Maqsud İbrahimbəyov
CƏHƏNNƏMƏ SƏRİNLİK GƏLDİ
Tərcüməçi: Səadət İbrahimova
Birinci hissə
Adamların çoxu elə güman edir ki, taleyi daha çox özündən asılıdır. Təbii fəlakətləri, texnogen qəzaları nəzərə almasaq, əslində, bu elə qismən də belədir. Doğrudan da, insanın həyatı doğuşdan onun içinə qoyulmuş qabiliyyətləri necə istifadə etmək bacarığıyla bağlı olur. Əlverişli şərait yaranarsa, inkişaf etmiş zəka, fiziki sağlamlıq və şöhrətpərəstlik gələcək həyat qovğasında ona bəri başdan üstünlük qazandırır. Hər halda, o da məlumdur ki, insanın həyatı başqa, adətən, gözlənilməz səbəblər üzündən hər kəsdə bir cür yaşanır. Seymur Rəfibəyli məktəbdə oxuyanda sonrakı taleyinin tanımadığı adamlardan, daha doğrusu, həmin adamların Bakıdan uzaqlarda müəyyən bir gündə və saatda edəcəkləri konkret hərəkətlərdən asılı olacağını bilsəydi, çox təəccüblənərdi. Artıq uşaqlıqda o bu adamların – Stalin, Hitler və Çörçilin mövcudluğundan xəbərdardı. Şarl de Qoll haqqında isə sonralar eşidəcəkdi.
Читать далееYaraşıqlı yoldaş Stalini o, hər gün kinoteatrlarda filmlərdən əvvəl mütləq nümayiş etdirilən sənədli xronikalardakı portretlərdə görürdü. Stalin Seymurun xoşuna gəlirdi. Uşaqlıqdan bu yana radiodan və ətrafındakı adamlardan eşidirdi ki, o, ağıllı, xeyirxah insandır, sovet vətəndaşlarının daha firavan və xoşbəxt yaşaması üçün əlindən gələni edir, var gücü ilə çalışır. İnqilaba qədər onun ayıq-sayıq çar polisindən qaçıb gizləndiyi evi Bakıda hamı tanıyırdı və bir vaxtlar bütün Qafqazda inqilabın qaranquşu kimi tanınan proletar “İskra” qəzetinin Stalinin rəhbərliyi altında çap edildiyi gizli “Nina” mətbəəsinə də hər il bütün məktəblə birlikdə gedirdilər. Hamı Stalinlə fəxr eləyir, onu sevirdi. Hələ birinci sinifdə idilər, bədən tərbiyəsi müəlliminin “Lenini, ya Stalini daha çox sevirsiniz” sualına hamılıqla “Stalini” deyə cavab vermişdilər. Hitler haqqında isə az şeyi, yalnız onu bilirdi ki, bütün kapitalist ölkələrinə xas eyibləri olan Almaniyanın kansleridir, elə buna görə də Avropanın kapitalizmin eyni mərəzlərindən əziyyət çəkən başqa ölkələriylə müharibə eləyir. Stalin və silahdaşlarının 1940-cı ilə qədər “qardaş partiya” adlandırdıqları faşistlərə sovet vətəndaşlarının münasibəti alman xalqına hörmət naminə o vaxt müsbət idi.
Bakıda az tanınan Çörçil haqqında Seymur atasından – ölkənin adlı-sanlı neftçisi İsgəndər Rəfibəylidən eşitmişdi. Oğluna Bakıda neft sənayesinin güclü inkişaf səbəblərindən danışanda o, Uinston Çörçili də xatırlamışdı. Hələ otuz il əvvəl neft yanacaq kimi, əsasən, işıqlandırma lampalarında və isitmə sobalarında istifadə edilirdi. Hər şey 1905-ci ildə Çörçil dəniz naziri olandan sonra dəyişdi. Hərbi donanmanı, onun ardınca da ticarət gəmilərini kömürdən neftə keçirmək ilk dəfə onun ağlına gəldi. İngilis gəmilərindən sonra bütün dünya donanmaları yanacaq kimi neft işlətməyə başladı.
Yeni növ yanacağa keçidin effekti çox güclü olmuşdu. Nəticədə neftə olan tələbat yüz min dəfələrlə artmışdı, Bakıda isə bu gün də davam edən “neft vurhavuru”, canlanma başlamışdı. Çörçil haqqında söhbətini bitirən atası birdən ayılıb Seymura tapşırmışdı ki, bu haqda institutda heç kimə heç nə deməsin. Təmkinli olsun, təmkinli və ehtiyatlı, atası Seymura belə demişdi. Uinston Çörçil kapitalist ölkəsində yaşayır və şayiələr gəzir ki, daha neftlə yox, ancaq siyasətlə məşğul olur. Əgər heç bir müasir sorğu kitabçasında, ya neftlə bağlı dərslikdə Çörçilin adı çəkilmirsə, deməli, onun haqqında söhbət hər hansı bir sadəlövh adama
antisovet təbliğatı kimi görünə bilər və xoşniyyətli şüurlu vətəndaş kimi o da sənin haqqında lazım olan yerə məlumat ötürər.
De Qoll haqqında isə iyirmi yaşına çatmış Seymur Rəfibəyli, demək olar, heç nə bilmirdi. Təbii ki, de Qoll, Hitler, Çörçil və Stalinin heç vaxt bir-biriylə görüşmədiklərindən də xəbərsizdi. Hərçənd bakılıların çoxu kimi, Qandi və Dolores İbarruri haqqında çoxlu maraqlı şeylər məlumu idi. Çünki Bakı qəzetlərində onlar haqqında müntəzəm olaraq yazılar çap olunur, ümumittifaq radiosunda xəbərlər verilirdi.
Bütün bunlar Seymurun heç nə ilə maraqlanmadığını və ya adamayovuşmaz olduğunu göstərmirdi. Bakı cavanları o vaxt çox mütaliə eləyirdi. Xeyli sayda kitab çap olunurdu. Oxucular, az qala, bütün dünya ədəbiyyatını əldə eləyə bilirdi. Çexovu, Valter Skottu və Aleksandr Dümanı onun əksər yaşıdları hələ instituta qədər, orta məktəbdə oxumuşdular. Kitablar mağazalarda inanılmayacaq qədər ucuz qiymətə satılırdı. Ən məşhur yazıçılar isə Mark Tvenlə O. Henri idi. Demək olar ki, yaxşı ədəbiyyat oxumaq o illərdə tələbələrin başlıca əyləncəsi idi.
Həmin dövrdə Bakı öz böyüklüyünə görə Moskva, Leninqrad və Kiyevdən sonra SSRİ-də dördüncü şəhər olsa da, bu böyük şəhərin az-çox diqqət cəlb edən sakinləri bir-birini tanıyır, ya da ən azından, bir-biriləri haqqında nələrisə eşitmişdilər. Tayı-bərabəri yoxdu bu şəhərin! Əgər kimsə inkişaf etməkdə olan sosializmin ən yaxşı nailiyyətlərini dünyaya nümunə göstərmək fikrinə düşsəydi, Bakının adını çəkirdi. İnsanın yaşaması üçün ən münasib şəhər idi Bakı. Daimi repertuarı olan opera və balet, iki dram və gənc tamaşaçılar teatrı kimi dörd teatr, bir neçə kinoteatr vardı şəhərdə, seansqabağı da orkestrin müşayiətilə tanınmış müğənnilər mahnı oxuyurdular. İdman yarışı həvəskarları asudə vaxtlarını cıdırda, işlər yaxşı gedərsə, maksimum iki manata yaxşı pul götürmək mümkün olan totalizatorda keçririr, ya da heç bir maraq güdmədən iki stadiondan birində futboldan, yüngül və ağır atletika yarışlarından ləzzət alırdılar. Uşaqları isə qalib gəlmiş sosializm şəraitində nəbatat və heyvanat aləminin çoxsaylı təmsilçilərinin necə yaşadığını göstərən zooparka, botanika bağına aparırdılar.
