“Püstə ağacı” tamaşası
Mərkəzimizdə Maqsud İbrahimbəyovun eyniadlı hekayəsi əsasında səhnələşdirilmiş “Püstə ağacı” monotamaşası dördüncü dəfə nümayiş etdirildi. Təəssüf ki, bu tamaşanın rejissoru Azərbaycanın xalq artisti Vaqif Əsədov artıq aramızda deyil… Və bu tamaşanı onun xatirəsinə həsr etdik.
“Püstə ağacı” hekayəsini Maqsud İbrahimbəyovun müharibə əleyhinə ən parlaq əsərlərindən biri adlandırmaq olar. Hekayənin uşağın adından aparılması hekayənin təəssüratını daha da artırır. Müharibə dövründə uşaqlıq illərini xatırlayaraq danışan cavan oğlan rolunu Azərbaycan xalq artisti Fuad Osmanov oynayır. Tamaşaçılar öz qəhrəmanı ilə birlikdə ortasında böyük püstə ağacı bitən kiçik Bakı həyətinə aparılır…
Tamaşa hekayənin özü kimi, insan mətanəti, xeyirxahlığı, hər cür fəlakətlər, hətta müharibə və ölüm kimi dəhşətli hallar zamanı paylaşmaq və birləşmək əzmi haqda manifestdir.
İnsanlarda gələcəyə ümid və inam bəxş edən tamaşa tezliklə geniş tamaşaçıların ixtiyarına veriləcək. Biz, Mərkəzimizdə həmin tamaşanı davamlı nümayiş etdirməyi planlaşdırırıq. Bundan əlavə, Vaqif Əsədovun arzuladığı kimi tamaşanın azərbaycandilli versiyasının üzərində də iş davam edir və tamaşanın tezliklə hazır olacağını emid edirik.