Reza Deqati çəkdiyi fotoları Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində nümayiş etdi
Azərbaycan əsilli məşhur fransız fotoqraf Reza Deqati, çəkdiyi fotoları Maqsud İbrahimbəyovun Yaradıcılıq Mərkəzində nümayiş etdirərək, Uzaq Əfqanıstanı bir günlük yaxın edib. Nümayiş, may ayının 14-də Latviyanın Azərbaycandakı səfirliyinin digər diplomatik missiyalar, beynəlxalq və yerli təşkilatlarla əməkdaşlıq çərçivəsində təşkil etdiyi “Peace be upon you-Salam Aleykum” layihəsi daxilində baş tutub. Layihə, sülhməramlıların bu müharibədə ki roluna və incəsənət vasitəsilə dünyada sülhün qorunub saxlanılmasına həsr olunub.
Reza Deqatinin Əfqanıstanda çəkdiyi fotoşəkillərdə təkcə müharibənin xronikası deyil, həmçinin kameraya zillənən heyrətli baxışlar və insanlarda cəmlənən həyat eşqi həkk olunub. Tədbirdə mərkəzimizin direktoru Anna İbrahimbəyova, Latviyanın Azərbaycandakı səfiri Daynis Qarançs, Latviyanın sabiq müdafiə naziri Raymonds Berqmanis və başqaları çıxış etməklə yanaşı, tarixçi Fuad Axundov da Qarabağın məşhur yaradıcı şəxsiyyətlərindən danışmışdır.