Maqsud İbrahimbəyov
Axırı yaxşı qurtaran əhvalat
Tərcüməçi:Murad Muradlı
Redaktor: Səlim Babullaoğlu
Korrektor: Həcər Telmanqızı
Personajlarla real şəxslər arasındakı bütün oxşarlıqlar
tamamilə təsadüfi xarakter daşıyır.
Müəllif
Baharın gəlişi ilə bərbərxanada qadın söhbəti də başladı.
– Qadını qadın eləyən yerişidir, –müştərinin üzünü şövqlə ovuşduran gənc bərbər Avtandil bu vaxtı Raufun üzünü qırxan masa qonşusu Ağasəfə dedi. – Onun yerişi isə, – Avtandil başıyla qadın salonuna işarə elədi, – adamı dəli eləyir . Hər həftə gəlir. O gələndə bütün işlərimi atıb, tamaşa eləməyə gedirəm.
– Bu gün də gəlmişdi! – üzü ovuşdurulan inamlı səslə bəyan etdi.
– Yarım saat əvvəl getdi. Siz haradan bildiniz?
– Başa düşdüm də… – müştəri hirslə cavab verdi. – Üçüncü dəfədir ki, üzümə odekolon fısqırdırsan. Elə bilirsən, xoşuma gəlir?
Читать далее– Sözsüz, yeriş vacib məsələdir, – əsəbi müştəri çıxıb gedəndən sonra hündürboylu, arıq, şüvərək yaşlı Ağasəf dedi. Bir çox səbəbdən o, iş yoldaşları arasında böyük nüfuz sahibi idi. – Amma hər şey yeriyənin kimliyindən asılıdır. Elə qadın var ki, qanad açıb uçsa da və ya tutalım, yerdə sürünsə də, xoşuma gəlməz. Məsələ yerişdə deyil. Hələ cavansan, ağlın kəsmir – hərənin öz zövqü var: biri qarabuğdayı qızları xoşlayır, digəri sarışın, birinin arıq qızlardan ötrü ürəyi gedir, digərinin koppuşlardan. Yerişin dəxli yoxdur, düz deyirəm?
Avtandil başını könülsüz yellədi, burada Ağasəfin sözünün üstünə söz söyləyən yox idi. Yetmiş yaşlı Ağasəf hələ də ən yaxşı usta sayılırdı, onun yanına gəlmək istəyənlər əvvəlcə zəng eləyib növbə tuturdular. Bu parlaq karyerasına necə başladığını bilməyən yox idi: 1943-cü ildə general de Qoll Bakıya gəlmişdi. İkigünlük səfər zamanı gələcək marşal və prezidentin görəcəyi işlərin sırasında üzünü qırxdırmaq da vardı. İlk baxışda nə qədər qəribə görünsə də, iş elə gətirdi ki, bu məsul işi istedadlı, amma o vaxtlar az tanınan bərbərə həvalə etdilər. Hospitaldan sonra doğma şəhərə qayıdan bərbər bərk axsayırdı; o, adlı-sanlı müştərisindən bir ay əvvəl gəlmişdi şəhərə.
Rauf bütün bunlardan lap yaxında, onunla otuz illik tanışlıqdan sonra xəbər tutmuşdu. Bütün bu illər ərzində Rauf hər on gündən bir Xaqani küçəsindəki bərbərxanaya gəlirdi.Hər sözdən sonra, kəlməbaşı mənalı-mənalı dodaqlarını sıxan Ağasəf bu ikidəfəlik tarixi üzqırxma əhvalatını bir saata danışıb qurtardı. Ağasəf nə qədər yorucu danışsa da, Rauf məmnun qaldı, çünki bilirdi, ondan əvvəl çox az sayda, yalnız ən hörmətli müştərilər bu şərəfə layiq görülmüşdülər. O gün isə Ağasəf onun üzünü sabunlayarkən hündürdən Avtandilə şikayətləndi ki, Raufun dərisi nə qədər zərif olsa da, tükləri sərtdir, ona rəhmətlik prezidentin tüklərini xatırladır. Bədəninə xəfif istilik yayılan Rauf həmin gündən etibarən özü üçün yəqinləşdirdi ki, Ağasəf çox ağıllı, gözüaçıq və xeyirxah adamdır.
Ağasəf onun fikrini öyrənmək istəyəndə Rauf alçaqkönüllüklə gülümsündü – təpədən dırnağa nəzəriyyəçi hesab etdiyi Avtandil və Ağasəfin mükaliməsində iştirak etmək ona əyləncəli gəlirdi.
– Səninlə razılaşa bilmərəm. Arıq oldu, ya koppuş, nə fərqi var? Əsl kişinin bütün qadınlardan xoşu gəlir, istər sarışın olsun, istər əsmər, istərsə də koppuş və ya arıq. Bir dəfə yaşayırıq, hamısını dişə vurmaq lazımdır, – qəfildən güzgüyə gözü sataşdı və fikirli-fikirli alnını ovuşduraraq, mübahisəyə son qoydu.
– Tezdir hələ, üzünə qırış düşməsini istəmirsənsə, – Ağasəf Raufun üzünün dərisini əlləşdirdi, – mısmırığını sallama. Bu qırışlar sən qaşqabağını tökəndə əmələ gəlir.
Ağasəf pencəyi gözəgörünməz tüklərdən “təmiz”ləyib qurtarandan sonra Rauf ağır-ağır kreslodan qalxdı. Vestibüldəki böyük güzgünün qarşısında ayaq saxladı, dəbli kostyum geymiş yaraşıqlı, gümrah kişini məmnunluqla süzüb, dən düşmüş bığını sığalladı və küçəyə çıxdı.
Tələsən yeri yox idi, bir neçə dəqiqə maşının yanında dayanıb, cavanlıqda axşamlar gəzişdiyi Nizami küçəsini seyr etdi, bədənindən xəfif gizilti keçdi. O vaxtlar çox zaman bu yerlərdə gəzib-dolaşardı. Demək olar, hər axşam sözləşmədən “Vətən” kinoteatrının yanında toplaşır, alışdıqları marşrut üzrə yürüşə başlayırdılar. Bankın və Dənizçilər klubunun yanından keçib bulvara qədər gedir, oradan da geri qayıdırdılar. O illərdə Raufu tanımayan yox idi. O, başçı olmağa iddialı deyildi, amma güclü və ürəkli adam kimi ad çıxarmış, yaşıdlarının hörmətini qazınmışdı. Şən adam idi, heç vaxt deyib-gülməyindən qalmazdı, odur ki, həmişə dostlarının əhatəsində olardı.
Qızların da xoşuna gəlirdi. Vaxtaşırı, həyəcanla döyünən miniatüründən tutmuş, al-qırmızı, ağır ləngərlisinə qədər ən müxtəlif qadın ürəyini büsbütün ələ keçirir və bunun üçün, demək olar, heç bir əziyyət çəkmirdi. Qızlarla tanışlığının bütün mərhələlərində özünü qeyri-adi adam kimi göstərməyə çalışan dostlarından fərqli olaraq, o, sınanmış fəndlərdən istifadə etmir, ürəyi riqqətə gətirən məktublar və əttökən şeirlər yazmır, qəhrəmanlıq dastanları uydurub danışmır, telefonda onları dilə tutub başdan çıxarmağa səy göstərmirdi: bilirdi ki, əgər qadın xeylağı yanında boy-buxunlu, əzələli, o illərin dəbinə uyğun gur saçlı, qara gözlü, ipək kimi zərif bığının altında ifadəli dodaqları olan kişi görmürsə, boş-boş danışmaqla heç nə əldə eləyə bilməzsən. Hansısa səbəbdən belə söz-söhbət qadının eyninə olmur və ümumiyyətlə, ona əsər eləmir.
Cavanlığını yada salıb bir daha ah çəkəndən sonra Rauf maşına əyləşib, tibb institutunun binasına sarı sürdü. Saat altının yarısında burada Aidə adlı qəşəng qadınla görüşü vardı.
Düz bir il idi ki, aspirantura işləri və gündəlik ailə qayğılarından başı açılmayan qadın bir neçə saatlığa da olsa, vaxt tapıb hər həftə onunla görüşürdü. Rauf qadının əriylə rastlaşmaqdan ehtiyat edir, onların evinin yaxınına getmirdi: Aidənin sözlərinə görə, əri hər şeydən şübhələnən, hədsiz dərəcədə qısqanc adam idi.
Hədiyyəni – gümüş bilərziyi və ətiri yanına, qabaq oturacağın üstünə qoymuşdu. Onun qənaətinə görə, hədiyyə elə ilk dəqiqələrdə verilməli idi. Görüşün sonunda verilən hədiyyənin faydası olmur: çünki artıq olan olub, keçən keçib.
Təxminən on dəqiqə gözlədi. İnstitutdan bir dəstə tələbə çıxdı. Ucaboy, yaraşıqlı bir qız onlardan ayrıldı, qaça-qaça yolu keçdi və ürkək-ürkək ətrafa boylanaraq cəld maşına əyləşdi.
– Hara gedirik? – qız əyilib Raufun üzündən öpdü. – Yenə mikrorayona?
– Dostum məzuniyyətə gedib, mənzilinin açarını mənə verib. Üç otaqdır, düz mərkəzdə.
– Üç otaq çox deyil? – Aidə qımışdı. – Mənə almısan? Sağ ol! – Qız bükülünü açıb, bilərziyi qoluna taxdı. – Gözəldir. Sağ ol. Deyərəm institutda nümunəvi davranışa görə veriblər. Qulaq as, saat doqquzun yarısında evdə olmalıyam. Hirslənmirsən ki?
– Deməli, qayınatamgildən ailəmi götürməyə vaxtım olacaq, – o, maşının yan güzgüsünü özünə sarı çevirib, pomada və karandaşın köməyi ilə özünü daha da gözəlləşdirməyə çalışan Aidəyə baxa-baxa dedi.
– Arvadın qısqancdır?
– Yox, artıq sakitləşib. Əvvəllər göz açmağa qoymurdu. Üç dəfə evdən gedib. Amma sakit, başıaşağı adamdır, ona ata-anası dil verirdi. Xüsusən də qayınatam. Amma artıq o da sakitləşib.
– Qayınatan nə işlə məşğuldur?
– Akademiyada işləyir. Alimdir, akademikdir, demək olar. Amma kimə nə xeyri? – Qayınatasından söz düşəndə kefi pozulurdu. – Onun yerinə kim olsaydı, Allah bilir, nələr eləyərdi. Bunun isə ona-buna ağıl öyrətməkdən savayı əlindən heç nə gəlmir. Nə işdirsə, hamı onu çox ağıllı adam sayır. Niyə boylanırsan?
– Mənə elə gəldi, ərim köşkün yanında dayanıb, – Aidə əsəbi halda güldü. – Dayanıb bizə baxır.
– Bəlkə, doğrudan da, o idi? – Rauf səsinə saymazyana bir ifadə verməyə çalışdı. Aidənin ərini bircə dəfə, maşının arxasından görmüşdü: arvadıyla qol-qola institutdan çıxırdılar. Aidənin əri yekəpər, nataraz adam idi, yaxşı həndbol oynadığı üçün institutdan sonra aspiranturada saxlamışdılar.
– Yox, mənə elə gəldi… Sənə demişdim axı, şənbə günləri, axşamlar məşğələyə gedir, – qadın fikirli-fikirli dedi. – Bu qədər gicbəsər olduğunu bilsəydim, ona ərə getməzdim.
– Kişilərin arasında bəzən çox qəribə adamlara rast gəlirsən, – Rauf müdrik görkəm aldı.
“Yaxşı deyiblər, – o axşam əlləri əsən qayınatasına baxa-baxa Rauf fikirləşdi, – qocalığın üzü qara olsun”. Özünün də yaşı əllini keçmişdi, artıq sağlamlığının qeydinə qalmalı idi. Hələ ki sağlamlığından şikayəti yox idi, amma nə qədər özünə qulluq eləsə də, hiss edirdi ki, zamanın zərərli təsirindən yaxa qurtara bilməyəcək.
Nəhayət, qayınatası öz dinləyicilərinə – arvadı, qızı və kürəkəninə oxuyacağı yeri tapdı, kitabı gözündən xeyli aralıda tutmuş (gözlük taxmaq istəmirdi ki, Rauf buna da əsəbiləşirdi), qabaqcadan həzz almağa başlamışdı, məmnunluqdan gözləri alışıb-yanırdı.
“Yüz manatlığı içəri ötürmüş siçan kimi xoşhaldır”. Rauf səbirsizliklə yerində qurcuxdu, amma onunla vacib söhbət etməli olduğunu yadına salıb yerindən qalxmadı.
– Burada Avropa, Asiya, Afrika, eləcə də qədim Astek və Mayya həkim, əlkimyaçı və loğmanlarının düzəltdiyi dava-dərmanın reseptləri toplanıb.
Qayınatası qədim əlkimyaçının reseptini oxumağa başladı. O, yavaş-yavaş oxuyur, mətndəki tanış olmayan sözləri izah etmək üçün tez-tez fasilə verirdi. Diləfruz xanımla Xalidə diqqət kəsilmişdilər. Açığı, Raufun özü də bəzi əşyaları qızıla çevirə bilirdi, bunun üçün əlkimyaçıya-filana ehtiyac yox idi. Amma indi özünü elə göstərirdi ki, guya diqqətlə qulaq asır, əslində isə, mənzilləri dəyişdirmək təklifini yaşlı qayınatasına necə deyəcəyini götür-qoy edirdi.
– Bax, bu çox maraqlı şeydir, – qayınatası bəyan etdi, – gənclik eliksiri. Adamı iyirmi-otuz il cavanlaşdırır. Hələ ki müasir təbabətin belə şeylərə gücü çatmır!
– Resepti varsa, deyin, 2-ci aptekdə tanışım var, – Rauf istehzayla qımışaraq Xalidəyə göz vurdu. Zarafatı alınanda uşaq kimi sevinirdi. – Sizin üçün dərmanı növbəsiz hazırlayar, yenidən tələbə olarsınız.
– Aptekdə? – qayınatası bığaltı güldü. – Belə sifarişi hələm-hələm götürməzlər, qəribə inqrediyentləri var: ilk xoruz banında qəbiristanlıqdan dərilmiş zirə, muskat cevizi ilə birgə narınlanıb bala qarışdırılmış yaz tərxunu…
– Hə də, üstəgəl şeytan dırnağı və ya quyruğunun tükləri… –bir az əvvəl eşitdiyi ovsun davacatının reseptini də qayınanası əlavə elədi.
– Burada şeytanın adı keçmir, – qayınatası bir daha kitaba nəzər salıb cavab verdi, – amma onsuz da, tərkibində çox şey var.
– Estraqon nədir? – Xalidə soruşdu. – Mənə demişdin, amma yadımdan çıxıb.
– Latıncada tərxunun adıdır.
– Bazarda satırlar da. Hər gün yediyimiz tərxunu demirsən? – Rauf təəccübləndi.
– Hə də. Bizim yerlərdə zirə də bitir. Bakı ətrafında, sahilboyu torpaqlarda nə qədər istəsən, tapa bilərsən.
– Sahilboyu torpaqlarda bitə bilər, amma qəbiristanlıqdan söhbət gedir, – çap materiallarına o qədər də inanmayan Rauf dilləndi. – Burada yazılıb axı: qəbiristanlıqda axtarın! Bilmirlər nə yazırlar?
– Məncə, məsələ zirədə deyil, – qayınatası fikirli-fikirli səhifəni çevirdi. – Əsas lazım olan şey axırda göstərilib. Şeytan dırnağı olmasa da… – o susub, maraqla ona zillənmiş adamları süzdü.
– Yəqin, tapılmayan şeydir, – Rauf dedi, – yoxsa bu davacatdan hamı düzəldərdi, dünyada yaşlı adam qalmazdı.
– Bəlkə də, – qayınatası razılaşdı, – amma burada deyilir ki, II Ramzes, Aşurbanipal, Böyük Karl kimi adamlar bu davacatdan istifadə ediblər… “Gözlərinə işıq, qollarına qüvvət, bellərinə güc gəldi”. Elmi məlumata oxşamır, daha çox reklam mətnini xatırladır, – qayınatası istehzayla qımışdı, – amma bildiyim qədər, bu tarixi şəxsiyyətlər, doğrudan da, çox yaşayıblar, həmişə qıvraq olublar, cavan görünüblər.
– Hökmdar idilər də, burada təəccüblü nə var? – Rauf ciddi görkəm aldı. – Həmişə belə olub, belə də olacaq… Sona çatdırmadınız. Başqa nə tələb olunur?
– Kərgədan buynuzu. Onu öküz saatında döyüb narınlatmaq, sonra estraqon, zirə, muskat cevizi və balla qarışdırmaq lazımdır. Hə, dörd zlotnik ağırlığında qızıl sikkə də lazımdır. Vəssalam, hər şey sadədir.
– “Öküz saatı” nədir? Bir dəqiqə… – Rauf qeyd kitabçasını çıxarıb, yazmağa hazırlaşdı. – İşdə danışaram, belə şeylərdən ötrü ürəkləri gedir. – Əslində, o, eşitdiklərini heç kəsə danışmaq fikrində deyildi, sadəcə öz hərəkətlərinə izah verməyə öyrəşmişdi.
– Öküz saatı – gecə saat ikini bildirir.
– Zirə yayda çiçəkləyir, belədə hansı vaxtdan söhbət gedir? Adi vaxtdan, yoxsa yay vaxtından?
– Məncə, yay vaxtından, – qayınatası gülümsündü. – Götür kitabı, özün köçürt.
– Yox, siz deyin, yazım, – Rauf xahiş elədi. – Orada qəribə ibarələr var, adam bilmir nə fikirləşsin. Beləliklə, zirəyə kimi olan hissəni yazdım…
– Bir də kərgədan buynuzu. Burada deyilir ki, onu döyüb toz halına salmaq lazımdır…
– Yoxlamaq pis olmazdı, bəlkə, elə yazılanlar doğrudur, – çay süfrəsi arxasında Diləfruz xanım dedi.
– Sən həmişə möcüzələrə inanmısan, – qayınatası dedi.
– Şahidi olduğum bir hadisədən sonra inanmağa başladım, – Diləfruz xanım cavab verdi. – Müharibə sona çatmaq üzrəydi. İşlədiyim hospitalda ilk dəfə penisillin gördüm. Bir penisillin iynəsi ölüm ayağında olan insanları həyata qaytarırdı. İllərlə xəstə yatan insanlar göz önündəcə sağalırdılar. Elə bil dirilik suyu idi! İndi sizə qəribə gələ bilər, amma o vaxtlar bu, əsl möcüzəydi… İnsanı cavanlaşdırmağın mümkün olub-olmadığını öyrənmək üçün çox şeydən keçərdim! Bu resepti herontologiya institutuna göstərmək pis olmazdı. Səni bilmirəm, amma mən yoxlamaq istərdim.
“Sən bu yoluq toyuğa bax, – çayına limon sıxan Rauf fikirləşdi, – cavanlaşmaq eşqinə düşüb. Bircə bu çatmırdı”.
– Gərək Afrikaya getməkdən imtina etməyəydim, – qayınatası gülümsündü. – İkinci dəfə cavan olmaq şansını əldən verdim.
– Bəs deyirdin səfər baha başa gəlir, – arvadı xatırlatdı. – Cəmi üç ölkəyə getmək üçün bir ətək pul xərcləməli olursan.
– Cəmi? Bilirsən hansı ölkələrdən söhbət gedir? Madaqaskar adası, Tanzaniya, Keniya… Serenqeti, Nqoronqoro qoruqlarını da ziyarət etmək imkanı var. Təsəvvür edirsiniz?
Rauf xarici səfərlər haqqında söhbətə qoşulmaq istəmədi.
– Əvvəla, yazbaşı bu reseptdən xəbəriniz yox idi, – o dedi. – İkincisi də, elə bilirsiniz kərgədanı öldürmək asandır? Afrikada hamı ağıllanıb, kərgədan öldürməyə icazə vermirlər, qəzetlərdə hər gün bu barədə yazırlar.
– Əşşi, zarafat elədim, – qayınatası yumşaq səslə dedi. – Özü də, lisenziyam olsa belə, kərgədana güllə atmazdım.
– Kərgədanın əti yeyilirmi?
– Bilmirəm, – qayınatası maraqla Raufun üzünə zilləndi. – Bəlkə də, yeyilir. Niyə soruşdunuz?
– Elə-belə, maraq naminə, – Rauf dedi. Qayınatasına çətin sual verə bildiyi üçün çox məmnun idi. – Bilmək istəyirəm, görəsən, bu heyvandan bir fayda var, ya yox?
Qayınatası qanrılıb divar saatına baxdı. Bu, nahardan sonra yatmaq vaxtının çatdığına işarə idi. Rauf istər-istəməz baxışlarıyla arvadını tələsdirdi. Amma arvadı ona məhəl qoymadan stolun üstünü yığışdıran anasına kömək eləməyə başladı.
Qarşısında ikinci dəfə cavan olmaq kimi gözəl bir perspektiv açılandan sonra dəyiş-düyüş etmək məsələsi arxa plana keçdi. İndi daha çox arvadının könlünü xoş etmək, başına ağıl qoymaq üçün söhbəti davam etdirirdi. Buraya gələrkən razılaşmışdılar ki, mənzilləri dəyişmək təklifini məhz o səsləndirəcək.
Qayınatası onun sözünü kəsmədən, axıracan dinlədi. Rauf bəyan etdi ki, mənzilləri dəyişmək o qədər də çətin məsələ deyil və hər iki tərəf üçün faydalıdır. Qayınatası cavab vermək əvəzinə sakitcə oturub kitabı vərəqləyirdi.
– Budur, – o dedi. – Bu da maraqlıdır. Heyvanların dilini öyrənmək olar. Məncə, lazımlı davacatdır. Oxuyum?
Rauf məyus-məyus başını yellədi:
– Mən vacib məsələdən danışıram: demək olar, nəvələrinizin taleyi həll olunur, amma sizi başqa şeylər maraqlandırır. Heyvanlarla danışmaq kimin nəyinə lazımdır?
– Burada onlarla danışmaqdan söhbət getmir, – qayınatası düzəliş verdi. – Şübhəsiz, onları ovsunun köməyi ilə danışdırmaq mümkün deyil. Onları yalnız başa düşmək olar.
– Çox qəribədir, – qayınanası sözə qarışdı. – Bu dəyiş-düyüş nəyə lazımdır? Nə olub mənzilinizə? Doğrudur, mərkəzdə deyil, amma axı özünüz deyirdiniz ki, oraların havası yaxşıdır. Yaşımızın bu vaxtında başqa mənzilə köçmək, bu qədər mebeli, iki minə yaxın kitabı daşıyıb aparmaq asandır bəyəm? Otuz ildir burada yaşayırıq, ömrümüzün ən yaxşı illəri bu divarların arasında keçib, – qadının səsi titrədi, dumanlanmış gözlərini ərinin üzünə zillədi. Bu yaşda insanların şəfqətlə baxışmasını ədəbsizlik sayan Raufun sifəti dəyişdi.
– Məni düzgün başa düşmədiniz, – o, səbirlə izah etdi. – Yalnız rəsmiləşdirmədən söhbət gedir, rəsmiləşdirmədən… Hüquqi baxımdan mübadilə edirik, əslində isə, hər şey olduğu kimi qalır. Hər kəs öz mənzilində yaşamağa davam edir. Sadəcə olaraq, biz, – o, başıyla hərəkətsiz oturub divara zillənmiş arvadına işarə etdi, – iki uşaqla birgə burada qeydiyyata düşəcəyik, sizsə bizim mənzildə. Rüfət də sizin kimi. Maşallah, on altı yaşı var, pasport da alıb! Onu təbrik elədiyinizi unutmusunuz?
– Onda bütün bunların nə mənası var? – qayınanası təəccübləndi.
– “ Zira deyilib ki, dərin mənalar tez başa düşülməz…” – qayınatası misal çəkib güldü: Təsadüf!- Arvadına sarı çevrildi: – Rauf dedi axı, hələlik heç nə dəyişilmir, sonra onlar buraya köçəcəklər, Rüfət isə onların mənzilində qalacaq.
– Sonra, yəni nə vaxt? – Diləfruz xanım maraqla soruşdu.
Qayınatası başını qaldırıb qımışa-qımışa arvadını süzdü:
– Bəs deyirdin qocalmısan? Heç dəyişməmisən: gəncliyində olduğu kimi hər şeylə maraqlanırsan. Çox mürəkkəb hüquqi məsələdən söhbət gedir, o dəqiqə başa düşmək olmur. – O, yenidən çevrilib divar saatına baxdı, bu isə o demək idi ki, nahardan sonra yatmaq vaxtı keçir, rəngi avazımış qızına yaxınlaşıb, başına sığal çəkdi: – Sən heç ürəyini sıxma, hər şey yaxşı olacaq.
Yanından ötəndə başını tərpədib Raufla sağollaşdı və yataq otağına keçdi. Rauf fürsətdən istifadə edib, kitabın sürtülmüş dəri cildini açdı, qədim perqament vərəqli kitabı fikirli-fikirli vərəqləməyə başladı. Adi, sıradan olan adamlar üçün mürəkkəb, anlaşılmaz mətn idi. Bu dəqiqələrdə Rauf ağlına da gətirməzdi ki, həmin kitab onun bütün həyatını dəyişəcək. O hər ehtimala qarşı kitabı aparıb rəfin yuxarı gözünə qoydu ki, kənar adamların gözünə sataşmasın. Kitabı götürüb aparmaqdan qorxurdu. Qoca nə qədər ürəyiyumşaq adam olsa da, kitablarına icazəsiz toxunanda cin atına minirdi. Qayınatasının təklifi cavabsız qoyması onu narahat etmirdi. Bilirdi ki, arvadı və ata-anası əvvəl-axır onun dediyini edəcəklər. Evliliyinin ilk çağlarında, arvadının ata-anasının cavan, enerjili vaxtlarında bunun üçün çox səy göstərməli olurdu, amma otuz il keçəndən sonra, demək olar, heç bir müqavimətlə üzləşmirdi.
“Doğrudur, alimdir, bilikli adamdır, amma həyata uyğunlaşa bilmir, onun yerində olsaydım…” – Rauf qayınatasının elmi adlarını, dərəcələrini yadına salıb, dərindən ah çəkdi. Qarşısında oturan arvadı bunu məzəmmət kimi qəbul elədi, ona elə gəldi ki, passiv və az qala, xəyanətkar mövqe tutduğuna görə əri onu ittiham edir.
Arvadının qaşqabaqlı görkəmi fikrini cəmləməyə qoymurdu, odur ki, qayınatasının kabinetinə keçdi. Bu otağı həmişə digərlərindən fərqləndirir, burada olmaqdan xoşu gəlirdi. O, qapını arxasınca örtüb, beynində qurduğu planın bəzi detallarını dəqiqləşdirməyə başladı. Kabinetin pəncərəsindən mavi dəniz, Bir may münasibətilə bayraqlarla bəzədilmiş ağ gəmilər görünürdü. Açıq pəncərədən quşların şövqlü cikkiltiləri ilə birgə yarpaqların xışıltısı da eşidilirdi. Bu isə tələsmək lazım olduğuna işarə idi – artıq yaz gəlmişdi. O, qonaq otağına qayıtdı. Arvadıyla qayınanası kinodan gəlmiş uşaqlara yemək çəkirdilər. Səbirsizliklə uşaqların yeyib qurtarmasını gözlədi və dərhal bəyan etdi ki, evə getmək vaxtıdır.
Dəhlizdə qohumları ilə qarşılaşdılar. Qayınatasının bacısı oğlu Kamil və arvadıydı. Kamil hər həftə dayısını yoluxmağa gəlirdi. Raufun fikrincə, buna heç bir ehtiyac yox idi, çünki Kamil aspiranturanı bitirəndən bu yana üç il idi ki, dayısı ilə bir institutda işləyir, demək olar, hər gün onu evəcən ötürür, bu zaman sevimli dayısı arvadı ilə də görüşmək imkanı olurdu. Rauf onların eyni institutda işləməsinə yaxşı baxmırdı, amma fikrinə məhəl qoyan yox idi, nə qayınatası, nə də Kamil onunla hesablaşmırdılar. Bu azmış kimi, qayınatası ilə Kamil eyni mərtəbədə işləyirdilər, bu isə, Raufun fikrincə, insanların əsəbləri ilə oynamaqdan başqa bir şey deyildi. Doğrudur, bu üç il müddətində onları tayfabazlıqda, üzgörənlikdə günahlandıran olmamışdı, amma uzaqgörən Rauf bilirdi ki, əvvəl-axır onlardan biri özünə başqa iş yeri axtarmalı olacaq. Qəlbinin dərinliyində bu özündənrazı gəncə nifrət edir, oğlan müdafiə etməyə macal tapmamış, yollarının ayrılmasını arzulayırdı.
– İşgüzar adamlara eşq olsun! – Kamil Raufun uzatdığı əlini görməyib, onun qarnını əlləşdirdi, – Qarın bəsləyirsən?
Kamilin arvadı Minarə – boy-buxunlu, yaraşıqlı qadın özünü gülməkdən güclə saxladı. Qadın o qədər gözəl idi ki, Rauf hər dəfə onu görəndə bədənindən qəribə bir gizilti keçirdi.
“Gül, gül, – o, dodaqları qaçan qadına baxa-baxa fikirləşdi, – ola bilsin, çox yaxında mənasız dissertasiyasına görə yarım aydan bir məzuniyyətə gedən səfil ərindən də cavan olacağam. Onda baxarıq, kim daha bərkdən güləcək?”
– Yeri gəlmişkən, bu gün sənin barəndə fikirləşirdim, – Rauf yumşaq səslə dedi. Deyəsən, bu xoşagəlməz görüşdən faydalanmaq niyyətindəydi. – Mənə sənin məsləhətin lazımdır. Deyə bilərsən, Ovçular cəmiyyətinə necə üzv olmaq olar?
– Bəs Balıqçılar cəmiyyəti? – Kamil qeyri-iradi əlavə etdi. Deyəsən, təəccüblənmişdi: – Özünçün soruşursan?
– Əlbəttə, – Rauf bildirdi. – Başqasıyla nə işim?
– Axı ovdan zəhlən gedir, ümumiyyətlə, təbiəti görən gözün yoxdur. Nə oldu, birdən-birə ovçu olmaq fikrinə düşdün? Bir dəfə səninlə ov eləməyə getmişdik, yadındadır? Deyəsən, Lənkərana getmişdik.
– Ona ov demək olmazdı, – Rauf on il əvvəl qayınatası və Kamillə birlikdə Qızılağac qoruğuna getdiyini xatırlayıb özündən çıxdı.
Həmişə bu səfəri xatırlayanda qanı qaralırdı. Bu, yalnız kənardan baxanda ova bənzəyirdi. Qayınatası və Kamil hər şeydən xəbərsiz, sakitcə otlayan heyvanlara beşaçılanla yaxın məsafədən atəş açırdılar. Yaralı marallar və ceyranlar on beş, iyirmi addım qaçandan sonra yuxuluymuş kimi səndirləyib, yavaş-yavaş yerə yatırdılar. Təəccübdən və heyrətdən donub qalmış heyvanlar xüsusi boyayla onların dərisinə işarə qoyan, ampula-güllələrin açdığı kiçik yaraların üstünə plastır yapışdıran adamları sanki görmürdülər. Bütün günü belə davam etdi. Buterbrodlarla ayaqüstü nahar elədilər. Kabab çəkmək fikrinə düşən Rauf ocaq qalamaq üçün qızmar günəş altında çır-çırpı topladıqdan sonra maral balasını kəsmək istəyəndə Kamillə qayınatası elə çığır-bağır saldılar ki, gəl görəsən. Sanki Rauf onların sevimli babası, astma xəstəsi Qəzənfərə bıçaq çəkməyə hazırlaşırdı. Pərt olmuş Rauf dərhal çıxıb getmək istədi, amma maşın dayanacağına qədər haradasa beş kilometr yol vardı. Həm də yol, daha doğrusu, cığır qamışlıqlardan keçib-gedirdi və o bu yerlərdə azmaqdan qorxurdu. O, qaz xətti çəkmək üçün hazırlanmış borunun üstündə oturub, qarşısındakı çör-çöpə baxa-baxa fikirləşirdi ki, Kamillə qayınatası adi heyvana görə onun dərisini soymağa hazır idilər. Şəhərdə onlardan qisas almaq barədə planlar qururdu. Elə bu vaxt ağacların arxasından bir iri qaban çıxıb, talaya doğru götürüldü. Qoruqdakı digər heyvanlar – marallar, flaminqo və çaqqallara baxanda bu heyvan daha qaba və vəhşi təsir bağışlayırdı. Seyrək, cod tüklərlə örtülmüş gövdəsindən tutmuş, qan çanağına dönmüş bulanıq gözlərinə qədər toz-torpağın içindəydi; yuxarıya doğru əyilmiş böyük, sivri dişləri onu daha iyrənc göstərirdi. Qaban qeyzlə xortuldayaraq birdən-birə Raufun üstünə cumdu. Toqquşmaya bir neçə saniyə qalmış bəsirətli, açıqgözlü Rauf məkrli heyvanın niyyətini başa düşdü və ağıllı təprənib, qarşıdurmaya getməməyi qərara aldı. Sürətlə ona tərəf qaçan heyvanla müqayisədə o, diribaş çöl siçanına oxşayırdı. Rauf dik atılıb, ritmik sıçrayışlarla yerindən götürüldü və qaça-qaça gəlib borunun dəliyinə təpildi. Təxmin etdiyi kimi, qaban onun ardınca boruya girmədi. Heyvan xortuldaya-xortuldaya bir müddət dayanıb borunun içində sürünən adamın dabanlarına baxdı, sonra atəş səsi eşidildi və qaban birdən-birə kəsilmiş ağac kimi tir-tap yerə dəydi.
Kamil borudan başını çıxaran Raufu görüncə şaqqanaq çəkib gülməyə başladı. Qayınatası da qaça-qaça gəldi, təngnəfəs olmuşdu, amma hələ yüyürə bilirdi. Qoca çox həyəcanlı görünürdü. O, Raufun üst-başına yapışmış hörümçək torunu təmizləyir, halını soruşurdu. Kamil isə gülməyində idi. Hər dəfə onun hırıltısını xatırlayanda Rauf qaban xortultusu eşidirmiş kimi, üz-gözünü turşudurdu.
– O cəmiyyətə üzv olmaq üçün neyləmək lazımdır?
– Yəqin ki, ərizə yazmalısan, fotoşəklini gətirməli, hansısa arayışlar təqdim etməlisən. Oraya çoxdan üzv olmuşam, onda hələ orduda xidmət edirdim, deyəsən, indi qaydalar dəyişib. Bu sənin nəyinə lazımdır axı? Doğrudanmı, ovçuluq etmək keçir ürəyindən?
“Ay dedim ha!” – Rauf ürəyində ona lağ elədi. O, kandarda dayanmaqdan bezib qonaq otağına keçən Minarənin arxasınca baxdı.
– Sən təəccüblənməyində ol, – Rauf ucadan dedi ki, Minarə də eşitsin. – Elə bilirsən, Raufun əlindən heç nə gəlmir, onu evindən, ailəsində başqa heç nə maraqlandırmır? Nə vaxtsa başa düşəcəksən ki, çox yanılmısan, mən tamamilə başqa adamam.