Restoranlar da boş qalmırdı, onların bir neçəsinin mətbəxi, bilicilərin rəyinə görə, ağzının dadını bilən ən zərif zövqləri razı sala bilərdi. İstirahət günlərində dənizkənarı bulvarda nəfəs alətləri orkestri çalırdı. Yaxşı orkestrdi, bu səbəbdən də onu tez-tez hörmətli adamların dəfnində ifa üçün dəvət edirdilər. Orkestrin dini-ilahi məzmundan uzaq xüsusi dəfn repertuarı vardı. Xoşagəlməz vəziyyətlə üzləşməmək üçün uzaqgörən musiqiçilər mərhumun qohumlarının mədəni tələbatından asılı olmayaraq, əsasən, dünya musiqisinin məşhur şedevrlərindən kədərli parçalar çalırdılar. Bunu xoşluqla, dəfnin təşkilatçıları ilə razılaşdıraraq eləyirdilər. Bakı sakinləri təpədən dırnağa ateist idi. Demək olar ki, hamı eyni vaxtda “Allah yoxdur, din isə xalq üçün tiryəkdir” elanından sonra Allahdan üz döndərmişdi. Bəzi adamların kədərli taleyi dinin, doğrudan da, çox ziyanlı, bəzən hətta çox təhlükəli olduğuna xalqı inandırmışdı və hamılıqla dua eləməyi tərgitmişdilər. Tək-tük məbədgah fəaliyyət göstərirdi, oralara da qohum-əqrəbasının bu dünyada itiriləsi daha heç nəyi qalmayan, ömrünün axır günlərini yaşayan qocalar gedirdilər. Məscidlər, kilsələr, sinaqoqlar kitabxana və muzey kimi istifadə edilirdi. Memarlıq abidəsi elan olunmuşdu və onların varlığı qayğıyla dövlət tərəfindən qorunurdu. “Keçmiş Allah evləri” zəhmətkeşlər üçün elmi ateizm filmləri nümayiş etdirilən, elmi kommunizmdən mühazirələrin oxunduğu siyasi maarif evləri kimi fəaliyyət göstərirdi həm də. Həmin orkestr yalnız iş günlərində dəfn mərasimlərində olur, istirahət və bayram günlərində isə bakılılar üçün onların sevimli bulvarında çalırdı. Günəş dənizdə əks olunur, gül-çiçək, şam-küknar ağaclarının ətri gəlirdi. Geyinib-kecinmiş adamlar “Böyük vals”ın, ya da “Gənclik marşı”nın coşqun sədaları altında kölgəli xiyabanlarda gəzişir, dəniz havası ilə sinədolusu nəfəs alıb tanışlarla mehribancasına salamlaşırdılar. Doyunca gəzib yorulan şəhər sakinləri dənizə baxan parusin günlüklərin altına çəkilirdilər ki, burada da həmişə təzə çəllək pivəsi içmək olardı. Uşaqlara isə qazlı “Gilənar” və “Sitro” suyu verirdilər. Buradaca, elə bu talvarların altında böyük qazanlarda iri dəniz xərçəngləri bişirirdilər. Şüyüd və dəfnə yarpağı qoxuyan qıpqırmızı qızarmış isti xərçənglərin kilosu beş qəpiyə satılırdı. “Bavariya” pivələri iki cürdü – açıq və tünd rəngli, sonuncunu nədənsə “mart pivəsi” adlandırırdılar. Artıq on beş ildi “Bavariya” pivəsini Bakıdakı yerli zavodda Almaniyadan gəlmiş mütəxəssislər bişirirdilər. Alman ustalarına qədər də Bakıda babat pivələr olurdu ki, zəhmətkeş xalq onu candərdi içirdi. Onda həssas kamerton kimi, xalqın arzu-istəyinə hay verən sovet hökuməti Bakıda “Bavariya” pivəsinin istehsalına başlamışdı. Lazım olanda xalq təsərrüfatının başqa sahələrində işləmək üçün də xarici mütəxəssislər dəvət olunurdu. Zəhmətkeşlərin istəyini nəzərə alaraq Bakıya ixtioloqlar, başqa mütəxəssislər gəlmiş və onlara tapşırıq verilmişdi ki, elmin son nailiyyətləri əsasında nərə balıqlarının yetişdirilməsini təşkil etsinlər. Kürülərin süni mayalandırılması üçün çox qısa müddətdə iki zavodun layihəsi hazırlandı, sonra da xaricdən valyuta ilə lazım olan avadanlıqlar alındı. Zavodların tikintisini 1943-cü ildə başa çatdırmaq planlaşdırılmışdı və onda körpəcə nərə balıqlarının ilk milyonu Xəzər dənizinin ənginliklərini kəşf etməyə başlayacaqdılar. Az sayda şəkkak balıqların süni yetişdirilməsi planına şübhə ilə yanaşırdı, ancaq bu sürüşkən ovqatlarını yalnız zamanın sınağından çıxmış dostların əhatəsində, özü də pıçıltıyla büruzə verirdilər. Onları çaşdıran nərə balıqlarının o dövrdə kənar müdaxilə olmadan sərbəst artıb-çoxalması idi. Balıq çox tutulurdu və təklif tələbi xeyli üstələyirdi. Təzə nərə balıqları bazar və mağazalarda satılırdı, nəm həsirə bükülmüş nərə balıqlarını satmaq üçün evlərə də aparırdılar, hisə verir və konserv zavodunda emal da eləyirdilər, ancaq ovlanan balıqların böyük hissəsi hətta qış vaxtı belə zay olub gedirdi. Soyuducular olmadığından son dərəcə tez xarab olan bu ərzağın daşınması mümkün deyildi. Bunu bəsit ağıllı təftişçilər də bilirdilər və ümumiyyətlə, onlara elə gəlirdi ki, əgər ağ balığın, ya nərə balığının kürüsünün yarım kilosu şüşə bankanın qiymətiylə bir yerdə üç manatdırsa, həmişə belə də olacaq. Sovet hökumətinə inananlar, onun başqaları üçün bir müddət əlçatmaz olan şeylərdən belə xəbərdar olduğunu bilənlər layihəni anlayışla qarşılayır, bu haqda müsbət fikirlərini “Kommunist”, “Bakinski raboçi” və “Vışka” qəzetlərində, həmçinin ictimaiyyətin nümayəndələri qarşısında, istehsalat yığıncaqlarında bildirməyə çalışırdılar.
Çox arzulardıqsa, əlbəttə, zəhmətkeşlər üçün mənzil çatışmazlığını Bakının qüsurları sırasına yazmaq olardı. Amma hətta öz aralarında danışanda belə, adamlar bu çətinliyin müvəqqəti olduğunu mütləq söyləyirdilər. Sovet hökumətinin sayəsində insanların çoxu, xüsusən cavanların əksəriyyəti öz işıqlı gələcəyinə inanır, ona görə də məmnuniyyətlə artıb-çoxalırdılar, amma get-gedə mənzil tikintisinin sürəti əhalinin artım sürətindən nəzərə çarpacaq qədər geri qalmağa başlamışdı. Elə ona görə də yaxın gələcəkdə sovet vətəndaşlarının indiki, qismən də gələcək nəslinin abad və təbii ki, pulsuz mənzillə təmin olunacağı konkret rəqəmlərlə açıqlandı. Ancaq şəhərdə evsiz adam yox idi. Ehtiyacı olan ailələrə mütəmadi olaraq rayon sovetində daimi yaşayış üçün order verilirdi. Adətən, hər ailəyə çoxotaqlı mənzildə ümumi mətbəxi və tualeti olan bir otaq düşürdü. Mənzillərdə mebel, qab-qacaq və yataq dəstləri, bəzən isə uşaq oyuncaqları da olurdu. Əlbəttə, bütün bu varidat əvvəldən bir ailə üçün nəzərdə tutulduğundan, mənzilin yeni sakinləri sonradan əskilən bəzi əşyaları – əsasən, hər yeni adama bir çarpayı və hər yeni ailəyə bir mətbəx şkafı hesabıyla özləri almalı olurdular. Bəzən köhnə ev sahiblərini gecə ilə «köcürürdülər». Evlər müdirinin və sahə müvəkkilinin müşayiətilə iki-üç silahlı adam gəlir, axtarış aparır və iki-üç saat sonra onları küçədə gözləyən maşına ötürürdülər. Qonşuların bundan xəbəri olurdu, ancaq sual vermirdilər, səhər isə özlərini elə aparırdılar, guya heç nə olmayıb.
Yay gecəsinin bir yarısı bərkdən ağlayan qadın səsinə oyananda Seymurun on yaşı var idi. O, açıq pəncərəyə tərəf qaçıb, mənzillərinə giriş binanın ikinci qapısından olan qonşularını – arvadı və iki uşağıyla birlikdə həkim Məmmədbəylini gördü. Dörd nəfər rəsmi paltarlı adam onların üstüörtülü yük maşınına minməsinə kömək etdi, dalınca bir neçə çamadan yükləyib sonra özləri də maşının banına tullandılar. Evlər müdiri ilə sahə müvəkkili yük maşını tində yoxa çıxana qədər gözlədilər. Sonra xudahafizləşmədən hərəsi bir tərəfə getdi.
Seymur yataq otağından çıxanda ata-anasını gördü. Əyinlərini geyinib, stol arxasında dinməzcə oturmuşdular.
Rəngi ağarmış atası dedi ki, həkimi trotskiçi və gizli pantürkist millətçi təşkilatın üzvü olduğuna görə xalq məhkəməsinin qərarı ilə həbs ediblər. – Seymur artıq böyük oğlandır, – atası dedi, – başa düşməlidir ki, xalq düşmənlərinin məqsədi sovet dövlətini yıxmaq, bütün sovet vətəndaşlarına, o cümlədən Seymura da ziyan vurmaqdır. Nə eləyəsən, ölüm-dirim mübarizəsi gedir, bunu heç kim yaddan çıxarmamalıdır. Anası Seymuru qucaqlayıb, uşaq otağına apardı. O ağlayırdı.
– Bəs Xalidə xala, Namiqlə Lelya da xalq düşmənidir? – Seymur so-ruşdu.
– Əlbəttə yox. Yəqin, onlar tezliklə qayıdacaqlar.
Bu hadisənin üstündən iki ay keçdi və Seymur başa düşdü ki, onlar elə də tez qayıtmayacaqlar. Məmmədbəylinin mənzilinə iki neftçi ailəsi köçürdülər. Biri briqadir, biri fəhlə idi, indiyə qədər Bibiheybətdə yataqxanada yaşamışdılar. Çamadanlarını, şey-şüy dolu bağlamalarını həyətdən keçib onlara verilən mənzilə daşıyanda yeni qonşular böyüklü-kiçikli həyəcanla vurnuxurdular. Hamısının üzündən xoşbəxtlik yağırdı. O vaxt, bəlkə, həkim Məmmədbəylinin ailəsini də xatırlayanlar vardı, ancaq adlarını çəkmirdilər. Necəsə olmuşdu, heç kim qadağan etməsə belə, qonşular evdə, həyətdə söhbət zamanı onların adını çəkməkdən yayına bilirdi. Təkcə Seymurgilin həyətində yox, bütün Bakıda nədən desən danışırdılar, təkcə gözləri qabağında yoxa çıxıb, bir də heç vaxt qayıtmayan adamlardan başqa. Bir neçə ay da keçdi və o gecə hadisəsindən Seymurun yaddaşında yalnız əvvəli, sonu olmayan yuxu kimi qırıq-qırıq, dumanlı parçalar qaldı. Elə həmin vaxtlarda partiya və hökumət şəhərə bütün başqa hadisələri bir müddət kölgədə qoyan əla bir hədiyyə elədi. SSRİ-də ilk dəfə elektrik dəmir yolu çəkildi və bu da məhz Bakıda baş verdi. Geniş, sərin vaqonda onların Amburandakı bağ evinə indi qırx dəqiqəyə gedirdilər. Əvvəllər bu səfər üç saata yaxın çəkirdi. Arabaçı öz nəqliyyat vasitəsini darvazanın ağzına sürürdü. Qarşılarında araba olduğunu görən başqalarından, sərnişin və yoldan keçənlərdən fərqli olaraq, arabaçı öz nəqliyyat vasitəsini fəxrlə “fayton” adlandırırdı. Əvvəlcə “fayton”un arxasına yük yığılırdı, sonra ailə bütün tərkiblə – Seymur, valideynləri və pişikləri Pakizə qabaq tərəfdən tutacaqları olan rahat oturacaqlı nəqliyyat vasitəsinə əyləşirdilər.
