Maqsud İbrahimbəyov
MEHRİBAN İLANLAR
Tərcüməçi: Əyyub Qiyas
Tilovla məhrəbanı mən aparırdım, Timka isə hoppana-hoppana qabaqda gedirdi. İsti qum onun ayaqlarını yandırırdı.
Adətən isti düşənə qədər gözləməyib dənizdən tez qayıdardıq, ancaq bu gün ovumuz uğurlu keçmişdi, günortaya qədər qayalıqda oturub balıq tutmuşduq.
Səhər evdən səndəllərimi geyib çıxmışdım, indi biz onu növbə ilə, hər 15 metrdən bir dəyişirdik. Məsafəni teleqraf dirəkləri ilə ölçürdük. Dirəyin yanındakı uzun kölgədə dayanıb səndəli dəyişirdik: bir dəfə Timka geyinirdi, bir dəfə mən.
Bu dəfə mənim növbəm idi, Timka hələ də hoppana-hoppana gəzirdi. Əlbəttə, istəsək, qıraqdakı otluqla da gedə bilərdik, ancaq hamı deyirdi ki, otların arasında ilan var. Belə istidə ilandan uzaq olmaq məsləhətdir.
Hələ bağa çatmağa çox vardı. Heç köhnə, uçuq-sökük hamama çatmamışdıq, onu keçəndən sonra bağa qədər bu alışıb-yanan qumlu yolla 200 metr də getməli idik.
Timka məni ötüb-keçdi, tez qaçıb özünü quyuya çatdırmaq istəyirdi. Gün altında qalmış daşlar qum kimi qızmırdı və Timka bunu yaxşı bilirdi. O, quyuya qədər qaçdı, sərin daşların üstündə dayanıb məni gözlədi.
Читать далееBu quyunun suyu çoxdan qurumuş, dibi qumla dolmuşdu. Mən ora çatanda Timka əyilib quyunun dibinə baxırdı.
Bilirdim ki, nə qədər baxsa, orada maraqlı bir şey görə bilməz, ona görə də arxamı çevirdim, oturub səndəlləri çıxarmağa başladım.
– Tısbağa! – diqqətlə aşağı baxan Timka dedi.
Bu vaxt mən də yerimdən qalxıb aşağı baxdım və quyunun dibindəki tısbağanı gördüm. O, yerindən tərpənmədən qum üstə uzanıb qalmışdı. Hətta elə bildik, ölüb. Ancaq tısbağa birdən tərpəndi və yavaş-yavaş quyunun içində gəzişməyə başladı.
Onun ora necə düşdüyünü fikirləşirdik. Timka dedi, yəqin, qaranlıqda düşüb ora, hətta, bəlkə də, onu quyuya kimsə atıb.
Dedim, heç kəs tısbağanı itələyib ora sala bilməz, çünki quyunun ətrafında ayaq izi yoxdur. Zənnimcə, bu tısbağa sadəcə bərk susamışdı və su içmək üçün özünü quyuya atmışdı.
Bu vaxt Timka dedi ki, yəqin, tısbağa acdır, üstəlik, yüz il qala özü quyudan çıxa bilməz, çünki tısbağalar divara dırmaşa bilmir.
Yanımızda yeməyə bir şey yox idi, özümüzlə götürdüyümüzü sahildə yemişdik. Bu səbəbdən ona yeməyə bir şey gətirmək üçün tez evə yüyürdük.
Nənəm evdə idi. Biz hər dəfə dənizdə ləngiyəndə əsəbiləşir. Bu dəfə isə lap özündən çıxdı. Dedi, elə bilib, ya dənizdə batmışıq, ya da bizi ilan sancıb. Həm də dedi ki, belə isti havalarda ilanlar çox qəzəbli olur, sancmağa adam axtarır.
Nənəm ilandan çox qorxur. Deyir, bağımızda ilan çoxdur, hamısı da öldürücü zəhərli ilanlardır. O bizə ilanlarla bağlı dəhşətli əhvalatlar danışır. Nənəmin dediyinə görə, ilanı öldürmək üçün onu iki yerə bölməklə iş bitmir, çünki başı üstündə olan hissə sürünüb aradan çıxır və yavaş-yavaş təzə quyruq əmələ gəlir. Sonra da gecə vaxtı gəlib onu incidən adamdan qisas alır. Üstəlik, nənəm deyir ki, bala ilanlar böyük ilanlardan daha təhlükəli olur. Onlar günün lap qızmar çağında, qaynar qumun üstündə doğulur və o dəqiqə öz qurbanlarını axtarmağa tələsir.
Timka ilə mən də ilandan qorxuruq, sadəcə, atam gələndə bu qorxu bir qədər azalır.