Hər şey düşündüyü kimi oldu: qadın dönüb, onu başdan-ayağa süzdü. Rauf sevincindən az qala qanad açıb uçacaqdı.
– Əvvəla, səni ailəcanlı adam kimi tanımıram, ikincisi də… – dayısı qızı və onun uşaqlarıyla sağollaşmaq əvəzinə söhbəti uzatmağa üstünlük verən Kamil lazımsız izahlar, şərhlər verməyə başladı.
Amma Rauf onun sözünü yarıda kəsdi:
– Belə ağıllısansa, get müdafiəni axıra çatdır. Dörd ildir papağı günə yandırırsan. Salamat qal! – O, söhbətə özünün yekun vurduğunu vurğulamaq üçün ucadan gülə-gülə çölə çıxdı.
Bir ay sonra o, Ovçular cəmiyyətinə üzv oldu. Elə həmin gün təzə üzvlük vəsiqəsini təqdim edib ovçular mağazasından tüfəng aldı. O, piştaxtadan aralanmamış satıcının apardığı qeydi şəxsən yoxladı və yalnız bundan sonra müdirin otağına keçdi. Müdir tüfəngin pasportunu öz imzası və mağazanın möhürü ilə təsdiqlədi. Artıq gözü götürməyənlərin və paxıllığını çəkənlərin heç biri onu qanunsuz silah saxlamaqda günahlandıra bilməyəcəkdi. Rauf silahı aparıb maşının yük yerinə qoydu: hazırladığı planın uğurla həyata keçməsi üçün bu tüfəngə xüsusi rol ayırmışdı. Tüfəngi evdə heç kəsə göstərmədi; elə olduğu kimi, brezent köynəkdən çıxarmadan asılqanın arxasında gizlətdi.
Zirənin yetişdiyi vaxtlarda Rauf, demək olar, hər gün şəhər kənarına gedirdi. Artıq o, qurşağa çatan ətirli zirə kollarının bitdiyi bütün Abşeron qəbiristanlıqlarının yerini əzbər bilirdi. Zirə kolları burada dəniz kurortu maketinin üzərindəki çimərlik çətirlərini xatırladırdı.
Əvvəlcə Pirşağı qəbiristanlığındakı zirə yetişmişdi. Rauf qəbiristanlığa gəldi, aşağı əyilib kolluqları diqqətlə nəzərdən keçirməyə başladı – toxumlar artıq qaralmışdı, asanlıqla qabıqdan çıxırdı.
Görəcəyi işlərlə bağlı yüngül həyəcana qapılsa da, o səhər Raufun kefi ala buluddaydı. O, ətir qoxuyan bərbərxananın rahat kreslosunda oturub, şəxsinə göstərilən diqqət və ehtiramdan həzz alırdı. Bu zaman Ağasəf qayçının monoton çıqqıltılarının müşayiəti ilə bu mötəbər şəxsə yeni xəbərlərdən danışırdı.
– Bu günlərdə mənə lazım olacaqsan, – Rauf fürsət düşən kimi dedi. Sabunlanmış dodaqlarının tərpənişini güclə sezmək olurdu. – Şəhər kənarına gedəcəyik.
Dəvət Ağasəfin ürəyindən olsa da, dərhal cavab vermədi: əvvəlcə fikrində nəyisə götür-qoy elədi.
– Yaxşı. Amma nəzərə al – istirahət günüm çərşənbə günüdür.
– Lap yaxşı, elə sabah yola çıxarıq.
– Sabah çərşənbə axşamıdır axı.
– Gecə gəzintisinə çıxacağıq. Səhər yatıb yuxunu alarsan. Şüvəlana gedəcəyik.
– Bilirsən, evdəkilərə bildirməliyəm axı, izah etməliyəm, – Ağasəf mızıldandı: əmin idi ki, onu yeyib-içməyə dəvət edirlər.
– Evdə deyərsən ki, dostun Rauf xahiş eləyib, elmi təcrübə aparmağıma kömək etməyini istəyir.
– Şüvəlanda elmi təcrübə? Nədir, orada elmlər akademiyası açıblar? – Ağasəf “hm” elədi. – Arvadım o tərəflərdəndir. Ona belə şey demək olar? O, yaxşı bilir ki, milis şöbəsindən savayı, orada heç bir elmi müəssisə-filan yoxdur.
– Mənə vacib bir işdə kömək eləməlisən, vur-tut iki-üç saatlıq işdir. Saat ikiyə işləmiş şəhərdən çıxacağıq…
– Şüvəlanda neyləyəcəyik? – Ağasəf onun sözünü kəsdi.
– Sənin hər şeylə maraqlanan adam olduğunu bilmirdim, – Rauf narazılıqla başını yellədi. – Ülgücünü üzümdən aralı tut. Ülgücü aralı tut deyirəm.
– Niyə?
– Hər ehtimala qarşı, – Rauf donquldandı. Səfər zamanı təsadüflərdən sığortalanmaq üçün Ağasəfi öncədən hazırlamaq lazım idi. – Qəbiristanlığa gedəcəyik. Hə, hə, təəccüblü heç nə yoxdur. Cəmi üç saatlığa. Orada maşından belə düşməyəcəksən. Hə, nə deyirsən?
– Zarafat eləyirsən? – Ağasəf ümidlə soruşdu.
– Sənə qəribə gəlməsin, – Ağasəf dedi. – Oraya gedəndə özün hər şeyi başa düşəcəksən. Qorxulu heç nə yoxdur.
– Bəlkə, mənim əvəzimə…
– Əlbəttə, – Rauf onun sözünü yarıda kəsdi, – sənin əvəzinə başqaları da gedə bilərdi, amma mənə başqası lazım deyil. Sən mənim dostumsan, inandığım, etibar etdiyim yeganə adamsan, ona görə sənə ağız açdım, – birdən-birə Raufun kefi pozuldu, çünki bu sözləri deyərkən arvadını xatırladı. Arvadı hər dəfə söz düşəndə deyirdi ki, Raufun Arifdən yaxşı dostu yoxdur. Hər halda, özünü buna inandırmışdı.
– Hələ ki, “yox” cavabı verməmişəm, – Ağasəf yumşaq səslə dedi. – Nahaq yerə inciyirsən. Amma yaxşı-yaxşı fikirləşməliyəm. Gecə vaxtı, qəbiristanlıq… Razılaş ki, o qədər də ürəkaçan yer deyil.
… Onlar Şüvəlan qəbiristanlığına çatanda gecə saat iki olardı. Hava saat altı radələrində işıqlaşmağa başlayırdı, amma Rauf risk etmək istəmirdi: hər hansı təsadüf, məsələn, yuxusuzluğa düçar olmuş hansısa xoruzun vaxtsız banlaması hər şeyi alt-üst eləyə bilərdi – o, ilk xoruz banında zirə toplamaq üçün buraya gəlmişdi. Odur ki, bunun ilk xoruz banı olduğuna şübhə yeri qalmamalıydı.
– Uzaq gedəcəyik? – hərəkətsiz oturub qabağa baxan Ağasəf maşının qəbiristanlıq qapısının önündə dayandığını görüncə soruşdu. Rauf fikir verib gördü ki, Ağasəf ətrafa baxmamağa çalışır.
– Çatdıq, – o, maşını döndərdi və işıqları yandırıb, yarıaçıq qapını Ağasəfə göstərdi.
– Səhərəcən gözləməyi məsləhət görürəm, – Ağasəf handan-hana dilləndi. – Bu qaranlıqda qabağımıza ilan və ya quduz it, filan çıxa bilər…
– Qəribə adamsan, – Rauf qorxudan sarısını udmuş qocaya baxıb, istehzayla gülümsündü. – Dirilərdən qorxmaq lazımdır, buradakılar isə artıq pislik eləmək iqtidarında deyillər. İstərsən, maşında qal, çıxma.
– Lazım olsam, çağırarsan, – Ağasəf onun arxasınca səslənib, qapıları içəridən bağladı.
– Yaxşı, danışdıq. Otur, radioya qulaq as. Su və buterbrodlar arxa oturacaqdadır, – Rauf cavabında dedi. – Bir azdan qayıdıram.
Rauf maşını oğrulardan qorumaq üçün xüsusi qurğu quraşdırmışdı. Bu qurğu maşının qabaq panelinin altında yerləşdirilmiş yapon kombaynı ilə birləşdirilmişdi. Kombayn radioqəbuledici, rəngli televizor və reversli stereo maqnitofondan ibarət idi. Rauf yaxşı bilirdi ki, bu gözəl aqreqatı görəndə bəzi avtomobil həvəskarlarının və bir çox diribaş piyadaların ağzının suyu axır, ona tamah salır, istər-istəməz onu satıb, qazanc götürmək fikrinə düşürlər. Odur ki, Rauf heç vaxt maşını nəzarətsiz qoymurdu. Amma bir şeyi bilmirdi: dünya radiotexnika sahəsində hələ elə bir şedevr yaranmamışdı ki, hansısa şüvəlanlı ona görə gecənin bir aləmində qəbiristanlığın yanında gəzişməyə razılıq versin. Bunu bilsəydi, Ağasəfə əziyyət verməzdi.
Dəmir doqqazı var gücüylə özünə sarı çəkdi. Qapı bərkdən cırıldadı. O fikirləşdi ki, ola bilsin, bu qapıdan az-az istifadə edirlər, çünki gündüzlər, adətən, qəbiristanlığın qapısı taybatay açıq olur. Fənər lazım olmadı. Qəbiristanlıq Ay işığına qərq olmuşdu, ağ qumun üzərində başdaşıların kölgəsi belə aydın görünürdü. O, ilk sıradakı qəbirlərlə hasar arasında bitmiş zirə kollarına yaxınlaşdı və yastı daşlardan birinin üzərinə oturdu. Dəniz çox da uzaqda deyildi, amma getdikcə şiddətlənən şimal küləyi havanı isti dumanla və su səsləri ilə doldurmuşdu və adama elə gəlirdi ki, dəniz iki addımlıqda, hasarın o tərəfindədir. O, pencəyinin düymələrini bağlamalı oldu, çünki nəmlənmiş köynəyi bədəninə yapışıb, xoşagəlməz hiss yaradırdı. Rauf təəccüblə saatına baxdı – vaxt nə tez keçir.
O, şərqdə yavaş-yavaş aydınlanan səmaya baxıb fikirləşdi ki, ən tənbəl xoruz belə uzağı bir saata banlamağa başlayacaq. Sol ayağı keyimişdi. Qalxıb iki dəfə qəbirlərin arasındakı ensiz cığırla o baş-bu başa getdi. Külək səngidi, daha doğrusu, birdən-birə yatdı. Abşeronda tez-tez belə olur: sanki qəfildən küləyin önündəki xəyali qapını bağladılar. Hərəkətsiz havada yarpaqların xışıltısı və cırcırama səsləri də kəsildi. İndi qəbiristanlıqda görünməyən dənizin monoton uğultusundan başqa heç nə eşidilmirdi.
O heç nədən qorxmur, üşənmirdi – ətraf mühitdə baş verən bütün hadisələrə ayıq başla yanaşır, gerçəkliyin mükəmməl cizgilərinin təhrif olunmasına imkan vermir, hər şeyi sağlam mühakimənin süzgəcindən keçirirdi. Odur ki, mənzərəli sahildə daş hasarla əhatələnmiş bu geniş sahə, aqlay, qranit və digər defisit tikinti materiallarından düzəldilmiş qəbir daşları onun üçün keçmişin yöndəmsiz və bahalı qalıqlarından başqa bir şey deyildi.
Oturduğu yerdə mürgü döyən Raufun burnuna xoş ətir gəldi. Ətir əvvəlcə güclə hiss olunurdu. Sonra get-gedə gücləndi, sanki yanında ətir şüşəsi sınmışdı. Onu maraq bürüdü, kollara yaxınlaşandan sonra əmin oldu ki, bitkilər ətir saçır. Kolluqlar ətrafa ətir yaymağa başlayanda saat beşə işləmişdi. Elə bu vaxt birinci xoruz banı da eşidildi. Dərhal başqa xoruzlar da ona qoşuldular. Xor aparıcı solistə qoşulana qədər Rauf bir neçə zirə kolunu kökündən qoparmağa macal tapdı. Ardınca xoruzlar səs-səsə verdi, bu dəqiqələrdə ona elə gəlirdi ki, gursəsli xoruzlar yetişdirən quş fermasının yanındadır.
Bir azdan ətrafa sükut çökdü; dəniz tərəfdən tənha qağayının həzin, kədərli səsi eşidildi. Rauf yastı daşın üzərinə düzdüyü saplaqlardan səliqəylə böyük bir dəstə tutub, ortasından bağladı. Bu zaman ona elə gəldi ki, əlində tutduğu bitkilər artıq ətir saçmır. Bu, doğrudan da, beləydi: onun yuxusunu qaçıran güclü ətir birdən-birə yoxa çıxmışdı.
Raufu təəccüb bürüdü, o, kolların yanına qayıdıb, onları bir-bir qoxladı. Lakin nəm çəkmiş quru ot qoxusundan savayı heç nə hiss etmədi. Bayaqkı gözəl ətirdən əsər-əlamət qalmamışdı; iyirmi-iyirmi beş dəqiqə əvvəl zərif qabıqlı gövdəciklər asanca qırıldığı halda, indi neylon çubuqlar kimi əyilirdi. O, saplaqlardan birini sındırmaq istədi, amma bunun üçün lifli gövdəciyi tel-tel etməli oldu. Qədim əlyazmanın müəllifinə heyranlıq əlaməti olaraq başını yellədi: həmin müəllif uzaqdan idarəetmənin sirlərini açmasaydı, Rauf bu gecə canlıyla bitki aləmi arasındakı görünməz bağlardan faydalana bilməyəcəkdi…
Rauf zirə dəstini götürüb getmək istəyirdi ki, bütün gecəni belini söykəyib oturduğu başdaşına gözü sataşdı. Zaman və dəniz havası mamır bağlamış daşın üzərindəki yazını yeyib korlamış, burada uyuyanın adı əvəzinə qaralan cızıq əmələ gətirmişdi. Aşağıdakı sətir nisbətən yaxşı qalmışdı. Doğum və ölüm tarixi – istənilən ömrün qısa təsvirindən isə yalnız birinci hissəni oxumaq olurdu: “9.6.1929”. Rauf bu yazını çətinlik çəkmədən oxudu və oxuyan kimi olan-qalan yuxusu da qaçdı. Bu baxımsız, adsız qəbrin üzərindəki tarix ona olduqca pis təsir elədi, fikirləri dolaşdı, canına üşütmə düşdü.
Əlli il bundan əvvəl onun doğum gününü əbədiləşdirmiş bu tanış rəqəmə baxa-baxa özünü ələ almağa çalışır, amma get-gedə yəqin edirdi ki, bunu bacarmayacaq. Heç olmazsa, daha bir söz və ya hərf tapmaq arzusuyla təkrar-təkrar daşı gözdən keçirdi… Fənəri yandırıb baxdı, amma zövqsüz naxışların fonunda bərq vuran bürünc rəqəmdən savayı heç nə görmədi. Bu tənha rəqəmə baxında aydın olurdu ki, başdaşıyla onun arasında nəsə anlaşılmaz-məşum bir bağlılıq var.
O, ayaq altında xırçıldayan qumun üzərində dal-dalı getdi, sonra yavaş-yavaş, ətrafına baxmadan çevrilib, xiyabanla çıxışa doğru addımladı. Qaçmaqdan özünü güclə saxlayırdı. Bir neçə addım atdıqdan sonra içində xoşagəlməz bir hiss yarandı.Qapının yanındakı, yarpaqları belə tərpənməyən sərv ağacına yaxınlaşdıqca bu hiss daha da gücləndi. İlk baxışdan bu sərv ağacı digərlərindən heç nəylə fərqlənmirdi, ona görə Rauf buraya gələndə heç ona fikir verməmişdi. Amma indi hiss edirdi, daha doğrusu, yəqin bilirdi ki, qara məxməri yaşıllığın arxasından kimsə ona baxır, cansız, ifadəsiz gözlərini ondan çəkmir, səbirlə onun yaxınlaşmasını gözləyir.
Qəfildən bədənində qəribə bir ağırlıq hiss etdi, halsızlaşdı, taqətini itirib dayandı. Çox dayanmadı, vur-tut bir neçə an… Elə bu vaxt hiss etdi ki, arxasında kimsə kəsik-kəsik nəfəs alır, onu zülmət qaranlığın dərinliyində gizlənmiş mübhəm, müəmmalı varlığa tərəf itələyir. Tükləri biz-biz oldu, canını qaraqorxu aldı, buket və termos keyimiş əllərindən yerə düşdü.
Rauf qaçmağa üz qoydu, amma o qədər halsız idi ki, yaxşı sürət götürə bilmədi. Onda xırıltılı səslə, anlamsız sözlərlə ucadan özünə ürək-dirək verməyə başladı. Səsi pərdə-pərdə ətrafa yayılaraq savaş nəğməsinin uğultulu əks-sədasını xatırladırdı. Beləcə, bu səslərin havasına uyub, azacıq da olsa, qorxusunu yenə bildi.
Büzüşüb yumağa dönmüş Ağasəf sakitcə oturub, ona göz qoyurdu. Rauf yalnız bir neçə cəhddən sonra soyumuş motoru işə sala bildi. Maşın aşağı sürət həddində, dünyanı başına götürən uğultulu səslə yerindən götürüldü.
Rauf yavaş-yavaş özünə gəlirdi. Bunun ilk əlamətləri Mərdəkanı keçəndən sonra hiss olunmağa başladı: o, radionu işə salıb, uzun bir verilişi axıracan dinlədi. Tez-tez səslənən “senyor” və “kommuna” sözlərinə görə təxmin etmək olardı ki, veriliş ispan və ya italyan dilində aparılır. Sonra Rauf yanındakı sərnişini görüb ilk baxışdan tanıdı; onunla salamlaşıb, heç nə olmamış kimi söhbətə başladı, hal-əhval tutdu, kefini soruşdu. Ağasəf onun bütün suallarına yerli-yataqlı, kamali-ədəblə cavab verdi.
Şəhərə girəndə artıq Raufun əhvalı düzəlmişdi, özünü çox gümrah hiss edirdi. Belə ki, artıq o, olub-keçmiş əhvalatın ilkin təhlilini aparmaq iqtidarında idi. Xeyli düşünüb-daşınandan sonra o, dişlərini sıxıb, apardığı təhlilin nəticəsini bəyan elədi:
– Qoca sarsaq! – ancaq bunu dediyinə peşman oldu: bu sözlər Ağasəfin gəzintidən əldə etdiyi təəssüratı korlaya bilərdi. Dərhal onu əmin etməyə başladı ki, bu sözlər yalnız və yalnız qayınatasına aiddir: ağlı başında olan normal adamı məhz onun saxta elmi mülahizələri başdan çıxara bilərdi.
– Sənə demişdim, gecə vaxtı qəbiristanlığa getməzlər, – Ağasəf zəif səslə dedi. O, hiss edirdi ki, söhbətə başlamağın vaxtıdır. – Məni çox qorxutdun! Maşına sarı qaçanda, bilirsən, nə gündəydin?
– Elə bilirsən, qəbiristanlıqdan qorxmuşdum? Qətiyyən! Qəbiristanlıqdır da, gecə olsun, ya gündüz, nə fərqi? Sinə daşlarından qorxacaqdım, yoxsa onların altındakı çürümüş sürsümükdən! – Rauf özündən çıxdı. O, doğrudan da, mövhumatçı deyildi. Nəinki mövhumatçı deyildi, onu hətta ateist saymaq olardı. Çünki Tanrının varlığına şübhə edir, qəlbinin dərinliklərində onun yoxluğuna ümid edirdi. – Sözün açığı, orada məni dilxor eləyən bir şey vardı, bərbərxanada danışaram… Köməyimə gəldin, sağ ol. – O, maşını Ağasəfin evinin yanında saxlayıb, şövqlə onun soyuq əlini sıxdı: – Hələlik. Bir on gündən sonra görüşərik. Sənə zəng vuracağam.
Evə bir göz qırpımında çatdı. Hər halda, ona elə gəldi: bir də baxdı ki, maşını həyətə salır. Maşını qaraja salıb evə gələndən sonra da bu qəribə gümrahlıq hissindən qurtula bilmədi. Bir müddət mətbəxdə oturdu, bir şüşə pivə içdi, buterbrod yedi, sonra elə oradaca paltarını çıxarıb, yataq otağına keçdi.
Yatağa uzanan kimi yuxuya getdi, amma ayılanda bundan heç bir həzz duymadığını hiss etdi. Yuxu görmüşdü.
İlk baxışdan, gördüyü yuxuda qəribə heç nə yox idi. Hər şey yaxşı başlamışdı: o, əlində tilov, qayanın üstündə oturmuşdu. Hava çox xoş idi, buludsuz, mavi səma göz oxşayırdı, amma nədənsə günəş gözə dəymirdi; oturduğu yerdən baxanda şəffaf sular da səma rəngində görünürdü. Raufun kefi ala buluddaydı: bu sakit suya dalmaq, ondan doyunca içmək keçirdi könlündən. Amma elə bu vaxt, tilovu kənara qoyub büllur kimi şəffaf suya baş vurmaq istəyəndə barmaq böyüklükdə xulbalıq, ya da kilkə qarmağa ilişib çırpınmağa başladı. Yuxunun yaxşı hissəsi bununla başa çatdı. Tilov birdən-birə dəmir kimi ağırlaşdı; artıq onu güclə əlində saxlayırdı. Xulbalıq əvəzinə sudan qıc olmuş nəhəng, dombagöz bir məxluq çıxdı. Tilov ipini dişlərinin arasında sıxan bu məxluq Raufun üzünə zillənmişdi. O, yavaş-yavaş Raufun oturduğu qayaya yaxınlaşır, xırıltılı səslə nərə çəkirdi. Ağzını geniş ayırmışdı, sarı, əyri dişlərinin arasından qanlı köpük axırdı. Rauf tilovu atıb dabanına tüpürmək istədi, amma bunu eləyə bilmədi, çünki tilov əlinə ypışmışdı. Rauf gözlərini bu əcaib dəniz məxluqun qandonduran gözlərindən çəkə bilmirdi. Tilov ipini udmağa davam edən bu məxluq onu qaranlıq girdaba doğru çəkirdi. Rauf birdən-birə nanə yarpağı kimi əsib-titrəməyə, bərkdən bağırmağa başladı. Yuxudan ayılandan sonra güclə özünə gəldi. Ürəyi şiddətlə döyünürdü. Otağın cansıxan, dözülməz toranlığından gizlənmək üçün arvadına qısıldı. Əvvəlcə gözlənilməz mehribanlıq kimi qiymətləndirdiyi bu hərəkətin sırf platonik səciyyəsi qətiləşəndən sonra arvadının ürəyi daha çox riqqətə gəldi: ali hisslərin təzahürüydü bu.
Ətrafa sükut çökmüşdü, deyəsən, evdə heç kəs yox idi. Bir neçə dəqiqə beləcə uzanıb başına gələnlər barədə fikirləşməyə başladı. Dolaşıq fikirlərin arasında naməlum yaşıdının qəbir daşının üzərindəki pozulmuş naxışları qara, hərəkətsiz ləkə kimi, gözləri önündə canlandı və o, dərhal yerindən qalxdı.
Səhər yeməyi yemək istəmirdi. Əvəzində o, otaqda o baş-bu başa gedirdi; üz-gözündən çaşqınlıq yağırdı, hiss olunurdu ki, tərəddüd hissi keçirir, nə edəcəyini bilmir. Bu məqsədsiz, mənasız vurnuxma dəhlizdə başa çatdı: üstündə telefon və saat olan stola gözü sataşdı. Günorta olmuşdu. Məişət əşyalarının bu uyğunluğu və ümumi ahəngi ona çağırış kimi gəldi: sanki kimsə onu xidməti borcunu yerinə yetirməyə səslədi. Bu çağırışa cavab olaraq, Rauf işlədiyi müssisənin nömrəsini yığdı. Mənalı-mənalı öskürüb katibəyə dedi ki, bəyan etmək istəmədiyi səbəbdən bu gün işə gəlməyəcək. Dəstəyi yerinə qoyub bir daha saata baxdı və iti addımlarla dəhlizi tərk elədi. Hiss olunurdu ki, yaxın gələcək üçün özünə müəyyən hədəflər müəyyənləşdirib. Nə qədər tələssə də, üst-başını səliqəyə saldı və bu vacib məsələyə həmişəkindən az vaxt sərf eləmədi.
Pirşağıya bir neçə kilometr qalmış, kəndarası yola dönüb, maşını “Dəyirman”ın yanında saxladı. “Dəyirman”da yaxşı xəngəl və qutab verirdilər, bu birmərtəbəli yeməkxana sağlam qidayla maraqlananların, ağzının dadını bilənlərin arasında çox məşhur məkan idi.
Rauf stol arxasına keçib çay sifariş elədi. Mətbəxdən iştahaçan yemək qoxuları gəlirdi. Buna baxmayaraq, onun yemək sifariş etməməsi arıq və uzun ofisiant Sabiri əməlli-başlı təəccübləndirdi. Yeri gəlmişkən, Sabir otuz il idi ki, buranın həm ofisiantı, həm müdiri, həm də ekspeditoruydu. Təəccüblənsə də, özünü o yerə qoymadı, sadəcə stolun üstünə mürəbbə və şəkər qoyarkən Raufu yaxşı-yaxşı gözdən keçirdi. Bir az sonra yalnız daimi müştərilər üçün nəzərdə tutulmuş qırmızı çini çaydandan ona çay süzərkən elə-belə maraqlandı ki, görəsən, doğrudanmı Rauf şəhərdən buraya çay içməyə gəlib? Rauf çək-çevirə salmadan boynuna aldı ki, buraya çay içmək üçün gəlməyib; dedi ki, ona işi düşüb; yarım saatlığa onunla Pirşağıya getməyi xahiş elədi. Cavabında isə Sabir əllərini yana açıb ətrafı göstərdi: nahar fasiləsində buraya axın edən müştərilər zalı doldurmuşdu, iki ofisiant nə qədər zirək tərpənsələr də, güclə çatdırırdılar.
– Heyif, – Rauf dedi. – Sənə ümid eləyirdim. Bilirsən, qəbiristanlığa baş çəkməliyəm…
Gözlədiyi kimi oldu, Sabir sözünü qurtarmağa macal verməyib, önlüyünü çıxardı və kədərlə başını bulayıb, onun arxasınca maşına sarı addımladı.
Qəbiristanlıq qapısından içəri girən kimi Rauf Sabiri özüylə gətirdiyinə peşman oldu. Çünki mərmərdən və qranitdən düzəldilmiş qəbir daşları indi heç də vahiməli görünmürdü, indi bura gecə vaxtlarında adamı üşəndirən kənd qəbiristanlığından çox, sərv ağaclarının kölgəsində, mavi səmanın, sakit dənizin fonunda sevgililərin görüş yerinə və ya quşların nəğməsini dinləməyə gələnlər üçün xüsusi ayrılmış hüzurlu məkana bənzəyirdi.
Tanış məzara yaxınlaşanda Rauf bir daha yəqinləşdirdi ki, gün işığının əvəzi yoxdur: qəbir daşının üzərindəki rəngi soluxmuş yazını çətinlik çəkmədən oxumaq olurdu – “Məmmədzadə Şeyda 9.6.1929 – 15.4.1980”. Rauf yazını iki dəfə oxuyandan sonra qəribə bir yüngüllük hiss etdi.
Sabir üzərinə zirə dəsti və termos qoyulmuş sinə daşına zillənmişdi. İkisi də şəraitə uyğun olaraq ədəb-ərkanla susurdu. Sözün açığı, Rauf bilmirdi nə desin, Sabiri qəbiristanlığa dəvət etməsinin səbəbini necə izah etsin.
– Qohumumun qəbridir, – nəhayət, Rauf dilləndi. – Yaxşı qadın idi: mehriban, qayğıkeş. Yetim idi.
– Allah rəhmət eləsin! – Sabir sözü uzatmadı. Sanki düşünüb-daşınmaq üçün Raufa əlavə vaxt verirdi. – Dünyada yaxşılıq qalır.
– Qəbrini səliqəyə salmaq istəyirəm. Apreldə ildönümüdür, – Rauf onun ölüm tarixini göstərdi. – Qohum-əqrəba toplaşacaq, yaxşı deyil, qoy bu vəziyyətdə görməsinlər. Odur ki, səninlə məsləhətləşmək istədim…
– Yaxşı iş görürsən, – Sabir dedi. – Narahat olma, çətin heç nə yoxdur: üzlüyün bəzi yerlərini bərpa etmək, yazını yeniləmək lazımdı, vəssalam. Rəhmətliyin adı nəydi?
– Məmmədzadə Şeyda, – Rauf gözucu yazıya baxıb dedi.
– Bəs atasının adı? Burada yazılmayıb.
– Atasının adı? Atasının adı Bəylər idi, – Rauf gözünü qırpmadan dedi.
– Məmmədzadə Şeyda xanım Bəylər qızı, – Sabir tələsmədən köhnə bloknotuna yazdı. – Yazını qaydaya salmaq lazımdır. Kefini pozma, bununla özüm məşğul olacağam. Aprelin 15-də hər şey hazır olacaq.
– Yox, yox, razı olmaram! Sənin öz qayğıların var. Mənə yalnız məsləhət lazımdır, özüm öhdəsindən gələrəm. Getdik! – tanımadığı adamın qəbrini bərpa etmək fikrində deyildi, ona görə elə cani-dildən etiraz etdi ki, Sabir istər-istəməz razılaşmalı oldu.
“Dəyirman”a gəlib çatandan sonra Rauf bir daha Sabirə dil-ağız elədi.
– Məni bağışla, – sağollaşarkən Sabir dedi, – sənə bir söz demək istəyirəm. Neçə ilin tanışlarıyıq, amma səni bu gün tanıdım. Afərin. Biz yaşda olanların arasında adət-ənənəyə sadiq adamlar azdır.
Qırx dəqiqə sonra Rauf artıq evdəyidi. Dünənki əhval-ruhiyyəsindən əsər-əlamət qalmamışdı, özünü çox gümrah hiss edirdi, zirə başaqları qarajda quruyurdu, amma yenə də qəribə bir narahatlıq ruhuna hakim kəsilmişdi.
– Nəsə olub? – kandarda arvadı onu başdan-ayağa süzüb soruşdu.
– Hər şey yaxşıdır. Nədir ki?
– Bir kişi zəng eləmişdi. Saat ikiydi, səninlə danışmaq istəyirdi. Dedim ki, evdə yoxdur… Mənə elə gəlir… Soruşdu ki, özünü necə hiss edir. Nəsə həyəcanlıydı. Adı Ağasəfdir.
– Ağasəf? Aydındır, – Rauf gülümsündü. – Dostumdur, Səhiyyə Nazirliyində şöbə müdiridir. Çox qayğıkeş adamdır. Özü də elmlər doktorudur. Dünən işdən sonra təsadüfən görüşdük, çox yorğun idim, yəqin, ona elə gəlib ki, özümü yaxşı hiss etmirəm. Elə oradaca nəbzimi yoxladı, təzyiqimi soruşdu, “özünə fikir ver, özüm sənin qeydinə qalacağam” dedi.
– Dedi ki, gələndə zəng eləsin.
– Onu qonaq çağırmaq lazımdır, – Rauf dedi. – Elə-belə zəng eləməyin nə mənası? Sən danışmısan da onunla!
Nahar süfrəsi arxasına keçdilər.
– Gözümə yaxşı dəymirsən, xəstələnməmisən? – arvadı Raufun fikirli-fikirli bozartma qabını kənara itələdiyini görüb soruşdu.
– Yox, hər şey yaxşıdır… Uşaqlar hanı?
– Qonşugildə, bir azdan gələrlər.
Uşaqlardan söhbət düşəndə Raufun eyni açılırdı – uşaqlar ona çəkmişdilər, cavanlığında olduğu kimiydilər, boy-buxunlu, yaraşıqlı. Doğrudur, başqa oxşarlıqlar yox idi. Son vaxtlar Rauf onların rəftarında, davranışında analarına xas xüsusiyyətlər aşkarlayırdı. Əslində, buna görə narahat deyildi, sadəcə bəzən təəccübünü gizlədə bilmirdi: yağ içində böyrək kimi bəslədiyi bu sağlam gənclər, tələbələr öz yaşıdları kimi deyib-gülmək, əylənmək əvəzinə asudə vaxtlarını belə kitab oxumaqla keçirirdilər. İkisi də biologiya fakültəsində oxuyurdu, Rasim üçüncü, Rüfət isə birinci kursda. İş-gücdən başı açılmayan Rauf uşaqların tərbiyəsini bütünlüklə arvadının ixtiyarına vermişdi. Özü isə iki böyük uşaq anasının öhdəsindən gələ bilmədiyi bəzi çətinlikləri yoluna qoymaqla kifayətlənirdi. Nə əvvəllər, nə də indi onun müdaxiləsinə, demək olar, ehtiyac olmurdu. Yalnız son vaxtlar onlara irad bildirməyə başlamışdı, xüsusən də böyüyə. Onun tez-tez işlətdiyi sözlər və ibarələrdən istifadə etdiyinə görə.
Vaxta az qalmışdı, buna baxmayaraq, Rauf yarım saat mürgülədi. Artıq özünü xeyli gümrah hiss edirdi. O, üzünü qırxdı, paltarını dəyişib yemək otağına keçdi və burada arvadına dedi ki, Arifgilə nərd oynamağa gedir. Arvadı stolun üstündəki kurs işlərindən gözünü ayrımadan başını tərpətdi və dedi ki, açarı götürməyi unutmasın. Rauf bilirdi ki, arvadı ona inanmır, amma buna görə narahat olmurdu. Çoxdandır ki, onların arasında hay-küylü qısqanclıq səhnələri oynanılmır, arvad küsüb atası evinə getmirdi. Çoxdandır ki, Rauf özünü tamamilə sərbəst hiss edirdi. Amma yenə də arvadıyla xoş davranır, ona yaxın qohumu kimi baxır, imkan daxilində yaxşılıq etməyə çalışırdı. Kinoya, konsertə, qonaqlıqlara həmişə arvadıyla birgə gedir, nəsə almaq və ya harasa getmək istəyəndə xərcini çəkir, heç bir xahişini yerə salmırdı.
Xalidə xoşsifət, qanışirin qadın idi, illər keçməsinə baxmayaraq öz təravətini saxlamışdı. Yanağındakı xal, ifadəli dodaqları illər öncə tələbə gecəsində tanış olduğu yaraşıqlı qızı yadına salırdı. Rauf hələ də onu altdan-altdan, məmnuniyyətlə süzürdü.
Kirovabad Kənd Təsərrüfatı İnstitutunun tələbəsi olan Rauf yarım ildən sonra ilk dəfəydi ki, doğma şəhərə, tətilə gəlirdi. Açığı, aqronom peşəsinin sirlərinə çətinliklə yiyələnirdi, keçdiyi dərslər ürəyincə deyildi. Bunun iki səbəbi vardı: əvvəla, kənd təsərrüfatının bütün sahələrinə ürəkdən nifrət edirdi və bununla da bakılı dostlarının, eləcə də özünün gözündə zövqlü adam təəssüratı yaradırdı. İkincisi də, tez-tez dərsləri buraxdığına və pis oxuduğuna görə hüquq fakültəsindən xaric etmişdilər. Tənbəllik, yekəxanalıq, pul-para və ailənin əlaqələri – ikinci səbəbi doğuran bunlar idi və onlar bu barədə danışmağı xoşlamırdılar.
