“Uşaqlığın son gecəsi” hekayələr toplusunun təqdimatı

Bakıda Libraffda Azərbaycanın xalq yazıçısı Maqsud İbrahimbəyovun “Uşaqlığın son gecəsi” hekayələr toplusunun təqdimatı keçirilib.
12 hekayədən ibarət kitab “3alma” nəşriyyatında rus, azərbaycan və ingilis dillərində çap olunub.
Tədbirdə üç tanınmış aktyorun – Azərbaycanın Əməkdar artistləri Şövqi Hüseynov, Natəvan Hacıyeva və Teymur Rəhimovun ifasında “Müharibənin 1001-ci gecəsi” hekayəsinin teatrlaşdırılmış oxunuşu nümayiş olunub.
Rejissor Tural Vaqifoğlunun da qeyd etdiyi kimi, Maqsud İbrahimbəyov dahi yazıçıdır: “Maqsud İbrahimbəyovun Bakı və Abşeronla bağlı təsvir etdiyiklərini, mənə elə gəlir ki, bizim yazıçıların heç biri bunu belə hiss etmir”.
Hekayənin teatrlaşdırılmış oxunuşu izləyicilər arasında böyük maraq doğurdu. Maqsud İbrahimbəyovun yaradıcılığının pərəstişkarları onun gənc, lakin bir o qədər də müdrik və nəcib qəhrəmanları ilə növbəti dəfə görüşdülər…