Nənəm ilandan danışanda atamı gülmək tutur. Deyir, ola bilsin, ilanlar əvvəl, nənəmin gəncliyində elə olub, amma indi onlar dəyişib. Deyir, yəqin ki, bağımızda zəhərli ilanlar yoxdur, lap əgər olsa da, onlar insana hücum etmirlər, sadəcə əgər onları tapdalayıb eləsən, adamı sanca bilərlər. Bundan başqa, atam deyir ki, gecələr ilanlar yatır, çünki soyuqqanlı heyvanlardır, hava sərinlənən kimi yuxuya gedirlər. O ki qaldı bədəni iki yerə bölünmüş ilanların quyruq məsələsinə, ola bilsin, nənəm bunu nə iləsə səhv salır. Yəqin, “quyruğu təzədən əmələ gəlir” deyəndə kərtənkələni nəzərdə tutur.
Nənəm bunları eşidəndə əsəbiləşir, atam da xəlvətcə bizə göz vurur və axşam gəzməyə hara gedəcəyimizi deyir.
Hə! Tısbağadan danışırdım! Nənəm dedi ki, bizi daha heç yerə buraxan deyil. Hətta az qala Timkanın böyük qardaşını bizim dalımızca sahilə göndərməyə hazırlaşırmış. Tısbağanın yanına getmək üçün onu zorla dilə tutub birtəhər icazə ala bildik. Hətta Timkanın böyük qardaşının da bizimlə gəlməyinə razı idik.
Həmin il Timkanın qardaşı instituta daxil olmuşdu və buna görə də bir az lovğalanırdı. Təkəbbürlə oturmuşdu, ona dedik, quyuda tısbağa görmüşük, indi də gedib onu çıxarmaq istəyirik. O isə kinayə ilə bizə baxıb soruşdu: “Bəs quyuda iki eşşəyin şəklini görmədiniz ki?”
O, çox kobud oğlan idi və həmişə belə danışırdı. Həm də dedi ki, dəqiq bilir ki, quyuda tısbağa olmur. Sonra qalxıb bizimlə gəldi. Yolboyu donquldanırdı, ancaq sonra hiss etdik ki, onun üçün maraqlı idi.
Ora çatanda Timkanın böyük qardaşı dedi ki, quyuya düşmək təhlükəlidir, çünki quyunun dibinə karbon qazı yığılır və zəhərlənə bilərik.
Lap ruhdan düşdük, bu vaxt Timkanın qardaşı bir də quyuya baxıb dedi ki, əgər orada tısbağa varsa, demək, nəfəs alır və əgər o, rahat nəfəs ala bilirsə, onda belə çıxır ki, quyuda karbon qazı yoxdur.
Qərara gəldik ki, o, növbə ilə məni və Timkanı quyuya sallasın, sonra da növbə ilə çəkib çıxardacaqdı.
Əvvəl Timkanı quyuya salladı. O, aşağıdan qışqırdı: quyunun dibi çox sərindir, karbon qazı yoxdur və tısbağa onun ardınca gəldiyimizi görəndə çox sevinib. Zənnimcə, Timka tısbağanın sevindiyini deyərkən yanılırdı, çünki mən quyunun dibinə düşəndə o, başını, ayaqlarını və az qala bütünlüklə quyruğunu qının içində gizlətdi. Ona kələm yarpağı uzadanda da başını qından çıxartmadı. Görünür, ya çox ac deyildi, ya da tanımadığı adamın əlindən nəsə alıb yemək istəmirdi.
Onu götürmək üçün aşağı əyildim və bu vaxt yaxınlıqdakı daşların arasında, qumun üstündə beş dənə balaca, girdə yumurta gördüm. O dəqiqə tısbağanın quyuda nəyə görə oturduğunun səbəbini anladıq. O, yumurta qoymuş və elə buna görə də quyuda qalmışdı.
Başımız yumurtalara elə qarışmışdı ki, Timkanın qardaşını unutmuşduq. O isə yuxarıdan aşağı boylanıb, həsədlə başqa nə tapdığımızı xəbər aldı. Gördüklərimizi danışdıq və yumurtaları ona göstərdik, ancaq yuxarıdan onları görmək olmurdu. Dedik, tısbağa ilə yumurtaları quyuda saxlamaq istəyirik. Bu vaxt Timkanın qardaşı səsini başına atdı, az qala sürüşüb aşağı düşəcəkdi. Dedi ki, biz axmağıq, çünki quyunun dibində qalsa, tısbağa da, balaları da öləcək. Onun fikrincə, balalar bağda da yumurtadan çıxa bilərdi, əsas məsələ onları quyudan çıxartmaqdır.
Görünür, o da aşağı, bizim yanımıza düşmək istəyirdi, amma bu, mümkün deyildi, çünki sonra bizi quyudan kim çıxaracaqdı?!
Bir sözlə, tısbağanı da, yumurtaları da quyudan çıxartdıq. Timkanın böyük qardaşı bizimlə bir yerdə yumurtaları üzüm tənəyinin altına yerləşdirdi. Dedi, onlar üçün quyunun dibində olan şəraiti yaratmaq lazımdır. Tısbağanı da yumurtaların yanına qoyduq, ancaq o dəqiqə sürünüb kənara çəkildi. Görünür, tısbağalar belə olur, ya da quyunun dibində bu yumurtalar onu çox bezdirmişdi.
Timkanın qardaşı yumurtaların ətrafındakı quma su çilədi. Dedi, quyudakı nəmişliyi burada yaratmaq lazımdır.