Və zəhmətkeşlərin güzəranını yaxşılaşdırmaq məqsədilə sovet hökumətinin Fransadan aldığı ağır yük atlarının nəticələri olan iki nəhəng “perşeron” onları elə bir güc sərf etmədən sanatoriyaların və zəhmətkeşlərin bağ evlərinin yerləşdiyi Abşeron yarımadasının şimal sahilinə aparırdı.
Onda Seymur Bakının ən nüfuzlu Sənaye İnstitutunda ikinci kursda oxuyurdu, yaxt-klubda klassik avarçəkmə komandasının üzvüydü, boksla məşğul olurdu, bir də sarımtıl çesuçadan və qara şeviotdan tikilmiş ikibortlu kostyumları vardı. Qalstukla geymək üçün nəzərdə tutulan qatlama və adi yaxalıqlı üstü nahamar ağ pike parçadan altı köynəyi, atasının aparıb tanış etdiyi, keçmiş küçə çəkməçisi Yeqanovun şəhərdə ən yaxşı hesab edilən emalatxanasında sifarişlə tikilmiş iki cüt çəkməsi də. Paltarları ona atası və anası – respublikanın məşhur neftçisi Rəfibəyli və Bakı Konservatoriyasında italyan dili müəlliməsi işləyən, qızlıq soyadı Salamzadə olan Səfiyyə xanım öz zövqlərinə uyğun seçib alırdı. Uşaqlıqdan onu ərköyün böyütmüşdülər, anası ancaq bircə şeydə israrlı olmuşdu – həftədə iki dəfə ona italyan dilini öyrətmişdi. Bu, az vaxt aparırdı, oğlan dili tez mənimsəyirdi və artıq doqquz yaşında liberettoya baxmasa da, hersoqun sevimli ariyasının zavallı Riqolettoya və onun sadəlövh qızına niyə əzab verdiyinin səbəbini bilirdi. Anası paltar məsələsində heç kimə etibar eləmirdi, parçanı özü seçir və dərzinin yanına oğlu ilə birlikdə hər dəfə özü gedirdi. Müntəzəm olaraq yenilənən qarderobla atlet cüssəli bədən və gülümsər sifət ilin bütün fəsillərində ona yaraşıqlı görünməyə imkan verirdi.
Faşist Almaniyasının xaincəsinə hücumu bakılılara elə də təsir etmədi. Əhali əmin idi ki, faşist Almaniyası dünyanın ən qüdrətli ölkəsinə, şübhəsiz, bu ölkə Sovet İttifaqı idi, müharibəyə başladığına görə çox peşman olacaq, ancaq bunu bilsə də, düşmən təyyarələrinin sevimli Bakı şəhərinə təsadüfən soxulmaması üçün partiya və hökumətin gördüyü bütün tədbirləri ilk gündən elliklə müdafiə edirdi. Dünyanın neft paytaxtı Bakının istənilən təcavüzkar kapitalst ölkəsi üçün dadlı tikə olduğunu hamı çoxdan bilirdi və fəxr eləyirdilər ki, havada, torpaqda, dənizdə işləyən bütün mühərriklər üçün yanacağın alındığı neftin doxsan faizini istehsal edən bir şəhərdə yaşamaq və işləmək xoşbəxtliyi yalnız onlara nəsib olub. Ona görə bakılılar hamılıqla pəncərə şüşələrinə bint və cuna yapışdırmağa başladılar. Bunlar hava hücumu zamanı şüşə qırıqlarından adamları qorumaq məqsədi güdürdü, daha diribaş olanlar isə çekistlərlə sıx əməkdaşlıq edərək sayları dinc dövrlə müqayisədə müharibənin ilk günündən başlayaraq dəfələrlə artan diversantların, casus və ziyankarların evlərinə səs-küylü basqınlar düzənləməyə başladılar. Bombaları söndürmək üçün bütün binaların damına qum və su dolu çəlləklər qoyulmuş, həmçinin yandırıcı bombaları zərərsizləşdirməkdən ötrü maqqaşların asıldığı lövhələr quraşdırılmış və yanğına qarşı başqa ləvazimatlar hazırlanmışdı. Gecələri sakinlər orada könüllü növbə çəkirdilər. Hərbi dairə qərargahının qonşuluğundakı beşmərtəbəli binanın çardağından üstünə iri svastika çəkilmiş parça tapılanda şəhər hakimiyyətinin nümayəndələri ani sarsıntı keçirdi. Əməliyyatçılar svastikanın dəlixananın çardağında çəkildiyini məlumat verəndə hamını gülmək tutdu. Bir saat sonra aydın oldu ki, svastikanı çəkmək üçün palatadan götürülmüş səkkiz mələfədən istifadə olunub və xəstəxananın sakinləri tərəfindən dəftərxanadan beş şüşə mürəkkəb də oğurlanıb. Əməliyyatçılar oradakıları uzun-uzadı sorğu-suala tutandan sonra müəyyən etmişdilər ki, depressiyası daha da dərinləşən bu beş dəli, binanı bombalamaq istəyən faşistləri yanıltmaq üçün öz təşəbbüsləri ilə çardaqda plakat quraşdırmaq fikrinə düşüblərmiş. Müstəqil ekspertiza günahkar dəlilərin sağalmaz olduğunu təsdiqləyəndən sonra ruhi xəstələri dəlixanaya qaytardılar, baş həkimin vəzifəsini isə səhlənkarlığa görə aşağı salıb, onu şöbə müdiri təyin elədilər. Pivəbişirən alman mütəxəssislərə gəlincə, onların psixi cəhətdən sağlam olduğu hamıya məlumdu, ona görə də işdən çıxarılmaları heç kimi təəccübləndirmədi. Onları birdəfəlik işdən uzaqlaşdırıb dərhal yerli işçilərlə əvəz elədilər, çünki sübut olunmuşdu ki, alman pivəbişirənlər zavodun məhsullarına Almaniyadan gətirilmiş zəhərli maddələr qatmağa hazırlaşırlarmış, bu da Bakıda pivə həvəskarlarının böyük əksəriyyətinin zəhərlənməsi ilə nəticələnəcəkdi. Pivəbişirənləri və onların ailə üzvlərini bir daha şəhərdə heç kim görmədi.
Elə həmin günlərdə baş vermiş bir hadisə də pivə zavodunun müştəriləri tərəfindən, demək olar, hiss olunmadı: konsertlərinə yalnız bu ziyanlı sənəti qiymətləndirməyi bacaran məhdud bir dairənin baxmağa gəldiyi şəhərin yeganə caz-bandı tam tərkibdə yoxa çıxmışdı. Orkestr həftədə iki dəfə “Bakport” klubunda gizlicə konsert verirdi ki, musiqiçilərə maaş qeyri-rəsmi olaraq cibdən ödənilirdi.
Caz-bandın pərəstişkarları konsertin ləğv edildiyini biləndə çox dilxor oldular və hay-küy salıb sevimli kollektivlə dərhal görüş tələb etdilər. Orkestrin əvəzinə səhnəyə klubun yeni direktoru çıxıb, ağzına qədər dolu zalla öz mülahizələrini bölüşdü. O dedi ki, əgər limanın keçmiş rəhbərliyi tərkibinə saksofon və trombon çalanların soxulduğu orkestrin ziyankar fəaliyyətinin qarşısını naməlum səbəblərə görə bu vaxta qədər ala bilməmişdisə də, indi hərbi vəziyyət şəraitində buna son qoyulub. Rəhbərlik imkan verə bilməz ki, məşhur “Bakport” klubunun divarları arasında gənclər düşkünlük təbliğ edən, əxlaq pozğunluğu ilə nəticələnən və sovet insanının vətənpərvərlik duyğularını zəiflədən burjua musiqisinə qulaq assınlar. Klubun direktoru komsomol təşkilatlarına təqdim edilmək üçün caz həvəskarlarının ad və soyadlarını yazmaq göstərişi verməmiş hamıya vaxtında dağılışmağı məsləhət görmüşdü.
Ancaq radio həvəskarları olan digər vətəndaşlara düşmənin ziyanlı təbliğatının və sərhədləri gözlə görünməyən radio dalğaları şəklində keçən musiqinin onların şüuruna necə təsir edə biləcəyini xüsusi izah etməyə lüzum qalmadı. Müvəqqəti saxlanma yerinin ünvanı deyilən kimi onların hamısı öz radioqəbuledicilərindən üç gün içindəcə könüllü surətdə ayrıldılar. Şüurlu vətəndaşlar könüllü olaraq müvəqqəti saxlanma yerinə yazı makinalarını da təhvil verdilər ki, hərbi vəziyyət şəraitində casusların əlinə keçəcəyi təqdirdə bu əşyalar düşmənin təbliğat vasitəsinə çevrilə bilərdi.
Seymur müharibəyə gedən ilk könüllülərdən oldu. O, Sənaye İnstitutunun üçüncü kurs tələbəsiydi və gələcək neftçi kimi çağırışdan möhlət hüququ var idi. Ancaq kurs yoldaşlarıyla birlikdə hərbi komissarlığa yollanıb, onlara verilən güzəştdən yazılı surətdə imtina etdilər və təcili olaraq cəbhəyə getmək istədiklərini bildirdilər.
Müharibəyə könüllü gedən tələbələrin şərəfinə Opera və Balet Teatrında konsert verildi. Konsertdən əvvəl Respublika Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Mircəfər Bağırov vətənin keşiyində duranlara səhnədən müraciət etdi. Sadə kostyumda, gözündə şüşələri parıldayan eynək olan bu hündür adam tələbələrə əvvəl-əvvəl sərt partiya xadimi təsiri bağışladı, ancaq danışdıqca söz-söhbət kəsildi, zala sükut çökdü. Bağırov öz təbrik çıxışının ortasında gülümsəyərək dedi ki, oğlu zalda oturub, o da sabah tələbə könüllülərin ilk dəstəsiylə cəbhəyə gedəcək. Bağırov həm də dedi ki, o bu gün cəbhəyə təkcə öz oğlunu yox, zalda oturanların hamısını yola salır. Çünki onları da öz oğlu hesab edir və hamısı bir nəfər kimi Bakıya sağ-salamat qayıdana qədər həyəcanla onların yolunu gözləyəcək.
Yoldaş Bağırov çıxışını bir nəfər kimi ayağa qalxan tələbələrin gurultulu alqış sədaları altında bitirdi.