Bununla belə, universitetdən qovulması heç də onun hüquqşünas olmaq istəmədiyinə dəlalət etmirdi. Əksinə, gələcəklə bağlı qurduğu xəyallarda o, həmişə özünü prokuror rolunda görürdü. O məhz prokuror olmaq arzusundaydı: uzun müşahidələrdən sonra belə qənaətə gəlmişdi ki, bu, ən sərfəli və hörmətli işdir, belə ki, əlində ixtiyar olur, özün isə heç nədən korluq çəkmirsən. Əvəzində nə risk etmək, nə də əziyyət çəkmək tələb olunur. Sirr deyil ki, bütün digər hallarda qazanc götürmək üçün risk etməli, elm və ya sənət zirvəsinə yüksəlmək istəyən adamlar sayağı gecəni gündüzünə qatmalı olursan. Beləcə, gənc Raufun ülvi arzularıyla hüquq fakültəsindəki davranışı arasındakı uyğunsuzluq hədəfə istiqəmətlənmiş şüa kimi onun formalaşmaqda olan xarakterinin tutqun işıqda gizlənən daha bir cəhətini üzə çıxardı.
… O, qayınatasıgilə yollandı. Qonaq otağında Kamillə görüşəcəyini təxmin etmirdi, bu görüş heç ürəyindən olmadı.
Həmişə arvad-uşaqla birgə gələn Raufun bu dəfə tək təşrif buyurduğunu görən qayınatası xeyli təəccübləndi. Onunla çox quru görüşdü, fikirləşdi ki, yəqin, mənzilləri dəyişdirmək üçün yenə üz vurmağa gəlib. Kamil isə Raufu gülə-gülə qarşıladı, haqqında xoş sözlər irad etdi, dedi ki, yaxşı görünürsən. Bunu bitki həyatı sürməyin nəticəsi kimi qiymətləndirdi. Onun dil-dil ötdüyünü görən Rauf təşəbbüsü öz əlinə almağa səy göstərdi.
– Afərin, – o, stol arxasına keçib üzünü Kamilə tutdu. – Heç nə gözündən qaçmır. De görüm, ayaqların səni incitmir?
– Necə yəni? – Kamil təəccübləndi.
– Soruşuram, ayaqların ağrımır, səni narahat etmir? – Rauf özünü elə göstərdi, guya onun halına acıyır; sifətinin get-gedə ciddiləşdiyini görüncə ayağı yer aldı. – Düzünü de!
– Ayaqlarım heç vaxt ağrımayıb… Onlardan şikayətim yoxdur, – Kamil çiyinlərini çəkdi.
– Elə isə tez mətbəxə get, Diləfruz xanıma de, bizə çay versin, – Rauf hırıldadı. – Burada kiçik kimdir? Sən. Elə isə get, bitkilər haqqında söhbətə orada davam elə. Burada danışmağa dəyməz, çünki həyat haqqında mən səndən çox şey bilirəm.
Köpü alınmış Kamil otaqdan çıxandan sonra Rauf mısmırığını sallayıb oturmuş qocaya dedi ki, elə-belə gəlib, sadəcə onun məzmunlu, mənalı söhbətləri üçün darıxıb, məsələn, keçən dəfə oxuduqları kitab onun çox xoşuna gəlib. Bu sözləri eşidən qayınatasının kefi duruldu.
Sonrakı qırx-əlli dəqiqə Rauf həmsöhbətini yalnız yola verməklə məşğul oldu: onun fikrincə, bu söhbətin nə elmi, nə də məişət baxımından heç bir əhəmiyyəti yox idi. O, söhbətin sonunda əmin oldu ki, bu söhbət elmi terminlərlə pərdələnmiş çərənçilikdən, boşboğazlıqdan başqa bir şey deyilmiş. Kamil dilindən qaçırdı ki, bayaqdan haqqında danışdıqları, mübahisə etdikləri eksperiment ən yaxşı halda yalnız iyirmi-iyirmi beş ildən sonra aparıla bilər. Rauf çoxdan başa düşmüşdü ki, onun arvad qohumları və onlara bənzəyənlər nə qədər ağıllı, bacarıqlı olsalar da, öz həyatlarını qura bilmirlər, ona görə ki, hər dəfə fürsəti əldən verir, yalnız əhəmiyyətsiz şeylər barədə fikirləşirlər. Onu da başa düşmüşdü ki, ağıllı adam fürsəti fövtə verməməli, ondan yararlanmağı bacarmalıdır. O da bunu bacarırdı.
Kamil otaqdan çıxandan sonra Rauf çətinlik çəkmədən qayınatasının fikirlərini lazımi məcraya yönəltdi və oturub qədim təbiblərin yaratdığı möcüzələr haqqında onun mülahizələrini dinləməyə başladı.
– Amma yenə də adamın inanmağı gəlmir ki, yenidən cavanlaşmaq olar, – Rauf alim həmsöhbətindən daha tutarlı dəlillər eşitmək üçün dedi.
– Ya da uşaq olmaq. Haqlısan, inanmaq çətindir, – qayınatası dedi. – İnsanın inkişafı dönməz prosesdir. Amma adı yox, mahiyyəti əsas götürmək lazımdır. Kolumb Amerikanı kəşf etdiyini bilmirdi, amma bu heç nəyi dəyişmir, çünki əsas məsələ o torpaqların kəşf olunmasıdır. Başa düşürsən? İstər qədim, istərsə də müasir herontologiyanın məqsədi qocalıq kimi ağır xəstəliyi müalicə etməyi öyrənməkdir. Məsələn, mən əminəm ki, bu xəstəliyi, ümumiyyətlə isə, istənilən xəstəliyi müalicə etmək olar. Bəzi faktlara nəzər yetirdikdə görürük ki, qədim insanlar bunu bacarırmış. Sənə bir şey göstərmək istəyirəm, – qayınatası stol arxasından çətinliklə qalxdı və kiçik addımlarla kabinetinə sarı getdi. Rauf onun ardınca baxa-baxa fikirləşdi ki, qocanın halı yaxşı deyil, mənzilləri dəyişdirmək məsələsini uzatmaq olmaz.
– Yəqin, xatırlayırsan, – əlində nimdaş üzlüklü iri kitab tutmuş qayınatası onun yanına qayıtdı, – Yuli Sezar eramızdan əvvəl 48-ci ildə Misirə gələndə əlli dörd yaşındaydı. Yəni həmin vaxtlara görə çox yaşlı adam sayılırdı. Yeri gəlmişkən, – qayınatası dilucu qeyd elədi, – onda Sezar səninlə eyni yaşdaydı.
– Aydın məsələdir, – Rauf mızıldandı.
–Aydın olmayan məqamlar da var, – qayınatası xəfifcə gülümsündü. – Məsələn, birdən-birə Sezarın bütün dövlət işlərini kənara qoyub, Nil çayı ilə səyahətə çıxmasını, Appianın və başqa tarixçilərin yazdığı kimi, cənub sərhədlərinəcən səfər edərək ov ovlamasını, əylənməsini nə ilə izah etmək olar? Sezarın bu hərəkətini başa düşmək olmur, tədqiqatçı alimlər belə bu barədə danışanda təəccübünü gizlədə bilmir. Məsələn, Geltser kimi ciddi alim birbaşa yazır: “On aylıq Misir intermessosu Sezarın həyatını öyrənən bütün alimlərdə təəccüb hissi doğurur”. Plutarx da təəccübünü gizlədə bilmir: “…Son dərəcə rasional adam olan Sezarı taleyin ona bəxş etdiyi hər şeyi təhlükəyə atıb bu cür düşünülməmiş addım atmağa sövq edən nəydi?” Plutarx da yazır ki, o yalnız ov ovlamaq üçün səyahət edirdi. Bununla belə, qeyd etməliyik ki, nə o vaxta qədər, nə də ondan sonra Sezar ovçuluğa maraq göstərib. Səyahətdən sonra onunla Kleopatra arasında böyük məhəbbət macərası yaşandı, bu izdivacdan onların bir uşağı da oldu. Sonradan Romaya qayıdan Sezar tamamilə dəyişilmiş, cavan, gümrah bir adama çevrilmişdi. Başqa bir müəllif də ötəri şəkildə kərgədan ovundan söz açır, kərgədanı diri tutmaq istəyirmişlər, ilk baxışdan mənasız əyləncə təsiri bağışlayan bu ov zamanı xeyli adam həlak olubmuş…
– Başa düşmədim: kərgədanı diri tutmaqdansa, öldürmək asan deyildimi? – Rauf soruşdu.
– Deyəsən, keçən dəfə diqqətlə qulaq asmamısan, – qayınatası hirsləndi, kitabı keçən dəfə nişan qoyduğu yerdən açdı, – burada yazılıb ki, davacat üçün yalnız diri kərgədanın buynuzu lazımdır. Əminəm ki, bunu elə-belə yazmayıblar, burada bir məna var.
– Məni düzgün başa düşün, – Rauf dəftərçəsində qeyd apardı. – Bu məsələdə heç bir şəxsi marağım yoxdur. Sadəcə, bir alim kimi fikrinizi öyrənmək istəyirəm, siz bütün bunlara inanırsınız?
Qoca dərhal cavab vermədi, bir qədər susub fikrə getdi. Raufa elə gəldi ki, onun gözlərində kələkbaz, hiyləgər bir ifadə var. Amma qayınatası ciddi, hətta bir qədər ötkəm səslə danışmağa başladı:
– Nə qədər qəribə də olsa, inanıram!
– İnsanlar bir-birinin gününü qara etməsəydi, eliksirə-filana ehtiyac qalmazdı. İnsan əziyyət çəkməsə, pis gün görməsə, vaxtından əvvəl qocalmaz, xəstə düşməz, – içəri girən qayınanası dedi. O bu sözləri guya elə-belə, heç kimi nəzərdə tutmadan dedi. Amma Rauf onu yaxşı tanıyırdı, bilirdi ki, qayınanası məhz ona eyham vurur. Qayınanası fikirləşirdi ki, Raufun arvadına münasibəti hər şeyi ürəyinə salan ərinin sağlamlığına pis təsir edir.
Rauf onun sözlərinə əhəmiyyət vermədi, özünü elə göstərdi ki, guya qadını görmür. Buna şübhə yeri qalmasın deyə çıxıb gedərkən heç qayınanası tərəfə baxmadı və yalnız qayınatası ilə sağollaşdı.
Fənərlərin çəhrayı işığında yalnız boş küçələr, yağışda islanmış asfalt görünürdü. Maşının yük yerindəki çamadanı və içində kolbasa dilimləri olan kiçik bükülünü götürüb, dikdirə qalxan sürüşkən cığırla yuxarı qalxmağa başladı. Bu, o çəkiçi hədəfə aparan yolun son mərhələsi idi.
Təpənin üzərindəki uçulub-dağılmaqda olan hasara çatanda yağışdan və tərdən bütün bədəni islanmışdı. Gündüzlər buradan sahilə və dənizə gözəl mənzərə açılırdı. İndi isə gecənin bir aləmində yuxuya dalmış şəhərin mənzərəsi öləziyən nəhəng ocağı xatırladırdı: saysız-hesabsız köz topalarından düşən təlaşlı al işıq körfəzin qara sularında və boz buludların cövlan etdiyi alçaq səmada əks olunurdu. Bu görüntü fürsət düşən kimi şəhər və kənd mənzərələrinə tamaşa eləmək, eləcə də quruda, dünya okeanında və atmosferdə baş verən hadisələri izləmək kimi primitiv üsullarla, yəni pul-para ödəmədən öz əsəblərini sakitləşdirməyə çalışan hər kəsi təsirləndirməyə qadir idi.
Rauf hər ehtimala qarşı ətrafa boylandı və hasarın uçulmuş yerindən içəri adladı. Burada ayaqqabılarına bulaşmış palçığı otlara sürtərək təmizlədi, sonra yaş asfaltın üzərində qətiyyətli addımlarla irəliləməyə başladı. Bu yaxınlarda gətirilmiş heyvanların karantində saxlandığı yerin, transformatorun yanından keçib, on beş-iyirmi addım aralıda qaralan qəfəs və heyvan damlarına tərəf addımladı. Damların çoxu boş idi, çünki karantindən sonra heyvanları daha münasib yerlərə köçürmüşdülər. Heyvanlar bilmirdilər ki, qəbul olunmuş qərara əsasən, şəhərdə aparılan abadlıq və bərpa işləri çərçivəsində tamamilə yeni zoopark salınıb.
Raufun zooparka ilk leqal gəlişi təxliyə vaxtına düşdü – heyvanları yenicə daşıyıb aparmağa başlamışdılar. O vaxtdan bu yana hər dəfə zooparka gələndə zoopark işçilərinin davranışına baxır, təəccübünü gizlədə bilmirdi: işçilər furqonu qəfəslərin yanına çəkir, heyvanları ləzzətli yeməklərlə şirnikdirib maşına mindirməyə çalışırdılar. Bu zaman elə yumşaq davranırdılar ki, elə bil diş qıcayan, tüklərini qabardan vəhşi heyvanlara səslənmir, yaşlı prokurorun kiçik yaşlı zırrama oğlu ilə danışır, atasının dostu olan mağaza müdirinin evində nadir balıq növlərinin üzdüyü akvariuma piş-piş eləmək istəyən bu oğlanı dilə tutmağa çalışırdılar.
Srağagün burada gördükləri isə Raufu əməlli-başlı hiddətləndirdi. İki işçi nəhəng itə oxşayan, timsah ağızlı, boz rəngli idbar bir məxluqu qəfəsdən çıxarmağa çalışır, o isə dirəşib çıxmaq istəmirdi. Ondan elə pis iy gəlirdi ki, ityığanlar dəstəsinin üçaylıq planı yerinə yetirməmiş briqadiri belə burnunu tutub qaçardı. Amma zooparkın işçiləri heç nə olmamış kimi, çubuğun ucuna keçirilmiş ət parçasıyla onu tovlayıb, furqona mindirmək istəyirdilər. Sırtıq heyvan hərdən ürəklənib irəli atılır, ət parçasını yalayıb yenidən küncə qısılırdı. Cavan direktorun, Aliyə xanımın gəlişi də heç nəyi dəyişdirmədi. Rauf artıq bilirdi ki, kişi gözlərini oxşayan bu gözəl üzlü və mütənasib bədənli, dövlət müəssisəsinin (iri şəhərin zooparkı da belə müəssisə sayıla bilər) rəhbərindən daha çox manekenə və ya aktrisaya bənzəyən bu qadının zahiri görünüşünə baxmayaraq, işçilər sözsüz-sovsuz ona tabe olur, bir sözünü iki eləmirdilər.
Raufa fikir verən yox idi. Zoopark ziyarətçilər üçün bağlı olsa da, burada yır-yığışa kömək eləyən çoxlu kənar adamlar – nəqliyyat işçiləri, layihəçilər, veterinarlar gözə dəyirdi.
Bu gözəl direktorun məlahətli səsi belə çirkin heyvana təsir eləmədi. Rauf bunu görüncə:
– Onu yola gətirə bilərəm, – dedi. – Bu dəyənəklə iki dəfə belindən vursam, o dəqiqə çıxacaq, – işçilərin üzünün ifadəsi dəyişildi. Rauf bunu görüb dərhal əlavə elədi: – Yüngülcə… Necə deyərlər, simvolik anlamda.
– Necə yəni “onu”? – direktorun səsi sərtləşdi. – Bunun adı goreşəndir, məlumunuz olsun, özü də dişidir. Heyvan, onsuz da, psixi şok vəziyyətindədir, sizsə üstəlik dəyənəklə vurmağı təklif edirsiniz, – Aliyə xanım saymazyana çiyinlərini çəkib goreşənə tərəfə döndü. Goreşən isə fürsətdən istifadə edib, çubuğun ucuna taxılmış ətdən bir parça da qopardı. Artıq qaranlıq düşmüşdü, kiçik lampa qəfəsin içini güclə işıqlandırırdı. Birdən-birə iy-qoxu çəkildi və Rauf başa düşdü ki, işçilər heyvanı furqona mindirməyi bacarıblar.
“İyirmi il əvvəlki Rauf olsaydım, mənimlə başqa cür danışardın, – o, direktorla söhbəti xatırladı. – Goreşənin erkəkliyi, dişiliyi yadına da düşməzdi. Eybi yox, qayıdarıq bu söhbətə, kim bilir…”. Fil damı tərəfdən ona sarı qaçan köpək fikrini qarışdırdı. Qarşısında quyruq bulayan köpək Raufu tanımışdı. İş burasındadır ki, Rauf son bir həftə ərzində səxavət kisəsinin ağzını açmış, özünü zooparkın bütün gözətçi itlərinə tanıtmışdı. Nümunəvi davranışına görə iti bir parça kolbasayla mükafatlandırıb, fil damına doğru addımladı. Filin ayağını qalın zəncirlə beton döşəməyə bərkidilmiş halqaya bağlamışdılar. Nəhəng heyvanın gövdəsi dar məkana güclə sığırdı. Fil yatmır, hiylə yağan kiçik gözləriylə vaxtsız ziyarətçini süzürdü. Bu, Raufun xoşuna gəlmədi, istər-istəməz fikirləşdi ki, filin həmyerlisi – kərgədan da oyaq ola bilər.
Yağış kəsildi, amma külək, Raufun bəxtindən, faydalı işini davam etdirir, qəfəslərin dəmir örtüyünü, ağacların yarpaqlarını tərpədərək cürbəcür səslər çıxarırdı. Rauf hovuzu olan ağılın yanından keçdi, kərgədanlar gözə dəymirdi. Amma Rauf bilirdi ki, onlar hələ buradadır – iri məməliləri gələn həftə aparacaqdılar.
Rauf və arxasınca düşmüş it qəfəsə yaxınlaşanda kərgədan yatırdı. Astadan xoruldayan heyvan qaranlıqda daşdan yonulmuş kimi görünürdü. Rauf səs salmamağa çalışaraq çamadanını açdı və sökülmüş tüfəngi qıvraq hərəkətlə yığdı. Yuxugətirən patronları gödəkcəsinin cibindən çıxarıb, qoşalüləni doldurdu. O, kənardan çox sakit görünürdü, amma yenə də həyəcanlıydı – çünki kolbasanın artığını çamadana qoymağı unutmuşdu, indi onu yanında gələn it yeyirdi. Başqa bir it peyda olsa, ona verməyə heç nəyi yox idi. Rauf üç-dörd addım aralıda mürgü döyən kərgədanı nişan aldı, küləyin şiddətlənməsini gözləyib tətiyi çəkmək istədi, amma son anda qayınatasının yaralı heyvan haqqında söylədiklərini xatırladı və qəfəsin dəmir barmaqlığını, qapısını bir daha yoxladı. Yalnız bundan sonra nisbətən arxayınlaşıb yenidən nişan aldı və dalbadal iki dəfə atəş açdı. Uşaq şax-şaxının səsinə bənzər səslər eşidildi. İt səksənib, sual dolu baxışlarla Raufun üzünə zilləndi, kərgədan isə yerindən dik atıldı, bərkdən xortuldaya-xortuldaya qəfəsdə dövrə vurmağa başladı. Heyvan tək buynuzlu başını yerə əymişdi. Üzücü dəqiqələr keçir, kərgədan isə dayanmaq bilmir, qarşısına çıxan hər şeyi – heyvan damının bütün avadanlığını məhv edirdi. Raufu dəhşət bürüdü – it başını barmaqlığın arasından içəri salıb qeyzlə, bəzən də zingiltili səslə heyvana hürürdü. İti sakitləşdirmək üçün xeyli əziyyət çəkməli oldu: gah muşqurdu, gah fit çaldı, axırda məcbur olub ona tumar çəkməyə başladı. Rauf hiss etdi ki, heyvanın gövdəsi tir-tir titrəyir, özü də əsməcə tutmuş adamlar kimi titrəməyə başladı. Birdən-birə hürüş səsləri kəsildi, it ən yüksək notda susdu. Yerində donub-qalan it yavaş-yavaş çökən cəmdəkdən gözünü çəkə bilmirdi. Kərgədan yavaş-yavaş bükülən ayaqlarının üzərinə çökdü. Nə baş verdiyini kəsdirə bilməyən heyvan başını yelləyə-yelləyə, bir müddət beləcə sərili qaldı, sonra müvazinətini itirib böyrü üstə yerə yıxıldı.
Rauf tüfəngi yerə qoydu, vaxt itirmədən çamadandan mişar çıxardı və arxa divarı kərgədanın qəfəsinə söykənən “Qanadlılar aləmi” pavilyonunun qapısına sarı götürüldü. Artıq üç gün idi ki, quşları şəhərin o başındakı yeni, dəbdəbəli mənzillərinə köçürmüşdülər.
Gözlənildiyi kimi xidməti girişin ensiz qapısı bağlı idi, amma Rauf ruhdan düşmədi. Məftil hörgünün altından əlini salıb rəzəni çəkdi. Arxasınca qapını örtməyə macal tapmamış, it də sivişib içəri keçdi. Rauf qətiyyətli addımlarla pavilyonun qarşı tərəfinə doğru irəliləyib, arxa divarın pəncərələrindən birinin önündə dayandı. Pəncərə xeyli hündürdən qoyulmuşdu – döşəmədən pəncərəaltıya qədər təxminən metr yarım ara vardı. Bu pəncərə kərgədanın saxlanıldığı qəfəsə açılırdı.
Rauf ayağının altına kətil qoyub, qarmaqla bənd edilmiş şəbəkəli pəncərə taxtasını açdı. Kərgədan kolluğun arxasındaydı, pəncərədən onun yalnız başı görünürdü. Buradan baxanda bilinirdi ki, hələ də hərəkətsizdir. Kərgədanı və içində qida qalıqları olan daş axuru nəzərə almasaq, ağılda heç nə yox idi. Odur ki, oraya düşməmiş, geriyə qayıtmaq barədə düşünmək lazım idi. Axı oradan pəncərəyə qalxmaq üçün ayağının altına nəsə qoymalıydı. Çox axtarmalı olmadı, pəncərədən bir neçə metr aralıda, divarın yanında böyük taxta yeşik vardı, ondan istifadə etmək olardı. Amma Rauf yaxınlaşanda məlum oldu ki, yeşikdə nəsə var. Bu, yeşikdə gecələyən quş idi. Pavilyondakı yeganə lampanın zəif işığında bunun hansı qanadlı olduğunu müəyyənləşdirmək mümkün deyildi. Odur ki, Rauf yeşikdən səs eşidən kimi, hər ehtimala qarşı, iki-üç addım dala çəkildi və mişarı əlində hazır tutaraq gözləməyə başladı. Elə bu vaxt hansısa bir quş bərkdən qaqqıldaya-qaqqıldaya yeşikdən kənara sıçradı. Hindtoyuğu böyüklükdə, uzun dimdikli, yöndəmsiz, lümək bir quş idi. İri quş olsa da, zahirən adi cücədən seçilmirdi. Hər şeylə maraqlanan itin sayəsində tezliklə məlum oldu ki, göründüyü qədər də fağır quş deyilmiş. O, sakitcə dayanıb, itin həmləsini gözləyirdi. İt böyük hay-küylə ona yaxınlaşanda isə dimdiyini işə saldı. İtin burnunu yaxşıca dimdikləyəndən sonra quş heç nə olmamış kimi özünün taxta yuvasına sarı yönəldi. Amma Rauf onu qabaqladı: yeşiyi götürüb mişarla birlikdə pəncərədən içəri atdı, özü də onların arxasınca tullandı. Yaxından baxanda heyvanın başı qaya parçasına bənzəyirdi. Rauf ehtiyatla kərgədanın arxa tərəfinə keçdi. Küləyin səsi dünyanı başına götürmüşdü, amma yenə də heyvanın xorultusu aydın eşidilirdi. Rauf öncə yeşiyi pəncərənin önündə divara söykədi ki, işdir, kərgədan vaxtından əvvəl oyansa, dəmir qəfəsi dərhal tərk etmək imkanı olsun. Artıq işə başlamaq olardı, amma Rauf həyəcanlanır, vaxt itirsə də, heç cür özünü ələ ala bilmirdi. Nəhayət, bütün iradəsini toplayıb buynuza toxundu. Əvvəlcə barmaqlarının ucuyla toxundu, sonra tərləmiş əlini buynuzun hamar səthinə çəkdi, amma bundan artığına gücü çatmadı, yatan vəhşi heyvanın zəhmi onu basdı. Onda Rauf ağlını köməyə çağırdı: özünü məcbur etdi ki, buraya nə məqsədlə, hansı gözəl niyyətlə gəldiyini xatırlasın, qayınatası ilə ov edərkən gördüklərini yadına saldı – onların yatırdığı marallar və qabanlar uzun müddət ayılmırdılar. Bundan sonra özünü danladı, fikirləşdi ki, bu qədər zəif, iradəsiz olmaq ona yaraşmaz, qətiyyətli və soyuqqanlı olmaq zamanıdır. Axır ki, bütün bunlar nəticə verdi, Rauf ürəklənib buynuzdan yapışdı, lakin tarıma çəkilmiş əsəbləri elə bu an daha bir gözlənilməz zərbəyə məruz qaldı və o, bərkdən bağıraraq dik atıldı – nəsə ağır, qara bir kütlə yuxarıdan şappıltıyla yatan kərgədanın üstünə düşdü və Rauf tərəfə diyirləndi. Rauf handan-hana başa düşdü ki, bu qorxunc, tüklü kütlə itdir, nə yollasa hündür pəncərəyə çıxaraq, içəri atılıb. İt dərhal ayağa qalxıb, kərgədanı iyləməyə başladı, Rauf isə hələ özünə gəlməmişdi, gözlərini məchul nöqtəyə zilləyərək heykəl kimi dayanmışdı.
Nə qədər qəribə də olsa, itin qəfəsdə peyda olması onu ürəkləndirdi. Bu həngamədən sonra belə kərgədanın ayılmamasını müsbət fakt kimi qiymətləndirən Rauf itin saymazyana davranışından ibrət alıb qətiyyətlə mişarı əlinə götürdü. Təcrübəsizlikdəndimi, yoxsa buynuzun möhkəmliyindəndimi, əvvəl-əvvəl heç nə alınmırdı – mişar elə hey sürüşür, buynuzun hamar səthində yalnız cızıq qoyurdu. Amma Rauf, nəhayət, işin çəmini tapdı. İt hürməkdən yorulub Raufun qarşısında çöməldi.
Yaxından kərgədanın sifətinə baxa bilmir, ürəyi ağzına gəlirdi. Odur ki, yorulmadan buynuzu mişarlayarkən gözünü itdən çəkmirdi. İlk dəfəydi ki, iti bu qədər diqqətlə süzürdü. Bu, tünd-boz rəngli yekəpər bir it idi. Çox güman ki, mələz it idi – Qafqaz çoban itiylə həyət itinin qarışığıydı. Böyük başı, geniş alnı çoban itindən miras almışdı, həyət itindən isə ona başqa keyfiyyətlər keçmişdi – o, insanları bir-birindən ayırmır, hamıya inanır, insanların səbəbsiz qəddarlığını, xəbisliyini onlara bağışlayırdı. Raufu heyvansevər adlandırmaq olmazdı, amma qaranıqda ona hədsiz sevgi və heyranlıqla baxan bu itdən xoşu gəlməyə başlamışdı. İtə baxa-baxa fikirləşdi ki, gərək bir az çox kolbasa götürəydi. Nəhayət, buynuz keçmiş sahibinin başından ayrılıb yerə düşdü və Rauf mişarı əlindən buraxdı. Buynuzunu itirib sanki başqa bir məxluqa çevrilmiş kərgədan hələ də yatırdı. Çıxıb getməyə hazırlaşan Rauf qəribə bir yüngüllük hiss edirdi. O, son dəfə kərgədanı süzüb, pəncərəyə sarı yönəldi. “Qanadlılar aləmi”ndən keçdi, çevrilib bir daha arxaya boylanaraq çölə çıxdı və qapını örtdü. Külək hələ də səngiməmişdi, yorğun qarovulçular xeyli aralıdakı qarovulxanada bərk yuxuya getmişdilər. Rauf çöməlib ağılın yanında qoyduğu tüfəngi sökdü, buynuz və mişarla birlikdə çamadana qoyub, qapağını örtdü. Ayağa qalxanda itə gözü sataşdı. İt Raufun ona baxdığını görüb şöngüdü, şövqlə quyruğunu buladı. Kərgədan uzağı bir neçə dəqiqədən sonra ayılacaqdı. Ondan vur-tut bir neçə addım aralıda itin atılıb-düşməsi indi deşilmiş dixlofos balonu ətrafında pərvanənin qanad çalmasına bənzəyirdi.
Rauf fikirləşdi ki, artıq it qəfəsdən çıxa bilməyəcək: qəfəsin döşəməsi quş pavilyonunun döşəməsindən aşağıda yerləşirdi, üstəlik, kərgədan pəncərənin önündə uzanmışdı, belə ki, it pəncərəyə çıxmaq üçün qaçıb onun üstündən tullana bilməyəcəkdi.
O, ağır çamadanını götürüb yola düzəldi. Bir neçə addım atandan sonra dönüb arxaya baxdı. İt sevincindən zingildəyə-zingildəyə, sevgi və minnətdarlıq əlaməti olaraq yerə yatdı. Bütün bunlar Raufa qəribə təsir göstərdi, onu başdan çıxardı. O, düz getmək əvəzinə sağa döndü. “Qanadlılar aləmi”nə qayıdarkən iki dəfə söyüş söydü. Əvvəlcə burnunu hər yerə soxan iti söydü, sonra da axmaq hərəkətinə görə özünü. Bu gedişlə bütün planları alt-üst ola bilərdi.
Çamadanını quş pavilyonunun girişində qoydu, tələsik ağıla girib iti qucağına götürdü və yeşiyin üstünə çıxaraq, onu pəncərədən çölə tulladı.
Pavilyonun girişində quşla – onu tamam yaddan çıxarmışdı – qabaq-qabağa gəldi. Quş çamadanın üstündə dayanıb elə hey eyni nöqtəni dimdikləyirdi. Görünür, ya çamadanı deşmək istəyirdi, ya orqanizmin hansısa ehtiyacını ödəməyə çalışırdı, ya da, sadəcə olaraq, ac idi. O, Raufa və itə məhəl qoymadı. Rauf onu təpiklə vurmaq istəyəndə isə, son məqamda zərbədən yayınaraq, onun baldırına, corabla şalvarın manşeti arasındakı çılpaq yerə möhkəm dimdik vurdu. Sonra yanyörəsinə baxmadan qarşısından çəkilən itin yanından keçib, kolluğun arxasında gözdən itdi.
Külək yatdı. Hava işıqlaşmağa başladı. Raufu tər basmışdı, o, çamadanı götürüb hasarın uçuq yerindən adladı, sonuncu hadisədən sonra zəhləsi gedən iti yanından qovdu və çətin enişdən enməyə başlamamış dayanıb nəfəs dərdi. İt hasarın o tərəfindən ona göz qoyur, yaxınlaşmağa ürək eləmirdi.
Yorğun idi və yuxusuz qalmışdı deyə cığır Raufa iki dəfə uzun göründü. Sürüşkən döngələrdə müvazinətini saxlamaq üçün oleandr kollarından yapışmalı olurdu. Yolun sonuna gəlib çatanda tamamilə yorulub əldən düşmüşdü. Odur ki, sonuncu oleandr kolunun yanından keçib, maşınını görəndə qəribə sevinc hissi bütün varlığını sardı.
Yolda maşınlar az idi. Yalnız arabir yüksək sürətlə ötüb-keçən maşınlar gözə dəyirdi.
Maşının yük yerini açarkən quşu yenidən görəndə… yox, demək olmaz ki, qanı qaraldı, əhvalı korlandı, sadəcə bir qədər dilxor oldu. Quş çamadanın arxasınca hoppanıb, özünü maşının yük yerinə salmaq istəyirdi. Rauf karıxdı, qıvraq tərpənib baqajın qapısını örtmək əvəzinə, sırtıq quşu əlləri ilə uzaqlaşdırmağa çalışdı. Yerə yıxılan quş bərkdən qaqqıldaya-qaqqıldaya ayağa qalxdı, onu təhdid edirmiş kimi, dimdiyini dik tutub, yenidən baqaja sarı yönəldi. Elə bu vaxt yolda DAM motosikli göründü və Rauf müfəttişi salamladı. O, gördüyü bütün DAM müfəttişlərinə salam verir, haqlı olaraq fikirləşirdi ki, bunun heç bir ziyanı yoxdur. Müfəttişlərin çoxu onun salamını alırdı, bəzi sadəlövh cavanlar isə müəyyən vaxtdan sonra özləri salam verməyə başlayırdı.
Fikrini başqa şeyə verən Rauf gördü ki, quş maşının ön tərəfinə keçib təkəri dimdikləyir. Sakitcə maşına əyləşib qapını örtdü və quşun dimdik vurub yaraladığı ayağıyla qazı basdı. Maşın yerindən götürüldü.
Amma onun qisas almaq niyyəti baş tutmadı: maşın bir az irəlilədikdən sonra çevrilib baxanda qana bulaşmış tük yığını əvəzinə sağ-salamat dayanıb ağır-ağır yırğalanan cücə-mutantı gördü. Quş maşının nömrəsinə zillənmişdi.
“Dəlidir, şübhə yoxdur, ağlını itirib, ona görə yeni zooparka götürməyiblər”, – quşu biryolluq yaddan çıxarmaq istəyən Rauf fikirləşdi. – “Qayınatamdan soruşmaq lazımdır, görək quşların arasında da ruhi xəstələr olurmu?”
Əsas iş görülmüşdü, irəlidə onu yalnız xoş şeylər gözləyirdi.
Günəşin ilk şüaları yenicə yuyulmuş asfaltın və yarpaqların üzərinə düşür, əsl bayram əhval-ruhiyyəsi yaradırdı. Rauf qonşuların yuxusuna haram qatmamaq üçün səs salmadan qarajın qapısını açdı.
Elektrik lampasının işığında buynuz çox iri, hətta bir qədər heybətli görünürdü. Rauf onu öz əliylə kəsib götürməsəydi, ağlına da gəlməzdi ki, sərnişin gəmisindəki yedək qarmağına oxşayan bu ağır, hamar cisim, əslində, canlı varlığın bədəninin bir parçasıdır.
Ertəsi gün gecəyarısı xəlvətə qaraja çəkilib möcüzəvi dərmanı hazırlamağa girişdi. O, qarşısındakı reseptə uyğun olaraq inqrediyentləri döyüb toz halına salır, bir qabdan başqasına tökür, qızdırırdı… Səhər açılanda Rauf əlində kəhrəba rəngli maye ilə ağzınacan dolu yeddilitrlik şüşə balon tutmuşdu.
Üstündən bir neçə gün keçmiş Rauf balonun ağzını açdı, qaraj başgicəlləndirən, adamı az qala bihuş edən xoş ətirlə doldu, o, əlindən düşməsin deyə balonu bərk-bərk köksünə sıxdı. Ona tanış olmayan bu ətirdən kəsik-kəsik xoş xatirələr yada düşdü, beynində çoxlu, bir-birindən gözəl fikirlər yarandı.
