Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində keçirilən Bakı Oksford Məktəbinin açıq ədəbiyyat dərsi oldu
Əsl ədəbiyyat köhnəlmir, dəbdən düşmür, onilliklər sonra da anlaşılan və aktual olaraq qalır. Bunun əyani sübutu Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində keçirilən Bakı Oksford Məktəbinin açıq ədəbiyyat dərsi oldu. Açıq dərsdə 7-10-cu sinif şagirdləri Maqsud İbrahimbəyovun “Müharibənin 1001 gecəsi”, “Püstə ağacı”, “Əlvida, Miledi” hekayələrini müzakirə etdilər.
Bu əsərlərin qəhrəmanları və indiki oxucuları demək olar ki, həmyaşıddırlar. Hekayələrdə hadisələr zahirən tamamilə fərqli bir dövrdə baş versə də, müasir məktəblilər personajların təəssüratlarını çox yaxşı başa düşür və hiss edirlər, hekayənin əsas məğzini dərk edə və nəticə çıxara bilirlər. Mehribanlıq, nəciblik, dürüstlük, bağışlamaq, sevmək, dostluq etmək – bu keyfiyyətlər hər zaman eyni dərəcədə vacib və dəyərlidir. Hekayələrdə təsvir olunan hadisələr gənc qonaqlarımızın qəlbində öz yerini tapdı. Sanki bütün bunları onlar özləri və ya dostları yaşayıblar.
Biz uşaqların nə qədər ağıllı və eyni zamanda əsaslandırılmış fikir söyləməsindən məmnun qaldıq, bu oğlan və qızlara ədəbiyyata sevgi aşılayan və ona istiqamətlənməyə kömək edən istedadlı müəllimlərə təşəkkürümüzü bildirdik.
Açıq dərsi daha maraqlı edən isə “Müharibənin 1001 gecəsi” hekayəsinin motivləri əsasında çəkilmiş “Səni xatırlayıram, müəllim” filminin nümayişi oldu.