Seymur konsertə qalmadı, Sevda adlı sevdiyi qızla görüşə tələsirdi. Onlar bir həftə əvvəl Xarici Dillər İnstitutunda keçirilən gecədə tanış olmuşdular. Qız gözəl idi və Seymur ona ilk baxışdan vurulmuşdu. Görüş qısa, ancaq xoş oldu. Hərbi vəziyyətə görə şəhər zülmətə qərq olmuşdu. Dənizi yalnız bədirlənmiş Ay xəfifcə işıqlandırırdı. Onlar dənizkənarı bulvarda oturub ehtirasla öpüşür, bir-birini unutmayacaqlarına söz verirdilər. Seymurun on doqquz yaşı var idi və səhəri gün öz ölkəsinin düşmənləriylə vuruşmağa gedəcəkdi. Əgər ona desəydilər ki, xoşbəxtlik elə budur, əlbəttə, o bunula razılaşardı.
Nəfəsli alətlər orkestri perronda marş çalırdı. Tələbə dəstəsini ötürməyə bütün Bakı gəlmişdi. Seymurun anası ağlayırdı, atası toxtaq dursa da, çətinliklə danışırdı. Sevda Seymurun boynuna sarmaşıb onu sevdiyini, onunla fəxr etdiyini dedi, çünki o bu yer üzündə hamıdan yaxşı idi. Seymur qızı valideynləriylə tanış elədi, onlar söhbət eləməyə də macal tapdılar və Sevda, deyəsən, ata-anasının xoşuna gəldi. Elə hey tanışlar yaxınlaşır, kimi salamlaşır, kimi vidalaşırdı. Deyərdin, bunun bir sonu olmayacaq, ona görə təzə plaskart vaqonlardan ibarət qatar gələn kimi yüngüllük hiss elədi. Hərbi komissarlığın nümayəndələri çağırışçıları siyahı ilə vaqonlara mindirəndən sonra qatar yavaş-yavaş perrondan aralandı. İki saat keçmiş qatar “Bakı–Nasoslu” stansiyasında dayandı. Təəccüblənən çağırışçılara elan etdilər ki, burada ikiaylıq hərbi hazırlıq keçəcəklər. Onları köhnə kazarmalarda yerləşdirdilər. İlk baxışdan görünürdü ki, onlardan əvvəl yaşayanlar buranı lap yaxında tələsik tərk ediblər. Çarpayılar yığılmamışdı, stolların çoxunun üstündə isə çirkli qablar qalmışdı.
Kazarmaların yanında tədris poliqonu və atış meydançası var idi. Gələcək cəbhəçilərə burada əlbəyaxa döyüş öyrədir, təlimatçılar onlarla bərabər dirsəkləri üstündə sürünür, hücuma necə keçməyi, düşmənin hücumunu necə dəf etməyi göstərirdilər. Səhər atış məşqləri ilə başlayırdı. Tüfəngdən və naqandan atəş açırdılar. Sənaye İnstitutunda hərbi kafedra olduğundan təlimlərdə elə də çətinlik çəkmədilər və bir ay sonra keçmiş tələbələrin hamısına kiçik leytenant rütbəsi verildi. Rütbə verildiyi gün gözlədikləri kimi bayramsayağı alınmadı, çünki artıq səhər tezdən eşitdilər ki, onların birləşmiş tələbə dəstəsi buraxılıb, təzəcə rütbə almış kiçik leytenantlar isə iki-üç nəfərlik qruplarla qərb sərhədləri boyunca min kilometrlərlə uzanıb gedən müdafiə xəttindəki döyüşən hissələrə göndərilirlər. Ukraynadakı yeni təyinat yerinə Seymur kurs yoldaşı Zəfər Zeynallı ilə birlikdə gəldi. İnstitutda Zəfərə “Zefir” deyirdilər. Birinci kursdan bu addan xoşu gəlmədiyini bacardığı qədər büruzə verməyə çalışsa da, bu mənfur ayama ona yapışıb qaldı. Uşaq bağçasında da onu “Zefir” adlandırmışdılar, ayaması onunla məktəbə, oradan da instituta gəlmişdi. Əlaçı Zəfər sakit, tərbiyəli, qanacaqlı oğlan idi. O heç vaxt söyüş söymürdü, kurs yoldaşları yanında küçə sözləri işlədəndə qızarırdı. Kurs yoldaşları onu vur-tut bir dəfə ad günündə hirslənən görmüşdülər. Mühazirə başlamamış kurs yoldaşları ona hədiyyə vermişdilər – bir qutu zefirin üstünə şeirlə təbrik yazmışdılar: “Gecə efir axıdır zefir”. İnstitutun ən murdar qrupuna lənətlər yağdıran Zəfər qutunu içəri girən müəllimə fikir vermədən pəncərədən fırladıb auditoriyadan çıxmışdı. Ondan üzr istəməyi həmişə yaxşı münasibətdə olduğu Sima Quluyevaya tapşırmışdılar.
– Zefirçik! – Sima dəhlizdə Zəfərə rast gəlib ağzını açan kimi tezcə də susdu.
Simadan hirslə aralanan Zəfər dekanın otağına girmişdi. Dekanlıqda səbəbini düz-əməlli izah eləyə bilmədiyindən Zəfərin başqa qrupa keçmək xahişi rədd olunmuşdu. O, zəhləsi getdiyi qrupdan yalnız faşist Almaniyasının Sovet İttifaqına xaincəsinə hücumu sayəsində canını qurtardı.
Yük avtomobilində təyinat yerinə çatanda Zəfər ondan bir xahiş etdi. Komendantlıq binasının girişində Seymuru saxlayb, məsələnin məğzindən onu qısaca agah eləyib dedi ki, məhz indi, ləngimədən keçmişlə üzülüşmək istəyir, çünki zabit üçün alçaldıcı olan bu ayamanın onunla birlikdə Qızıl Ordunun sıralarına da soxulacağından qorxur. Seymur söz verməlidir ki, bundan sonra ona heç vaxt “Zefir” deməyəcək. Zəfər çox həyəcanlı idi, çox da ciddi danışırdı. Seymur dərhal təntənəli surətdə söz verdi ki, dünyada “zefir” deyilən şeyin mövcudluğunu biryolluq unudacaq və yalnız bundan sonra onlar binaya girib, xidmət yerinə vaxtında gəldikləri barədə sənədi təqdim etdilər.
1941-ci ilin payız günlərinin birində paltarlarını dezinfeksiya maşınının komandasına verəndən sonra Seymurla Zəfər yarıçılpaq vəziyyətdə oturub, qaynar buxar fışıldayan maşının paltarları nə vaxt geri “tüpürəcəyini” gözləyirdilər. İsti, buxarda bişmiş formanı ilıq suyla tərtəmiz yuyulmuş bədənə geyinəndə hətta meşədə, səngərdə belə xoş bir rahatlıq duyğusu verir adama. Maşın, adətən, bir-iki günlüyə gəlirdi, təmizlik həvəskarları da dərhal növbəyə düzülürdülər. Şəxsi heyətin paltarları yuyulub dezinfeksiya olunurdu, sonra maşını başqa hərbi hissələrə göndərirdilər, bu dəfə isə belə görünürdü ki, onu aparmağa heç kim hazırlaşmır.
Səhra mətbəxinin gəlməməsi üzündən şəxsi heyətə həmin gün konservləşdirilmiş ərzaq verdilər. Seymurla Zəfər darı sıyığının briketini parçaladılar, üstünə qaynar su töküb, alüminium kasaların ağzını boşqabla örtdülər. ərzaq payının isti, hazır sıyığa əlavə olunan iyirmi qramlıq yağı və duzu onu gün ərzində ac qalmış adamların ağzında ən ləziz yeməyə çevirdi. Sıyıq qara çörəyin suxarısı ilə yeyilirdi, ancaq ağzının dadını bilənlər xırxırtlı təamı quru meyvələrdən hazırlanmış kompotla yeyirdilər. Nahar fasiləsi başa çatırdı, dostlar hələ də qanqaraldıcı heçnəşünaslıqla məşğuldular. Son vaxtlar xoşagəlməz hadisələr baş verirdi, ancaq bu haqda danışmaq istəmirdilər. Həftə ərzində onların durduğu mövqeyə bir dəfə də olsun hərbi səhra poçtunun yük maşını yanaşmamışdı və belə aydın olurdu ki, yeməyin olmamağından bu daha pisdir. Evdən indi heç kim məktub almırdı, öz göndərilməmiş üçkünc məktublarını isə döyüşçülər üstlərində gəzdirirdilər. Qleb Xarlamovun gəlişinə Seymurla Zəfər sakit yanaşdılar. Hər üçü kiçik leytenant idi, görüşsələr də, hərbi salamsız ötüşdülər. O, gülərüz, mehriban adamdı, təcrübəli zabit hesab olunurdu, çoxlu papiros çəkirdi, yəqin, ona görə də tez-tez öskürəkdən boğulurdu. Papirosu atmaq fikri yox idi, çünki inanırdı ki, gərgin zehni əməklə məşğul olanlara papiros çəkmək lazımdır. Qleb Xarlamov müharibə başlayan kimi Kənd Təsərrüfatı Akademiyasının ikinci kursundan cəbhəyə könüllü gəlmişdi və hesab olunurdu ki, kənd təsərrüfatından hamıdan yaxşı baş çıxarır. Buna görə də yerli əhali ilə təsərrüfatla bağlı bir problem olanda alay komandanlığı, adətən, onu göndərirdi.
– İstirahət eləyirsiniz?
– Mübahisə eləyirik, – Zəfər izah elədi, – elmi də demək olar. Belə baxanda, hər şey aydındır, ancaq razılaşa bilmirik.
– Mübahisə eləmək yaxşı şeydir, – Qleb təqdir etdi. – İki kəlmə ilə de-yin görüm, nə məsələdir?
– Sadə məsələdir, – Seymur dedi. – Qısası, səncə, kral muşketyorları-nın paltarında bit olubmu?
Qleb eşməni torpaqda söndürüb uzun-uzadı öskürdü, hiss olunurdu ki, vaxt qazanır.
– Əsasən, iki fikir var, – Seymur dedi, – məsələn, mən hesab edirəm ki, çöl şəraitini nəzərə alsaq, bitli muşketyorlar itətök olub.