İntellektin bulaq kimi çağlaması, bütün ehtiyaclarını hər dəfə yalnız iki-üç fikrin köməyi ilə ödəyən Rauf üçün maraqlı, hətta əyləncəli gəldi. İlk dəfə hiss etdiyi bu həzzi uzatmaq istədi, amma fikirləşdi ki, balonun içinə sızan hava məhsulu korlaya bilər. Dərhal balonu şüşə tıxacla kip bağladı və sərvətini müxtəlif şüşə bankalar düzülmüş çuxurda lap dərinə qoydu; özünə söz verdi ki, “yeddi dəfə yeddi gün” müddətində ona toxunmayacaq.
Qapını bağlamaq istəyirdi ki, qonşuluqda yaşayan qarıya gözü sataşdı. Bu olduqca qıvraq, ziyankar qadın idi: iki il əvvəl həyətdə qaraj tikənlərdən – Rauf da daxil olmaqla – şikayət etmişdi. Yaşlı qadın bunların hamısını israrla qanunsuz tikili adlandırır, onların qadağan olunmasını tələb edirdi. Ona arayış göstərib qarajların rayon memarlıq idarəsinin razılığı əsasında tikildiyini sübut etsələr də, xeyri olmamışdı.
Qarı o vaxtdan Raufla danışmır, hal-əhval tutanda dilucu, candərdi cavab verirdi. Odur ki, qarı ona salam verəndə, bu azmış kimi, skamyadan qalxıb ona sarı gələndə dalağı sancdı. Gözləri sulandığı üçün xəstə pişiyə oxşayan qarının qırış basmış sifətində mütərəddid, qəribə bir gülüş ifadəsi vardı.
– Belə-belə işlər, – Rauf iradla bəyan etdi: – Sonuncu komissiya da bildirdi ki, qarajların tikintisində qanun pozuntusuna yol verilməyib. Maraqlıdır, indi haraya şikayət edəcəksiniz?
– Qoxunu hiss edirsiniz? – qarı soruşdu. – Nə gözəl qoxudur! Adamı bihuş edir.
– Gözəl qoxudur, – Rauf istər-istəməz dilləndi. Ürəyində bu inadkar, iybilən qarıya lənət oxudu.
– Nəsə qoxu çəkildi, – qarı kədərli səslə dedi, – on dəqiqə əvvəl bütün havanı doldurmuşdu. Hələ də barmaqlarım titrəyir, baxın… Yəni siz heç nə hiss etmədiniz? Mənə elə gəldi ki, qoxu sizin qarajdan gəlir.
– Qarajdan yalnız benzin və yağ qoxusu gəlir, – Rauf özünü o yerə qoymadı. O, barmağını tüpürcəkləyib havaya qaldırdı. – Aydındır, külək karamel fabriki tərəfdən əsir. Bu qoxunu külək gətirib. Orada olmamısınız? O fabrikdə o qədər esensiyalar var ki…
– Nəsə qeyri-adi qoxu idi, – qarı zəif səslə təkrarladı və artıq Raufa məhəl qoymadan oradan uzaqlaşdı.
Ertəsi gün Raufa zəng elədilər. O, özünü rayon prokurorluğunun müstəntiqi Əsgərov kimi təqdim edən adamla heç tövrünü pozmadan danışdı. Soruşdu ki, müstəntiq nömrəni səhv salmayıb? Təəccüblənmiş adam kimi danışdı – onun fikrincə, hüquq-mühafizə orqanlarına heç bir aidiyyəti olmayan hər kəs məhz bu cür danışa bilərdi. Görüş təyin edib, dəstəyi yerinə qoydu.
…Maşını kənarda saxladı, istəmirdi ki, tanışlarından kimsə onu prokurorluğun qarşısında görsün. Növbətçiylə salamlaşıb soyadını dedi. Növbətçi siyahıya baxandan sonra lifti ona göstərdi.
Rauf qapının önündə dayanıb qalstukunu düzəltdi, bığını səliqəyə saldı. Sonra barmağındakı qızıl üzüyü çıxarıb cibinə qoydu, fikirləşdi ki, belə yaxşıdır, vəzifəli şəxsdə pis təəssürat oyatmaq lazım deyil.
Müstəntiqin kabinetində iki podpolkovnik oturmuşdu. Tünd-boz kostyum geymiş, açıq-sarı qalstuk taxmış Əsgərov o dəqiqə Raufa yer göstərdi və dərhal söhbətə başladı. Salamlaşmaq üçün ayağa qalxan bəstəboy müstəntiqin arıq üzü, kiçik gözləri Raufa tanış gəldi.
Rauf gözucu baxıb gördü ki, əməkdaşlardan biri, saçlarına dən düşmüş tosqun zabit güclə sezilən tərzdə başını yelləyir.
– Narahat etdiyimiz üçün üzr istəyirik, – müstəntiq sözə başladı. Amma Rauf ona davam etməyə imkan vermədi, bildirdi ki, qətiyyən narahat olmur, onlara xeyri dəysə, çox şad olar; ümumiyyətlə, xüsusi qeyd etmək istərdi ki, buraya ilk gəlişi (“ilk” sözünü xüsusi vurğuladı) onda çox gözəl təəssürat doğurub; girişdəki diqqətcil növbətçidən tutmuş, səliqə-sahmana, bu kabinetdə əyləşən gözəl insanlarla tanışlığa qədər, hər şeydən yerdən-göyə razıdır. Son sözləri deyərkən o dönüb podpolkovniklərə baxdı – hər bir işdə sənin tərəfini saxlayan adamlar olmalıdır – onlar isə nəzakətlə gülümsədilər.
– Belə-belə işlər, – Əsgərov bir qədər həyəcanlı görünürdü. – On səkkizindən on doqquzuna keçən gecə 50–37 AQU nömrəli maşını Bayılda görüblər. Bu sizin maşındır?
– Seriya? Jiquli? Hə, mənimdir. Təbii ki, maşınım orada ola bilərdi, – Rauf dedi. – Həftənin gününü də desəydiniz, daha dəqiq cavab verərdim.
– 18-dən 19-na, yəni şənbədən bazara keçən gecə.
– Elədir, maşınım oradaydı, – Rauf fikirləşmədən cavab verdi, – nədir ki?
– Deyəcəyəm… Gecəyarısı maşın niyə oradaydı? Axı siz şəhərin başqa tərəfində yaşayırsınız?
Bu dəfə Rauf bir qədər gec cavab verdi. Bu müddət ərzində o, Əsgərovu başdan-ayağa diqqətlə süzüb bu qərara gəldi ki, hazırladığı plandan imtina etsə yaxşıdır.
– Bilirsiniz, – o, karıxmış halda dedi. – Nərd oynamağı sevirəm. Bir yaxın dostum var, o da nərd ölüsüdür. Nərd oynamağa başlayanda hər şey yaddan çıxır. Dayana bilmirik. Bir də görürük, səhər açılıb. Buna görə arvadla dəfələrlə üz-göz olmuşuq. Ona min dəfə izah etmişəm – normal qadın sevinməlidir ki, əri arvadbaz və ya qumarbaz deyil, nərd oynayırıq da, bunda nə var ki? Amma kimə deyirsən! Bağışlayın, – Rauf sanki yuxudan ayıldı, – o gecə dostumgildəydim. Dostum yaxında yaşayır, amma maşını onun evinin yanında saxlamaq təhlükəlidir. O, Xəlilov döngəsində yaşayır, ora isə heç vaxt işıqlandırılmır.
Müstəntiq dostunun ünvanını və soyadını soruşmadı. Üzünün ifadəsindən bilinirdi ki, Raufun söylədiklərinə şübhə etmir.
– Maşını yalnız siz sürürsünüz? – hiss olunurdu ki, Əsgərov bu sualı elə-belə verir, qaydanı pozmamaq üçün. – Demək istəyirəm ki, arabir maşını oğullarınızdan və ya qardaşınız uşaqlarından heç kəs götürmür?
– Yox, – Rauf əminliklə dedi. – Maşını yalnız mən sürürəm. Bunu hamı bilir: Rauf sonuncu köynəyini verər, amma maşını ondan istəməsəniz yaxşıdır!
– Orada olarkən şübhəli heç nə görmədiniz? Bəlkə, xatırlayasınız?
– O axşam bir yağış yağırdı ki, tut ucundan, göyə çıx, – Rauf güldü. – Göz-gözü görmürdü, üstəlik, özümü maşına çatdırana kimi başdan-ayağa islanmışdım. Nə olub axı?
– Heç, – Əsgərov əlindəki yazını bitirib, fikirli-fikirli cavab verdi. – O gecə zooparkda kimsə şuluqluq edib, altını biz çəkirik, boş yerə vaxt itiririk. – O, stolun siyirtməsindən təzə blank çıxardı, saatına baxıb, tarix qoydu. – Bu da buraxılış vərəqi. Sağ olun, bir daha narahat etdiyimizə görə bağışlayın.
Rauf bir-bir hamıyla əl tutub sağollaşdı, otaqdan çıxanda qara dəri üzlüklü qapını azacıq aralı saxladı.
Dəhlizdə heç kəs yox idi, o, qapının dəstəyindən tutub dayandı. Kənardan baxan olsa fikirləşərdi ki, qapını açmağa hazırlaşır. İçəridən kimsə çıxsa, deyəcəkdi ki, məcburən işdən qaldığı üçün Əsgərovdan arayış almağı unudub.
Qapının arxasından səslər yaxşı eşidilmirdi, içəridə danışılanlardan, demək olar, heç nə başa düşmədi. Kimsə iki dəfə “uşaqlar” deyə təkrarladı, amma bunu deyən Əsgərov deyildi.
Hər səhər motoru işə salmamış çuxura enir, balonun ağzını açıb bir neçə saniyə bu nemətdən qoxlayırdı. Kəhrəba rəngli davacatın hazır olmasına hələ bir aydan da çox qalırdı. Poçtalyon olmasaydı, bu gündəlik seanslar insana ləzzət verən, başdan çıxaran zərərli vərdişə çevrilə bilərdi. Cümə günü səhər-səhər poçtalyon qapının zənginə çıxan Xalidə xanıma qəzetlərlə birgə bir məktub da verdi. Bu məktub artıq sabitləşmiş həyat ritmini pozdu və gündəlik seansların alışqanlığa çevrilməsinə imkan vermədi. Prokurorluqdan göndərilmiş məktubu barmaqlarının ucunda tutan Xalidə xanım mətbəxə keçdi.
– Sənə gəlib! Hər şey doğrudur, soyad, ünvan. Nə baş verir?
– Gedib öyrənərəm! – Rauf hirslə cavab verdi. Əslində isə, acıqlı deyildi. – Hər kəsi prokurorluğa çağıra bilərlər, təəccüblü və ya qəribə heç nə yoxdur. – O, qəzeti götürərək bildirdi ki, söhbəti davam etdirmək fikrində deyil.
– Belə də bilirdim, – arvadı öz-özünə danışırmış kimi dedi. – Çoxdan bu işdən çıxmalıydın.
– Çoxdan, yəni nə vaxt? – qəzəbini güclə boğan Rauf qəzetin arxasından yumşaq səslə soruşdu.
– Hələ oraya işə düzəlməmişdən! – arvadı onun ağzından vurdu. – Onda səni hamı xəbərdar etmişdi: atam, Arif… hələ özümü demirəm. Bilirdik ki, bu işlərin axırı yaxşı olmayacaq.
Arifin adı çəkiləndə, istər-istəməz fikirləşdi ki, vəkillə məsləhətləşmək pis olmazdı. Ağıllı adam səhər-səhər arvadla söhbətləşmək kimi mənasız məşğuliyyətdən də fayda götürə bilər.
– Məgər mən etiraz edirdim? Atan mənə trestdən çıxmağı təklif eləyəndə heç nə demədim, hörmətini saxladım. Gözlədim görüm əvəzində mənə nə təklif eləyəcək. Hələ də gözləyirəm. Ailənizdə hamı məsləhət verir, amma iş görən yoxdur, – Rauf həzlə arvadına baxdı: bu sözləri eşidəndə Xalidənin üz ifadəsi dəyişildi.
– Yalandır, – arvadı qeyzləndi. – Atam dərhal dedi ki, ixtisasın üzrə iş tapmalısan.
– Hə, Botanika bağında gecə gözətçisi, – Rauf “hm” elədi.
– Yox, kiçik elmi işçi. İndi sən…
– Əgər akademik ali təhsilli kürəkənini Botanika bağında yarpaq dırmıqlamağa, ağacları calaq etməyə göndərirsə, normal adamlar bunu belə yozur: şikəst kürəkən gecə gözətçisi işləyir. Amma kürəkənin köməyə ehtiyacı yoxdur. Onun istədiyi yalnız xoş münasibətdir. Amma siz bunu başa düşmədiniz. Şükür Allaha, hər şeyi özüm əldə elədim. Əlbəttə, akademik və ya kosmonavt deyiləm, adi işçiyəm, amma bundan artığı mənə lazım deyil. Ailəmi təmin edirəm? Hə, ya yox? Bax belə! Qalanı sənlik deyil. Doğru buyurublar: iş insanın cövhəridir. Əmək şərəf gətirir.
– Sənin trestində işləyən Nəcəfova “şərəfli əməyə görə” on il iş vermədilər? Bütün qəzetlər onun konyak spirti ilə dolu sisternlərlə çıxardığı hoqqalardan yazırdı.
– Acgözlük. O, acgözlüyün qurbanı oldu, – Rauf izah elədi. – Belə adamlarla məni heç nə birləşdirmir. Mənim işim xammalı bölüşdürməkdir. Mənim şöbəmdə istənilən sənədi yoxlaya bilərsən, qanunsuz heç bir iş görülməyib, xammalın hər tonuna görə cavab verməyə hazıram. Narahat olmaya bilərsən, hər şey nəzarət altındadır. Mənə heç nə olmaz.
– Hamı belə düşünür, amma yenə də ələ keçirlər. Bu və ya başqa şəkildə, – arvadı dedi. – Məsləhətimi qulaq ardına vurma.
– Lazım deyil. – Rauf fikirli-fikirli dedi. O, artıq başqa şeylər barədə fikirləşirdi. – Mən Arif deyiləm, öz işlərimi özüm yoluna qoya bilərəm.
– Arifin öz arvadıyla məsləhətləşməsində pis heç nə yoxdur, – Xalidə uzun illər bundan öncə baş vermiş əhvalatı xatırlayıb güldü. Bu əhvalatdan sonra Arif, onun öz sözlərinə görə, arvadının müdrikliyinə zərrə qədər də şübhə etmirdi.
Bu hadisə Xalidəylə Raufun gözləri önündə baş vermişdi. Onda onlar toy səyahətindən sonra Bolqarıstandan qayıdırdılar. Moskvada onlar Arif və arvadı Simayla eyni kupeyə minmişdilər. Sima qanışirin, yaraşıqlı, bəstəboy qadın idi. Onun sakit, yumşaq səsini üç gün ərzində cəmi bir neçə dəfə eşitdilər. Sima söhbətə qarışmır, sakitcə qulaq asır, heç vaxt sual vermirdi. Simanın təmkinli davranışı, özünü gözə soxmaması, lütfkarlığı Raufun çox xoşuna gəlmişdi. Belə ki, o, elə ikinci gün Simanı Xalidəyə nümunə göstərdi. Amma bir dəfə Sima bərkdən danışdı.
Simanın qarşısında oturan Rauf təəccüblənməyə belə macal tapmadı. Belə ki, qadın yerindən dik atılıb koridora, açıq pəncərənin önündə dayanıb, ətrafı seyr edən Arifin yanına qaçdı və onun çiynindən yapışıb tələb elədi ki, başını pəncərədən çıxarmasın.
Arif kənara çəkilib yanında arvadına da yer elədi. Amma arvadı onun yanında dayanmaq əvəzinə, tələbini bir daha təkrarladı. Onda Arif ciddiləşdi və nəzakətlə, eyni zamanda qətiyyətli səslə xahiş etdi ki, onu rahat buraxsın.
– Səninləyəm, başını içəri çək, – qadın dediyindən dönmədi. – Məsləhət görürəm!
Bir dəqiqə sonra hamı – Arifdən başqa – əmin oldu ki, bu çox gözəl məsləhət imiş. Çünki qonşu vaqondan kiminsə atdığı qarpız parçası Arifin başına dəyib tikə-tikə oldu. Zərbədən Arif huşunu itirdi.
Onu kupeyə gətirib, yerinə uzatdılar, dostlarının, arvadının sayəsində yavaş-yavaş özünə gəldi.
Arif qarpızla “toqquşma”dan salamat qurtardı, amma nəticədə gənclik dostu Raufun nəzarətindən çıxdı və o gündən etibarən uzaqgörən Simayla məsləhətləşmədən addım belə atmadı.
Sonralar məlum oldu ki, Simayla Raufun bir-birini görən gözü yoxdur, bunu dostları da hiss elədi: bir müddət sonra onlar artıq bir-biriylə yad adamlar kimi davranırdılar.
Sonuncu dəfə iki il əvvəl görüşmüşdülər. Onda uzun fasilədən sonra küçədə, hüquq məsləhətxanasının qarşısında rastlaşdılar. Arif məsləhətxanadan çıxıb, onu gözləyən maşına sarı gedirdi. Rauf az qala onun yanından keçib gedəcəkdi – ağlına da gəlmədi ki, bu çalsaçlı, ağır kişi keçmiş dostudur. Amma bir neçə addım atdıqdan sonra yuxudan ayılan kimi oldu və çevrilib onu öz adıyla səslədi. Bu zaman Arif maşının qabaq oturacağına əyləşib, qapını örtməyə hazırlaşırdı. O, ağır-ağır arxaya döndü. Üzündə laübalı, qətiyyətsiz bir ifadə yarandı və dərhal da yox oldu. Arif gülə-gülə maşından düşdü. Rauf onun əlini sıxarkən bilirdi ki, Arifin sərbəst davranışı, qətiyyətli baxışının arxasında, qonur gözlərinin dərinliyində adət etdiyi, üzünün öyrəşdiyi bir qorxaqlıq, cəsarətsizlik gizlənir. Özü də uğur qazanmış adam kimi nə qədər səy göstərsə də, bütün bunlardan yaxa qurtara bilməyəcək.
Bu görüş ikisinin də ürəyindən oldu. Söhbət əsnasında Rauf hiss etdi ki, keçmiş dostunun işləri yaxşı gedir, ona danışmaq üçün imkan yaratmaq istədi, indi harada işlədiyini soruşdu. Arif başı ilə hüquq məsləhətxanasının yerləşdiyi birmərtəbəli binaya işarə elədi. Binanın üzərindəki iri, qara lövhə qızılı hərflərlə yazılmışdı. Arif dedi ki, bu günlərdə onu buraya müdir təyin ediblər. O, qətiyyən özünü çəkmir, həmişəki kimi davranırdı, buna baxmayaraq, hər ehtimala qarşı, Rauf ona öz yerini göstərmək istədi: qoy kimlə danışdığını unutmasın. Belə ki, keçmiş dostu aylıq qazancını – kifayət qədər yüksək maaş, üstəgəl, vəkil qonorarı – dilə gətirəndə Rauf rişxəndlə gülümsündü.
O görüşün üstündən iki il keçmişdi. Bu müddət ərzində heç yadına düşməyən Arifi yalnız bu gün xatırladı, o da Xalidənin sayəsində. Fikirləşdi ki, Əsgərovla görüşdən əvvəl qeyri-rəsmi konsultasiya almaq pis olmazdı. Bunun üçün ən münasib hüquqşünas Arif idi.
Yapma naxışlı tavanı, sarmaşıqla haşiyələnmiş hündür Venesiya pəncərələri olan böyük, işıqlı otaqda stol arxasında oturmuş katibə qəzet oxuyurdu. Həm işgüzar, həm də dostluq görüşünə gəlmiş Rauf içəri girəndə qəzeti qatlayıb kənara qoydu. Katibə onu gülər üzlə qarşıladı, amma onu yalnız on-on beş dəqiqə sonra içəri buraxmağa razı oldu.
– İçəridə adam çoxdur? – Rauf soruşdu.
– Heç kəs yoxdur, amma bu vaxtlar o, sənədlərlə işləyir. Hətta zəng eləyənləri də onunla calaşdırmıram. Bir az gözləyin. Əyləşin, xahiş edirəm. Hara gedirsiniz?
Rauf kabinetdə Arifi çılpaq görsəydi, bu qədər təəccüblənməzdi. Hüquq məsləhətxanasının müdiri böyük, qədimi stolun arxasında oturub yemək yeyirdi. Rauf içəri girəndə heç tövrünü pozmadı: yemək yeyə-yeyə, bircə dəfə başını tərpətdi və beləcə həm həyəcanlanmış katibəni sakitləşdirdi, həm də vaxtsız qonağı salamlamış oldu.
Bunu dəvət kimi başa düşən Rauf keçib onunla üzbəüz oturdu və yalnız bundan sonra Arifin xeyli dəyişildiyini gördü. Arif əməlli-başlı arıqlamışdı, ifadəsiz gözlərinin altı tuluqlamış, üzünün dərisi sallanmışdı. Səliqəylə doğranmış qara çörək dilimləri, holland pendiri, tərəvəz salatı, üstəgəl, xırda doğranmış kök, pomidor və bişmiş çuğundur – Arifin naharı bunlardan ibarət idi.
– Mən də deyirəm, görəsən, niyə kabinetdə qapanıb? Ağlıma gözəl fikirlər gəldi, – Rauf dedi.
Arifin zarafatdan xoşu gəldi. Buterbrod yeyə-yeyə gülümsündü, səliqəylə sıralanmış ağappaq dişləri göründü. Rauf əvvəllər onun necə güldüyünü xatırlayırdı, şübhə yox idi ki, dişlərini bu yaxınlarda düzəltdirib.
– Fikirləşdim ki, kabinetində tək oturub, qızılbalıq yeyir, ya da heç olmasa, şişə çəkilmiş nərə balığı, özü də yaxşı konyakla; yanında da gözəl katibəsini oturdub. Yeri düşmüşkən, yaxşı zövqün var, onun adı nədir?
Arif cavab vermək əvəzinə, dərhal ağzındakı yeməyi udub, ürkək nəzərlərlə qapıya zilləndi:
– Ağlını itirmisən, nədir? O bizim qızımız yerindədir!
– Qoy görək, – Rauf mübahisə etmək istəmədi. – Sən deyən olsun… Nə vaxtdan kök yeməyə başlamısan?
– Pəhriz tuturam, – Arif könülsüz cavab verdi. – Hər iki-üç saatdan bir nəsə yeməliyəm, az da olsa. – O, başıyla yeməyə işarə elədi: – Buna bənzər şeylər. Uzun sözün qısası, şəkər xəstəsiyəm.
– Şəkər xəstəsi-filan deyilsən, – Rauf səsini ucaltdı: yaşıdlarının hər hansı ciddi xəstəliyə tutulduğunu eşidəndə əhvalı pozulurdu. – Mənə qulaq as. Yeməyinə, içməyinə fikir ver, dərman içmə, hər şey yaxşı olacaq. Həkimlərə qulaq asma. Bilirsən Nazim Qiyasbəylinin atasını nə günə qoyublar? O da sənin kimi sadəlövh idi, nə versələr, ağzına qoyurdu, üstəlik, iynə də vururdu. Beləcə, günlərin bir günü evinin qabağında huşunu itirib yıxıldı. Məlum oldu ki, onu cidd-cəhdlə şəkər xəstəliyindən müalicə edirmişlər. Ən maraqlısı isə budur ki, o, ümumiyyətlə, şəkər xəstəsi deyilmiş.
– Dayan, dayan, – Arif dedi. – Məgər Nazimin atası ölməyib?
– Diabetdən ölməyib. O hadisədən üç il sonra ürəktutmasından canını tapşırıb, – Rauf özünü itirmədi. – Ciddi sözümdür, boş şeylərlə məşğul olma, hələ heç kəs pəhrizin xeyrini görməyib.
– Analizlər, – Arif dedi. O, çəngəli və bıçağı boşqaba qoyub, kənara itələdi. – Mənimlə bağlı hər şey aydındır. Gəl səndən danışaq.
– Elə onunçün gəlmişəm, – Rauf gülümsündü. – Kiçik bir işlə bağlı səninlə məsləhətləşmək istəyirəm. Sizdə necədir – qonorarı əvvəlcədən ödəyirlər, yoxsa sonda?
– İşdə problemlərin var?..
– Dayan, – Rauf onun sözünü kəsdi. – Bilirəm, indi başlayacaqsan: “Sənə demişdim”, filan. Rahat ol, işdə hər şey yaxşıdır, həmişə yaxşı olacaq.
– Gələcəyi bilmək olmaz, – Arif ciddiləşdi. – Çətin vaxtlardır, çox çətin…
– Dayan, dayan, – Rauf üz-gözünü turşutdu. – Söhbətimiz alınmır, mənimsə vaxtım yoxdur. Saat yarım sonra Əsgərovun yanında olmalıyam.
Arif Raufu diqqətlə dinlədi, bir dəfə də olsun sözünü kəsmədi. Rauf sözünü qurtarandan sonra isə bir müddət dinmədi.
– Buynuz sənin nəyinə lazımdır ki? – Arif soruşdu. Rauf ixtisaslaşmış hüquqşünasdan daha ağıllı sual gözləyirdi.
– Belə deyək, kolleksiya üçün. Təsəvvür edirsən, buynuz toplayıram!
– Nə buynuzu?
– Nə olsa. Bütün heyvanların buynuzunu, ev heyvanı olsun və ya yırtıcı, fərqi yoxdur… Bunun məsələyə nə dəxli var axı?
– Məncə, yırtıcıların buynuzu olmur, – Arif bir qədər fikirləşib dedi. – Müstəntiqin yanına gedirsənsə, bütün xırdalıqları nəzərə almalısan. Səni kim sorğu-sual etdi? Əsgərov? Arıq, bəstəboy kişi?
– Hə, Əsgərov, – Rauf quru səslə cavab verdi, “sorğu-sual” ifadəsi xoşuna gəlmədi. – Başa düş, ciddi heç nə yoxdur, məni tanımırsan? Mən işimi bərk tutan adamam, sadəcə bəzi şeyləri dəqiqləşdirmək istədim.
– Qəmiş adamdır, – Arif fikirli-fikirli bığını sığalladı. – Demək istəyirəm, gərək ona yalan danışmayaydın. Yalandan kar aşmaz. Görürsən, səni ikinci dəfə çağırır. Deməli, yeni faktlar tapıb. Artıq səndən əl çəkməyəcək.
– Məni qorxutma, – Rauf hirsləndi. – Nə olsun ki, yalan danışmışam? Mən hər şeyi nəzərə almışam, bəlkə, yaxşısı budur, ona deyim ki, təcrübəsizlikdən yalan demişəm.
– Ciddi bir şey olmasaydı…
– Ona hər şeyi olduğu kimi danışacağam, vəssalam! Səninlə bu barədə danışmaq istəyirdim. Deməli belə: qapını sındırmamışam – bu bir! Kərgədan qocalıb əldən düşüb, bu gün-sabahlıqdır – bu iki! Bilirsən, kərgədanlar nə qədər yaşayır? On beş il! Bu isə artıq on altı yaşındadır. Onu öldürsəm belə, zoopark böyük ziyan çəkməyəcəkdi. Bundan başqa, yeni zoopark üçün iki cavan kərgədan gətirəcəklər. Tüfəngimin sənədi var, öz adımadır – bu üç! Məhkumluğum yoxdur, cinayət etməmişəm – bu da dörd! Hər şeyi yaxşı-yaxşı fikirləşmişəm, heç nə nəzərdən qaçmayıb! Mənə neyləyə bilərlər, hə? Görərsən, uzağı cərimələyəcəklər!
– Bir-iki il şərti iş də kəsə bilərlər, – Arif dedi. – Hər şey o qədər də asan deyil, əzizim.
– Razıyam, – Rauf söz güləşdirmək istəmədi. – İstənilən halda mən uduşdayam. De görüm, neyləyim ki, çox başağrısı olmasın?
– Doğrusu, ilk dəfədir ki, belə bir işlə rastlaşıram – Arif etiraf etdi. – Görək nə hoqqa çıxarmısan… Gecəyarısı biletsiz zooparkın ərazisinə girmisən, heyvanın bədəninin, yəni dövlət müəssisəsinin balansında olan mülkiyyətin bir hissəsini qanunsuz yolla mənimsəmisən.
– Gecəyarısı zooparka bilet almaq olar? – Rauf özündən çıxdı. – Bilet məsələsini bir kənara qoy!
– Bu halda bir şeyi aydınlaşdırmaq istəyəcəklər: təqsirləndirilən şəxs nə məqsədlə bu işi görüb?
– Təqsirləndirilən şəxs sən özünsən. Nə məqsədlə bu işi gördüyümü sənə demişəm.
– Hə, kolleksiya toplayırsan. Yaxşı fikir deyil. Varlanmaq məqsədi kimi bir şeydir. Məsuliyyətdən azad etmir. Amma sübut eləyə bilsən ki, bu, vəhşi heyvanın hücumundan qorunmaq məqsədi güdürdü, məcburi özünümüdafiə idi…
– Yaxşı, – Rauf saatına baxıb dedi. Müstəntiqlə görüşə hələ çox vardı, o, bərbərxanaya getməyi qərara aldı. – Sənə zəng eləyərəm. Simaya məndən salam söylə. Amma xahiş edirəm, bu məsələylə bağlı ona heç nə demə.
– Necə istəyirsən, – Arif çiyinlərini çəkdi. – Amma o bilsə, bir şey fikirləşərdi. Bilirsən də, bəzən onun…
Rauf axıracan dinləmədi, stolun arxasından qalxıb, onun saçlarını qarışdırdı. Artıq başa düşmüşdü ki, bu söhbətin heç bir faydası olmayacaq, amma gəldiyinə görə təəssüflənmirdi: uzun fasilədən sonra Arifi görüb bir daha əmin oldu ki, keçmiş dostunun bütün uğurlarına baxmayaraq, onların münasibətində heç nə dəyişilməyib – əvvəlki kimi üstünlük onun tərəfindəydi.
– Hələlik. Yaxın günlərdə zəng eləyərəm!
– Dayan, – üz-gözündən narazılıq yağan Arif əliylə saçlarını düzəltdi. – Bilirsən, ağlıma nə gəlir: bəlkə, Əsgərov səni tamamilə başqa məsələyə görə çağırır? Bilirəm, xoşuna gəlməyəcək, amma yenə də fikirləş, səni işinlə bağlı çağırmırlar ki?
– İşimdə hər şey qaydasındadır, – Rauf hirsini güclə boğdu. – İmzaladığım hər bir sənədə görə cavab verməyə hazıram.
– Sənədlər öz yerində, amma bəzən hər şey öz-özünə baş verir, işlər qarışır, – Arif bəyan etdi. – Bu sənədlərin qiymətini özün məndən yaxşı bilirsən. Hər şey bir-birinə bağlıdır, əvvəlcədən bilmək olmur… Demək istəyirəm ki, ola bilsin, haradasa, Bakıda yox, başqa bir şəhərdə sənin idarəçiliyinlə bağlı hansısa faktlar üzə çıxıb, amma bundan xəbərin yoxdur.
– Narahat olma, – Rauf qapının ağzında dedi. – Bizi ilişdirə bilməzlər, buna yüz faiz əminəm.
– Belə düşünən çox olub, – Arif burnunun altında deyindi. – Sən nə birincisən, nə də axırıncı!
Bu sözlər Raufun xoşuna gəlmədi, o, geri qayıtdı. Əvvəla, ona elə gəldi ki, Arif ona ürəyi yandığı üçün belə demir, əksinə, bununla Raufun cəmiyyətdə səbatsız mövqe tutduğuna işarə edir; ikincisi də, Raufun abırlı, işgüzar adam kimi ad çıxardığına inanır və təbii ki, adının ləkələnməsini istəmirdi.
– İşim haqqında elə danışırsan, sanki məndən şübhələnirsən, qeyri-qanuni əməllərə qurşandığımı zənn edirsən, – Rauf elə bil eyni zamanda arvadına və onun çoxsaylı qohumlarına da xitab edirdi. – Əgər həyatım boyu kimdənsə rüşvət istəmişəmsə və ya dövlətə ziyan vurmuşamsa, onda məndən alçaq adam yoxdur.
– Yəni maaşla yaşayırsan, – Arif onun dediklərinə yekun vurdu. – Çox gözəl, səninlə qürur duyuram.
– Maaşdan söhbət getmir, – Rauf ikrahla qımışaraq təklif olunan kompromisi rədd etdi. – Qoy sənə deyim, necə pul qazanıram, özün görəcəksən ki, məni nədəsə ittiham etmək mümkün deyil. İşim nədən ibarətdir? Başlıca olaraq, xammalı bölüşdürürəm, ilkin istehsalat məhsulunu. Xammalı gözümlə görmürəm, ona əllərimlə toxunmuram, kimlərsə daşıyır, kimlərsə alır. Mən yalnız onu bilirəm ki, müəssisə bu defisit xammalı vaxtında almasa, planı yerinə yetirə bilməyəcək. Sənə aydındır?
– Əlbəttə, aydındır! Xammal defisit məhsuldur, müəssisələr isə çoxdur, elədir? Xammalı kim tam həcmdə ala biləcək, kim almayacaq, bunu isə sən müəyyənləşdirirsən.
– Burda pis nə var ki?.. Səndən qorxmuram, heç nəyi gizlətmək fikrində deyiləm. Yenə deyirəm, ömrüm boyu heç kəsdən bir qəpik istəməmişəm, tələb etməyi isə heç ağlıma gətirməmişəm.
– Özləri gətirirlər?
– Özləri, – Rauf təsdiqlədi. – Bir həftə və ya bir ay sonra gəlirlər. Ağız açırlar, yalvarırlar ki, götür. Çox üz vururlarsa, götürürəm, konverti açmadan cibimə qoyuram.
– Bəs xammalın hamıya çatdığı vaxtlar olurmu? – Arif mənalı-mənalı qaşlarını çatdı.
– Çox olur, hələ növbəti kvartal üçün də saxlayırıq, – Rauf qımışdı. – Bu halda hamı xammalla təmin olunur… Başqa necə ola bilər?! İstehsalata qənim kəsilməmişəm ki! Xeyrimi götürürəm, üstəlik, mənə təşəkkür eləməyə gəlirlər.
– Bəs onlar xammalın hamıya çatdığını bilirlər?
– Bunu onlara deməyə borclu deyilik, – Rauf ötkəm səslə dedi. – Bu mənim vəzifə səlahiyyətlərimə daxil deyil. Hə, səncə, bu nədir, rüşvətdir, yoxsa minnətdarlıq?
– Gərək bunu mənə danışmayaydın, belə şeyləri bilməsəm, yaxşıdır. Hər halda, dövlət adamıyam, özü də indi iş başındayam.
Rauf o dəqiqə başa düşdü ki, dostu hiylə işlədir.
– Nala-mıxa vurma, – o dedi. – Bir hüquqşünas kimi de görüm, burada risk görürsən?
– Hər halda, bu, cinayət əməlidir.
