa-lopa qurum otururdu. Heç kim gileylənmirdi, görünür, adamlar tüstü və quruma “əvəz-əvəz qanunu”nun labüd nəticəsi kimi baxırdılar, bu qanuna görə isə, insan əvvəl-axır hər bir yaxşı şeyin qarşılığını verməliydi ki, ağlı başında olan hər bir kəs (bu rayonun sakinlərinin əksəriyyəti də məhz belə bir dərrakə sahibiydi) iki və üçotaqlı nömrələri olan, başdan ayağa çəhrayı və zərif mavi rəngli mərmər döşənmiş, ümumi salonunda hovuzu və daş çarpayıları – uzanacaqları, peşəkar kisəçiləri və masajçıları, eləcə də səhərin gözü açılandan ta gecə yarısına kimi lumulu, ətirli çay verilən çayxanası olan qədim hamamın müqabilində tüstü və qurumun çox cüzi şey olduğunu yaxşı başa düşürdülər. Vaxt gəldi, ocaqxanada kürəni dəyişib, mazutdan qaza keçdilər. İndi hamamın bacasından ağır-ağır, dalğalana-dalğalana şəffaf qızmar hava şırnağı çıxırdı, bəxtlərinə sürətli texniki tərəqqi dövründə yaşamaq düşən işgüzar adamlara qismət olmuş bu nemətin yan təsirini dərhal qiymətləndirən təşəbbüskar məhəllə uşaqlarının əli və iradəsi ilə bacanın üstünə yönəldilən çərpələnglər isə bu istiyə düşəndə qıc olmuş kimi qıvrılır və yanırdı.

Читать далее