Введите слова для поиска

Filmoqrafiya

Filmoqrafiya

Maksud İbrahimbəyov bədii kino sahəsinə 1968-ci ildə “Uşaqlığın son gecəsi” filmi ilə gəlmişdir. Onun bu debütü çox uğurlu olmuş, müəllifi şöhrətləndirmişdir. O zaman “Komsomolskaya pravda” onu Azərbaycan kinematoqrafının dirçəlişi prosesində “ilk qaranquş” adlandırmışdır.

Onun ssenarisi əsasında rejissor Həsən Seyidbəylinin çəkdiyi növbəti “Bizim Cəbiş müəllim” filmi “World of Azerbajdjan» jurnalının və Azərbaycan Kinematoqrafçılar İttifaqının birgə təsnifatına əsasən, XX əsrin 20 ən yaxşı Azərbaycan filmi sırasına daxil olunmuşdur.

«Qoy o bizimlə qalsın» povestində sənətkarlıqla qələmə alınmış «insanın hər şeydən yüksəkdə duran mənəvi ucalığı və başqaları yolunda fədakarlığa getməsi» motivi, bu povest əsasında M.Qorki adına Moskva kinostudiyasında rejissor İrina Tarkovskayanın çəkdiyi eyni adlı bədii filmin də əsasında durmuşdur. Tanınmış kino tənqidçisi Leonid Baxnov yazırdı: «Maksud İbrahimbəyovun kinopovesti güclü təsir buraxır. O, ilk növbədə, balaca qəhrəmanın daxili aləminin dərinliklərinə nüfuz edə bilmək məharəti ilə, eyni zamanda, sözünü çox dəqiq və zəhlə tökmədən, zorla sırımadan deməyi bacarması, duzlu, məzəli ironiyası və nəhayət, ilk baxışda o qədər də vacib olmayan detallar və müşahidələr tapmaq bacarığı ilə ürəkləri fəth edir». Mixail Svetlovun yaxşı bir deyimi var: «Zəruri olan şeylərsiz də birtəhər yaşayaram. Amma artıq, lüzumsuz olanlarsız…»

Maksud İbrahimbəyov təkcə Azərbaycan kinosunda deyil, ümumən sovet kinosunda yeniyetmələrin həyatından bəhs edən mövzuları ekrana gətirə bilən nadir sənətkarlardandır: bu qəhrəmanların obrazları onda son dərəcə cazibədar və inandırıcı alınır. Bunun sirri odur ki, dramaturqun yeniyetmələrlə kifayət qədər ciddi və mürəkkəb məsələlər barədə öyüd-nəsihət və təbliğat dili ilə danışmır, onların ağlına-zəkasına, hissiyyatına, həqiqəti dərk etmək qabiliyyətinə etibar edir. Yəqin bu gün İnternet forumunda 70-ci illərin tamaşaçıları məhz bu cəhəti nəzərdə tutaraq yazırlar: «Mən Maksud İbrahimbəyovun «Bütün yaxşılıqların müqabilində – ölüm» kinopovestini yaxşı xatırlayıram (Ümumittifaq prokatında «Dağ mağarasının sirri» kimi gedib). Uşaqlıq illərinin çox güclü, son dərəcə təsirli təəssüratları var bu filmdə. Mütləq baxın. Ləzzət alacaqsız».