– Dayan, dayan, – Rauf əlini yellədi, – biz başqa şeydən danışırdıq… Buna görə məni qandallaya bilərlər, yoxsa yox?
– Xəbər tutsalar…
– Kimdən xəbər tutacaqlar? – Rauf onun sözünü kəsdi. – Mənə nağıl danışma. Burda sənə danışdıqlarımı yalnız iki nəfər xəbər verə bilər – mən özüm, ya da pulu gətirən adam. Amma ikimiz də istəyirik ki, bunu bizdən başqa bilən olmasın. Elədir, yoxsa yox?
– Elə olmağına elədir, – Arif dedi, – amma yazılmamış qanunlar var, nəticə etibarilə cinayət törədən hər kəs əvvəl-axır öz cəzasını alır. Yadımdadır, bir dəfə Simayla mən…
– Sənin savadın qıcqırıb, – Rauf təəssüflə bəyan elədi. – Sən haqlı olsaydın, indi bəşəriyyətin yarısı içəridə olardı. Heç qanundan kənara çıxmayan adam görmüsən? Belə adam görsən, mənə zəng elə, onun soyadını yazıb yadımda saxlamaq istərdim. Amma əbəs yerə zəhmət çəkmə – düz adam tapa bilməyəcəksən, necə deyərlər, bacarana baş qurban. Hamı belədir.
– Hamı belə deyil, – Arif özünü sındırmadı.
– Özünü nəzərdə tutursan?
– Niyə də yox?
– Yaxşı, ağ eləmə, özünü kimə göstərirsən? Burda başqası yoxdur. Necə evləndin, yadındadır? Qanuna görə, VVAQ-a ərizə verdikdən sonra bir ay gözləməliydin, elədir? Bəs sizi neçə gündən sonra qeydə aldılar? Bir, yoxsa iki?
– Bu, cinayət sayılmır, – Arif qızardı. – Bu pozuntunu istisna hal kimi qiymətləndirmək lazımdır. Onda ikimiz də məzuniyyətə çıxmışdıq, bundan başqa…
– Düz buyurursan, – Rauf dərhal razılaşdı. Amma Arifin tutulduğunu görüncə dediyinə peşman oldu. – Bağışla, deməli, söhbət bizdən gedirsə, bu, istisna hal sayılır, yalnız məndən söhbət gedirsə – cinayət.
– Bizdən söhbət gedirsə? – Arif təkrarladı. – Maraqlıdır. Məni kimlə qoşalaşdırırsan?
– Ümumiyyətlə, – Rauf qətiyyətsiz baxışlarla dostunu süzdü. – Səndən bir xahişim var. Ciddi xahişdir. Yerinə yetirərsən?
Arif çiyinlərini çəkdi, üzünü turşutdu. Bununla demək istəyirdi ki, qabaqcadan heç nə deyə bilməz. Amma bu, Raufun vecinə olmadı.
– Xahiş edirəm, çalış, münasibətinizdən heç kəs xəbər tutmasın. Başa düşürəm, istisna hal, filan… Amma belə şeylərə görə mühakimə eləyə bilərlər.
– Sən nədən danışırsan? – Arif təəccüblə soruşdu. Sonuncu zərbəni endirməyə hazırlaşan Rauf bir qədər pauza verdi: qurbanın çaşqın vəziyyətə düşməsi ona ləzzət eləyirdi.
– İkinizdən danışıram, sən və sənin gözəlçəndən. Bax belə. Susmaq – ən yaxşı cavabdır. Artıq sənə görə narahat deyiləm. Afərin sənə, şəxsən mən bu cür yaraşıqlı qızı katibə götürməyə ürək eləməzdim. Yaxşı, bu günlük bəsdir! Gedirəm. Zəngimi gözlə!
Rauf dostunun yersiz şübhələrini dəf edib öz şərəf və ləyaqətini qoruya bildiyinə görə məmnun idi, buna baxmayaraq, hüquq məsləhətxanasını incik tərk etdi. Bu barədə çox düşünmüşdü: görəsən, o, bir çoxları kimi ailəsini taleyin ümidinə buraxsaydı və ya dolana bilmədiyini görüb qayınatasının himayəsinə sığınsaydı, indi onu ittiham etməyə çalışan Arif, qayınatası və bəzi paxıl dostları nə deyərdilər? Rauf özünə qarşı bu münasibəti həm də ona görə qərəzli və ədalətsiz sayırdı ki, arvadının valideynləri bütün başqa məsələlərə kifayət qədər dözümlü yanaşır, hətta dırnaqarası baxırdılar.
Rauf dəfələrlə müşahidə etmişdi ki, onlar necə keçmiş qohumları Qərib Məlikzadənin böyür-başına keçir, nəvaziş göstərməyə çalışırlar. Halbuki xroniki əyyaşlığa və evdə tapılmadığına görə arvadı – qayınanasının bacısı onu atmışdı. Məlikzadə hər dəfə geoloji ekspedisiyadan qayıdanda onu elə mehriban qarşılayırdılar, elə bil onları birləşdirən yeganə qohumluq halqasının qırıldığını bilmirdilər. Belə baxanda o, ailə üçün kənar adam sayılırdı. Bu adamla müntəzəm görüşlərin birinci hissəsi normal adamlar üçün bir qədər qəribə təsir bağışlasa da, adi qaydada, demək olar, ədəb çərçivəsində keçirdi. Məlikzadə cibindən çirkli daşlar çıxarır, Raufun uşaqları və onları get-gedə daha çox öz təsiri altına alan Kamil də daxil olmaqla bütün ailə bu daşları əlləşdirərək növbəylə bir-birinə ötürürdü. Görüşün ikinci hissəsi isə sözün əsl mənasında ikrah doğururdu. Uzağı bir-iki saatdan sonra mütləq qaydada Qərib qulağı cırmaqlayan səsi ilə öz sevimli mahnısını oxuyur, huşunu itirənəcən içir və kabinetdə gecələyirdi. Halbuki başqa vaxtlarda sahibin icazəsi olmadan heç kəs bu kabinetə ayaq basa bilməzdi. Amma qayınatası Qəribə üz verir, onun bütün bu yaramaz vərdişlərinə göz yumurdu. Səbəbini soruşanda iltifatla qımışaraq deyirdi ki, Qərib çox gözəl mütəxəssisdir, amma bəzi məsələlər istedadının çiçəklənməsinə mane olur; iradəsiz, zəif xarakterli adam olduğu üçün əziyyət çəkir, ona görə həyatda əli gətirən dostlarının dəstəyinə ehtiyacı var. Hiyləgər qoca məsələyə elə don geydirirdi ki, adam az qalırdı bu zavallı içki düşkününün cəmiyyət üçün lazımlı, xeyirli insan olduğuna inansın. Xüsusilə də praktiki məsələlərdə heç kəsə göz açmağa aman verməyən zirək, fərasətli adamlara baxanda. O adamlara ki, qeyri-maddi dəyərlərə ehtiyac duymurlar. Halbuki yaxşı qulluq tələb edən bitkilər üçün su və gübrə nə qədər vacibdirsə, ruhun sağlamlığı üçün bu dəyərlər o qədər vacibdir. Əgər qayınatasının niyyəti öz halından bədgüman olmayan, hətta məmnun olan Raufu pərt etmək, qanını qaraltmaq olurdusa, o bunu bacarır və beləliklə, öz tükü üstə dolanan, səbir edən, bütün haqsızlıqlara dözən Raufun incikliyinin üstünə əvvəlkilərdən az olmayan və çıxmağa yer axtaran daha bir inciklik əlavə olunurdu.
İşgüzar dairələrdə Raufu əbəs yerə güclü adam saymırdılar – öz inadkarlığı, səbatlılığı və sürətli reaksiyası sayəsində qayınatası kimi güclü bir rəqiblə mübarizədə, izzəti-nəfsini hədəf alan bəzi ağrılı, amma zərərsiz zərbələri nəzərə almasaq, elə bir əhəmiyyətli itkilər verməmişdi. Doğrudur, əvvəl-əvvəl qayınatasına məğlub olurdu, amma sonra onun üzərində kiçik də olsa qələbələr qazanmağı öyrəndi. Bunu hətta ətrafdakılar da sezməyə başlamışdı. Son illərdə qayınatası xeyli zəifləmiş, gücü azalmışdı. Nəticə etibarilə onun həyatı nisbətən yüngülləşmişdi.
Taleyin işinə bax ki, indi məhz qayınatasının sayəsində bu cür möhtəşəm bir davacat əldə etmişdi. Maşını şəhərin ən yaxşı bərbərxanasının qarşısına sürdü, öz-özünə gülümsəyir, üz-gözündən nikbinlik yağırdı.
Ağasəf yerində deyildi. Tanımadığı usta müştərisinin başını yuyurdu. Əlində bir qalaq salfet tutmuş Avtandil gəlib çıxdı və hamıyla salamlaşandan sonra dedi ki, Ağasəf xəstələnib.
– Fikirləşdim ki, yəqin, növbəsini dəyişdirib, – Rauf dedi. – Ona nə olub? Soyuqlayıb?
– Yox. Srağagün gəlmişdi. Əlləri əsir, daha doğrusu, barmaqları titrəyir, amma sağ-salamatdır. Siz elə-belə gəlmişdiniz? – Avtandil nəzakətlə, xidmətini birbaşa təklif etmədən soruşdu.
– Yox, elə-belə gəlməmişəm, – Rauf yüngül tərəddüdlə Avtandilə baxdı, fikirli-fikirli çənəsini qaşıdı. – Vacib görüşüm var, üzümü-başımı qaydaya salmaq istəyirəm. – O, yüngülmotorlu təyyarə sükanı arxasına keçməyə məcbur olmuş hərbi təyyarəçi sayağı, sıxıla-sıxıla kresloya əyləşdi. – Barmaqları niyə titrəyir ki? Bərk titrəyir?
– Belə də. Bütün yaşlılar kimi, – Avtandil iki isti kompres düzəltdi: birini əvvəlcə, digərini sabunlayandan sonra üzünə qoydu. İkinci kompres üzündəki köpükləri bir anda yox elədi. İstər-istəməz, Raufun ürəyində ona qarşı rəğbət oyandı. – Ağasəf hələm-hələm xəstələnən deyil. Turp kimiydi! Birdən-birə ona nə oldu bilmirəm: gəldi ki, daha işləyə bilmirəm.
– Yenə Allaha şükür, – Rauf dedi. – Elə bildim, nəsə ciddi bir şey olub. Bir həftəyə qayıdıb gələr.
– Pis olmazdı… Amma o, tez-tez fikrini dəyişən adam deyil. Nə qədər dilə tutsaq da, xeyri olmadı, müdirin sözünü də yerə saldı. Dedi ki, əllərinə bələddir, əsməyə başladısa, ölənəcən dayanmayacaq. İki ayağını bir başmağa dirədi ki, pensiyaya çıxıram. Vəssalam!
– Pensiyaya? – Ağasəf təəccübləndi. – Ağasəf?
– Hə, – Avtandil başını aşağı dikib, ah çəkdi. – Bu, biz bərbərlər üçün ağır itkidir, bunu ondan gözləmirdik. Müdir iki gündür özünə yer tapa bilmir. Dünən mənim yanımda sosial müdafiəyə zəng elədi, onlarla fərdi təqaüd haqqında danışdı. Ona fərdi təqaüd düşür – sən demə, “Şərəf nişanı” və üstəlik, Ali Sovetin iki fəxri fərmanı ilə təltif olunubmuş.
– Bunların hamısı boş şeylərdir. Mən ona zəng eləyərəm, – Rauf öz-özüylə danışırmış kimi dedi. – Onun telefon nömrəsini mənə verərsən.
– Yaxşı, – Avtandil dedi. – Üzümüzə gələn şənbə günü “Gülüstan” restoranında kollektiv onunçün vida gecəsi təşkil edəcək. Həmkarlar ittifaqı ona hədiyyə almaq üçün pul ayırıb. Həmkarlar ittifaqı öz yerində, ustalar da pul yığıb. Tədbirin sonunda hədiyyəni təqdim edəcəyik. “Gülüstan” yaxşı yerdir, qızlar çox gözəl rəqs edir, varyeteni deyirəm, binanın memarlıq üslubu da xoşuma gəlir, ümumi mənzərəni tamamlayır. Könlünüzdən keçirsə, siz də gəlin, şənbə günü, saat doqquzda.
– Sağ olun. Amma gələ bilməyəcəyəm… Restoranlara az-az gedirəm. İldə bir-iki dəfə, rəsmi banketə və ya qəbula getməli oluram. Odur ki, restorana, özü də şənbə günü ayaq basmaram. Ürəyimdən ləzzətli yemək keçəndə şəhər kənarına gedirəm.
– Vəzifə sahibi olduğunuz üçün? – Avtandil anlayışla soruşdu. – Fikir vermişəm; son vaxtlar vəzifəli, yəni məsul şəxslər restoranlarda az-az görünürlər.
– Çünki məsləhət görülmür, – Rauf təfərrüatlara varmadı. – Hədiyyə üçün neçə manatdan pul yığmısınız?
– Ustalar iyirmi, şagirdlər beş manatdan, – Avtandil fəxrlə cavab verdi. – Şagirdlərdən pul yığmaq istəmirdik, amma incidilər, götürməli olduq. Ağasəfin xətrini çox istəyirik.
– Halaldır sizə, – Rauf dedi. – Restorana gəlməyəcəyəm, amma mütləq zəng eləyib, Ağasəflə görüşəcəyəm.
Avtandil razılıqla başını tərpətdi, əllərini yuyub, masaj eləməyə başladı. Rauf birdən-birə hiss elədi ki, gözlədiyinin əksinə olaraq, bərbərxanada özünü heç də pis hiss etmir. Masajdan və yenicə qırxılmış dərinin üstünə qoyulan buzlu kompresdən sonra kefi duruldu, bərbəri ürəyində təriflədi.
Avtandil dedi ki, Ağasəf gedəndə Raufun odekolonunu ona verib; şkafdan tünd-xurmayı rəngli ətir şüşəsi çıxardı. Rauf bir azdan müstəntiqlə görüşəcəyini xatırlayıb, bərbərdən xahiş elədi ki, spesifik qoxusu ilə seçilən “Belafre”nin əvəzinə bu dəfə “Svejest”dən istifadə eləsin. Odekolonu götürüb aparmadı, bu isə o demək idi ki, bundan sonra da gənc bərbərin yanına gələcək.
Rauf Avtandilin əlhaqqını ödəyəndən sonra Ağasəfə almaq istədikləri hədiyyə üçün də pul verdi. Ürəyindən keçdi ki, daha çox pul versin, amma bu, bərbərlərin izzəti-nəfsinə toxuna bilərdi, odur ki, iyirmi beş manat verməklə kifayətləndi.
Bərbərxanada işlərini tamamlayıb küçəyə çıxdı. Çölə çıxan kimi sifəti tərlədi. Çiçəkləri tökülən akasiyanın qoxusu bürkülü havanı dodurmuşdu, istər-istəməz çuxurun dibində gizlətdiyi balonu xatırladı. Ağlından keçdi ki, yolüstü qaraja dəysin, balonu açıb gözəl qoxunu ciyərlərinə çəksin; bir-birindən gözəl fikirlərin sayrışmasını, bütün varlığına hakim kəsilən bayram əhval-ruhiyyəsini bir daha hiss etsin. Amma saatına baxıb istər-istəməz fikrindən daşındı və prokurorluğa getməyə qərar verdi.
Əsgərovla görüşə on beş dəqiqə qalırdı.
Müstəntiqin yanında kimsə vardı. İçəridən kişi səsləri gəlirdi, amma nə danışdıqlarını ayırd etmək olmurdu. Amma Rauf hər ehtimala qarşı bir az aralıda oturdu: qoy elə bilməsinlər ki, qapını pusur. Bir azdan qapı açıldı, öncə əlində qovluq tutmuş gonbul podpolkovnik, ardınca arıq-quru mayor çıxdı, ikisi də hirsliydi. Mayor qapının ağzında arxaya çevrilib içəridəki həmkarına nəsə dedi. Rauf yalnız “zoopark” sözünü aydın eşitdi və ona elə gəldi ki, məhz ondan söhbət gedir.
Podpolkovnik cib dəsmalını çıxarıb pörtmüş sifətinə basdı, tərini sildi, sonra əlindəki qovluğu yelpik kimi yelləməyə başladı.
– Bir daha onunla maqnitofonsuz danışmayacağam, – podpolkovnik sözə başlamaq istəyirdi ki, mayor onun qolundan tutub gözləri ilə Raufa işarə elədi. Podolkovnik dərhal kiridi.
Onlar Raufun bir addımlığından keçib getdilər. Rauf podpolkovnikin astadan söyüş söydüyünü eşitdi.
O, qapıdan içəri boylananda gördü ki, müstəntiq pəncərələri açıb otağı havalandırır. Müstəntiq Raufu xoş üzlə qarşıladı, pəncərə pərdəsini düzəltməyə davam edərək, başıyla ona yer göstərdi. Rauf ona kömək eləmək istədi, amma fikirləşdi ki, bunu eləməyə dəyərmi? O mənada ki, Əsgərov tamhüquqlu vətəndaşın kömək etmək istəyini günahlandırılan şəxsin müstəntiqə yarınması kimi başa düşə bilərdi. Nəticədə kömək etməyə ehtiyac olmadı – pərdə şüşə divar uzunu sürüşərək öz yerini aldı və Əsgərov gəlib uzunsov stolun arxasında, Raufla üzbəüz oturdu.
– Nəfəs almaq olmur, – o, Raufa dedi, – siqaret çəkməyə qoymayanda ikiqat ziyan çəkirsən: həm sözünə baxmayıb çəkirlər, həm də səndən küsürlər. Hər şey çətinləşib. Öz aramızda qalsın: srağagün Orconikidze rayonunda bir hörmətli adamın mənzilini qarət ediblər. Soyadını sizə deməyəcəyəm, buna icazə verilmir, amma inanın, onu bütün şəhər tanıyır. Sizcə, istintaq aparmağı, cinayətkarların şəxsiyyətini müəyyənləşdirməyi kimə taşırdılar? Düzdür, əlbəttə Əsgərova! Üstəlik, iki maşın oğurlanıb, biri dövlət maşınıdır. Bir hadisə də baş verib, xoşagəlməz hadisədir: 1970-ci il məzunlarının “Moskva” restoranında təşkil etdiyi ənənəvi banketdə bir nəfərə orta dərəcəli bədən xəsarəti yetiriblər. Bütün bunlar araşdırılmalıdır, – o, həzin baxışla Raufun üzünə dikildi. Rauf öz növbəsində elə baxdı, guya ona canı yanır. – Bütün bunları sizə niyə deyirəm? Açıq danışacağam, sizlə tanış olandan sonra işi diqqətlə, bütün təfərrüatlarıyla öyrəndim, istər-istəməz özümü naqolay hiss etdim. Mənə ağır gəldi. Fikirləşdim ki, bəlkə, bu adama nəsə pisliyim keçib, indi əlinə fürsət düşüb, məndən qisas alır? Belə şeylər çox olur: bəzən özün də bilmədən kiminsə xətrinə dəyirsən. Siz də mənimlə açıq danışın, səmimi olun – məndən incikliyiniz yoxdur? – Əsgərov karıxmış, özünü itirmiş Raufun üzünə zilləndi.
– Yox, nə danışırsınız? Məncə, biz əvvəllər heç görüşməmişik.
– Elə isə, niyə kömək eləmək əvəzinə, işimi çətinləşdirirsiniz? Mənə də, özünüzə də əziyyət verirsiniz. Səmimi etirafdan yaxşı nə ola bilər? Xüsusilə də ilk dəfə cinayət törətmiş adam üçün. Bəs siz neyləyirsiniz? Nala-mıxa vurmadan, sakitcə hər şeyi etiraf etməkdənsə, məni məcbur edirsiniz ki, bütün vacib işləri bir kənara qoyum, dağa-daşa düşüb yenidən şahidləri dindirim. Yeri gəlmişkən, şahidlərin ifadəsinə əsaslanaraq, əminliklə deyə bilərəm ki, zooparka məhz siz ziyan vurmusunuz. Bunu mənə siz özünüz də deyə bilərdiniz. Ciddi admlar bir-birinə etibar etməlidir.
Hiss olunurdu ki, Əsgərov dilxordur. O, əlini yelləyib, stolun arxasından qalxdı, stəkana mineral su süzüb Raufa təklif elədi, Rauf iki dəfə imtina edəndən sonra suyu başına çəkdi.
İşi başından aşan bu yorğun adam hiyləgər tülküyə bənzəmirdi, əksinə, keçmiş məktəb dostu, vəkil Arif Mustafazadədənsə, bununla söhbətləşmək daha xoş idi.
– Keçən dəfə düz eləmədim. Hər şeyi vaxtında, olduğu kimi danışmaq lazım idi. İnanın, başımı itirmiş, karıxmışdım. Belə cinayət olar? Dövlətə və ya insanlara ziyan dəyməyib.
– Mən də elə onu deyirəm, – Əsgərov onun sözünü havada tutdu. – Axı sizi bank soymaqda və silahlı basqında ittiham etmirlər. Belə bir iş hər kəsin başına gələ bilər. Bu kabinetdə elə şeylərin şahidi olmuşam ki, onlarla müqayisədə sizin işiniz şəkərlə çay kimidir – qarışdır, iç… İnanın ki, mənə xoşdur. Mən həmişə demişəm ki, normal adamlar bir-birini başa düşməlidir, – o, danışa-danışa siyirtmədən nömrələnmiş bir neçə kağız çıxarıb Raufa uzatdı – istəyirsiniz, özünüz yazın, sizə çətindirsə, ifadənizi mən də yaza bilərəm.
– Burda çətin nə var ki? – Rauf incik səslə dedi.
– Xətrinizə dəyməsin, – Əsgərov yazmağa başlayan Raufa baxıb, sözlərinə aydınlıq gətirdi, – sadəcə bu, mənimçün su içmək kimi bir şeydir, təcrübəm var. – Əyilib Raufun çiyni üzərindən baxdı: – Yaxşı xəttiniz var. Xahiş edirəm, hər şeyi olduğu kimi, bütün xırdalıqları ilə yazmağa çalışın. – Arxasınca qapını çəkməyə hazırlaşan Əsgərov çevrilib, üzr istəyirmiş kimi, yumşaq səslə əlavə etdi: – Bir xahişim də var, çalışın, yazandan sonra düzəlişlər etməyəsiniz.
Kolleksiyasına daha bir buynyz əlavə etmək istəyən köhnə kolleksiyaçının gecəyarısı, demək olar, boşaldılmış zooparkın ərazisinə girib, kərgədanın tamamilə çürümüş, xarab olmuş buynuzunu kəsərək, dilsiz-ağızsız heyvanı diş ağrısından da betər, dözülməz iztirablardan xilas etməsi haqqında hekayəti üç səhifədə yazmaq üçün cəmi yarım saat lazım oldu. Sonda səmimi ifadələrlə qeyd etdi ki, günahını etiraf edir; xüsusi icazəsi olmadan belə bir əmələ qol qoymaqla heç kəsə zərər vermək fikrində olmayıb; məsələyə baxılarkən cinayət məcəlləsi baxımından qüsursuz keçmişini nəzərə almağı xahiş edir…
Lap əvvəldən “kolleksiyaçı” sözünün yazılışı ilə bağlı şübhələri vardı. Sözün düzgün yazılışını unutmuşdu. Amma tezliklə çıxış yolu tapdı – sözü gah bir, gah da iki “l” ilə yazdı ki, müstəntiq onun savadsız olduğunu zənn etməsin, elə bilsin, sadəcə dalğın, qayğılı adamdır.
Dəhlizdə var-gəl etməyin Əsgərova xeyri oldu: qatlanmış vərəqlə üzünü yelpikləyə-yelpikləyə içəri girəndə xeyli gümrah görünürdü.
– Bitirdiniz? – o gülümsədi. Sıralanmış dümağ dişlərinə baxanda bir suyundan tülküyə oxşayırdı, amma məkrli, hiyləgər yırtıcıya yox, normal, şən tülküyə. – Qol çəkdiniz? Ay-ay-ay, bəs niyə? Hüquqi sənəddir axı. – O, Raufun hər vərəqə ayrı-ayrılıqda qol çəkib qurtarmasını gözlədi. – Heç nə gizlətmədiniz?
– Hər şeyi olduğu kimi yazdım, – Rauf vərəqləri ona uzatdı. İstəyirdi Əsgərov ifadəsini tez oxusun, amma yenə də: – Sizdən bir xahişim var, – dedi, – dünənkiləri mənə qaytara bilməzsiniz?
– Nəyi nəzərdə tutursunuz? – Əsgərov başa düşmədi.
– Hər şeyi dandığım, heç nəyi boynuma almadığım kagızları deyirəm.
– Boş şeydir, – Əsgərov əlindəki vərəqləri yellədi: – Əsas bunlardır, oxuyaq, görək nə yazmısınız?
O, birinci səhifəni tez oxudu, oxuduqca gülüşünü saxlaya bilmirdi. Amma ikinci vərəqin yarısına çatanda sifəti ciddiləşdi, üzündəki gülüş ifadəsi tamamilə yox oldu. Əsgərov kağızları kənara itələyib, Raufun üzünə zilləndi. Üzündə elə bir ifadə vardı, elə bil səmimi etiraf əvəzinə anonim kağız soxuşdurmuşdular və sanki bu kağızda arvad tərəfdən yaxın qohumlarından birinin əxlaqsız hərəkətləri təsvir olunmuşdu.
– Bu nədir? – o, ikrahla üzünü turşudub, barmağını vərəqlərə tuşladı. – Hansısa çürümüş buynuzlar, dişlər, filan. Məni barmağınıza dolamısınız? Danışmışdıq ki, hər şeyi səmimi etiraf edəcəksiniz, elədir? Bəs buraya nə yazmısınız? Ələ salırsınız məni? Lazım deyil. Mən yalnız kənardan axmaq kimi görünə bilərəm.
– Nə danışırsınız? – əməlli-başlı karıxmış Rauf həyəcanla dedi, – hər şey yazdığım kimi olub. Başqa nə istəyirsiniz?
– Bəs kərgədan? – hirsini güclə boğan Əsgərov tənəylə dedi. – Kərgədanın burda nə işi var? İstintaqı səhv yola yönləndirmək istəyirsiniz? Çox nahaq, hələ heç kəs bundan xeyir görməyib.
Gözləri önündə Əsgərovun haldan-hala düşdüyünü görən Rauf fikrini toplayıb, təşəbbüsü öz əlinə almaq istədi:
– Qulaq asın, – o, üzünü Əsgərova tutub ciddi səslə dedi. – Nəsə anlaşılmazlıq olub. Gəlin sakitcə məsələyə aydınlıq gətirək: siz məni nəyə görə çağırmısınız? Kərgədana görə. Elədir?
– İndi aydınlıq gətirərik, – Əsgərov hirsli-hirsli telefon nömrəsini yığmağa başladı. – kərgədanlar, fillər, timsahlar… Hə, Əsgərovdur. Şahidlər gəlib? Əvvəlcə DAM-dan başlayaq, – o, dəstəyi yerinə qoydu. – Açığı, hər şeyi etiraf edəcəyinizi deyəndə adamları narahat etdiyimə, işindən-gücündən ayırıb, buraya çağırdığıma görə peşman olmuşdum. İndi görürəm, yox, düz eləmişəm. İndi şahidlərlə üzləşəcəksiniz.
– Necə istəyirsiniz. Amma orada şahid-filan yox idi. – Rauf bu sözləri avtomatik olaraq, onların mənasına varmadan dedi. Çünki Əsgərovun anlaşılmaz davranışından həyəcanlanmış, fikirləri dolaşmışdı.
Qaşqabaqlı Əsgərov sakitcə oturub gözlərini qapıya zilləmişdi. DAM forması geymiş üç nəfər – zabit və iki serjant içəri daxil oldu. Rauf kirimişcə onları müşahidə edirdi. Onlar salam verib stola yaxınlaşdılar. Rauf hələ də başa düşə bilmirdi ki, bu heyətin məsələyə nə dəxli var?
– Buyurun, ifadənizi təkrarlayın, – Əsgərov zabitə dedi.
– Sentyabrın 18-dən 19-na keçən gecə biz, mən, serjantlar Bağırov və Qədirli Şıxov yolunda baş vermiş qəza yerinə çağırılmışdıq. Saat 4.40-da dəstəmiz qəza yerini tərk edib şəhərə doğru istiqamət götürdü. Bayıla çatanda gördük ki, zooparkın yanında “Jiquli” markalı maşın dayanıb. Nömrəsi – 37 AQU…
Əsgərov əlinin hərəkətiylə zabiti dayandırdı.
– Bu sizin maşın idi? – o, üzünü Raufa tutub soruşdu.
– Başa düşmürəm, bu komediya nə üçündür? – Rauf istehzayla qımışdı. – Yarım saat əvvəl bütün bunları sözbəsöz yazmışam, siz də oxumusunuz.
– Çox yaxşı, – Əsgərov razılıqla başını tərpətdi, – deməli, təqsirləndirilən şəxslə şahidlərin ifadələri buraya qədər üst-üstə düşür. Davam edin.
– Sürücü maşının yanında dayanmışdı.
– Onun sürücü olduğunu hardan bildiniz, bəlkə, maşının yanındakı kənar adammış? – Əsgərov yenidən onun sözünü kəsdi.
– Kənar adam əlində fənər maşının baqajını açıb baxmaz, üstəlik, DAM işçilərini salamlamazdı, – zabit lovğa-lovğa gülümsündü. – Bundan başqa, onün üzü də mənə tanış gəldi!
Əsgərov başını yellədi.
– Hər şey ola bilər. Boş yerə mübahisə etməyək. Həmin sürücünü tanıya bilərsiniz?
– Budur, burada oturan adamdır, məncə, – zabit başıyla Raufa işarə elədi. – Biz içəri girəndə onunla salamlaşdıq.
– Siz sentyabrın 18-dən 19-na keçən gecə DAM işçiləri – baş leytenant Almazovu, serjantlar Bağırov və Qədirlini görmüsünüz? – Əsgərov soruşdu.
– Görmüşəm, hələ onlarla salamlaşmışam da, – Rauf təsdiqlədi.
Əsgərov ağır, mənasız işlə məşğul olmağa məcbur edilən adam kimi dərindən ah çəkdi və Raufun üzünə zillənib pauza verdi, bundan sonra yenidən Almazova müraciət elədi:
– İndi isə, ifadənizdə qeyd etdiyiniz ən mühüm məsələnin üzərinə gələk. Bilirsiniz də, yalan ifadələr və qəsdən təhrif edilmiş məlumatlar vermək cinayət məsuliyyəti yaradır. Deyin görək, sentyabrın 18-dən 19-na keçən gecə təqsirləndirilən şəxs tərəfindən oğurlanmış qiymətli canlı barədə nə bilirsiniz?
– İfadələrimə görə məsuliyyət daşıdığımı bilirəm, istənilən səviyyədə cavab verməyə hazıram, – Almazov təkəbbürlə bəyan etdi. – Bu məsələdə heç bir marağım yoxdur və qərəz güdmürəm. Heyvanın nə dərəcədə qiymətli canlı olduğundan xəbərsizəm – satmamışam, almamışam, bilmirəm. Ümumiyyətlə, o gecə heç bir heyvan görmədim. Nə gördüyümü danışa bilərəm. Deməli, sürücü 50—37 AQU nömrəli maşının yük yerinin önündə dayanmışdı, əlində quş tutmuşdu.
– Hansı quş idi?
– Necə yəni hansı quş idi?
– Hər quşun öz adı var, – Əsgərov səbirlə izah etdi. – 50—37 nömrəli maşının yük yerindəki hansı quş idi: qaz, hindtoyuğu, toyuq, ördək?..
– Bilmirəm, – Almazov dedi, – yalnız onu deyə bilərəm ki, iri quş idi.
Əsgərov ilk dəfə quşdan söhbət salan kimi Raufun dalağı sancdı, başını yelləməyə başladı, amma oradakılar bir müddət bunu görmədilər.
– Mənə hər şey aydın oldu, – Rauf dedi. – Bu lənətə gəlmiş quş barədə hər şeyi danışa bilərəm.
– Nə tez yadınıza düşdü! – Əsgərov rişxəndlə gülümsündü. – Şahid ifadələri birmənalı olaraq sübut edir ki, quşu siz oğurlamısınız, buna nə sözünüz?
– Quş-filan oğurlamamışam, – Rauf zəif səslə dedi. – Yoldaş Əsgərov, mən oğruya oxşayıram?
– Bəs mən? – Əsgərov qeyzləndi, – məgər mən müstəntiqə oxşayıram? – Tösmərək müstəntiq ayağa qalxıb sısqa vücudunu nümayiş etdirdi. Nazik boynu, balaca başı, oyur-oyur oynayan hiyləgər gözləri, uzun, ensiz burnu, iri qulaqları, dəmir simləri xatırladan sərt saçlarına baxanda, doğrudan da, onu kimə desən bənzətmək olardı. – Oxşayıram?
Rauf “yox” deməyə məcbur oldu, çünki kabinetdəki bütün canlı və cansız predmetlərin arasında prokurorluğun müstəntiqini ən az xatırladan məhz kabinet sahibinin özü – birinci dərəcəli hüquqşünas Dəmir Əsgərov idi.
– Şahidlərin ifadələrinə qarşı etirazınız varsa, buyurun deyin ki, bunu dərhal protokola daxil edim, – Əsgərov qayğıkeş ədayla bildirdi.
– Onlar düz deyirlər, amma o quşu mən oğurlamamışam. Quş özü baqaja girməyə çalışırdı, mən sadəcə onu oradan qovub çıxarmalı oldum.
Əsgərov baxışlarıyla şahidlərə işarə elədi:
– Görürsünüz, onlar gülürlər. Açığı, mənim də gülməyim gəlir, baxmayaraq ki, vəzifə səlahiyyətlərini yerinə yetirərkən gülmək olmaz. Deməli, bu quş, özü də hansısa əhliləşdirilmiş quşdan yox, vəhşi çöl quşundan söhbət gedir, gecənin bir aləmində sizin maşınınıza soxulmaq istəyirdi, hə?
– Hə, – Rauf, Əsgərovun düz gözlərinin içinə baxdı. – Quş baqaja soxulmaq istəyirdi, onu oradan qovmağa məcbur oldum.
– Şahid Almazov, – müstəntiq dedi, – siz təqsirləndirilən şəxsin quşu qovmağa çalışdığını gördünüz?
– Yox, – Almazov başını yellədi, – biz hamımız gördük ki, o, quşu əlində tutub.
– Yəni quş onun əlində çırpınmırdı? Bəlkə, uzaqdan yaxşı görməmisiniz?
– Biz lap yaxından keçdik, – Almazov dedi, – o, gülümsədi və bizə salam verdi.
– Siz azacıq uzaqlaşan kimi onu baqajdan çıxarıb, kənara atdım, – Rauf dedi. – Mən gedəndə quş hələ orada dayanmışdı.
– Biz bunu görmədik, – Almazov Əsgərovun sualını gözləmədən, təəssüflə cavab verdi. – Görsəydik, deyərdik.