– Bax burda yanılırsan, – Qlebin səsində həmişəki əminlik hiss olundu. – Özün fikirləş, muşketyorlar zabit və süvari olublar. Elədir? Zabitlərin isə biti ola bilməz. Onlar, əsasən, ayrılıqda hərəkət eləyirlər. Mən xüsusi təlimatı oxumuşam, orda sözbəsöz yazılıb ki, bit adamların toplaşdığı qapalı yerlərdə çoxalır. Yəni piyada qoşunda bit olur, ancaq bir yerə toplaşmayanlarda, məsələn, təyyarəçilərdə, elə süvarilərdə də bit ola bilməz. Hər şey aydındır?
– Aydındır, ancaq yoxlanmalıdır, – Zəfərin səsində şübhə duyulurdu.
– Olar, olar. Dubkidə, burdan kilometr yarım aralıda süvari alayı yer-ləşib, gəlin gedib rastımıza çıxan istənilən süvaridən soruşaq, onda bit var, ya yox, – deyə Qleb təklif elədi.
Seymur başını yellədi.
– Süvarilər əsəbi olurlar. Ona görə də soruşan kimi dabanınıza tüpü-rün. Allah eləməsin ki, tutsunlar sizi, – Seymur dedi. – Qısası, zəhlə tökmə, Zəfər, maxorkanı ver. Qleb uddu.
Qleb yaman höcət adamdı, dostlar məzələnmək üçün hər dəfə məxsusi ondan ötrü yeni mövzular fikirləşib tapırdılar.
İndi üçü də susmuşdu. Qanadlarında svastika olan kəşfiyyatçı təyyarənin mühərrikinin səsi aydınca eşidilirdi. Lap ağını çıxarmışdı, ikinci dəfə idi təkbaşına alçaqdan uçurdu.
– Heç xoşuma gəlmir bunlar, – Qleb ətrafa boylanaraq dedi.
– Nədir xoşuna gəlməyən?
– Hər şey.
– Bakıda bir tanışım vardı, Elik Qazıyev, onun heç nədən xoşu gəl-məyəndə, adətən, deyirdi: “Ev yox, pul yox, getməyə də yer yox!” – haradansa birdən-birə Zəfərin yadına düşdü.
– Axmağın yekəsi olub sənun dostun! – Qleb əsəbi tərzdə dedi.
Seymur maraqla Qlebi süzdü.
– Kefsizsən?!
– Sən nə baş verdiyini hiss eləmirsən?
– Nə baş verir ki?
– Məsələ elə ondadır ki, heç nə baş vermir. Hər bölükdə heyətin yarısı qalıb, bəzisində yarıdan da azdır. Əlavə gələnsə yoxdur. Silah-sursat da onun kimi. Naqanda dörd güllə var, bu gün üçün bütün silah ehtiyatım bundan ibarətdir. Rabitə yoxdur, heç kimlə əlaqə saxlaya bilmirik. Elə bil adadayıq. Almanlar bizi yalın əllə tutarlar. Bircə onu başa düşmürəm ki, nəyi gözləyirlər.
Zəfər Seymurun nə deyəcəyini gözləyirdi. Qlebin dedikləri isə plakatdan boylanan, şəhadət barmağını dodağına qoyub onları çəkindirən zabitəli siyasi rəhbəri daha çox yada salırdı: “Düşmən yatmayıb!”, ya da “Boşboğaz əsgər düşmən üçün yemdir!” və yaxud “Provokatorlara aranızda yer verməyin!” Ancaq Seymur etiraz etmədən eləcə Qlebə qulaq asırdı. O isə dayanmaq bilmirdi.
– Topçuların vur-tut iki yük maşını var, onların da benzini yoxdur, top-ları əllə döndərməli olurlar.
– Bunu sənə topçular danışıb? – Zəfər inamsız-inamsız soruşdu.
– Mənə faşistlər də heç nə danışmırlar, ancaq o tərəfdən avtomat səsləri eşidirəm ki… Bizim döyüşçülərdə isə yalnız Mosin tüfəngidir, onların da gülləsi çatışmır.
Susdular. Qleb sükutu pozub Zəfərdən soruşdu:
– Dostun Edik nə deyirdi?
– Edik yox, Elik. Özü də o, axmaq deyil.
– Yaxşı ki, axmaq deyil. Hə, nə deyirdi?
– “Ev yox, pul yox, getməyə də bir yer yox!” – Zəfər təkrar etdi.
– Məhz elədir! Getməyə də bir yer yox! – Qleb dilxor halda dedi. – Ötən gecə o tərəfdən cəbhə xəttinə ağır texnika gətirildiyi açıq-aydın eşidilirdi, bizim isə bu gün zərbə qüvvəmiz yalnız süvarilərdir.
– Ən yaxşı tanklar Sovet İttifaqında istehsal olunur. Konveyerdən də birbaşa cəbhəyə yola düşür! “Cəbhə xəbərləri”ndə özüm oxumuşam, – Zəfər hiddətləndi.
– Bəs hanı? – tankları axtarırmış kimi, Qleb ayağa durub ətrafa boylan-dı. – Görünmürlər nəsə.
– Məni bağışla, Qleb, bu gün nəsə çox uzaqlara gedib çıxdın! Açığı, dediklərinlə razılaşmıram! – Zəfər dedi.
– Nələrlə razılaşmırsan? – Qleb təəccübləndi.
– Bağışla, amma heç biriylə razılaşmıram, – Zəfər amiranə tərzdə dedi. – Seymur, sən gedirsən?
– Yox.
– Sən get. Biz hələ Seymurla söhbət eləyəcəyik, – deyə Qleb Zəfərin əhvalını tamam korladı.
– Artıq öz səngərində də rahatlığın yoxdur, – Zəfər qazmaya gedə-gedə donquldandı.
Seymurla tək qalan Qleb onunla öz müşahidələrinin nəticələrini bölüşdü. Qlebin fikrincə, ordunun rəhbərliyinə diversantlar soxulub, öz işini yaxşı bilən həmin adamlar cəbhənin bu sahəsini faşistlərin hücumundan qorumalı olan hərbi hissənin döyüş qabiliyyətini heçə endiriblər. Qleb bütün bunlar haqqında yoldaş Stalinə ətraflı məktub yazmağa hazırlaşırdı. O, çox həyəcanlanmışdı, gözləri parıldayırdı, ancaq fikirlərini dəqiq və aydın ifadə eləyirdi.
– Fikirləşirsən, məktub ona çatar? – Seymur soruşdu.
– Baş komandana? Şübhən olmasın, səhra poçtu ilə göndərilən məktu-bu Stalinə çatdıracaqlar. Bir neçə zabit də imza atacaq, onlarla danışmışam. Sən qol çəkərsən?
– Hə, – Seymur dedi. – Məktub hanı?
– Gedirəm yazam, səhərə hazır olar. Səhər, yəqin, poçt gəlib çıxar.
– Diversantların adını bilirsən? Heç olmasa, birinin?
– Yox. Ancaq bilirəm ki, var. Məgər burda nə hoqqalar çıxardıqlarını görmürsən? Artıq nə qədər xain generalı, polkovniki ifşa edib güllələyiblər, amma yenə sakitləşmək istəmirlər. Biz axı səninlə bu haqda ətraflı oxumuşuq!
– Oxumuşuq. Yadımdadır ki, xainlər əmrdə adbaab göstərilirdi. Ona görə mənə elə gəlir, gözümüzün qabağında nələr baş verdiyini, bildiyimiz faktları yazsaq, bəs edər. Faktlar isə çoxdur. Belə yaxşıdır. Kimin satqın, kimin ziyankar olduğunu da qoy komandanlıq aşkara çıxarsın, – Seymur dedi.
– Komandanlıq əks-kəşfiyyatı, ya hərbi prokurorluğu bu işə cəlb eləyə bilər, – Qleb onunla razılaşdı. – Sən haqlısan, sabah məktubu öz əlimlə poçtalyonumuz Vitali Samoylova verəcəm, o bizi pis vəziyyətdə qoymaz, məktubu lazım olan yerə çatdırar. Yaxşı, məsləhətə görə sağ ol. Gedim raportu hazırlayım. Ancaq bilmirəm, nədən başlayım.
– Qlebə nə dedin? – Zəfər Seymur qazmaya girən kimi soruşdu.
– Nə deməliydim ki?
– Onun ziyanlı boşboğazlığı haqqında hər şeyi! Onsuz da, hərbi tribunal qarşısında ifadə verməli olacağıq. Qleb antisovet təbliğat aparırdı, bizsə qulaq asıb, onu həbs eləməmişik. Üstəlik, qulağımızı sallayıb susmuşuq, belə çıxır ki, onunla razılaşmışıq. Buna görə bizi nə gözlədiyini bilirsən?
– Şişirtmə, əgər Qlebi satsalar, tribunal olmayacaq, hər şeyi hərbi səhra məhkəməsi həll edəcək, – Seymur sakitcə dedi.
Zəfər diqqətlə dostuna baxdı.
– Yoxsa, Qlebin dedikləriylə razısan?
– Əgər düzünə qalsa, bəzi şeylərlə razılaşmıram, – Seymur bir az fikir-ləşib, ciddi tərzdə dedi. – Məsələn, dostumuz Qleb sənin yanında söylədi ki, onun naqanının barabanında dörd güllə qalıb, ancaq bir bax, mənim tapançamda vur-tut üç güllə var. Görürsən, onunla aramızda ciddi fikir ayrılığı var.
– Bağışla, ancaq zarafat vaxtı deyil. Yaxşısı budur, fikirləş ki, indi nə eləməliyik.
– Döyüşməliyik, səngər qazmalıyıq. – Zəfərin üzünün ifadəsini görən-də Seymurun zarafat eləmək həvəsi öldü.
– Xalq düşməni kimi ifşa olunduğumuzu Bakıda eşitsələr, səncə, haqqı-mızda nə deyərlər? – Zəfər əməlli-başlı həyəcanlanmışdı.
– Sakit ol, bizim ölkədə heç kimi nahaq yerə ifşa eləyib günahlandırma-yıblar. Konstitusiyanı oxumusan?
– Macal tapmadım, – Zəfər dedi. – Hazırlaşmışdım, ancaq vaxtım ol-madı.
– Mən də oxumamışam, amma bilirəm ki, nahaq yerə onu Stalin kons-titusiyası adlandırmırlar. Ona görə sakit ol, bizi heç kim ifşa eləməyəcək, çünki nə Qleb, nə də biz günahkar deyilik.
