Введите слова для поиска

Tərcümeyi-hal

Tərcümeyi-hal

Maqsud İbrahimbəyov – Azərbaycanın Xalq yazıçısı, dramaturq, ssenarist, publisist, Milli Sülh Komitəsinin sədri, Azərbaycan Respublikası Parlamentinin deputatı (1985-2010), Luiziana ştatının (ABŞ) fəxri senatoru, «Azərbaycan-Rusiya» cəmiyyətinin prezidenti, Sülh səfiri. Maqsud İbrahimbəyov 1935-ci il mayın 11-də Bakıda anadan olub. Atası – Məmmədibrahim İbrahimbəyov, anası – Fatma İbrahimbəyova (Məşədibəyova). Maqsud İbrahimbəyov 1960-cı ildə Azərbaycan Dövlət Politexnik İnstitutunu inşaatçı ixtisası ilə bitirib. Bundan sonra Mərkəzi radioda xüsusi müxbir vəzifəsində çalışaraq dövri mətbuatda hekayələrini dərc etdirməyə başlayıb. 1964-cü ildə Moskvada Ali ssenari, 1973-cü ildə isə Ali rejissorluq kurslarını bitirib.

Onun ilk kitabı 1961-ci ildə işıq üzü görüb. Yazıçının kitabları dünyanın bir çox ölkəsində dərc edilib, 36 xarici dilə çevrilib. SSRİ-nin və Azərbaycanın dərgilərində çap olunub.

Maqsud İbrahimbəyovun ən məşhur romanları arasında «Bütün yaxşılıqlara görə ölüm», «Truskaveçə kim gedəcək», «Ondan yaxşı qardaş yox idi», «Qoy o bizimlə qalsın», «Bayquş gəldi», «Kərgədan buynuzu» və digərlərinin adını çəkmək olar. Onun bir çox əsərləri həm Azərbaycanda, həm də ölkəmizin hüdudlarından kənarda müxtəlif kinostudiyalarda ekranlaşdırılıb, pyesləri isə 50 teatrda tamaşaya qoyulub.

Özünün ədəbiyyat sahəsindəki, eləcə də ictimai fəaliyyətinə görə «Qırmızı Əmək Bayrağı» (SSRİ), «Şöhrət» (Azərbaycan), «İstiqlal» (Azərbaycan), «Şərəf» (Azərbaycan), «Dostluq» (Rusiya), «Birlik Ulduzu», Roma Papasının, «Şərəfvə Şöhrət» (Rus Pravoslav Kilsəsi) ordenlərinə layiq görülüb.

1999-cu ildə Azərbaycan Prezidenti Heydər Əliyevin dəstəyi ilə ölkədə Əsilzadələr Məclisini bərpa edərək onun sədri olub.

2012-ci ildə Maqsud İbrahimbəyov ədəbiyyat sahəsində Nobel mükafatı nominantları arasında yer alıb. Həyat yoldaşı – Anna İbrahimbəyova (1947), oğlu – Murad İbrahimbəyov (1965), kinorejissor: Qardaşı – Rüstəm İbrahimbəyov (1939), məşhur yazıçı və ssenarist.

Bağçılıqla məşğul olmağı xoşlayırdlı, silah kolleksiyası toplayırdı, itləri sevirdi. 2016-cı il martın 22-də Bakıda vəfat edib.

Maqsud İbrahimbəyovun silah kolleksiyası, rəsm toplusu, ailə yadigarları və şəxsi kitabxanası yazıçının həyat yoldaşı tərəfindən Mərkəzə hədiyyə edilib.