– Burada dalandarların da ifadəsi var, – mızıltılı səslə danışan Əsgərov qovluqdan bir neçə yazılı vərəq çıxardı. – Onlar səhər saat beşdə işə çıxıblar, yəni sizdən on-on beş dəqiqə sonra. Orada quş-filan görməyiblər.
– Mən neynim? – Rauf məyusluğunu gizlətmədi. – Nə bilim, quş hara gedib. Çox yaramaz quşdur, yoldaş Əsgərov. Başa düşə bilmirəm, ona görə niyə belə narahat olursunuz?
– Doğrudan da, çox yaramaz, hətta qeyri-adi quşdur, – Əsgərov razılaşdı. – Gündüz quşu olduğu halda – yəni bu, bayquş və ya yarasa deyil – gecəyarısı qalxır, arxasınca quşxananın qapısını örtüb rəzəsini çəkir, küçəyə aparan yolu tapır və təsadüfən elə bu vaxt açıq qalmış baqaja girməyi qərara alır. Düz deyirəm?
– İstər inanın, istər yox, amma o quşu maşının yanında görəndə özüm də təəccübləndim. O yerlərə yaxşı-yaxşı baxsaq, bəlkə də, izini taparıq.
– Afərin, – Əsgərov kinayəylə başını tərpətdi, – o gecə güclü yağış yağdığını unutmayıb. İndi ki iz istəyirsiniz, buyurun, bu da iz, şəkillərdəki izi görürsünüz? Öz izinizdir, qırx üç ölçülü, – o, saatına baxdı. – Şahidlərə sualınız var?.. Fikirləşin, belə də yazırıq: şahidlərə sualı yoxdur. Sağ olun.
Rauf hərəkətsiz qalıb keyimiş ayağını çətinliklə açıb, yerindən durmaq istəyəndə Əsgərov onu saxladı:
– Siz qalın. Mən şahidləri buraxdım, – o, əlini telefona uzatdı.
– Mən getməliyəm, – Rauf, Əsgərovun zəng eləməsini gözləmədi. – Saat ikiyə müşavirə təyin olunub, mütləq orada olmalıyam.
Əsgərov çarəsiz adamlar kimi qollarını yana açdı:
– Neyləyə bilərəm? Bu işi bu gün qurtarmaq lazımdır. Özünüz görürsünüz, sizə görə bu gün nahar eləməyə getmədim. Yaxşı yadıma saldınız, qoy deyim, bizə çay və buterbrod gətirsinlər.
Əsgərov nə qədər dilə tutsa da, Rauf əlini yeməyə vurmadı. O, çay içə-içə, kolbasalı, pendirli və şprotlu buterbrodları bir-birinin ardınca içəri ötürən Əsgərova qulaq asırdı.
– Özünüzə yazığınız gəlsin, – sonuncu buterbrodu dişinə çəkməyə hazırlaşan Əsgərov dedi.
Əsgərov iri buterbrod piramidasını bir göz qırpımında öz qarnına adlatdı. Vəziyyət bu həddə çatmasaydı, Rauf bütün bunları maraqla seyr edərdi. Müstəntiq yemək yesə də, çox aydın və fasiləsiz danışır, yalnız arabir, nazik dərinin altından qabaran hülqumu enib-qalxarkən susurdu: hülqum çeynənmiş buterbrodu yük lifti kimi aşağı endirir, sonra yüngül, rəvan hərəkətlə öz daimi yerinə qayıdırdı.
Rauf diqqətlə qulaq asır, hər şeyi bütün təfərrüatı ilə xatırlamağa çalışırdı. Bu çox çətin idi, ona görə ki, yaddaşının bir küncündə közərən bu mübhəm zərrəciklərin kiminlə, hansı hadisəylə bağlı olduğunu kəsdirə bilmirdi. Səylərinin heç bir nəticə vermədiyinə baxmayaraq, bu zərrəcikləri bir araya gətirib, ümumi mənzərənin, heç olmasa, bir hissəsini bərpa etməyə çalışırdı.
– Özünüzü məhv etməyin, – Əsgərov təkrarladı. – İfadələrinizlə tanış olanda prokuror, başlıcası isə hakim nə fikirləşəcək? Təsəvvür edirsinizmi? Əvvəlcə hər şeyi inkar etdiniz, gecə zooparkda olduğunuzu belə boynunuza almadınız. Sonra etiraf etdiniz ki, zooparkda olmusunuz, guya xəstə kərgədana kömək eləmək, kolleksiyanız üçün buynuz əldə etmək istəmisiniz. Yeri gəlmişkən, yaxşı kolleksiyadır?
– Pis deyil, – Rauf quru səslə cavab verdi.
– İlk dəfədir buynuz toplayan adama rast gəlirəm, – Əsgərov boşqabdan sonuncu buterbrodu götürdü. – Yadıma düşdü. Siz Xaqani küçəsində yaşayırsınız. Demək olar, qonşuyuq. Mənziliniz böyükdür?
– Üçotaqlı mənzildir.
– Vur-tut üç otaq?
– “Vur-tut” niyə? Normal mənzildir, – Rauf qəmli-qəmli gülümsündü.
– Bəs ailə? Siz, yoldaşınız, iki uşaq. Üstəlik, mebel. Əlli kvadratdır?
– Əlli altı, – Rauf mexaniki olaraq dəqiqləşdirdi.
– Bəs kolleksiyanızı harada saxlayırsınız? – Əsgərov təəccübləndi. – Antilop, kəl, maral buynuzları, yəqin, çox yer tutur? Baxmaq maraqlı olardı. Elə indi gedib baxmaq pis olmazdı.
“Nə qarayaxa adamdır”, – Rauf fikirləşdi və özünü o yerə qoymadan dedi:
– Pis olmazdı, amma mən onu bağ evində saxlayıram.
– Belə də bilirdim. Getdik! Fürsət düşmüşkən, təmiz hava alarıq. Açar üstünüzdə deyilsə, yolüstü sizə dəyərik. İstəmirsiniz?
– Bəs deyirdiniz, vaxtım yoxdur, indi isə, birdən-birə şəhər kənarına getmək istəyirsiniz. Sizi başa düşmürəm.
– Mən də sizi başa düşmürəm, – Əsgərovun qaşları çatıldı, – adətən, sizin kimilər öz kolleksiyasını adamlara göstərmək üçün əldən-ayaqdan gedir, amma siz bunu istəmirsiniz. Bir dostum var, butulka toplayır, onun kolleksiyasında hər cür butulka var. Hərdən gecə vaxtı zəng eləyir: “Tez gəl, sənə bir şey göstərəcəyəm”. O dəqiqə bilirəm ki, hardansa rom, ya da cin tapıb. Amma butulkaları açmır, elə dolu saxlayır… Sizsə, yəqin, utanırsınız? Niyə utanırsınız, kolleksiya bəyəm baxmaq üçün deyil? Xüsusən də buynuz kolleksiyası. Çox maraqlıdır. Gedək?
– Yox, – Rauf dedi. – Doğrusu, mən getməliyəm, işim var. Həm də, necə olmasa da, ailəli adamam.
– Məncə, zarafat edirdiniz. – Əsgərov gülümsədi, – sizin kolleksiyanız yoxdur və heç vaxt olmayıb. Olmayıb, elədir?
– Nə fərqi var? Yəni bu, o qədər vacibdir?
– Əlbəttə ki, vacib deyil, – Əsgərov bildirdi. – Bir dostum da var, heç vaxt kolleksiya-filan toplamayıb. Aldığı kostyumlar belə bir-birindən fərqlənmir – efni fason, eyni rəng. Amma bu heç nəyi dəyişdirmir, yəni o, normal adamdır, yaxşı ailə başçısıdır. Mənə hətta xoşdur ki, sizin heç bir kolleksiyanız yoxdur. Yoxsa bu buynuzların əlindən tərpənmək olmazdı, nə mənzildə, nə də bağ evində… İndi başa düşdüm, o çürük buynuz nəyinizə lazımmış?
– Nəyimə lazımmış? – Rauf təəccübləndi, çünki Əsgərovun bu dərəcədə dərrakəli olduğunu bilmirdi.
– Gözdən pərdə asmaq üçün, – özündənrazı müstəntiq gülməyə başladı. – Doğrudur? Əsl məqsədiniz isə başqaydı. Düz deyirəm? Bütün bunlar quşu oğurlamaq üçün idi, hə?
– Yapışmısınız quşdan, – Rauf barmağını gicgahına qoyub fırlatmaqdan özünü güclə saxladı. – Hansısa quşa görə iki saatdan çoxdur məni burada saxlamısınız. Başa düşmürəm, məndən nə istəyirsiniz?
Cavabında Əsgərov fikirli-fikirli saatına baxıb, əlini telefona sarı uzatdı. Elə bu an telefon özü zəng çaldı.
– Gəldilər? Yanıma gətirin.
Bir dəqiqə, dəqiqə yarım beləcə səssiz oturdu. Qaşlarını çatmış, gözlərini qıymışdı, kənardan baxanda adama elə gəlirdi ki, o iyrənc quş barədə yox, çox ciddi məsələlər haqqında düşünür. Qapı döyülən kimi ayağa qalxdı. İçəri girən qadını qapının önündə qarşılayıb, Raufla üzbəüz yer göstərdi. Bu, zooparkın direktoru idi, Rauf onu o dəqiqə tanıdı.
İndi Rauf ikili hisslər keçirirdi: bir tərəfdən qadının onu tanıya biləcəyindən qorxurdu. Bu halda istər-istəməz yeni xoşagəlməz suallara cavab verməli olacaqdı. Digər tərəfdən isə ümid edirdi ki, direktor lənətə gəlmiş quş haqqında xəbər gətirib; indi deyəcək ki, quş tapılıb və ya zooparkın ərazisində ölüsü aşkarlanıb.
– Nəsə öyrəndiniz? – Aliyə xanım ümidlə Əsgərovdan soruşdu.
– Hələ yox, – Əsgərov cavab verdi, – hələ ki, yalnız quşun itməyində əli olan adamı tapmışıq, – o, başıyla Raufu göstərdi.
– Əli olan? – Aliyə xanım təəccüblə Raufun üzünə dikildi, amma deyəsən, onu tanımadı.
– Boynuma alıram: o quşun zooparkdan qaçmasının günahı məndədir, – Rauf özünü sındırmadı. – Qismən məndədir, – qeyd elədi, – amma onu aparmaq fikrində deyildim. O iyrənc quş nəyimə lazımdır?
– Kivi qaçıb? – Aliyə xanım əllərini bir-birinə vurdu. – Ola bilməz, – qadın Əsgərova tərəf çevrildi: – Çox mehriban quşdur, demək olar, ev quşudur. Son günlər yeşikdən çıxmırdı, onu əllə yemləyirdik.
– Kivi, kivi, – Əsgərov məmnunluqla təkrarladı. – Adını yadıma sala bilmirdim. Bəs son vaxtlar niyə az hərəkət edirdi? Xəstələnmişdi?
– Yox, nə danışırsınız? Kivilər nadir hallarda zooparkda balalayır. Dünyada vur-tut bir neçə belə hal olub. Bizim kivimiz isə, – Aliyə xanım həyəcandan qızardı, – yumurtlamağa hazırlaşırdı. Bu gün-sabah yumurtlayacaqdı. Bütün zooloq alimlər, ümumiyyətlə, elmi ictimaiyyət üçün bu, böyük hadisə olacaqdı.
– Bu qədər nadir quş idisə, – Rauf Əsgərovu başqa səmtə yönəltməyə çalışdı, – niyə onu köhnə zooparkda, boş məkanda qoymuşdunuz? Orada mən belə üşənirdimsə, görün yazıq quş nələr çəkib.
– Bütün quşları, o cümlədən erkək kivini yeni zooparka aparmışıq, – Aliyə xanım üzünü Əsgərova tutub quru səslə cavab verdi. – Bu kivini isə özümüz orada saxlamışdıq, çünki o şəraitə öyrəşmişdi: quşun əsəb sistemi çox həssasdır, yumurta qoyduğu müddətdə müəyyən kənar faktorlar ona mənfi təsir göstərə bilərdi. Deyin görüm, quş sağdır? – direktor nifrətlə Raufun üzünə zilləndi.
– Onun haqqında heç nə bilmirəm, – Rauf dedi. – O gecədən sonra onu görməmişəm.
– Hələ bilmək olmaz, bəlkə də, yadına düşəcək, – Əsgərov nikbin səslə bəyan etdi. – Dostumuz əvvəlcə heç nə xatırlamırdı. Amma bu gün səhər zooparka getdiyini də xatırladı, kərgədan da yadına düşdü.
Aliyə xanım gözlərini bərəldib elə təəccüblə baxırdı ki, Rauf istər-istəməz üzünü yana çevirməli oldu.
– Sağlamdır, sizdən də, məndən də sağlamdır, – Əsgərov onun səssiz sualına cavab verdi. – Düzdür, bu barədə arayış yoxdur, amma məhkəməyə təqdim olunacaq.
“Psixopat sən özünsən”, – Rauf ürəyində onu yamanladı. Görəsən, bir neçə gün əvvəl ilk dəfə görəndə bu qadın niyə ona xoş təsir bağışlamışdı?..
– Deyirsiniz, kivi çox nadir quşdur? – Əsgərov sakitləşmək bilmirdi.
– Çox nadir quşdur, – Aliyə xanım kədərlə başını yellədi. – Yeni Zelandiya kisəli pələngi qədər nadirdir. Yeri gəlmişkən, onlar yerlidir. Bu pələngi tapmaq mümkün deyil, axtarmağa dəyməz.
– Mən pələng-filan görməmişəm, – Rauf özündən çıxdı. Ona elə gəldi ki, indi də onu pələngi oğurlamaqda ittiham edirlər. – Belə çıxır ki, zooparkdan heyvan qaçıbsa, ya da, bağışlayın, gəbəribsə, cavabdeh mənəm?
Əsgərov təəccüblə Aliyə xanma baxdı. Aliyə xanım sözlərinə aydınlıq gətirdi:
– Demək istəyirəm ki, kisəli pələng bir növ kimi yox olub yer üzündən silinib. Daha doğrusu, onun kökünü kəsiblər. Kivi də yox olmaq üzrədir. Bu quş qırmızı kitaba salınıb, onu öldürmək ağır cinayət sayılır, buna görə beş ilə qədər həbs cəzası nəzərdə tutulub.
– Hm, amma biz Yeni Zelandiyada yaşamırıq, – Əsgərov gülümsədi. – Bundan başqa, ölüb-ölmədiyi məlum deyil. – Yeni Zelandiyanın qorxunc qanunları haqqında deyilənlər Raufun ürəyindən olsa da, Əsgərovun qılığagirən səs tonu xoşuna gəlmədi. – Onu çox yaxşı təsvir elədiniz. Amma bir şey qaranlıq qaldı: əgər bu qədər nadir quşdursa, deməli, çox qiymətlidir? Yoxsa, nadir tapılan olsa da, quyruqsuz pişik və ya məsələn, çürümüş kök kimi ucuzdur?
– Onun üçün bir helikopterin qiyməti qədər valyuta ödənilib, – Aliyə xanım dedi.
– Çox qeyri-müəyyən qiymət dediniz, – Əsgərov üzünü turşutdu, sonra Raufa sarı dönüb gülümsündü, sanki ona ürək-dirək vermək istəyirdi. – Müxtəlif helikopterlər var. Mənə itmiş əmlakın dəqiq qiyməti lazımdır. Arayış şəklində.
– Arayış təqdim olunacaq, – Aliyə xanım fikirli-fikirli dedi. – Amma kivi onun nəyinə lazımdı axı?
– Mən də elə onu deyirəm, – Rauf həvəssiz təsdiqlədi.
Əsgərov əlini yellədi:
– On il ərzində bu kabinetdə elə şeylər eşitmişəm ki, istər-istəməz gümanım yüz yerə gedir. Yeri gəlmişkən, quşlar haqqında. İki il bundan qabaq təhqiqat aparırdım. Belə baxanda normal adama oxşayırdı. Bu adam dağətəyi meşə zolağında qu quşlarını ovlayırdı. Onları köç edərkən havada vururdu. Onun bağ evində torpaqdan yüzdən çox qu quşu sür-sümüyü qazıb çıxardıq. Ondan soruşdum: “Ov etmək üçün icazə almısan, vəhşi ördək, qaz vura bilərsən; qu quşlarını vurmaq nəyinə lazımdır, axı cinayət törədirsən?” Bilirsiniz, mənə nə cavab verdi, – Əsgərov dodaqlarını yaladı, sanki oğlanın cavabını xatırlamaq ona ləzzət verirdi. – Dedi ki, qu quşu əti dadlıdır, amma qaz ətindən ləzzətli deyil, sadəcə hər dəfə qu əti yeyəndə bilirəm ki, məndən başqa heç kəs pul-para müqabilində belə bu ətdən dada bilmir. Əvvəllər qu ətini şahlar yeyərmiş… Aliyə xanım, nə oldu sizə? – Əsgərov narahatlıqa soruşdu. Rəngi avazımış qadının gözlərindən yaş süzülürdü.
“Quşa görə özünü öldürürsə, yaxınlarından birinin bəd xəbərini eşitsə, görəsən, neyləyər, – Rauf təsəvvürünə gətirmək istədi, – indi görürsən, yoldaş Əsgərov, kimdir psixopat?”
– Doğrudan kivini yeyib? – Aliyə xanım hıçqırdı.
Bu cür cəfəng iddiaya əhəmiyyət vermək istəməyən Rauf əvvəlcə xəfifcə gülümsündü, amma Əsgərov baxışlarıyla cavab gözlədiyini bildirəndən sonra təklif etdi ki, qoy kimsə hər hansı bəhanəylə arvadına zəng eləsin, arvadı deyəcək ki, o, ümumiyyətlə, quş əti yemir. İstər ev quşu olsun, istərsə də çöl…
– Belə də yazaq, – Əsgərov gümrah səslə dedi. – Deməli, ümid etmək olar ki, quş sağ-salamatdır.
– Bilirsiniz, indi nə barədə düşünürəm? – Aliyə xanım çıxıb gedəndən sonra Rauf soruşdu.
– Əlbəttə, – Əsgərov fikirləşmədən yaza-yaza dedi, – ya mənim haqqımda, ya da quş barədə. Elədir?
– Demək olar, – Rauf dedi. – Siz, mən özüm və gələcək barədə düşünürəm. Quş isə vecimə də deyil. Məni başa düşürsünüz?
Əsgərov başını qaldırıb Raufun üzünə zilləndi:
– Hələlik hər şey aydındır.
– Burada bir şeyi başa düşdüm: işlərin kökündə Aliyə xanım dayanır. Məni düzgün başa düşün, sizə rəğbətim var, amma o, bədbəxt qadındır, yəqin, nə əri var, nə uşaqları, odur ki, bir yoluq quşa görə aləmi qatıb bir-birinə. Arxasınca danışmaq istəmirəm, amma burada kənar adam yoxdur. Qadın da insandır, amma o, bağışlayın məni, inək, ya da pələng iyi verir.
– O ailəlidir, – Əsgərov düzəliş verdi. Amma sanki bunu elə-belə, Raufun fikrini təkzib etmək üçün yox, sadəcə formal arayış vermək məqsədilə dedi. – Ondan ətir qoxusu gəlir. Məncə, bahalı ətirdir.
– Amma yenə də isteriyalıdr, – Rauf bəyan etdi. – Görürdünüz özünü necə aparırdı? Bunu niyə deyirəm? Gəlin birlikdə araşdıraq. Quş itib, düzdür?
– Hə, – Əsgərov təsdiqlədi, – sizin ucbatnızdan xarici ölkədən gətirilmiş quş – kivi yoxa çıxıb. Söhbət çox bahalı quşdan gedir.
– İnkar etmirəm, mənim ucbatımdan yoxa çıxıb, – Rauf onun sözünü havada tutdu. Əsgərovun son sözləri onun doğru yolda olduğunu təsdiqləyirdi. – Elə isə, gəlin vəziyyəti düzəltməyə çalışaq. Məni mühakimə etsələr, məgər quş tapılacaq? Bu dövlətdə kim nə qazanacaq axı? Ağıllı adamsınız, mən dərdə düşsəm, başıma iş gəlsə, sizə xoş olacaq? Elədirsə, işi bağlayın, verin məhkəməyə. Sadəcə maraqlıdır, bütün bunlar o zavallı qadından başqa kimə lazımdır?
– Nə təklif edirsiniz? – Əsgərov soruşdu. Deyəsən, Rauf onu maraqlandıra bilmişdi, gözlərindən müstəntiqin yavaş-yavaş canlandığını hiss etdi.
“Nə” yox, “nə qədər”, – o, xəyalən Əsgərovun sözlərinə düzəliş verdi və vəziyyətə uyğun olaraq ehtiyatlı, diqqətli baxışlarla ətrafa göz gəzdirdi.
Sözsüz, müstəntiqin kabineti söhbət üçün o qədər də uyğun məkan deyildi, amma Rauf çalışdığı spirtli içkilər idarəsində əsas tərəfdaşlarla ilk, ilk olduğu üçün də riskli əlaqələr qurmaq üzrə böyük mütəxəssis sayılırdı. İndi hiss edirdi ki, Əsgərov başa düşən adamdır, onunla açıq danışmaq olar; o, faydasız demaqoq çıxışlarla işgüzar adamın qanını qaraltmaq istəməz.
– Ən yaxşı, ən sadə yol budur, – Rauf gümrah səslə sözə başladı, amma nə qədər özünü tox tutmağa çalışsa da, həlledici anda həyəcanlandı, – siz işi bağlayırsınız, mənsə quşun qiymətini ödəyirəm, bütünlüklə – iki min manat.
– Axı hələ onun qiymətini bizə deməyiblər, – Əsgərov gülə-gülə etiraz etdi. – Bu rəqəm hardandır – iki min manat?
Rauf simic adam deyildi. Çoxdandır ki, pul azlığından əziyyət çəkmirdi. Pulu sağa-sola xərcləyirdi, ona görə ki, pul onun gözündə maddi dəyərlərin və insan əməyinin simvolu yox, sadəcə faydalı bir icad idi. Amma Əsgərovun sualı xoşuna gəlmədi.
“Ya qiyməti qaldırır, ya da çəkinir, özünü axmaqlığa vurur”, – Rauf dilxor oldu.
– Onu görsəydiniz, – o köks ötürdü, – iki manat da verməzdiniz. Arayışı kim verir? Direktor. Öz əlindədir də, yazacaq ki, bu quş linkordan beş manat bahadır. Gördünüz də, ağzına gələni danışırdı. Düzü, iki min manatı şəxsən sizə hörmət əlaməti olaraq verirəm. Götürün, ürəyiniz istəyən kimi xərcləyin.
“Öncə dişlərinin metal qapaqlarını qızıldan düzəltdirərsən”, – Rauf ürəyində dedi.
– Başqa sözlə, mənə iki min manat vermək istəyirsiniz? Necə deyərlər, peşkəş edirsiniz?
– Dərinə getməyə ehtiyac yoxdur, – Rauf deyindi. – Götürün, məsələni bitirək.
– Siz üzüm məhsullarının satışı üzrə 8№-li idarədə işləyirsiniz? – Əsgərov qovluğu açdı.
– Hə, – Rauf onun nə demək istədiyini dərhal başa düşdü. Bu, onun xoşuna gəlmədi, çünki gözüdoymaz adamlardan zəhləsi gedirdi.
– Sizin ucbatınızdan itən quşa görə üç min də verə bilərdiniz. Elə deyil? Dörd min də verərdiniz. Özü də heç bir əziyyət çəkmədən. Düzdür?
– Bu iş üçün əziyyət çəkməyə dəyməz, – Rauf gülümsündü. – Yaxşı, iki min yarım olsun. Amma bir şərtlə, bu işdə mənim adım hallanmamalıdır. Oldu?
Əsgərov maraqla onun üzünə dikildi.
– Vəzifə borcunu yerinə yetirərkən səlahiyyətli şəxsə rüşvət verməyin cəzası nədir, bilirsiniz? – o, sərt səslə soruşdu.
– Düz eləmirsiniz, – Rauf ona irad tutdu. Oxu daşa dəysə də, özünü o yerə qoymadı. – Əyri oturaq, düz danışaq, sizi heç kəs məcbur etmir, istəmirsinizsə, götürməyin, azdırsa, – o, son sözü xüsusilə vurğuladı, – deyin… Nəzərə alın ki, dəvədən böyük fil var, həm də məni qorxutmaq lazım deyil, qorxaq adam deyiləm.
– Sizi qorxutmaq fikrində deyiləm, – Əsgərov çiyinlərini çəkdi. – Sadəcə xəbərdar etmək istəyirəm ki, bu, ağır cinayət sayılır, buna görə səkkiz ildən on beş ilə qədər həbs cəzası nəzərdə tutulub.
– Belə şeylər nadir hallarda baş verir, – Rauf qımışdı. – Rüşvət məsələsi VVAQ-da nikah bağlamaq kimi bir şeydir: şahidlər yoxdursa, nikah bağlanmış sayılmır. Şahid isə, gördüyünüz kimi, yoxdur.
Əsgərov heç nə demədi, yerindən tərpənmədən əlini uzadıb görünməyən düyməni basdı. Təəccübdən quruyub qalmış Rauf maqnitofona yazılmış səsini eşitdi: o, açıq-aydın Əsgərova öz həyat şəraitini yaxşılaşdırmağı təklif edirdi.
– Bu da şahid, – Əsgərov maqnitofonu söndürdü. – Amma bu bizə lazım olmayacaq, çünki buna görə sizə qarşı ittiham irəli sürmək niyyətində deyiləm.
Rauf matdım-matdım onun üzünə baxır, sanki deməyə söz tapmırdı.
– Elə isə, bütün bunlar nəyə lazım idi? – o, kəkələyə-kəkələyə soruşdu, baxmayaraq ki hansı cavabı eşidəcəyini təxmin etmişdi.
– Bir dostum var. Uşaqlıq dostumdur. Çox bacarıqlı, gözəl mühəndisdir. Doğrudur, bəzi qəribəlikləri var: ağıllı adamdır, di gəl mənasız “Neftçi” komandasına azarkeşlik edir. İyirmi beş ildir, bu komandanın azarkeşidir. Bilirsiniz neyləyib? Komandanın bütün səs-küylü qələbələrini – onları isə barmaqla saymaq olar – maqnitofona yazıb, vaxtaşırı oturub qulaq asır. İyirmi il əvvəl Məmmədovun “Torpedo”ya vurduğu qoldan və ya o vaxtkı tərkibdə “Neftçi”nin “Ararat” üzərində parlaq qələbəsindən həzz alır. Axır ki, mən də onun təsirinə düşdüm. Mənə rüşvət təklif olunan lent yazılarından kolleksiya toplayıram. Pensiyaya çıxandan sonra oturub qulaq asacağam, fikirləşəcəyəm ki, gör nə qədər varlı adam ola bilərdim, – onun ağzı qulağının dibinə getdi, parıldayan metal dişləri göründü. – Nə isə, buna görə sizə cinayət işi açmayacağam. Bilirəm, düz eləmirəm, necə deyərlər, vəzifə borcunu yerinə yetirmirəm. Amma bu, hər dəfə təkrarlanır. Rüşvət məsələləri ilə məşğul olsam, gərək bütün istintaq işlərini, ən vacib, ən maraqlı məsələləri bir kənara qoyam.
– Bağışlayın, – Rauf həm işin xeyri üçün, həm də sadəcə nəsə demək xətrinə, özünü peşman olmuş adam kimi göstərməyə qərar verdi, – gərək sizə belə şeylər təklif etməyəydim. Nahaq yerə sizi narahat elədim.
–Niyə nahaq yerə? – Əsgərov razılaşmadı. – Sizin təklifiniz dolayısıyla da olsa, cinayət törətdiyinizi və bunu boynunuza aldığınızı sübut edir.
– Yaxşı, – Rauf ayağa qalxdı. – Dostlarımla məsləhətləşərəm, onların arasında hüquqşünas da var! Bəlkə, çıxış yolu tapıldı. Hələlik.
– Hüquqşünası kamerada öz yanınıza çağıra bilərsiniz. Müəyyən günlərdə və saatlarda, – Əsgərov ayaq üstə dayanıb, əllərini stola dayamışdı, istehzayla gülümsünürdü. – Törətdiyiniz əməlin ciddiyyətini hələ də başa düşməmisiniz? Heyif!
Rauf ona cavab vermək istədi, amma susdu. Ona görə yox ki, fikrini dəyişmişdi və ya danışmağa sözü yox idi – sadəcə birdən-birə, qısa müddətdə harada olduğunu, söhbətin nədən getdiyini unutdu. O, dayanıb Əsgərova baxır, ondan gözünü çəkə bilmirdi. Zəng səsinə içəri gələn milisionerə müstəntiqin dediklərindən heç nə başa düşmədi, evə zəng vurmaq təklif olunanda da bir müddət key kimi onların üzünə baxdı: heç cür kəsdirə bilmirdi ki, ondan nə istəyirlər. Məhz elə bu vaxt uzun çək-çevirdən, əzablı-ağrılı cəhdlərdən sonra xatırladı, qorxu bütün vücudunu sardı, canına vəlvələ düşdü. Milisionerin müşayiəti ilə uzun dəhlizdə addımlayarkən bu günlərdə gördüyü qorxunc yuxunu bütün xırdalıqları ilə yadına saldı: yuxuda gördüyü heybətli balığın alışıb-yanan gözləri, dəmir dişləri və pulcuqlarına baxanda adam dəhşətə gəlirdi; başlıcası isə, o qorxunc məxluqun üzü Əsgərovun sifətinin eyni idi…
İki həftə sonra məhkəmə oldu. Əvvəlcə hər şey yaxşı gedirdi. Məhkəmə üzvləri Raufa qərəzsiz yanaşır, iclasçılar maraqla baxırdılar. Hətta bəzən Raufa elə gəlirdi ki, iclasçıların ona ürəyi yanır. Mülayim təsir bağışlayan gonbul, dazbaş hakim də onlardan geri qalmırdı. Şahidlər və yeganə zərərdidə – zoopark direktoru ifadə verərkən hakim gülməkdən özünü güclə saxlayırdı; bir dəfə müttəhim, yəni Rauf prokurorun tələbi ilə acıqlı quşun hücumunu təsvir eləyəndə isə hakim bərkdən pıqqıldadı, sonra özünü ələ alıb yersiz gülüşünü öskürəklə pərdələməyə çalışdı, ardınca məhkəmə zalında oturanlardan sakit olmağı tələb etdi.
Fasiləyə çıxarkən Rauf çalışırdı zala baxmasın: bilirdi ki, Xalidə oradadır. O, məhkəmə iclaslarına Kamillə gəlirdi. Arifin məsləhəti ilə ailənin digər üzvlərinə demişdilər ki, Rauf gözlənilmədən ezamiyyətə gedib.
Raufu gətirdikləri otaq sərin idi, buna baxmayaraq, qarşısında oturan Arif elə hey tərini silirdi. Nahar eləmədilər. Arif dəhlizə çıxdı, tanış praktikantı saxlayıb, ondan bir neçə şüşə su almağı xahiş etdi.
O, demək olar, Raufla danışmırdı. Elə ilk görüşdəcə küsüşmüşdülər. Ailənin istəyi və müttəhimin razılığı ilə müdafiə işi Arifə həvalə olunmuşdu və o, işi diqqətlə öyrəndikdən sonra onunla təkbətək görüşə gəlmişdi. Rauf onun gəlişinə sevindi, dar gündə ona dəstək olduğuna görə minnətdarlıq elədi və gecə vaxtı zopparkda başına gələnləri danışdı. Onunla üzbəüz oturmuş Arif elə diqqətlə qulaq asırdı, elə bil onun haqqında heç nə bilmir. Bütün bu həngamədən sonra isə o, Raufdan xahiş etdi ki, açıq danışsın, quşu nə üçün oğurladığını desin.
– Zooparka nə üçün getdiyimi dedim axı, – Rauf təmkinli olmağa çalışdı, – amma yenə də bu sualı mənə verirsən.
– İttihamın əsas maddəsi budur, səndən başqa nə soruşum? – Arif dediyindən dönmədi.
– Əsgərova yoruldum deməkdən ki, quşdan xəbərim yoxdur. Sən Əsgərov deyilsən axı! – Rauf dedi. Sərt baxışlarından Arifin çənəsi titrəməyə başladı. – Mənə inanırsan, yoxsa yox?
– Yaxşı, – Arif dostunun üzünə baxmamağa çalışdı. – Tutaq ki, quşu oğurlamamısan, özü qaçıb, baxmayaraq ki məhkəmədə heç kimi buna inandırmaq mümkün olmayacaq… Heç olmasa, izah elə görüm, biz yaşda mötəbər şəxsin… – o, qarşısındakı kağızlara göz gəzdirdi. – Harada yazılıb? “…Gecə vaxtı gizlicə olaraq hasarın uçulmuş yerindən Bakı dövlət zooparkının ərazisinə daxil olmaq” sənin nəyinə lazımdı? Oraya nə məqsədlə gedib? Özü də, birincisi, cinayət törədilən gecə bu adam, öz ifadəsinə və digər dəlillərə əsasən, sərxoş olmayıb, ikincisi də, işə əlavə olunmuş tibbi arayışdan məlum olur ki, psixi pozuntusu yoxdur… Tutalım, bütün bunları buynuza görə eləmisən. Elə isə, danış görüm, buynuzu neynədin və o sənin nəyinə lazımdır?
– Elə fikirləşmə ki, sənə etibar etmirəm, – Rauf qaşqabağını salladı, – sadəcə olaraq, bunun mənası yoxdur. Sənə onda da, indi də həqiqəti demişəm, buynuz mənə lazım idi!
– Məhkəmədə ilk sualları bu olacaq: buynuz nəyinə lazım idi? Bundan boyun qaçıra bilməyəcəksən, cavab verməli olacaqsan!
– Bunu desəm, nə əldə edəcəyəm axı?.. Səhvin bundadır ki, – Rauf başını yellədi, – son vaxtlar özünü məndən ağıllı saymağa başlamısan. Səndən soruşuram, nə əldə edəcəyəm? Sənə qulaq assam, bilirsən, nə olacaq?.. Dərhal buynuzu geri qaytarmağımı tələb edəcəklər. Bu isə, indiki vəziyyətdə, – o, əliylə həbsxana qapısını göstərdi, – heç nəyi dəyişdirmir, əksinə, məni pis vəziyyətə salır. Onsuz da, quşun itməyini mənim ayağıma yazacaqlar.
– Bəs onda neyləyək? – üz-gözündən çaşqınlıq yağan Arif kağızları stolun üstündən toplamağa başladı. – Müdafiəni nəyin əsasında quraq?
– Fikirləş, – Rauf məsləhət gördü. – Vəkil deyilsən?
– Yaxşısı budur, nə qədər ki gec deyil, bu işdən imtina edim, – Arif bütün cəsarətini toplayıb, nəfəsi tutula-tutula dedi. – Məhkəmədə rüsvay olmaq istəmirəm.
– Afərin, – Rauf onu alqışladı. – Axır ki, alicənablıqdan, mərdlikdən danışmağın daşını atıb, iç üzünü göstərdin. Sən haqlısan. Raufun işləri pisdir, niyə də istifadə etməyəsən! – Rauf yerindən qalxmadan, başını tərpədib onunla vidalaşdı. O, qətiyyən şübhə etmirdi ki, Arif qayıdacaq. Elə də oldu.