Konstitusiyaya istinad Zəfəri qane etmədi.
– Lap çox günahkarıq! Nə dediyini eşitsək də, ağzından vurub susdur-madıq. İndi nə eləyəcəyik? Mübahisə Seymuru bezdirdi.
– Hə, qulaq asdım, etiraz da eləmədim. Çünki Qleb haqlıdır, mən də onunla razılaşıram.
Zəfər əməllicə qorxmuşdu, həm də dilxor olmuşdu.
– Baxarsan, bu heç də yaxşı qurtarmayacaq, – astadan dedi.
Həmin gün daha Qleb haqqında danışmadılar. Seymur gecə Qlebin yazdığı məktubu oxudu. Məktubun altında dörd zabitin imzası var idi. Seymur da qol çəkib məktubu planşetə qoydu. Səhər onu Qlebə qaytaracaqdı. Ancaq məktubu Stalinə göndərməyə macal tapmadılar. Mövqeləri səhər saat beşdən bombalanmağa başladı. Onlarla təyyarə paraddaymış kimi, başlarının üstündən cərgəylə uçurdu. Şiddətli uğultudan, partlayan bombaların gurultusundan qulaq tutulurdu. Hamı səngərə girmişdi, başlarını qaldırıb ətrafa baxmağa cürət eləmirdilər.
Sığınacağa girməyə macal tapmamış döyüşçünü hava zərbəsi yarım metr havaya qaldırıb kənara tulladı. Zərblə yerə çırpılanda o artıq ölmüşdü, indi arxası üstə torpağa sərilmiş, hədəqədən çıxmış gözləri səmaya zillənmişdi. Partlayış səsləri qəfil kəsildi. Bombardmançı təyyarələrin uzaqlaşan uğultusuna baxmayaraq, sanki ətrafa dərin sükut çökmüşdü. Səngərdəkilər qumu, paltarlarına yapışan nəm kəsək parçalarını üstlərindən çırpırdılar. Qarşı tərəfdən qəfil alman əsgərlərinin cərgəsi peyda oldu. Bir neçə dəqiqə sonra səngər qarşısındakı bütün sahəni şax yeriyən faşist piyadalarının səfi qapamışdı. Onlar hara gəldi atəş açır, düşməni qorxutmaq, ya da döyüş ruhunu artırmaq üçün vahiməli döyüş mahnısı oxuyurdular.
Komandirlərin əmri ilə qırmızı ordu əsgərləri onların üstünə getdilər. Hücuma hamı keçmişdi, səngərdə yalnız yaralılar və kontuziyalılar qalmışdı. Seymurun bölüyündən azca aralıda, öz döyüşçülərindən öndə Qleb gedirdi. “Vətən uğrunda, Stalin uğrunda!” – hamı qışqırırdı, ancaq Qlebin səsi onları batırırdı. Hər iki tərəfdən hücum edənlər əlbəyaxa döyüşə girməmiş Qleb susdu. Avtomatla iki metr məsafədən açılan atəş onun kəlləsini parçaladı.
Sonra gözü qabağında Zəfəri öldürdülər. Seymur sarsılıb ona tərəf atılmaq istədi, ancaq qundaq zərbəsi onu yerə sərdi. Özünə gələndə başı üstündə dayanan alman əsgəri onun naqanının boş barabanını istehzayla fırladırdı. Hər şey elə bil yuxuda baş verirdi. Almanlar onlardan on dəfə çox idilər və irəli atılanları yaxından bir-bir güllələyirdilər. Atışma tezliklə qurtardı və almanlar silahsız əsgərləri qovub cərgəyə düzdülər. Yaralıları yıxıldıqları yerdəcə güllələyirdilər. Qaliblərin öz düşmənlərinin meyiti üzərində gülümsəyərək şəkil çəkdirmələri bunların yuxu olduğuna onu daha çox inandırırdı. Almanlar tək-tək, kiçik dəstələrlə şəkil çəkdirirdilər. Onların yaxşı geyimləri, avtomatla silahlanmaları o dəqiqə gözə çarpırdı. Hamısı say-seçmə, boylu-buxunlu, gümrah və şən idilər.
Bütün dünya dinlərinin bir ümumi çatışmazlığı var: qatı canilər üçün təsvir olunan cəhənnəm yaradılarkən zəruri detalları kifayət qədər incəliklə düşünülməmiş islah müəssisəsini xatırladır. Cəhənnəm odunda əbədi olaraq yavaş-yavaş yanmaq, ya da qır qazanında qaynamaq, həmçinin başqa işgəncələr yalnız təxəyyülü yaxşı inkişaf etmiş adamlara əvvəl-əvvəl, doğrudan da, güclü təsir bağışlayır, ancaq onların da arasında islahedilməz günahkarlara, adətən, nadir hallarda rast gəlinir. Lazımi təcrübələri olmadığından adamlar əbədiliyin nə olduğunu təsəvvür eləyə bilmirlər, ona görə də bu növ cəzalara çox böyük şübhə ilə yanaşırlar. Üstəlik, təsvir olunan cəhənnəmin heç birində bütün günü şaxtada saxlanmaq, doyunca yeməmək kimi, insanı şərəfsiz, ləyaqətsiz məxluqa çevirən başqa alçaldıcı cəza növlərinin adı çəkilmir. Klassik cəhənnəmin təsvirində bu və başqa daha nəfis cəzalar, təbii ki, yoxdur, çünki onları fikirləşib tapan vəhşilər cəhənnəmin ilk yaradıcılarından bir xeyli gec dünyaya gəliblər.
Əsirləri yük maşınlarında stansiyaya gətirdilər, burada onları vaqonlara doldurub iki gün naməlum istiqamətə apardılar. Ağzına qədər dolu vaqonlarda ayaqyolu yox idi. Qatar tez-tez dayanırdı, ancaq bağlı vaqonlardan düşməyə icazə verilmirdi. Qatar bir dəfə yarım saatlığa düzənlikdə dayandı. Əsirləri itlərin xaltasından yapışmış əsgərlər qarşıladılar və onlar əsgərlərin gözü qarşısında, qəzəbli it hürüşləri altında öz təbii ehtiyaclarını yerinə yetirdilər.
Qatar açıq darvazadan eyni tipli tikililərin sıralandığı hasarlanmış əraziyə girdi. Burada əsirləri on-on, on beş-on beş bölüşdürüb baraklara tərəf qovdular. Onları baraka bir-bir buraxırdılar. Barakın girişində Seymur dəyənək zərbəsi aldı, dönəndə bir yumruq da ağzına dəydi. Keşikçi Seymura baxıb rişxəndlə gülümsədi və yeni zərbə üçün qolaylandı. Və bu yerdə Seymur, bəlkə də, həyatının ən böyük səhvini etdi. Son bir neçə gündə üst-üstə yığılmış bütün nifrətini sağ əlinin zərbəsinə verdi.
Burnu partlamış keşikçi yıxıldı, Seymur isə əlini çapılmış dodağına tutub içəri keçdi.
Bir anda qaçıb gələn keşikçilər Seymurun üstünə atıldılar. Huşunu itirənə qədər dəyənəklə onu yaxşıca çırpdılar. Dörd keşikçi yorulub kənara çəkildi, ancaq ikisi dəyənəklə, təpiklə onu ölüncə döydülər. Buranın köhnə sakini dustaq Viktor Samarskov yaxınlaşıb dustaqlardan birinin köməyi ilə heysiz bədəni taxtın üstünə uzatdı.
Keçmiş sıravi əsgər Viktor Samarskov orduya 1939-cu ildə, Birinci Moskva Tibb İnstitutundan qovulandan sonra gəlmişdi. Yad adama kömək etməyinin səbəbi həmin an özünə də məlum deyildi. Ancaq belə hərəkətə görə onu hansı cəza gözlədiyini bilirdi. Əvvəllər Samarskovun nəsə bir xeyirxahlıq elədiyini görən olmamışdı. Həyatdan küskün adamtək gəzib-dolaşırdı. Barakda olduğu üç ay ərzində kinli, heç kimlə yola getməyən adam kimi tanınmışdı, ondan hər cür murdar hərəkət gözləmək olardı. Nəzarətçi Zbışeklə tez-tez ikilikdə söhbət eləməyi də dustaqların xoşuna gəlmirdi. Doğrudan da, Viktor Samarskov baş nəzarətçi Zbışeki necəsə dini mövzuda söhbətlərə çəkə bilirdi, o da dəyənəyi yerə qoyub, gözündə müəmmalı parıltıyla ona qulaq asırdı. Samarskov barakdakıları sevmədiyini gizlətmirdi. İtaətkar və yaltaq olduqlarına görə onlara nifrət eləyirdi, bilirdi ki, çoxları bir tikə çörəyə, ya didilmiş köhnə adyala görə yoldaşını satmağa hazırdır.
Səhər saat beşin yarısında həyəcan siqnalının ulartısı ilə barak hərəkətə gəldi. Yuyunmağa, qapısız tualetlərdə təbii ehtiyaclarını ödəməyə, sonra isə bir stəkan qaynar sudan və bir dilim qara çörəklə rezin kimi bərk, sarımtıl saladan ibarət səhər yeməyinə yarım saat vaxt ayrılırdı.
Samarskov Seymurun alnındakı yaş əsgini dəyişəndə nəzarətçi Zbışek iki köməkçinin müşayiətilə taxtın böyrünü kəsdirdi. Dəyənəyi Seymurun qabırğasına toxundurub, nəzarətçilərə bu “artist”i karserə aparmağı əmr etdi.
Araya sısqa, kürən Samarskov girdi.
– Onu karserə salmaq olmaz, – Samarskov dedi. – Ordan sağ çıxmaz.
– Sağ çıxmasa yaxşıdır, – Zbışek istehzayla gülümsədi. – Qalx!
Samarskovun yanında dayanan nəzarətçi onu sinəsindən elə itələdi ki, taxtların arasından dalı-dalı gedib, zərblə divara dəydi. Dustaqlar nə baş verdiyinə maraq göstərmirdilər, işə çağıran siqnal səslənənə qədər səhər yeməyini qurtarmağa çalışırdılar.
Seymuru çıxışa tərəf apardılar. İki nəzarətçi onun dirsəyindən tutmuşdu, baş nəzarətçi Zbışek isə barakdakı nizam-intizama göz qoyaraq ağır-arxayın yerişlə onların arxasınca gedirdi.