Axşam yağış yağanda isə tənəklərin yanına yüyürüb yumurtaları özümüzlə götürdük. Gecələr bağda zülmət qaranlıq olur və adamı vahimə bürüyür. Adama elə gəlir, indicə ayağına bir ilan dolaşacaq. Yumurtaları yatağımıza qoymuşduq, onları qırmayaq deyə səhərə qədər gözümüzə yuxu getmədi. Səhər onları aparıb tənəyin altına qoyandan sonra bütün günü uzanıb yatdıq. Nənəm hərarətimizi ölçdü, elə bilirdi, xəstələnmişik.
Timkanın qardaşı çox dəyişmişdi – bizimlə mehriban rəftar edirdi, hətta qayıqla gəzdirməyə də söz vermişdi.
Ancaq tısbağa yumurtalara qətiyyən əhəmiyyət vermirdi. Yəqin, fikirləşirdi ki, balalarının taleyi etibarlı əllərdədir. Timkanın böyük qardaşı dedi ki, heyvanlarda instinkt çox inkişaf edir və əgər bu tısbağa bizim pis adamlar olduğumuzu hiss etsəydi, o dəqiqə çıxıb gedərdi.
Hər gün birlikdə qaçaraq gedib yumurtalara baxırdıq. Timka təkidlə deyirdi ki, artıq qabıqların altındakı tısbağa balalarını görmək olur. Doğrudan da, yumurtaların içində nəsə qaralırdı.
Bu hadisə səhər tezdən oldu. Timka ilə elə təzəcə yuxudan oyanmışdıq. Nənəm bizi səhər yeməyi üçün üzüm dərməyə göndərmişdi. Biz də yolüstü yumurtalara baxmaq istədik.
Tənəklərin yanına çatdıqda gördüyümüz mənzərədən heyrətə gəldik, hətta əvvəlcə geri atıldıq, sonra təzədən ehtiyatla tənəyə yaxınlaşdıq.
Yumurtadan tısbağa balası çıxmamışdı.
Qabıqların arasında balaca ilanlar sürünürdü. Biri isə elə gözümüzün qabağındaca yumurta qabığını yarıb başını çıxartdı. İlanlar çox balaca idi və onlar bizə qətiyyən qorxulu görünmürdü.
Tez evə yüyürüb Timkanın qardaşına xəbər verməyə tələsdik. İstəyirdik, o da gəlib bu mənzərəyə tamaşa etsin. O isə hələ də yatırdı.
Timkanın qardaşı yumurtadan ilan çıxdığını eşidəndə çox qorxdu. Tez əl atıb atamın divardan asılmış tüfəngini götürdü və üzümlüyə tərəf gedə-gedə tüfəngi doldurmağa başladı. Biz də onun arxasınca yüyürürdük, lap axırda isə heç nə başa düşməyən nənəm qaçırdı.
Hamımız bir yerdə tənəyə çatdıq. Timkanın qardaşı hamımıza onun arxasında dayanmağı əmr etdi, özü isə tüfəngi hazır saxlayıb yavaş-yavaş yarpaqları araladı. Orada yumurta qabığından başqa heç nə yox idi, ilanlar qaçıb aradan çıxmışdı…
Nənəm məsələdən xəbər tutan kimi hay-küy qaldırdı. Çığırıb dedi ki, bircə nəvələrinin bağda ilan bəsləməyi qalmışdı. O bütün axmaq hərəkətlərimizi bir-bir sadaladı və dedi ki, atam gələnə qədər bizi bağdan heç yerə buraxan deyil.
Timkanın böyük qardaşı da bizi “axmaq” adlandırdı və bizə inanıb baş qoşduğu üçün özünün də axmaqlıq etdiyini söylədi.
Həmişə olduğu kimi, bazar günü atam gəldi. İlan əhvalatını eşidəndən sonra qətiyyən qorxub eləmədi. Əhvalatı olduğu kimi ona danışanda gülümsədi, nənəm bizi danlamağa başlayanda onu sakitləşdirdi, dedi ki, ilanlar bizə kin saxlamaz, çünki mənə və Timkaya heyvanlar öz analarına bəslədiyi münasibəti bəsləyəcəklər.
Atamın zarafat etdiyini bilirdik, sözünü bitirən kimi bizə baxıb altdan-altdan göz vurdu. Çox qəribə işdir, o vaxtdan bəri ilandan qorxmuruq, çünki onların necə dünyaya gəldiyini görmüşdük və…
Bir sözlə, səbəbini bilmirəm, amma daha ilanlardan qorxmuruq və əvvəllər olduğu kimi, gecə-gündüz onlar haqqında fikirləşmirik. Əlbəttə, üzüm dərməyə, ya da dənizə gedəndə hər ehtimala qarşı səndəl geyirik.
Tısbağa isə hələ də bizimlə qalır. Kələm və üzüm yarpaqları ilə dolanır. İndi bizə öyrəşib, daha görəndə başını qınında gizlətmir, sadəcə bic-bic bizə baxır. Görünür, ilan yumurtaları ilə bağlı əhvalatı hələ də unutmayıb.