Arif ertəsi gün gəldi. O vaxtdan etibarən hər gün gəlib ona baş çəkirdi. Amma Rauf bu gəliş-gedişin nəsə bir faydası olacağına inanmırdı. İstintaq başa çatan kimi hüqüq məsləhətçisi Qorxmaz Gürcüyev onun görüşünə gəldi. Qorxmaz Gürcüyev uzun illər Raufun çalışdığı müəssisənin ayrı-ayrı işçilərinin fəaliyyəti ilə respublika qanunvericiliyi arasında vaxtaşırı baş verən anlaşılmazlıqları və ixtilafları uğurla yoluna qoyurdu. Adəti üzrə dəqiqəbaşı ətrafa boylanan Qorxmaz Raufa dedi ki, narahat olmasın, ona güvənsin. Qorxmaz hakimi o qədər də yaxşı tanımırdı, amma söz verdi ki, onu hansı yollasa ələ alacaq. Rauf ona inanırdı, şübhə etmirdi ki, hər şeyi dediyi kimi edəcək. Amma yenə də işini bərk tutmaq və Qorxmazı həvəsləndirmək üçün ona dedi ki, pul-para sarıdan korluq çəkməyəcək, bütün xərcləri ödənəcək. Tezliklə Qorxmazdan xəbərlər gəldi, amma onlardan heç biri könülaçan deyildi. Rauf bilirdi ki, Qorxmazın yaxşı əlaqələri var, ona görə bilmirdi nə fikirləşsin: hər dəfə pis xəbər alanda qanı qaralır, amma daha çox təəccüblənirdi.
Sonuncu dəfə, məhkəmə iclasından bir gün əvvəl Qorxmaz gəlib etiraf etdi ki, əlindən heç nə gəlmir. Hiss olunurdu ki, çaş-baş qalıb, oxu daşa dəymiş adamlar kimi elə hey köks ötürür, əvvəlkindən daha çox ətrafına boylanır və artıq Raufu sakitləşdirməyə çalışmırdı. O, sınıxmış, üzünü tük basmışdı, Raufla üzbəüz oturub nüfuzlu, etibarlı adamların bütün cəhdlərinin nəticəsiz qaldığını söylədi. Dedi ki, Raufun taleyini yüngülləşdirmək, necə deyərlər, təsadüfən yolunu azmış adamı normal əmək həyatına qaytarmaq, heç olmasa, məhkəmə hökmünə cəmi bir neçə söz əlavə etməklə, şərti cəzanın verilməsinə nail olmaq üçün dəridən-qabıqdan çıxsalar da, hakimin ürəyini ələ ala bilməyiblər.
Rauf yaxşı bilirdi ki, bütün bunlar Əsgərovun əməlləridir, ona görə Qorxmaz hakimin qorxaq davranışını məhkəmə prosesinin doğurduğu rezonansla izah etmək istəyəndə acı-acı güldü, amma mübahisə etmədi.
Yekun iclas prokurorun çıxışı ilə başladı. Rauf fasilədən dərhal sonra prokurora söz verilməsini yaxşı əlamət kimi qiymətləndirdi. O bilirdi ki, nahar etdikdən sonra insanların çoxunun kefi kökəlir, istər-istəməz ətrafdakılara yaxşılıq etmək istəyirlər. Lakin daha çox idmançıya oxşayan prokuror, dəbli kostyum geymiş iyirmi yeddi yaşlı cavan oğlan Raufun ümidlərini nəinki doğrultmadı, əksinə, bütün əhvalını pozdu.
Əslində, yaxşı başlamışdı: gülə-gülə dedi ki, hələ məktəb illərindən Arif Göyçaylı kimi təcrübəli və istedadlı vəkilin bacarığına və qabiliyyətinə heyran imiş; əgər bugünkü çıxışı olmasaydı, təqsirləndirilən şəxsin hərəkətini adi şuluqluq kimi təqdim etməyə çalışmasaydı, yenə də ona pərəstiş edərdi. Axı yaşlı-başlı kişinin silahlanaraq gecə vaxtı dövlət müəssisəsinin ərazisinə soxulması, qapını sındırması, əxlaq normalarının tapdanması amili cəmiyyət üçün xüsusi təhlükə doğurur.
Prokuror dedi ki, onun fikrincə, müttəhim öz tamahkar niyyətinə çatmaq üçün hər şeyi gözə alan, heç bir mənəvi maneə tanımayan cinayətkar tipinə aiddir. Cavan mənsəbpərəstlərin düşüncə tərzinə yaxşı bələd olan Rauf başa düşdü ki, onu zooparka dəyən zərər-filan maraqlandırmır. Onun yeganə məqsədi Raufun düşdüyü vəziyyətdən istifadə edib, ətrafdakılara özünü göstərməkdir. Bu, istənilən halda Raufun işini yüngülləşdirmirdi. Arvadının və kənar adamların yanında özü haqqında bu cür təhqiramiz, alçaldıcı sözlər eşitmək heç də xoş deyildi. Çıxış əsnasında prokuror katibdən xahiş etdi ki, quşun şəklini zalda əyləşənlərə göstərsin. Bildirdi ki, bu nadir quşun oğurlanması hadisəsi böyük alim qrupunun əməyinin puç olması deməkdir və bunun hansı nəticələr doğuracağını indidən demək çətindir.
Rauf haqqında bu tərzdə yarım saat da danışdıqdan sonra prokuror məhkəməyə müraciət edərək, cinayət məcəlləsinin iki maddəsi üzrə hökm çıxarıb, onu beş il müddətində azadlıqdan məhrum etməyi təklif etdi.
Buraya qədər məhkəmədə çıxış etməyi Rauf ağlına da gətirmirdi, amma prokurorun çıxışını dinləyib cin atına mindi, özündən çıxdı və hakim ondan, məhkəmə son iclasına başlamamış söz demək istəyib-istəmədiyini soruşanda istər-istəməz başıyla “hə” işarəsi verdi. Rauf ayağa qalxdı, amma o dəqiqə sözə başlamadı, prokurorun çıxışa doğru addımladığını görüb özünü itirdi.
Sonra bütün iradəsini topladı, birdən-birə oyanıb öncə kraterdə toplanmış zir-zibili, yalnız bundan sonra hər şeyi yandırıb külə döndərən lavanı havaya püskürən vulkan sayağı hərəkətə gəldi və indiyəcən dil açmağa qoymayan həyəcanını yenib köks ötürdü.
– Baxın! Bir ona baxın! – səsi özünə qəribə gəldi, ona elə gəldi ki, çox hündürdən danışır. Sonradan məlum oldu ki, doğrudan da, ucadan danışırmış. Bunu Xalidə də təsdiqlədi. Əvvəlcə Xalidə elə bilib ki, o, mikrofonla danışır. – O, çıxıb gedir! Məhkəmə necə yekunlaşacaq, beş il həbs cəzası istədiyi insanın axırı nə olacaq, belə şeylər ona maraqlı deyil!
Hamı dönüb prokurora baxdı. Qıpqırmızı olmuş prokuror ayaq saxlayıb, hakimin üzünə zilləndi, amma hakim ona məhəl qoymadan müttəhimə baxırdı, görsün nə deyəcək. Prokurorun öz yerinə qayıtması cəmi on-on iki saniyə çəkdi. Onun qayıdışını məmnuniyyətlə izlədiyi üçün Raufa elə gəldi ki, bütün bunlar bir göz qırpımında baş verdi.
– Möhtərəm yoldaş prokuror, yəqin ki, beş ilin nə demək olduğunu bilmir. İnsanlar beş il müddətində təhsilini başa vurur, beş il ərzində su kəməri çəkilir, müharibə belə dörd il çəkib. Möhtərəm yoldaş prokuror isə adama beş il həbs cəzası tələb edir. Nəyə görə? – Rauf zala göz gəzdirib əmin oldu ki, onu diqqətlə dinləyirlər. – Soruşuram, nəyə görə? Şəkildən də görürsünüz ki, bu nə qartaldır, nə də tovuzquşu, çox iyrənc quşdur. Amma bu quş üçün böyük pullar ödənib, özü də valyutayla. Bir qotur quş üçün dövlət vəsaitini havaya sovurmaq məgər cinayət deyil. Nəzərə alın ki, onun yemini də xaricdən gətirirlər, onu da valyutayla alırlar. Möhtərəm yoldaş prokuror dedi ki, mən onu yemişəm! Yalandır, böhtandır! Bəyəm bizdə aclıqdır ki, mənim kimi adam nə gəldi yesin? Yaxşı, tutalım, o quşu yemişəm, buna görə beş il həbsdə yatmalıyam?.. Təəccüb edirəm ki, bu cür cavan adamı prokuror təyin ediblər. O, hələ heç nə görməyib, həyatı bilmir. Onun yaşıdları BAM tikir, nə bilim, elektrostansiya işə salır, bu isə institutu bitirər-bitirməz düz şəhərin mərkəzində işə düzəlib ki, günahsız adamları ittiham eləsin. Yoxlamaq lazımdır, necə işə düzəlib, kim onu işə düzəldib! – Rauf sonuncu sözləri yavaş-yavaş, xüsusi vurğuyla dediyi üçün çox sərt səsləndi. – Bundan başqa, siyasi cəhətdən hazırlıqlı olmaq, qəzet oxumaq lazımdır. Gəlin fikirləşək, bütün bunlardan xeyir götürən kimdir? Mən oğurluqda ittiham olunandan sonra bu quş barədə çox şey öyrəndim. Bu quşun adı kividir, Yeni Zelandiyada yaşayır. Yeni Zelandiyada onların əlindən tərpənmək olmur, bizdə nə qədər pişik varsa, orada o qədər bu quşdan var. İnsanlara göz verib, işıq vermirlər, gecələr evlərə soxulub yemək çırpışdırırlar. – Rauf məhkəmə üzvlərinə baxdı. – Belə bir quş üçün adama beş il iş kəsildiyini eşidəndə, sizcə, onlar bizim haqqımızda nə fikirləşəcəklər?! Sizcə, bu, doğru hərəkətdir?
Sözləri axtarıb-tapmaq lazım gəlmirdi. O, sərbəst danışır, bu zaman hiss edirdi ki, dediyi hər söz insanların şüuruna, düşüncəsinə nüfuz edir, hamı bir nəfər kimi onu dinləyir və o danışdıqca dinləməyə davam edəcək. Bu, tamamilə yeni hiss idi, haradasa uşaq yuxularındakı uçuşun həyəcanını xatırladırdı.
Sözünü qurtarıb yerinə əyləşdi. Fikirləşirdi ki, indicə hakim və ya prokuror sərt çıxışına görə ona irad bildirəcək, amma heç kəsdən səs çıxmadı. Zala sükut çökdü. Hakim yavaş səslə iclasçılardan nəsə soruşdu, sonra Raufa tərəf döndü:
– Özünüzü günahkar hesab edirsiniz?
Bu o qədər gözlənilməz sual idi ki, Rauf karıxdı, yeganə düzgün cavab verənə qədər xeyli vaxt keçdi. Üstəlik, bu sual onun indiki təlaşlı, həyəcanlı əhval-ruhiyyəsi ilə heç uyuşmurdu.
– Belə baxanda, hə, günahkaram, amma yaxşı-yaxşı fikirləşəndə, əlbəttə ki, heç bir günahım yoxdur, – o, ucadan, qətiyyətli səslə bəyan etdi. Hakimin ağır göz qapaqları yumulub-açıldı, o, gözlərini qıyaraq, başını tərpətdi. Bunu onun hər şeyi düzgün başa düşdüyünün əlaməti kimi qəbul etmək olardı.
Məhkəmə heyəti hökm çıxarmaq üçün toplantı keçirərkən Rauf həyəcanını güclə boğurdu. Raufa elə gəlirdi ki, zalda oturanların çoxu ona ürəyi yanan, xeyirxah insanlardır. Haradansa peyda olmuş ofisiant Sabirin davranışı bu hissi daha da gücləndirdi. Sabir müttəhimlər kürsüsünə yaxınlaşdı, mühafizəçi onu itələyib uzaqlaşdırana qədər macal tapıb Raufun əlini sıxdı, dedi ki, bu çıxışdan sonra onun necə gözəl, ürəkli adam olduğuna bir daha əmin olub.
Bütün bunlar bir yana, əlbəttə, Rauf ağlına da gətirmirdi ki, Allah bilir, nə şəkildəsə üzə çıxmış natiqlik istedadı məhkəməni ona bəraət verməyə sövq eləyə bilər. Bununla belə, bütün varlığını sarmış eyforiya hissi keçib-getmir, əksinə, daha da güclənirdi. Xüsusən də altdan-altdan arvadına baxıb onun üzündəki kədərli heyranlıq ifadəsini görəndə. İstər-istəməz özünü saxlaya bilməyib Arifdən soruşdu ki, çıxışı hakimə təsir eləyə bilərmi? Rauf onun cavabından iki variantlı bir qənaət hasil elədi, belə ki, Arifə haqq qazandıra biləcək heç bir kənar mülahizəyə yer qalmadı: onun fikrincə, Arif ya onun paxıllığını çəkirdi, ya da vəkil kimi heç bir işə yaramırdı. Əlavə olaraq, fikirləşdi ki, vaxtilə Ariflə birgə hüquqşünaslıq fakültəsini bitirməməklə düz iş görməyib.
Hakimlər zala daxil oldu, hamı ayağa qalxdı. Hakim və iclasçılar öz yerinə əyləşən kimi haradansa prokuror da peyda oldu. Prokurorun pərişan görkəmindən hiss olunurdu ki, inadını yeridə bilməyib. Hökm elan olunanda məlum oldu ki, bu, doğrudan da, belədir: Raufa iki il həbs cəzası verdilər və iki yüz manat cərimə kəsdilər.
İlk günlər çox ağır keçdi, amma yeni həyat tərzinə üzü öyrəşəndən sonra çox şeylərə başqa gözlə baxmağa, hətta bəzi mətləbləri Tanrının lütfü kimi qəbul etməyə başladı. Məsələn, bəxti gətirdi – onu respublika ərazisindəki həbsxanalardan birinə göndərdilər; yeni gələn məhbusların arasında yaşı, xarici görünüşü və aqronom təhsili ilə türmə administrasiyasının bütün tələblərinə cavab verdiyi üçün həbsxana ərazisindəki oranjereyalı parkın baş bağbanının köməkçisi təyin olundu. Bu isə o demək idi ki, yenə bəxti üzünə gülüb. Ağır iş deyildi, havalar xoş keçəndə parkda işləməkdən həzz alır, ətrafı və özü haqqında dərin düşüncələrə dalırdı.
Ariflə iki ay sonra görüşdü. Vəkili çox hirsliydi və bunu gizlətməyə çalışmırdı.
Əvvəlcə onun davranışı Raufun xoşuna gəlmədi, amma sonacan qulaq asandan sonra bu qənaətə gəldi ki, müəyyən məsələlərdə Arif haqlıdır. Arif, doğrudan da, pis xəbərlər gətirmişdi. Məlum oldu ki, Raufa yeni cinayət işi açıblar – bu dəfə qəbirləri təhqir etdiyinə görə. İttihamçılar – mərhum Məmmədzadə Şeyda Qəzənfər oğlunun yaxın qohumları iddia edirdilər ki, Rauf və onun cinayət ortağı Sabir bir ətək pul töküb, xüsusi adamlar tutublar və onların əliylə öz çirkin niyyətlərini həyata keçiriblər. Belə ki, onların tapşırığı ilə həmin adamlar, tiyə və boyadan istifadə etməklə, qəbir daşının üzərinə yalan, böhtan xarakterli yazı yazmışlar; yazıda iddia olunur ki, Pirşağıda və onun hüdudlarından kənarda kişilik məziyyətləri ilə tanınan Şeyda Qəzənfər oğlu Məmmədzadə sağlığında qadın olub. Bu azmış kimi, guya o, məşhur balıqçı Qəzənfər kişinin yox, hansısa naməlum Bəylərin övladıdır. Beləliklə, çoxsaylı qohum-əqrəbası ilə birlikdə Şeyda Qəzənfər oğlunun rəhmətlik anasının adı da ləkələnir, şərəf və ləyaqəti təhqir olunur. Halbuki onun anası Almaz xanım son dərəcə abırlı, ismətli qadın olub.
– Sənə nə olub? – Arif təəccüblə dedi. – Bu nə üçün idi?
– Məgər Şeyda kişi adıdır? – Rauf tamamilə karıxmışdı. – Bu adda iki-üç qadın tanıyıram. Bu, qadın adıdır!
– Adi şeyləri bilmirsən. İzzət, Şövkət, Şeyda – bunlar həm kişi, həm də qadın adlarıdır, bunu bilməyən yoxdur, – Arif birdən-birə dostunun üzünə dikildi. – Yad adamın qəbrini bərpa etmək hardan ağlına gəldi?
– Belə lazım idi, – Rauf könülsüz cavab verdi. – Sonra danışaram.
– Sonra, yəni nə vaxt?
– Bir il doqquz aydan sonra, – Rauf dedi. – Burdan çıxandan sonra hər şeyi izah edərəm. Məni başa düşəcəksən.
– Kim bilir, burdan nə vaxt çıxacaqsan? – Arif mızıldandı. – Məhkumluğunu nəzərə alsaq, ikinci cinayət işinin nəylə nəticələnəcəyini indidən söyləmək çətindir.
– Kömək eləyə bilərsən, ya yox? – Rauf sönük səslə soruşdu. Arif hiss etdi ki, dostu tamamilə ruhdan düşüb.
– Deyəsən, nəsə alınır. Tanış pirşağılılardan xahiş etmişəm, mərhumun qohumlarını yola gətirsinlər. Onlar əvvəlcə ərizəni geri götürmək barədə heç nə eşitmək istəmirdilər, üstümə hücum çəkir, mənə hədə-qorxu gəlirdilər, amma indi bir az yumşalıblar. Deyəsən, onları inandıra bilmişəm ki, burada qəsd-qərəz olmayıb, sadəcə belə alınıb. Sənin düşdüyün vəziyyəti də onlara izah etdim, bunun da təsiri oldu. Odur ki, özünü üzmə, ümid edək ki, hər şey yaxşı olacaq.
Bundan sonra işdən danışmadılar, elə-belə oturub gənclik illərini xatırladılar. Son vaxtlar bir qədər sınıxmış dostuna baxdıqca qəribə bir narahatlıq və müəmmalı kədər hissi sızlayan ruhuna daha çox hakim kəsilirdi.
– Məndən bir şeyi soruşmadın, – getməyə hazırlaşan Arif dedi – Sabirin başına gələnlər səni maraqlandırmır? Onu deyim ki, halı yaxşı deyildi, bir müddət şəhərdə yaşadı. Çox alicənab adamdır. Hər şeyi öz üzərinə götürmək istədi, amma artıq gec idi. Artıq hamı bilirdi ki, qəbri öz təşəbbüsü ilə bərpa etmir, dostu Raufun istəyini yerinə yetirir.
– Heç bu barədə düşünməmişdim, ağlıma da gəlməzdi ki, onun hansısa problemləri ola bilər, – Raufun sifəti allandı. – Sən də ondan yalnız bir dəfə, ötəri danışdın…
Vaxt buranın daimi yerli sakinləri – ağaclar və kolların qayğısını çəkməklə çox ləng keçir, yeknəsəq günlər bir-birini əvəz edirdi. Rauf hər şeyi öyrənmiş, işin çəmini tapmışdı. Artıq üç ay sonra onu ayrıca bir sahəyə təhkim etdilər. Əvvəlki iş yerində müəyyən təcrübə qazanmış Rauf əncir ağaclarının meyvə gətirməyən və qurumuş budaqlarını budayır, bu zaman heç kəsin köməyindən istifadə etmirdi. Zirəni görən gözü yox idi, nədənsə, birdən-birə bu bitkidən zəhləsi getməyə başlamışdı. Odur ki, bu bitkini cürbəcür alaq otlarından seçmir, müntəzəm olaraq sahəni onlardan təmizləyirdi. Kökündən qopardığı zirə kollarını günün altında qurutduqdan sonra axşamüstü yandırırdı. Şölələnən ocağın işığı və tüstünün xoş ətri yatmış xatirələri oyadır, yaşadığı həyatın çətinliklərini unutdururdu. Tədricən isti kül qatıyla örtülən közün sayrışması gələcək həyatı haqqında düşüncələri körükləyirdi: o, həbsxanadan çıxandan sonra həyatını tamamilə dəyişdirmək haqqında planlar qururdu.
Bir dəfə Rauf növbəti aqrotexniki proseduru yerinə yetirərkən milis məktəbini fərqlənmə ilə bitirib bir il əvvəl xitmətə götürülmüş nəzarətçi Həsən ona yaxınlaşdı. Rauf özünün düzəltdiyi skameykada külək əsən tərəfdən oturub ocaqda qıvrılan ot-əncərə tamaşa eləyirdi. Hələ cavan olmasına baxmayaraq, Həsən öz işinə çox ciddi yanaşır, üzgörənlik, qərəzkarlıq eləmirdi. Nəticə etibarilə o, qısa müddətdə baş nəzarətçi Cəfər Məmmədzadənin etibarını qazanmışdı. Cəfər Məmmədzadə öz növbəsində təmiz adam kimi ad çıxarmışdı, daxili nizamnaməni əzbər bilirdi. Lakin az qala, kamillik mərtəbəsinə yüksəlmiş insanlar belə anadangəlmə bəzi qüsurlar və ya sonradan bulaşdığı bir çox xətalarla heç cür üzülüşə bilmir. Bu adi həqiqət həmin perspektivli mütəxəssisin nümunəsində, xüsusən də Raufla tanış olandan sonra bir daha özünü doğrultdu. Həsən Raufu görən kimi ayağa qalxır, hörmətlə başını aşağı salıb onunla söhbət edir, onu öz adıyla çağırır, ona “dayı” deyirdi. Bir sözlə, özünü elə aparırdı, elə bil onun doğma kəndindədirlər, orada yaşına görə və digər səbəblərdən Raufa hörmət göstərir, qeydinə qalırlar. Amma burada belə şeylər yüksək rütbəlilərin xoşuna gəlmirdi. Qüsursuz xidmət göstərdiyi üçün Həsənin bu zəifliyi daha çox nəzərə çarpırdı. Əslində isə, bu, yağlı piroqun üzərində xaşxaş dənəciyi böyüklüyündə qüsur sayıla bilərdi. Buna baxmayaraq, bir dəfə Cəfər Məmmədzadə planlaşdırmadan sonra Həsəni kabinetdə saxlayıb, nizamnamənin müvafiq maddəsini onun diqqətinə çatdırdı; sonra öz sözləriylə başa saldı ki, xidməti personal qapalı müssisədə saxlanılanlarla münasibət qurarkən şəxsi simpatiya və ya antipatiyanı əsas göürməməli, yəni hamıyla eyni cür davranmalıdır. Bir sözlə, hər kəsə təsdiq olunmuş formada müraciət etmək lazımdır, heç kəsi fərqləndirmək olmaz. Əlbəttə ki, nümunəvi davranışa görə həvəsləndirmə, yaxud nalayiq hərəkətə yol verildiyi halda töhmətləndirmə tədbirlərini nəzərdə tutan yazılı əmrlər istisna olmaqla.
Həsən bir nümunəvi işçi və əməkdaş olaraq günahını boynundan atmadı, amma onun yanından çıxandan sonra Raufa münasibətini də dəyişmədi. Yenə də onu görən kimi yerindən qalxıb salam verir, onu hörmətlə “dayı” deyə çağırırdı. Əvvəl-əvvəl Rauf Həsənə nə inanır, nə də ürək qızdırırdı. Ona elə gəlirdi ki, bu hərəkətlərlə Həsən onunla məzələnir, onu lağa qoyur. Odur ki, Həsəndən uzaq durmağa, məhdud imkanları daxilində onunla az-az görüşməyə çalışırdı. Yalnız ay yarım keçəndən sonra Rauf başa düşdü ki, əslində, bütün bunlar ilk görüşdən Həsənin qəlbində yaranmış rəğbət və hörmət hissinin zahiri təzahürləridir.
Rauf ilk baxışda anlaşılmaz, müəmmalı təsir bağışlayan bu davranışı doğuran səbəblər barədə çox düşünmüşdü. Artıq əmin idi ki, Həsənin hər hansı gizli niyyəti yoxdur və ona qarşı qərəzkarlıq etmir. Çox düşünüb-daşınandan sonra belə fikrə gəlmişdi ki, görünür, cavan, ağıllı nəzarətçi sanballı, mötəbər insanları çoxluğun arasında tanıya bilmək istedadına malikdir. Rauf bu təxminini yoxlamaq üçün Həsənin özündən bəzi şeyləri soruşub öyrənmək istəsə də, bu mümkün olmadı. Əlini yanına salıb dayanan, utancaq baxışlarını gizlətməyə çalışan Həsənə baxanda Rauf bir daha əmin oldu ki, onun barəsində fikirləşdikləri doğrudur.
Bundan sonra onun özü də Həsənə mehrini saldı, onu az qala dostu gözündə görməyə başladı. Artıq onunla söhbət etməkdən çəkinmir, oturub dərdləşməyə fürsət axtarırdı. Rauf gənc nəzarətçi ilə az qala himayəkar tonda danışmağa başlamışdı, amma oğlan buna əhəmiyyət vermirdi. Rauf yaxşı həmsöhbət deyildi, amma onu natiqlik istedadından, gözəl və aydın danışma qabiliyyətindən məhrum etmiş ana təbiətdən şikayətçi deyildi, çünki bu boşluğu artıqlamasıyla dolduran başqa özəlliklərinin olduğunu yaddan çıxarmırdı. Müəyyən vaxtdan sonra bir tərəfdən özünütənqid ruhu, digər tərəfdən isə monoloq söyləməsinə ehtiyac duyulmaması yeni danışıq üslubunun yaranmasına gətirib çıxardı – o lap əvvəldən söhbətin məğzini müəyyənləşdirir, az danışır, mövzudan kənara çıxmamağa çalışır, zərurət yarandığı halda öncədən hazırladığı zarafatları işə salırdı. Bu zaman vaxtilə qayınatasının evində məkrli, bədxah insanların iştirak etdiyi məclislərdə olduğu kimi, fəlsəfi yöndə mücərrəd mühakimələr və mübahisələr üçün zəmin yaranmasın deyə söhbətin gedişatına xüsusi diqqət yetirirdi.
Rauf həftədə iki-üç dəfə Həsənlə məhz bu tərzdə söhbət etməyə çalışsa da, buna heç də həmişə müvəffəq olmurdu. Gənc nəzarətçi son dərəcə üzüyola dinləyici idi, tələbkar deyildi, odur ki, tədricən bu vəziyyətə Raufun üzü öyrəşdi. Bir müddət sonra Rauf yalnız praktiki əhəmiyyət kəsb edən fikirlərini yox, daha incə mətləblər barədə düşüncələrini də ucadan ifadə etməyə başladı.
Adətən, o, Həsənin suallarına dərhal düzgün cavablar tapır, hər dəfə onları öz təcrübəsindən götürdüyü misallarla əsaslandırırdı. Amma bəzən elə olurdu ki, bir məsləhətin üzərində günlərlə fikirləşməli olurdu. Axı bu məsləhət cavan nəzarətçinin ailə və iş həyatında uğur qazanmasına kömək eləyə, cavan yaşlarında qaçılmaz olaraq adının ləkələnməsinə, sevgilisindən və ya hətta azadlıqdan məhrum olmasına gətirib çıxara biləcək səhvlərdən qoruya bilərdi.
O hər sözünü ölçüb-biçir, cavan nəzarətçi onu sonsuz maraqla dinlədiyi üçün özünü göyün yeddinci qatında hiss edirdi.
Məhkəmədə də buna bənzər hiss yaşamışdı. Onda o qədər hiddətli, incik idi ki, birdən-birə ilhamlanıb gözəl nitq irad elədi. Lakin onda da bu qədər məmnunluq hiss etməmişdi. Bir sözlə, Rauf Həsənlə apardığı mənalı söhbətlərdən doymurdu.
– Axşamınız xeyir, Rauf dayı. Sağollaşmağa gəlmişəm, – Həsən dedi. – Lənkərana məzuniyyətə gedirəm.
– Lənkəranda olmamışam, amma deyilənə görə gözəl yerdir. Sitrus meyvələri, portağal, limon… Yaxşı yol. Çox gözəl, gəzmək lazımdır, xüsusən də cavanlıqda. Orada çox qalacaqsan?
– İki həftəyə burada olacağam.
– O yerlər haqqında yalnız yaxşı şeylər eşitmişəm. Subtropik zonadır…
– Gözəl yerlərdir, – Həsən başını tərpətdi. – Azərbaycanda ikinci belə yer yoxdur.
Hiss olunurdu ki, o yerlərdən ötrü ürəyi gedir, nədənsə bu, ona pis təsir elədi.
– Adamına baxır, – Rauf gülümsündü. – Birinin Lənkərandan xoşu gəlir, digərinin Bakı və ya Astaradan. Hərənin öz zövqü var.
– Əlbəttə, haqlısınız, – Həsən razılaşdı, – insan doğma yerlərlə isinişir, amma Lənkəran sizin də xoşunuza gələcək. Xahiş edirəm, nə vaxt… Nə isə, haçan ürəyinizdən keçsə, ailənizi də götürün yay aylarında bizə qonaq gəlin. Burada xidmət müddətim başa çatır, bir ildən sonra Lənkərana qayıdacağam. Evimiz böyükdür, orada anamla kiçik qardaşımdan savayı heç kim qalmır. Hərə bir tərəfə dağılıb. Bacılarım ərdədir – biri Bakıda yaşayır, o biri Lənkəranda, amma o da əriylə birgə Bakıya köçmək istəyir. Böyük qardaşım Kalininqradda hərbi xidmətdədir, həkimdir, hər il gəlib bizi yoluxur. Demək istəyirəm ki, evdə hamımıza yer çatar!
– Sağ ol, – Rauf təklifdən boyun qaçırmadı. – Sən də bizə qonaq gəl, telefon nömrəmi və ünvanımı sənə verərəm. Səni oğullarımla tanış edərəm. Nə bilmək olar, bəlkə, gələcəkdə sənə xeyrim də dəydi.
Rauf oğlana başqa xoş sözlər demək, gözəl şeylər vəd etmək istədi, amma onu mənzil kooperativində işə düzəltmək təklifindən savayı ağlına heç nə gəlmədi.
– Bir sözlə, mənə bel bağlaya bilərsən. Rəhmətlik atan nə işlə məşğul idi? Yersiz sual verdimsə, bağışla.
– Atamı həmişə məmnuniyyətlə xatırlayıram, – Həsən fikirli-fikirli dedi, – yuxuda görəndə sevinirəm, ürəyim açılır. Yuxuda həmişə mənimlə mehriban danışır, sağlığında olduğu kimi. Mənimlə hal-əhval tutur, sonra özündən danışır, mən də oturub dinləyirəm. Heyif, son vaxtlar, demək olar, yuxuma gəlmir. O, balıqçı gəmisində işləyirdi. İlboyu balıq tuturdu, qırmızı balıqdan tutmuş kilkəyə qədər. Bütün mövsümü dənizdə olurdu. Mən də balıqçı olmaq istəyirdim, amma atam itkin düşəndən sonra anam qoymadı. Anam hələ də onun öldüyünə inanmır, çünki gəminin batdığını görən olmamışdı. Həm də dalğa heç kəsi sahilə çıxarmamışdı. O vaxtdan bir az xərifləyib, elə hey atamın yolunu gözləyir. Hətta bizi də inandırmışdı: bacılarım, kiçik qardaşımla mən ona inanırdıq, ümid edirdik ki, haçansa atamızı yenidən görəcəyik. Yox, sizə elə gəlməsin ki, anamın ağlı çaşıb, normal adamdır, konserv zavodunda ən yaxşı işçidir.
– Bəs sən atanı xatırlayırsan?
– Əlbəttə, indiki kimi yadımdadır. Onda mənim on iki yaşım vardı. O axşam küləksiz, aydınlıq havaydı. Onu yola salmaq üçün sahilə gəlmişdik. Bizə əl eləyib gəmiyə mindi… Gecəyarısı tufan başladı. Səs-küydən ayıldıq ki, ev titrəyir, külək qonşuların evinin damını tamamilə uçurtdu. Qonşular bir ay bizdə qaldılar. O evin sahibi də dənizdən qayıtmadı… Atamı tez-tez xatırlayıram.
– Başa düşürəm, – Rauf köks ötürdü. – Ata dünyada ən əziz adamdır. Ana da onun kimi. Fikir eləmə, gələcək haqqında düşünmək lazımdır… Tez qayıt, burada sənsiz darıxacağam. Yaxşı yol.
– Evdəkilərə də sizin haqqınızda danışacağam, Rauf dayı, – Həsən dedi. – Özümə bələdəm, sizsiz mənə də ağır olacaq.
Həsən çıxıb gedəndən sonra Rauf bütün vaxtını işə sərf edir, gələcək həyatı ilə bağlı planlar qururdu.
Yerli-yataqlı, bütün xırdalıqları ilə düşünülmüş planlar belə həyata keçirilərkən yenə də müəyyən çətinliklər meydana çıxır. Amma Rauf bu məqamı da nəzərə almışdı. Gözlərini yumub gələcəyin sis-dumanı və sıx buludları arasından peyda olan sirli-sehrli, uzaqdan adama sevinc bəxş edən bir nəsnəni təsəvvürünə gətirirdi. Bu nəsnə günəşin yandırıcı şüalarından yaxşı qorunmuş illüminatordan görünən yaxın planetə bənzəyirdi.
Belədə məlum olurdu ki, əvvəllər buna öyrəşməsə də, gerçəklikdən uzaq xəyallara dalmaq yalnız əyləncəli deyil, həm də faydalı məşğuliyyətdir. Belə ki, əvvəla, bu məşğuliyyət işinə mane olmurdu, ikincisi də, burada itirdiyi, çoxlarının yaxa qurtarmaq üçün öz ömürlərindən məmnuniyyətlə kəsib atmaq istədikləri vaxtı xeyli qısaldırdı.
Ətraf mühitdən o qədər uzaqlaşmış, təcrid olunmuşdu ki, Cəfər Məmmədzadə şəxsən gəlib bacısı qızının görüşə gəldiyini bildirəndə belə Rauf buna o qədər də əhəmiyyət vermədi. Səhər tezdən idi, yəni görüşə gələnlər üçün münasib vaxt deyildi deyə görə baş nəzarətçi qayğılı görünürdü, həmişəki sərt, gümrah səsiylə danışmırdı, sanki alınını qaşları ilə qaldırmaq istəyir, baxışlarını ondan yayındırıb yana baxırdı. Raufun bacısı qızı yox idi, odur ki, həbsxana rəhbərliyindən daha çox təəccüblənmək haqqı olsa da bunu büruzə vermədən nəzarətçinin arxasınca inzibati binaya doğru addımladı.
Rauf içəri girən kimi onu orada gözləyən Aidə sevincindən ağlaya-ağlaya onun üstünə yüyürüb boynuna sarıldı.
Səkkiz aydır ki, qadınla yaxın təmasda olmayan Rauf onun isti, yumşaq vücudunu qolları arasına alanda o qədər həyəcanlandı ki, bu üçtərəfli, intim-rəsmi görüş başa çatanacan bu hissdən qurtula bilmədi.