– Quo vadis, Domine?! – Samarskov qəfil ayağa qalxıb uca bariton səsiylə bağırdı.
Barakda hamı donub-qaldı. Qara uniformalı enlikürək adam diksinib dayandı. Nəzarətçi Zbışek yerində fırlanıb, taxtın yanına qayıtdı.
– Sən nə dedin? – Zbışek Samarskovdan soruşdu. – Başa düşmədim.
– Mən demirəm. Bunu Tanrı deyib. Xristianları bütpərəstlərin vəhşiliyi ilə üzbəüz qoyub Romanı tərk edən həvari Pyotra. Tanrı həvarisinə belə səslənir: Quo vadis, Domine! Tanrı daha heç nə demir, müqəddəs Pyotr da cavab vermir. Xristianları əzablı ölümdən xilas etmək üçün Romaya qayıdır.
Zbışek Tanrının həvari Pyotrun gözünə görünməsi əhvalatına ehtiramla qulaq asdı, ancaq baş nəzarətçi vəzifəsində işləyən adama xas olan şəkkaklıq hələ ondan əl çəkməmişdi.
– Bibliyada bu haqda heç nə deyilmir, – Zbışek tərəddüdlə mızıldadı. – Sən hardan bilirsən?
– Bunu Polşa torpağının yetirdiyi müqəddəs adam, böyük yazıçı Henrix Senkeviç deyir.
Bunu yazıçının, üstəlik də, polyakın deməsi, görünür, Zbışekə müsbət təsir elədi, ancaq Samarskov çox da dərinə getməyib qazanılmış uğuru möhkəmləndirməyə çalışdı.
– Bu gecə müqəddəs Stefaninin dərdli siması yenə gözümə göründü, – Samarskov kövrək səslə dedi. – Bu əzabkeşə zillənən gözləri elə kədərli idi ki, vicvicə saldı canıma.
Zbışek taxtların arasından küncə baxıb xaç çəkdi.
– Heç nə anlamıram. Bunu, – nəzarətçilərin yanına gətirdiyi Seymuru bar-mağıyla göstərdi, – gecə gətiriblər, sən də dərhal müqəddəs Stefaniyə dua etmisən ki, ilk dəfə gördüyün adamı müdafiə eləsin?
– Qədər beləymiş, – Samarskov dərindən nəfəs aldı. – Məsələ elə ondadır ki, ilk dəfə gördüyüm adam deyil. Onun adı Tolikdir. Səkkiz ildir görüşmürük, ancaq bir-birimizi heç vaxt unutmamışıq. Pan Zbışek, siz hər şeyi bilməlisiniz! Biz Toliklə Kaluqa doğum evində eyni gündə, eyni palatada anadan olmuşuq. Sərxoş tibb bacısı körpələri səhv salıb, hələ də bilmirik ki, hansımız odur, hansımız mənəm, yəni hansımız əsl Viktordur, hansımız Tolik. Ona görə valideynlərimiz bizi ayırmayıblar, valideynlərimizlə eyni evdə yaşamışıq. Sonra da bəlli deyil, ya Anatolinin, ya da Viktorun valideynlərini həbs edib Sibirə sürgün etdilər. Hələ də ordadırlar. Bizim burda görüşümüz də, əlbəttə, Tanrının işidir. Gecə Müqəddəs Stefaninin gözlərindən oxudum ki, bu möcüzəni Tanrı istəyib və bu da pan Zbışekə sağlığında, həm də axirətdə savab qazandıracaq.
Doğum evindəki körpə əhvalatının ciddi qəbul ediləcəyini Seymur təsəvvür eləyə bilmirdi, ancaq Samarskovun sözləri baş nəzarətçi Zbışekə hipnoz kimi təsir elədi. O, Kaluqa doğum evindəki əhvalata qulaq asa-asa fikirli-fikirli dodağını çeynəyib soruşdu:
– Onları Sibirə nəyə görə sürgün ediblər?
– Pan Zbışekə bolşeviklərin Allahı qadağan etdiyi məlum deyil?
– Bu haqda eşitmişəm, ancaq fikirləşdim ki, belə şey ola bilməz, – hirsindən qızarmış Zbışek dilləndi.
– Bizim ölkədə kilsələr bağlı olduğuna görə onlar evdə dua eləyirdilər, – Samarskov izahagəlməz bir kədərlə dedi. – Allahsız qonşular onları çuğullayıblar. Valideynlərə yığışmaq üçün iyirmi dörd saat vaxt veriblər. Qalan iki valideynlə bizə, yəni Toliklə Viktora onları ötürməyə icazə verməyiblər. Bu, SSRİ-də adi şeydir.
Samarskov dindarların əzablarından uzun-uzadı danışdı, bolşeviklərin Müqəddəs Xilaskar kilsəsini necə partlatdığını, guya bunu öz gözləriylə gördüyünü söylədi. O, dayanmadan, karıxmadan danışırdı, hətta Seymura elə gəldi ki, belə getsə Samarskov dayana bilməyəcək, bəlkə, ona kömək etmək lazım gələcək, ancaq hər şey yaxşı qurtardı.
– Pan Zbışek, sevinin, dua edin ki, xoşbəxt Polşada yaşayırsınız, – Sa-marskov gözləri dolmuş nəzarətçiyə dedi, bunula da seans başa çatdı.
– Çenstoxovanın Bakirə Məryəmi, Polşanı və hamımızı bolşeviklərdən qoru, – Zbışek xaç çəkdi. – Sözlərimi yadınızda saxlayın, insanlara qənim kəsilənlər cəzalanacaqlar, – Zbışek təntənə ilə dedi. – Amin, – Samarskov gur səslə onun sözlərinə qüvvət verdi.
Zbışek bir də xaç çəkib, dəyənəyi əlində oynada-oynada xidməti vəzifəsini yerinə yetirmək üçün çıxışa tərəf getdi.
Boşalmış barakda ikilikdə qaldılar. Samarskov dedi ki, Seymur narahat olmaya bilər, Zbışek hər şeyi lazım olduğu kimi edəcək. Onun sözlərinə görə, daha Seymurun dalınca heç kim gəlməyəcək, onu bu gün nə karserə salacaqlar, nə də daş karxanasına qovacaqlar. Samarskov dayanmaq bilmirdi. Seymurun hərdən cavabları ilə kəsilən davamlı monoloqun gedişində o da məlum oldu ki, Viktor Samarskov hər şeylə maraqlanan adamdır, ancaq həmin səhər, əsasən, Seymurla bağlı konkret məlumat və faktlarla maraqlandı. Seymur suallara ləng, ağzını azca açaraq cavab verirdi, çünki balaca hərəkət çənə və üz əzələlərində dözülməz ağrıya səbəb olurdu, bir də yuxusuzluq onu əldən salmışdı. Samarskova minnətdardı, ancaq göz qapaqları öz-özünə örtülürdü.
– Bağışla, – həmsöhbətinin sözünü yarımçıq kəsdi, – yuxu məni aparır.
– Yatmaq vacibdir. Ancaq əvvəlcə de görüm, keşikçi ilə niyə dalaşdın?
Seymurun yuxusu qaçdı.
– Dəyənəklə üstümə birinci o atıldı, mən də cavabını verdim. Axı nə eləyə bilərdim?
– Anlaya bilmirəm. Burda hər gün dəyənəklə kimisə döyürlər, hamı da dözür. Qorxaq kölələr! Hətta dişlərini qıcırtmağa da qorxurlar. Nifrət edirəm! Sənsə hamının gözü qabağında keşikçilərlə dalaşırsan.
– Yaxşısı budur, sən mənə bax, görürsən, davanın qurbanı qarşında necə uzanıb, zorla danışır…
– Bax elə məhz bunu anlamaq olmur. Davanın nə ilə qurtaracağını əv-vəlcədən bilirdin axı.
– Heç nə bilmirdim, – Seymur səmimiyyətlə dedi. – O vurdu, mən də necə lazımdırsa cavab verdim. Mənə izah elə görüm, bu nəzarətçi əvvəldən belə sadəlövh, xeyirxah adamdı, yoxsa düşərgədə belə olub?
– Nəzarətçi Zbışek həm sadist, həm də dindardır, – Viktor gülümsə-di. – İlk baxışdan xoşuna gəlməmişdim, gündə bir neçə dəfə dəyənəyi üstümdə sınayırdı. Yeri gəlmişkən, ona cavab qaytarmağa bir dəfə də cəsarət etmədim. Bu Zbışek heç bir səbəb olmadan, sadəcə, ləzzət almaq xatirinə neçə dustağı şikəst eləyib. Onları xərəkdə apardılar, sonra bir də görən olmadı. Zbışekin başı xarabdır. Burda bütün nəzarətçilərin başı xarabdır. Almanlara əhsən, bu qədər başdanxarabı necə bir yerə yığıblar, bax bu, əsl sirdir. Əməlli-başlı dəlixanadır.
Seymur dinməzcə söhbətin davamını gözləyirdi.
– İndi izah eləyərəm, – Viktor dedi. – Əgər adam sağ qalmaq istəyirsə, buna görə hər fürsətdən istifadə etməlidir. Mən də yaşamaq istəyirəm. O gün tualetdə idim, təsadüfən həyətdə Zbışekin başqa nəzarətçiyə, qərbi ukraynalı Opanasa şikayətləndiyini eşitdim. Deyirdi ki, arvadı bu gün-sabah doğasıdır, ona baxmağa kar nənəsindən savayı heç kimi yoxdur, ona isə heç iki gün olsun belə məzuniyyət verməyiblər. Başıxarabın nəsil artırma instinktindən necə istifadə etməyi dərhal götür-qoy elədim. Həmin gün axşam Zbışeki bir kənara çəkib duyğulu bir səslə dedim ki, onunla, hamilə arvadıyla bağlı mənə bəzi şeylər agah olub. O mat qaldı. Bununla kfayətlənməyib həmin duyğulu səslə dedim ki, müqəddəs Stefaninin xeyir-duası ilə arvadı indilərdə ona oğul doğacaq. Gecə dörd kilo yarım ağırlığında oğlu oldu, səhər tezdən isə kilsəyə gedib müqəddəs Stefaninin şərəfinə şam yandırdı. Biz uşağın adını Stefan qoymaq qərarına gəldik.
