Введите слова для поиска

Çəyi̇rtkə mövsümü

OLMUŞ ƏHVALATLARLA REAL ADAMLARIN VƏ QEYRİ

ADAMLARIN DAVRANIŞININ QARŞILIQLI MÜNASİBƏTLƏRİ NƏTİCƏSİNDƏ YARANMIŞ FANTASMAQORİYA

Həmin axşam – 1992-ci ilin soyuq noyabr axşamları-nın birində mən öz bağımda idim və köhnə dostum, şəhərdə mənimlə qonşu olan Seymur Məmmədovu gözləyirdim. Söz vermişdi ki, Bilgəhdəki bağından şəhərə dönəndə məni də götürəcək.

O vaxtlar hamı bərk dilxor idi: Azərbaycana bir yandan ermənilər hücuma keçmişdi, bir yandan da Xəzər.

Ermənilər amansızlıqla şəhərləri dağıdır, kəndləri oda qalayır, qadınlara, uşaqlara rəhm etmirdilər. Öz qonşusunun bir parça torpağına yiyələnməkdən ötrü ermənilər heç zaman onlara pisliyi keçməmiş insanları təsvirəgəlməz bir qəddarlıqla soyub-talayır, qanına qəltan edirdilər. Elə o vaxtlar Xəzər də özündən razı halda coşaraq evləri, yolları, elektrikötürücü dirəkləri, zeytun bağlarını və üzümlüklərini yuyub aparırdı. Dənizin belə azğınlığında nəsə bir namərdlik və xəyanət arayıb tapmaq mümkün deyildi, çünki təbiət qüvvələri, insan-lardan fərqli olaraq həmişə qərəzsiz və kordur. Görünür, elə buna görə də əhali dənizin qudurğanlığına zahirən sakit yana-şırdı və Xəzərin şıltaqlığının qarşısını almaq iqtidarında olmadığını bildiyindən, indiyədək görünməmiş daşqının vurduğu gündəlik ziyanı qaşqabaqlı halda hesaba vururdu. Son bir neçə ildə suyun səviyyəsi fasiləsiz olaraq qalxmış və o payız, deyəsən, ən yüksək həddə çatmışdı. Dəniz mənim bağ evimin iki yüz metrliyində yerləşən çimərliyi yuyub aparmış, sinəsində bitən ağaclarla birlikdə təpəni yerlə-yeksan etmiş, restoranı və çayxananı uçurmuşdu. İndi dalğalar mənim bağımın hasarını döyəcləyirdi və şahə qalxan su sıçrantıları rəngbərəng qövsi-qüzeh zərrəcikləri kimi ətrafa səpələnirdi. Ancaq bu gözəl mənzərə qara köpəkdən – nyufaundlend cinsli itimizdən savayı heç kəsi sevindirmirdi. İt zərrin «fəvvarəni» eyvandan görən kimi sevinclə hürərək hasara doğru atılır, qabaq pəncələrini hasara dirəyir və aldığı həzzdən astaca zingildəyərək, qıllı gövdəsini bərq vuran su şırnağının altına tuturdu. Hər şeydən görünürdü ki, hasarın o tayından çilənən su ona dənizdə çimməkdən daha çox ləzzət verirdi. Dənizdə çimmək isə havadan asılı olmayaraq, onun hərgünkü sevimli məşğuliyyəti idi.