Cəfər Məmmədzadə otağa girmədi, qapının ağzında dayanmışdı, ağzı açıla, bığı çallaşmış,yaylım atəşi açmağa hazırlaşan topçu-veteran qiyafəsindəkı döyüşçüyə oxşayırdı.
– Buraya necə gəlib düşmüsən? – Karıxmış Rauf bir addım arxaya çəkildi, sanki doğrudan da, sevimli bacısı qızıyla danışmağa hazırlaşırdı.
– Hamı necə, mən də elə, – Aidə dedi. Raufun bu hərəkəti ona toxundu və qadın istər-istəməz bunun səbəbini aradan qaldırmaq istədi. – Bu yoldaşın özü başa düşəcək ki, getmək lazımdır, yoxsa bunu ona demək lazımdır? – Qadın başıyla Cəfər Məmmədzadəyə işarə elədi. O, pıçıltıyla danışsa da, səsi aydın eşidilirdi.
– Harada olduğumuzu unutmusan? – Rauf dedi. – Hələ şükür elə ki, istisna hal kimi səni buraya buraxıblar.
– Şükür eləyim? – Aidə səsini ucaltdı. – Ona əmr eləyiblər, o da buraxıb. Bilmək istəyirsənsə, bunun üçün gedib dayımdan xahiş eləmişəm. Ana tərəfdən qohumlarımdan zəhləm gedir, ilk dəfədir ki, özü də sənə görə dayıma ağız açdım.
– O, xeyirxah, həssas adam kimi tanınır, – Rauf gözlərini ağartdı, bununla demək istəyirdi ki, Aidənin naməlum dayısı haqqında danışmağın yeri deyil. Amma bunun xeyri olmadı: Aidə dil-boğaza qoymaq bilmirdi.
– Dayım baş prokurorun müavinidir, onun əmrini pozmaq olmaz. Səninlə təkbətək görüşməyimə icazə veriblər, – Aidə ifadəli baxışlarla baş nəzarətçinin üzünə zilləndi, amma o, özünü eşitməzliyə vurdu.
– Eybi yoxdur, – Rauf barışdırıcı tonda dedi. – Əsas odur ki, səninlə görüşdük. Tezliklə buradan çıxacağam, hər şey yaxşı olacaq.
– İl yarımdan sonra. “Tezliklə” buna deyirsən? – Birdən-birə Aidəni ağlamaq tutdu. – Səndən ötrü darıxmışam, hər gecə yuxuda səni görürəm, səninsə vecinə də deyil. – Qadın başını onun sinəsinə qoyub hönkür-hönkür ağladı.
Rauf əlacsız baxışlarla baş nəzarətçinin üzünə dikildi. Nəzarətçi bunu özünəxas işarə kimi qəbul edib hərəkətə keçdi, stola yaxınlaşıb qrafindən su süzdü, stəkanı Raufa uzatdı.
Aidəni sakitləşdirmək mümkün olmadı, vidalaşarkən qadın hələ də göz yaşı tökürdü.
Baş nəzarətçi Aidəni ötürməyə getdi. Otaqda tək qalan Rauf böyük bir yüngüllük hiss etdi. Bu, yuxuda işlədiyi müəssisənin rəhbərinin yubileyinə çılpaq gəlmiş adamın birdən-birə ayılmasına bənzəyirdi. O gərginliklə gözləyirdi ki, baş nəzarətçi qayıdıb “bacısı qızı”nın gəlişi ilə bağlı suallar verəcək. Amma gözlədiyinin əksinə olaraq, geri dönən nəzarətçi ondan heç nə soruşmadı. İş yerinə dönərkən, Rauf özü üçün də gözlənilməz şəkildə Həsənin ezamiyyətdən nə vaxt qayıdacağını soruşdu.
Başqa vaxt olsaydı, Cəfər Məmmədzadə bu suala cavab verməyi ağlının ucundan da keçirməzdi. Çünki bu, xidməti məlumat idi, hətta sirr sayılırdı, amma görünür, bütün bu gördükləri ona da təsir eləmişdi. Ona görə uzun çək-çevirə salmadan cavab verdi ki, xəstə anasının qulluğa ehtiyacı olduğu üçün Həsənin iş yeri dəyişdirilib, bundan sonra Lənkəranda milis işləyəcək.
Təbii ki, bu xəbər Raufu açmadı. Eşidəndə kefi pozuldu, amma bir müddət sonra onu öz ustadı kimi qəbul edən yeganə adamı bir daha görməyəcəyini başa düşüb tamamilə dilxor oldu. Dərd bilən həmsöhbəti olmadığından Raufun fikirləri, mülahizələri beynində yığılıb qalmışdı. İndi o, şirəli dənəciklərlə dolu, yetişmiş başağı xatırladırdı. Tez-tez ocağın qırağında oturub oğullarını xatırlayır, təəccüblənirdi ki, indiyəcən bir dəfə də olsun sırf praktiki əhəmiyyəti olan mövzularda onlarla söhbət eləməyib. Ailəsi üçün darıxdığı vaxtlar olurdu, amma öz məktublarında – evdən göndərilən bağlamaları alandan sonra cavab olaraq yazdığı qısa məktublarda – arvadına və uşaqlarına onun yanına gəlməyi qadağan edirdi. İndi onları düşünəndə bədənindən qəribə bir sızıltı keçdi, qısqanclığa bənzər bir hiss bütün varlığına hakim kəsildi. Artıq Rauf Xalidə haqqında tez-tez düşünürdü, çoxdan unutduğu və ya biryolluq unutduğunu zənn etdiyi xatirələr yadına düşürdü. Bütün bunların fonunda tədricən özü üçün belə bir qənaət hasil elədi ki, Xalidə onun üçün həmişə yaxşı arvad olub.
Hər dəfə gələcək həyatı barədə düşünəndə, demək olar, qurduğu bütün planlarında, xəyallarında mütləq Xalidə də yer alırdı. Yalnız vaxtaşırı yanına gələn Arifin söz-söhbəti onu bu xəyallardan ayırırdı. Arifin sözlərinə görə, hər şey yaxşılığa doğru dəyişirdi, bir neçə gündən sonra prokurorluqda onların şikayətinə baxacaqdılar.
Onu arvadıyla ilk görüşə çağıranda, adəti üzrə, bağda işləyirdi. Xəbəri çox sakit, hətta bir qədər etinasız qarşıladı, tələsmədən yuyunub-təmizləndi və arvadıyla görüşə yollandı. Hiss olunurdu ki, Xalidə sıxılır, kənar adamların yanında açıq danışmağa çətinlik çəkir. Elə ilk baxışdan Raufa elə gəldi ki, qadın əvvəlkindən də yaraşıqlı görünür, bir az sonra isə evdə, şəhərdə baş verənlərlə bağlı arvadının danışdıqlarına qulaq asa-asa hiss elədi ki, həyəcanlanır, anlaşılmaz bir hiss içini çulğayır. Bu, bir kişinin çox istədiyi, amma əli çatmadığı qadınla görüşərkən keçirdiyi ehtiraslı hisslərə bənzəyirdi. İstər-istəməz fikirləşdi ki, uzun müddət qadınsız qaldığına, sağlam həyat tərzinə, açıq havada, yəni təbiətin qoynunda çoxlu vaxt keçirdiynə görə bütün bunlar baş verir. Qadın danışıb qurtarandan sonra Rauf onun ata-anası haqqında soruşdu, cavab alandan sonra dedi ki, qayınanasının nəzəriyyəsinə əsasən, indi onlar özlərini göyün yeddinci qatında hiss etməlidirlər.
– Yanılırsan, – Xalidə dedi. – Onlar çox narahatdırlar.
– Bəlkə də, narahatdırlar, amma güman ki, görüşəndə salam verməyəcəklər, – Rauf dedi.
– Səhv edirsən. Atam gecə-gündüz sənin barəndə fikirləşir, evə qayıdandan sonra nə işlə məşğul olacaqsan, bunu götür-qoy edir. Deyir ki, müəyyən mənada bütün bunlar bizim xeyrimizədir. Axı indi işdən çıxmalı olacaqsan: bu işdə çox qalsan, əvvəl-axır ilişəcəkdin.
Rauf nəsə deməyə macal tapmadı, çünki görüş vaxtı başa çatdı. Otaqda bir neçə qadın vardı, amma kişilərin baxışlarından və üz ifadələrindən bilmək olurdu ki, onlardan ən gözəgəlimlisi Xalidədir. Doğrudur, görüşə gələnlərin arasında xüsusilə yaraşıqlı qadınlar gözə dəymirdi…
Ən yaxşı xəbərləri Arifdən öyrəndi. Sonuncu dəfə Arif şənbə günü gəldi. Əvvəllər heç vaxt şənbə günlərində görüşə gəlməzdi. Rauf, Əsgərovu görəndə gözlərinə, gətirdiyi xəbərləri eşidəndə isə qulaqlarına inanmadı. Arif sevincək xəbər verdi ki, bir az bundan qabaq quşu tapıblar. Məlum oldu ki, quş kurort qəsəbəsi olan Mərdəkan tərəflərdə bala çıxarıb və hansısa bağ evinin zirzəmisində qışlayıb.
Quş şəhərdən qırx kilometr uzağa necə gedib çıxmışdı, bunu bilən yox idi. Onu yerli poçtalyonun köməyi ilə tapmışdılar – dar döngədə rastına çıxan quş onu yaxşıca dimdikləmişdi. İndi kivini üç balası ilə birlikdə zooparkda ayrıca qəfəsdə saxlayırdılar.
Beləliklə, bundan sonra guya quşu oğurlamasıyla bağlı irəli sürülən ittiham əsassız sayılırdı. Qocalıb əldən düşmüş heyvanın buynuzunu özbaşına kəsib götürməklə zooparka vurduğu ziyana gəlincə, Rauf qanunda nəzərdə tutulduğu qaydada cərimə ödəmiş, doqquz ay həbsxana həyatı yaşamışdı.
Arif danışır, yanında dayanmış Əsgərov isə başını tərpədərək, onun dediklərini təsdiqləyirdi. Bu zaman o, olduqca kədərli görünürdü. Arif elə bil duman içindəydi. Əsgərov onu həbsxana rəisinin kabinetinə gətirdi, burada ona azad olunması haqqında order təqdim edildi. Bundan sonra Rauf yuyunub-təmizləndi, üzünü qırxdı, əynini dəyişdi və Əsgərovla Arifin müşayiəti ilə küçəyə çıxdı.
Söz yox ki, Rauf hər şeydən öncə qaraja baş çəkmək istəyirdi: burada onu bir balon qiymətli, artıq çoxdan yetişmiş davacat gözləyirdi. Amma özünü saxladı, müstəntiqin iltifatlı təklifinə cavab olaraq bildirdi ki, şəhərə yox, Ariflə birgə əks tərəfə, Bilgəhə gedəcək. İnsan bilmir gələcəkdə onu nələr gözləyir, amma Rauf öz maraqlarını bir kənara qoyub yolunu gözləyən yaxınları ilə görüşməyi seçməklə həm nəcib hərəkət etdi, həm də tədbirli davrandı. Bu dəqiqələrdə o, bəsirətli müdrik kimi idi. Gündəlik əməlləri ilə axıb gedən insan həyatında indiylə gələcək arasında harmoniya yaradan müdrik kimi. Tezliklə özü də buna əmin oldu.
Əsgərov həbsxana rəhbərliyinin gözü önündə Raufu maşına kimi ötürdü. Rauf onunla səmimi davranır, söhbətləşir, dediklərinə diqqətlə qulaq asır, nəzakətlə gülümsünürdü. Sanki Əsgərov onun yeni qonşusu və ya işçisinin uzaq qohumu idi. Əsgərov isə onunla müqəssir kimi yavaş səslə danışırdı. Hətta Rauf maşına əyləşəndən sonra o, pəncərəyə sarı əyilib bütün anlaşılmazlıqlara görə üzr istədi, xahiş elədi ki, hər hansı bir çətinliyə düşsə, günün istənilən saatında evinə və iş yerinə zəng eləsin. Bütün bunları eşitmək xoş idi.
Sakitcə yola düzəldilər. Arif yola zillənib maşını idarə edir, sevincindən yerə-göyə sığmayan keçmiş müştərisi isə yanında oturub Arifi öz sirrindən agah etmək üçün münasib, inandırıcı sözlər fikirləşib tapmağa çalışırdı.
İlk yolayrıcına çatanda maşını Zuğulbaya tərəf döndərməyə hazırlaşan Arif əlini sağa, Mərdəkana sarı uzadıb dedi ki, quşu haradasa, buralarda tapıblar. Bununla o, Raufun könlünü xoş etmək istəyirdisə, bunu, doğrudan da, bacardı. Rauf o mənfur varlığın bağ evləri arasında süləndiyini, zibil qutularında eşələnib qida axtardığını məmnuniyyətlə təsəvvüründə canlandırdı. İstər-istəməz iti xatırladı və özünə söz verdi ki, onu zooparkın direktorundan istəyib özünə götürəcək. Fikirləşdi ki, Əsgərov kimi adam dəyişilibsə, o da yaxşılığa doğru dəyişilə bilər.
Bundan sonra Rauf keçmiş vəkilinin hələ də bilmədiyi bəzi təfərrüatları danışmağa başladı. qayınatasıgildə gördüyü qədim reseptlər kitabı haqqında hər şeyi tələsmədən, bütün xırdalıqları ilə danışdı. Əvvəl-əvvəl Arif ona diqqətlə qulaq assa da, söylədiklərinə o qədər də inanmırdı. Amma Rauf adamı cavanlaşdıran davacatın tərkibi və qəribə özəllikləri barədə danışmağa davam etdikcə Arifi maraq hissi bürüdü, gözləri alışıb-yanmağa başladı. Rauf söylədiklərinin həqiqət olduğunu sübut etmək üçün qayınatasının sözlərinə istinadən, məşhur tarixi şəxsiyyətlərin orqanizminə bu davacatın möcüzəvi təsiri haqqında bildiyi bütün faktları sadaladı. Sezarın cavanlaşması haqqında hekayəti, qədim Misirdə kərgədan ovu hadisəsi də daxil olmaqla, bütünlüklə danışdı, sonradan baş verənləri, belə deyək, şəxsən ona aid məsələləri də yaddan çıxarmadı. Hər şeyi olduğu kimi, yerli-yataqlı danışdı, heç nəyi gizlətmədi. Onun sözləri, seçmə toxum kimi, təxmin etdiyi vaxtda cücərməyə başladı. Bu o demək idi ki, səyləri hədər getməmişdi, toxum səpdiyi zəmin o qədər yaxşı hazırlanmışdı ki, Rauf çöp soxsaydı, dərhal cücərərdi.
Maşın geniş yolda az qala sürünür, bütün nəqliyyat vasitələrini özündən irəli buraxır, hamıya yol verirdi. Vaxtaşırı qurumuş dodaqlarını yalayan Arif ona qulaq kəsilmişdi. Arif irəlidə onu nə gözlədiyindən xəbərsiz idi, bunu heç təsəvvürünə də gətirmirdi, bununla belə Raufa son dərəcə diqqətlə qulaq asırdı. Onun bu təmənnasız marağı Raufun xoşuna gəlirdi. Ona elə gəlirdi ki, yanında oturan əvvəlki məktəb dostudur: vaxtilə Rauf onun fiziki gücünə, iradəsinə, güclü xarakterinə heyran idi. Çoxdan unutduğu bu hissi yenidən yaşamaq xoş idi. Bir az sonra, Zağulbadan Bilgəhə aparan yolda Rauf özünün son qərarını açıqlayaraq bildirdi ki, bu qədər əzab-əziyyət və qurbanlar bahasına əldə etdiyi qiymətli davacatı ən yaxşı, vəfalı dostuyla bölüşməyə hazırdır. Dedi ki, dostunun yarım əsrdən çox istismar olunduğundan nizamı pozulmuş orqanizmini tamamilə yeniləmək üçün nə qədər lazımdırsa, davacat verəcək. Bunları dostuna deyəndə Rauf özünü son dərəcə bəxtəvər hiss edirdi.
Raufun bu mərdanə təklifi Arifi mütəəssir etdi. O, maşını saxlayıb Raufun əlini sıxdı, sonra şəkər xəstəliyi ilə əlaqədar tez təsirləndiyi, kövrəldiyi üçün üzr istəyib, göz yaşını sildi. Dostunun doluxsunması, minnətdarlıq dolu sözləri və göz yaşları Raufu tamamilə karıxdırdı, odur ki, onun əlavə etdiyi sözləri əvvəl-əvvəl ayırd eləyə bilmədi.
– Amma buna nə ehtiyac var? – Rauf gülə-gülə soruşdu. Rauf qəlbinin dərinliyində əmin idi ki, Arifin imtinası, sadəcə olaraq, razılığın taktiki formasıdır: ədəbli insanlar yeyib-içmək təklifinə əvvəlcə belə reaksiya verirlər.
– Məni düzgün başa düş, – Arif maşını ötüb-keçən traktoru narahatlıqla süzdü, – bilirəm, çox qiymətli şeydən danışırsan. Amma mən bunu özümə rəva görə bilmərəm. Mamed Məlik-Yeqanovu yadına sal.
– Məlik-Yeqanov kimdir?
– Onu tanımırsan? Şəhərdə tanınmış adam idi, çox perspektivli vəkil sayılırdı. Macarıstandan “Banfi”ni özüylə gətirənə qədər işləri yağ kimi gedirdi. “Banfi” – bu söz həmişəlik yaddaşıma həkk olunub. Bilirsən bu nədir? Qoy deyim, bu dərman saçları bərpa edir. Yüz faiz zəmanətlə. Deyilənə görə, dərmanın ixtiraçısına Nobel mükafatı vermək istəyirlər.
– Özün də bilmirsən, nə danışırsan! – Rauf əsəbiləşməyə başladı. – Məlik-Yeqanov kimdir, hansı saçlardın danışırsan?..
– Sən demə, bütün danışılanlar doğruymuş. Məlik-Yeqanovun başının tükü tökülmüş, tamamilə dazlaşmışdı. Amma cəmi üç aydan sonra başına tük gəldi, Məlik-Yeqanov zahirən tamamilə dəyişildi, başqa adam oldu! Beləcə, özünü yandırdı. Ona başqa cür münasibət bəsləməyə başladılar. Nə desə, gülür, lağlağı edirdilər. Onu şöbə müdiri qoymaq istəyirdilər, bu fikirdən də daşındılar. O vaxtdan bütün etibarını itirib, ona ciddi iş həvalə etmirlər. Keçmiş müştəriləri də gen gəzirlər.
– Yalan danışırsan, – Rauf onu axıracan dinləyəndən sonra dedi. – Demək istəyirəm ki, başqa səbəbə görə imtina eləyirsən. İstəmirsən istəmə, insan xeyrini başa düşmürsə, onu dilə tutmaq günahdır. Amma, hər halda, mənə izah etməlisən.
– Bilirsən, – Arif burnunun altında dedi, – hər şeydən öncə, sənə bir daha təşəkkür etmək istəyirəm…
– Burcutma, açıq danış!
– Danışıram da, – Arif ibarəylə dedi. Rauf başa düşdü ki, o, səmimi cavab verməyə hazırlaşmır. – Şirvanşahlardan Axsitanın Azərbaycanda səyahətə çıxması ilə bağlı maraqlı bir əhvalat yadıma düşdü… Səbrin olsun, indi qurtarıram. Deməli, o, Bərdə, Şamaxı, Gəncə qalalarına baş çəkir, hər yerdə təbəələri yığışıb onu qarşılayır, top atışlarıyla salamlayırlar. Yalnız Şəki qalasının divarları önündə – yeri gəlmişkən, buradakı orduya onun uşaqlıq dostu başçılıq edirmiş – onun gəlişi münasibətilə salam atəşi açılmır. Axsitan öz dövrünə görə ədalətli, amma eyni zamanda sərt hökmdar kimi ad çıxarıbmış. O, qalaya daxil olmadan, hamının gözü önündə qalabəyidən izahat tələb edir, soruşur ki, niyə salam atəşinin səsi eşidilmir? “Bunun on yeddi səbəbi var”, – qalabəyi hökmdarın yanındakı cəllada tərəf baxmamağa çalışır. “Hansı səbəblərdir, de görüm?” – Axsitan səbirsizliklə soruşur. “Birincisi: top yoxdur”, – komendant sadalamağa başlayır. “Kifayətdir, – Axsitan onu dayandırır və əlinin hərəkətiylə cəlladı uzaqlaşdırır. – Mənə aydın oldu”.
– Fikirləşmək olar ki, səni məcbur edirlər, – Rauf qaşqabağını salladı, fikirləşdi ki, dünyada elə adamlar var, onlara istəsən də, kömək eləyə bilməzsən. Arif həmin talesiz insanlardandır.
– Görürsən, məndən incidin, – Arif əməlli-başlı karıxdı. – Sənə çox minnətdaram. Amma sən də məni başa düşməyə çalış… Bağışla, amma sənin o gözəl davacatın mənim işimə yaramır. Həqiqəti bilmək istəyirsənsə, cavanlığımı xatırlamaq da istəmirəm, düz sözümdür! Cavanlığımda yaxşı heç nə yox idi. İndi-indi özümü normal insan kimi hiss etməyə başlamışam, diabet olmasaydı, məni xoşbəxt də saymaq olardı… Artıq mənə heç nə lazım deyil, razıyam, qoy hər şey olduğu kimi qalsın, heç nə dəyişməsin. Məsələn, bilirəm ki, o qədər də bacarıqlı vəkil deyiləm, ağzımla quş tutmuram, amma yenə də insanların arasında hörmətim var… Evdə də hər şey yaxşıdır. Uşaqlarım məni sevir, elə arvadım da… Birdən-birə, aha! Cavanlaşıram. Kənardan baxan nə deyəcək? Bundan sonra onlar üçün kim olacağam? – Arif cavanlaşandan sonra dostlar və qohum-əqrəbayla ilk görüş səhnəsini təsəvvürünə gətirib karıxdı, özünü itirdi, birdən-birə işıqforun yanında əyləci basdı. Görünür, işıqforun yaşıl işığı ona kifayət qədər yaşıl görünməmişdi…
– Sür, sür, – Rauf şəfqətlə gülümsündü. – Hər şeydən qorxursan. Necəydinsə, elə də qalmısan. Təsəvvür edirəm, indi mənim haqqımda nə fikirləşirsən…
– Pis heç nə fikirləşmirəm, – Arif tələsik cavab verdi. – Sənin təbiətin başqadır. Sən qətiyyətli, ürəkli adamsan.
– Həm də eqoist, – Rauf əlavə etdi. – Sənə qulaq asıram və fikirləşirəm ki, bütün bunlar mənim nəyimə lazımdır? Məgər mən təkcə özüm üçün çalışıram? Mən daha fəal, daha güclü olsam, kimə xeyrim dəyəcək? Bir fikirləş!.. Əlbəttə, ailəmə! Dostlarıma. Sənə demişdim, həyatımı dəyişdirmək qərarına gəlmişəm, başqa cür yaşamaq istəyirəm. – O, yüngülvari götür-qoy edəndən sonra başa düşdü ki, bu sözləri elə-belə demir, bütün bunlar həqiqətdir: sadəcə son vaxtlar düşündüklərini dilə gətirirdi. – Sən də düz eləmirsən, bu cür ciddi məsələlər haqqında tələsik qərar vermək olmaz. Evdə məsləhətləşsən yaxşıdır. Düz deyirəm?
– Əlbəttə, – Arif dərhal razılaşdı. – Məsləhətli don gen olar.
– Onsuz da, səni yola gətirəcəyəm. Bu mənim borcumdur, – qıyqacı nəzərlərlə pəncərəyə baxan Rauf fikirli-fikirli əlini Arifin çiyninə şappıldatdı. Fikirləşdi ki, dostu yaxşı adamdır, amma, təəssüf ki, o qədər də ağıllı deyil.
Bilgəhə gəlib çatdılar. Rauf yolu göstərdi, maşın şossedən çıxdı, hasarların arasındakı əyri-üyrü dar yolla irəliləyib, tanış həyətin qarşısında dayandı. Rauf Arifi özüylə bağ evinə dəvət elədi – bu saatda oraya tək getmək istəmirdi. Amma nə qədər dil töksə də, Arif saatını göstərib and-aman elədi ki, vaxtı yoxdur, insulin iynəsi vuran tibb bacısı onu gözləyir; vaxtında özünü çatdırmasa, tibb bacısı çıxıb gedə bilər; diabetlə zarafat eləmək olmaz, odur ki, durduğu yerdə başına iş açmaq istəmir.
Darvazaya yaxınlaşanda Rauf birdən-birə həyəcanlandı, qətiyyətini itirdi. Özünə də xoş gələn bu hisslər burada, öz evinin kandarında ona tamamilə yersiz və qəribə gəldi. Həm də bu hisslər ona haqq etdiyi qalibiyyət sevincini yaşamağa mane olurdu. Bu hisslərdən birtəhər yaxa qurtarmaq istədi, amma onlar izsiz-tozsuz yox olmaq əvəzinə daha da gücləndi. O, həyətə girəndə bu qarayaxa hisslərin təsiri ilə istər-istəməz addımları yavaşıdı, əllərinin içi tərlədi. Ona görə sevindi ki, hələ onu görən olmayıb.
Adətən, bütün ailənin toplandığı eyvanda heç kəs gözə dəymirdi. Evə aparan yol düz meydançadan keçib gedirdi. Meydançanın üzərində saçaqlanıb sallanmış, bir-birinə dolaşmış üzüm meynələrinə baxanda fikirləşdi ki, tənəkləri budamaq, calaq etmək vaxtıdır, yoxsa, bir azdan gec olacaq. Çoxdandır ki, belə şeylər barədə düşünmürdü, odur ki, bu gözlənilməz fikri özündə uzaqlaşdırıb şüşəbəndə qalxdı.
Evin arxa tərəfindən hay-küy səsləri eşidilirdi. Qışqırtı, bağırtıdan bilinirdi ki, qızğın oyun gedir. Rauf bir müddət şüşəbənddə beləcə bir ayağını götürüb, birini qoydu, sonra ailə üzvləri ilə idman meydançasında görüşmək fikrindən daşınıb, evin içindəki pilləkənlə ikinci mərtəbəyə qalxdı.
İkinci mərtəbədə otaqların pəncərələri taybatay açıq idi, onu həyətdən görməsinlər deyə əyilə-əyilə yaxındakı qapıya sarı getdi. Qapının önündə yerə mıxlanmış kimi dayandı. Bu anlarda o, qəfildən qeyri-adi mənzərə, məsələn, dağlarda bol sulu şəlalə görmüş və ya avtomobil qəzasının şahidi olmuş adama bənzəyirdi. Bunun özü də qəribəydi, çünki indi o, taxtda uzanıb mürgüləyən arvadı Xalidədən savayı heç nə görmürdü. Buna baxmayaraq, nə irəliyə doğru addım atmağa, nə də onu səsləməyə ürək eləmədi: ayaqları sözünə baxmırdı, dili tutulmuşdu. Qadın isə ürək döyüntülərindən oyanıb ona sarı qaçmaq əvəzinə, sakitcə mürgü döyürdü. Rauf, nəhayət, özünə gəlib səssizcə otağa girdi. O, sakitcə dayanıb arvadına tamaşa eləyirdi. Bu dəqiqələrdə ona elə gəlirdi ki, arvadı indiyəcən gördüyü qadınların ən gözəli, ən istəklisidir. Baxmayaraq ki, arvadı onun gəlişindən xəbərsiz idi, özünə bəzək-düzək verməmiş, saçlarını belə səliqəyə salmamış, naxışlı alt paltarında uzanıb, üstünə ətirlənmiş şəffaf penuar örtməmişdi. Ehtirasdan bədəni alışıb-yanan Rauf onun yanında oturdu, yastığın üzərinə dağılmış saçlarına toxundu, sakitcə adını çağırdı.
Raufu başının üstündə görən qadının gözlərində əvvəlcə qorxu və təəccüb ifadəsi yarandı, onun ağuşunda yuxudan tamamilə ayılandan sonra isə bu hisslər keçib getdi, başqalarıyla əvəzləndi.
Qadın bu xoş xəbəri həyətdə voleybol oynayanlara da bildirmək istədiyini deyəndə Rauf sadəcə qımışdı və onun isti, boyasız, çəhrayı dodaqlarından öpdü. Amma onun uzun öpüşü ehtiraslı cavab reaksiyası doğurmadı. Rauf tələm-tələsik paltarını əynindən çıxarıb, titrəyən əlləriylə onun xalatının düymələrini açarkən belə qadın hərəkətsiz idi. O, etinasız səslə yalnız onu xahiş etdi ki, hər ehtimala qarşı, qapını bağlasın.
Uzun ayrılıqdan sonra yanında uzanmış qadının bədəni ona yad gəlirdi: girdə çiyinlərin zərif dərisini, bu mərmər sinəni, cazibədar gözəlliyi ilə göz oxşayan dolu baldırları elə bil ilk dəfə görürdü. Ehtirasla öpüb-oxşadıqca qadının haldan çıxdığını görən Rauf sevincindən yerə-göyə sığmırdı. Sevinc və çaşqınlıq hissi bütün varlığına hakim kəsilmişdi – Rauf onu bu qədər sevdiyini bilmirdi.
O, pəncərəyə yaxınlaşdı, başını çölə çıxarmadan, ehtiyatla həyətə boylandı. Uşaqları görmək üçün ürəyi gedirdi. Elə bu vaxt nə görsə yaxşıdır? Maşını düz pəncərənin önündə, hasarın kölgəsində dayanmışdı. Hə, hə! Nə qədər qəribə də olsa, qarajda saxladığı maşının eyni idi: rəngi, markası, sol tərəfindəki batıq… hər şey üst-üstə düşürdü. Maşının nömrəsini görəndə isə Rauf məşhur və məlum həqiqətə şübhə etməyə başladı: bu həqiqətə görə əşya eyni vaxtda müxtəlif yerlərdə mövcud ola bilməz.
Raufun beynində möhkəm nizamsızlıq yarandı, fikirləri dolaşdı, qayıdıb yenidən taxta əyləşdi və iki-üç dəqiqə heç fikirləşməməyə çalışdı.
– Hasarın yanında maşın dayanıb, – nəhayət, dilləndi. – Mənimkidir?
– Bizimkidir, – arvadı təsdiqlədi. Həyasını gözləyən qadın şifonerin qapısının arxasında paltarını geyinirdi. – Kamil bizi bu maşında gətirdi. Onun belə yaxşı maşın sürdüyünü bilmirdim.
– Kamil mənim maşınımda nə gəzirdi axı? – Rauf soruşdu. – Maşını qarajda qoymuşdum. Qarajın açarını isə özümlə götürmüşdüm.
– Qarajı sökdülər, – arvadı dedi. – Həyətdəki bütün qarajları götürdülər. Dedilər ki, qarajlar qanunsuz tikilib. İki ay keçib üstündən. – Ərinin susduğunu görüb narahatlıqla qapının arxasından ona tərəf boylandı. – Kefini pozma, qaraj sahiblərinin hamısına səkkizinci mikrorayonda başqa yer ayırıblar.
– Bəs mənə niyə deməmisiniz?
– Məsləhət gördülər ki, sənə deməyək. Dedilər ki, onsuz da, dərdi başından aşır… Narahat olma, hər şey yerindədir. Qarajın divarlarını, damını – bir sözlə, bütün dəmir-dümürü təzə yerə daşıyıb apardılar. Maşının ehtiyat hissələrini isə Kamil buraya gətirdi. Onlar zirzəmidədir.
– Orada bir şey də vardı, – Rauf dedi.
– Şüşələri deyirsən? Hamısı yerindədir, şirələri uşaqlar içdilər. Orada bir mürəbbə bankası da vardı. Əvvəlcə heç mürəbbəyə oxşatmadıq.
– Hə, sonra…? – o qədər yavaşdan soruşdu ki, arvadının onu eşitdiyini görüb təəccübləndi. – Hamısını yediniz?
– Bir damcı da qalmadı. Səhər, günorta, axşam, bütün günü süfrədən əskik olmurdu. Bilirsən də, atamla anam şirin şeyləri xoşlamırlar, xüsusən də atamın zəhləsi gedir, amma bu mürəbbəni ləzzətlə içəri ötürdülər. Bir həftəyə banka boşaldı.
Xalidə qapının arxasından çıxdı. O, çəhrayı parçadan don geymişdi. Rauf əvvəllər bu donu onun əynində görməmişdi. Arvadının saç düzümü də fərqliydi: boynu və hələ gündə qaralmamış çiyinləri çılpaq qalmışdı. O, qısa ətəkli donda və dabansız ayaqqabılarda elə gənc görünürdü ki, istər-istəməz Raufun bədənindən qəribə bir sızıltı keçdi. Elə bil ürəyinə dammışdı ki, yaxında hansısa müsibətlə üzləşəcək. Arvadına heç nə demədi, çünki bu hiss bütün fikirlərini və istəklərini arxa plana keçirərək boruda çalınan matəm melodiyası kimi bütün ruhunu sarmışdı.
Artıq gizlənməyə lüzum qalmamışdı. O, pəncərədən başını çıxarıb, həyətə boylandı. Amma komandaların, Raufun ailəsi və qonşu bağ evində yaşayanların başı oyuna elə qarışmışdı ki, onu heç kəs görmədi. Oyunçuların arasında qayınatasını da görəndə heç təəccüblənmədi. Ağ haşiyəli mavi tuman-köynəkdə top qovan qayınatası çox səy göstərsə də, bacarıqsız oyunçu idi, amma deyəsən, özü bunu başa düşmürdü. Nəvəsini kənara itələyib, qiyyə çəkərək topu tordan aşırmaq istəyəndə bunu daha aydın görmək olurdu. Qan-tər içində bağıra-bağıra, həyətdə ora-bura qaçan, uşaqlara qoşulub yaşına yaraşmayan hərəkətlər edən bu adama baxmaq heç də xoş deyildi. Ona baxanda, xüsusilə də ətli ayaqları üstə atılıb-düşən qayınatası ilə iyrənc kivi quşu arasında qəribə oxşarlığın olduğunu sezəndə Raufun ürəyi bulandı. Qayınatası topu iri burnunun qarşısında tutub, rəqib komandanın sahəsinə ötürmək üçün yüyürəndə Raufa elə gəldi ki, iyrənc quş onun üstünə cumur, istər-istəməz pəncərədən kənara çəkildi.
İndi yeganə istəyi tək qalmaq idi. Odur ki, arvadı ailəsini gözləyən sürpriz münasibətilə süfrə açmaq üçün aşağı enəndən sonra dərindən nəfəs aldı.
Rauf taxtda əyləşib əllərini çənəsinə dayamışdı, təfərrüatlara varmadan, gələcək həyatının ümumi planı üzərində baş sındırırdı. Planın giriş hissəsini alayarımçıq, yenicə tərtib eləmişdi ki, qəfildən şiddətlənən külək özüylə güclü, tanış səslərin qaynayıb-qarışdığı sevinc nidaları gətirərək fikrini yayındırdı.
Ailəsinin zəfər qazandığını bildirən bu səsi eşidəndə Rauf istər-istəməz ayağa qalxdı, otaqdan çıxıb, tələsmədən aşağı enməyə başladı.