“Qeyzer” sərgisi
Bakıda Müasir İncəsənət Muzeyində “Qeyzer” sərgisi açılıb. Sərgi Azərbaycan xalq yazıçısı Maqsud İbrahimbəyovun yaradıcılıq irsinə həsr olunmuş “Neft bumu hamıya gülümsəyir” festivalının əsas layihələrindən biridir.
Maqsud İbrahimbəyovun Yaradıcılıq Mərkəzi tərəfindən Heydər Əliyev Fondu və bp şirkətinin dəstəyi ilə həyata keçirilən layihə neft bumunun yaşandığı dövrün mədəni və tarixi kontekstinə müraciət edir. Sərginin adı yazıçının eyniadlı pyesində yer alan, toplanmış enerjinin azad olunmasını simvolizə edən neft fontanı obrazına istinad edir.
Ekspozisiyada nefti şəhərin və cəmiyyətin inkişafına təsir göstərmiş bir qüvvə kimi dərk edən doqquz müasir rəssamın videoişləri və sənət əsərləri təqdim olunur.