– “Biz” deyəndə kimi nəzərdə tutursan?
– Mənimlə Zbışeki.
– Gözəl! Çox gözəl! – Seymur dedi. – Mən ancaq bir şeyi başa düşmə-dim, sən hardan bildin ki, onun oğlu olacaq, özü də elə həmin gecə?
– Sən, deyəsən, yatmaq istəyirdin? – Viktor sanki sözarası xatırlatdı.
– Yuxum qaçdı. Doğrudan, hardan bildin ki, qızı yox, oğlu olacaq.
– Əgər yanılsaydım, qızı olsaydı, yenə nəyi pisdi ki, müqəddəs Stefa-ni səhv eləyib, vəssalam, kimin başına gəlmir. Müqəddəs isə yanılmadı, mən də o vaxtdan kütlüyü, cəhaləti xeyirxah məqsədlər üçün istifadə edirəm. Xahiş-zad eləmirəm, yalnız məsləhət görürəm, təqdir edirəm. Doğrudan da, ağıl hər şeydən üstündür, – Samarskovun yumru, çil-çil sifətində yaşıl gözləri təkəbbürlə parıldadı. – Səncə, kimin sözləri olar?
– Təbii ki, Müqəddəs Stefaninin, ancaq mən səninlə razıyam. Əhsən! Yadıma salanda indi də bədənimə vicvicə düşür. Quo vadis, Domine! Tanrının kəlamını o cür sarsıdıcı tərzdə deməyi də bacarmaq lazımdır!
– Hə, mən bunu bacarıram, – Viktor məmnun halda dedi, – institut teatrında Hamleti oynayandan sonra rejissor mənə təklif etdi ki, sınaq üçün yanına, Yermolova adına teatra gəlim, ancaq mən getmədim. Artistliyə həvəsim yoxdu, o vaxt bircə arzum var idi – psixiatr olmaq. Mənim ifamda Hamletin monoloqunu eşitmək istəyirsən?
– Başqa vaxta qalsın, – Seymur nəzakətlə dedi. Ancaq Viktorun in-ciyəcəyindən qorxub vəziyyəti düzəltməyə çalışdı. – Yaxşısı budur, de görək, institutdan niyə çıxdın? – yalnız nəzakət xətrinə soruşdu.
– Çünki qovdular, – Viktor dedi. – Bir ay sonra mən artıq sıravi əsgər kimi orduda təpik döyürdüm. Nəyə görə qovulduğumu məmnuniyyətlə danışardım, ancaq olmaz. İncimə, açıq danışmaq üçün hələ o qədər də yaxından tanış deyilik, məsələ isə qəlizdir. Vaxtı çatanda danışaram.
– Yox, incimirəm, – Seymur yüngülləşdi. – Gözləyərəm.
Daş karxanasında iş vaxtı on iki saat idi, dustaqlar daş qırır, polyaklar və qərbi ukraynalı nəzarətçilər onların işinə göz qoyur, alman əsgərlər isə gözlərini onlardan çəkmədən əllərində silah ətrafda gəzişirdilər.
Əldən düşmüş adamlar sətəlcəmdən, soyuqdəymədən milçək kimi qırılırdılar. Vərəm xəstələri öz əcəlləriylə ölmürdülər, sanitar həkimin əmri ilə xəstələri barakdan çıxarır, yorğan-döşəklərini isə yandırırdılar. Üz-gözündən xəstəyə oxşamayan dustaqlar çox vaxt gecə yatıb, səhər oyanmırdılar.
Seymurla Viktorun iki il qaldıqları, Polşanın harasındasa tikilmiş həbs düşərgəsindən hərdən qaçanlar da olurdu. Dustaqlar çox zaman gecə qaçmağa cəhd eləyirdi. Ancaq nə yolla olur-olsun, azadlığa çıxmaq üçün göstərilən mənasız və çaşqın cəhdlərin sonu hər dəfə onların həyatı bahasına başa gəlirdi. Həbs düşərgəsindən kənara çıxmaq heç kimə müyəssər olmurdu, qaçarkən öldürülməyənləri səhər düşərgə əhlinin gözü qarşısında güllələyirdilər.
Bir dəfə düşərgənin alman keşikçisinin müşayiətilə daş karxanasına eses formasında iki hərbçi gəldi. Keşikçinin nəzarətçilərlə qısa söhbətindən sonra Seymura əmr olundu ki, işi atıb, həmin hərbçilərlə getsin. Əli dəyənəkli nəzarətçilərdən nəsə soruşmaq mənasız idi, bundan başqa, Seymur üçün hara aparılacağının fərqi yox idi, təki karxanadan uzaq olsun. Gürzü çınqıl yığınının üstünə qoydu, gözləriylə Viktoru axtardı, ancaq onu görməyib, mühafizəçilərlə birlikdə yanlarında it olan keşikçilərin böyründən ötərək dustaqları daşıyan pəncərəsiz qara maşına tərəf getdi.
Kəndə yol iyirmi dəqiqə çəkdi. Maşın üstünə polyak dilində lövhə vurulmuş birmərtəbəli binanın qarşısında dayandı. Seymuru orta səviyyəli bir rəisin kabinetinin qəbul otağına saldılar, mühafizəçilərdən biri kabinetə keçib arxasınca qapını örtdü, ikinci mühafizəçi Seymurdan gözünü çəkmədən girişdəki kresloda oturdu. Avtomatı dizinin üstünə qoymuşdu. Seymur çox gözləyəsi olmadı.
Otaqda onu mülki geyimli iki şəxs gözləyirdi. Onlardan biri iri yazı masasının arxasında əyləşmişdi, rahat, ziyalı görkəmi vardı, bığlıydı. Qırx yaş vermək olardı. Yadda qalmayan, ifadəsiz sir-sifəti olan çəlimsiz tərcüməçi isə ikibortlu tünd-göy kostyum geyinmişdi.
Seymur elə yer seçdi ki, hər iki həmsöhbətini eyni vaxtda görə bilsin. Parıltılı şəhərli görkəmlərindən və döşəmədəki ağzı hələ açılmamış dəri çamadandan onların bura bir az əvvəl, çox ehtimal ki, qısa müddətə gəldiyini güman etmək olardı.
Seymur onu niyə çağırdıqlarını heç yana yoza bilmirdi, ancaq bu görüşdən yaxşı bir şey də gözləmirdi.
Hər ikisi Seymurla mehribancasına salamlaşıb, stolun yanındakı kresloda oturmağa dəvət etdilər. Seymur yeni tanışlarının adlarını öyrəndi. Yaşca böyüyün adı İohan Şvedenkley, kiçiyin adı Nikolay Astapçuk idi. Tərcüməçi Astapçukun işarəsiylə mühafizəçi otaqdan çıxdı, onun əvəzinə üç fincan qəhvə gətirən gənc ofisiant qız içəri girdi. Qəhvə kasnı kökündən hazırlanmışdı, ancaq Seymur onu ləzzətlə içdi. O, əsirlikdə ilk baxışdanca növbəti döyülüb-döyülməmək ehtimalını çox dəqiqliklə müəyyənləşdirməyi öyrənmişdi. Burada başa düşdü ki, döyülməyəcək və ona görə də tünd-qırmızı kresloya rahatca yayxandı.
Şvedenkley üzünü Seymura tutub iti gözlərini ondan çəkmirdi. Tərcüməçi onunla ayaqlaşsın deyə, yavaş-yavaş danışırdı. Seymur maraqlı çox şey öyrəndi. Şvedenkley ona izah etdi ki, Sovet İttifaqı ilə müharibə Almaniyanın könüllü olaraq öz üzərinə götürdüyü böyük missiyadır. Bu çətin missiyanın məqsədi Rusiyanın əsarətdə saxladığı xalqları azad etməkdir. Yarım il sonra müttəfiq respublikaların ərazisində yeni qayda-qanun yaradılacaq, onlar müstəqil dövlətlər olacaq, orada məskunlaşan xalqlar isə öz iqtisadiyyatlarını və təbii sərvətlərini müstəqil idarə etmək hüququ alacaq, Rusiyanın soyğunçuluğundan həmişəlik qurtulacaqdılar. Şvedenkley əyani sübut kimi Azərbaycanı misal çəkdi, dedi ki, onun neftdən əldə etdiyi sərvət uzun illərdir ruslar tərəfindən mənimsənilir. Şvedenkley öz söylədiklərini rəqəmlərlə, faktlarla əsaslandırır və Seymurun gözü qarşısında müstəqil Azərbaycanın cəlbedici mənzərəsi daha aydın canlanırdı. Seymur diqqətlə qulaq asır, eyni zamanda anlamağa çalışırdı ki, öz natiqlik bacarığını və vaxtını onların işinə yaramayacaq bir hərbi əsirə sərf etmək Şvedenkleyin nəyinə lazımdır. Deyəsən, Şvedenkley onun fikrini anladı. O dedi ki, müharibə gələn ilin yazında qurtaracaq. Ona görə alman ordusunun komandanlığı qalib ordu ilə birlikdə öz xalqının azad olunmasında iştirak edəcək milli diviziyaların formalaşdırılmasına artıq indidən başlayıb. Bu diviziyalar üçün hərbi əsirlərin içindən müharibə qurtarandan sonra öz ölkələrini idarə eləyə biləcək perspektivli adamlar seçilir. Şvedenkley dedi ki, keçmiş sovet zabiti Seymur Rəfibəyliyə öz ölkəsinin azad olunmasında iştirak etməyi təklif eləmək ona tapşırılıb. O, Seymurun şəxsi işi olan qovluğu barmağı ilə göstərib dedi ki, onun Azərbaycanda hörmətli bir ailənin üzvü olduğunu bilir. Neft mədənlərinin və torpaq sahibi olan babasının mülkünün bolşeviklər tərəfindən alındığı da məlumdur. Təbii ki, müstəqillik elan olunandan sonra müsadirə olunmuş mülk sahibinə qaytarılacaq.
Azərbaycan diviziyası, Şvedenkleyin dediyinə görə, demək olar, formalaşmışdı. Seymura yarım il sonra alman ordusu ilə Bakıya girib, Azərbaycanda yeni qayda-qanun yaradacaq diviziyanın komanda heyətinə daxil olmaq imkanı veriləcək. Şvedenkley Seymura dedi ki, bu təklifi istisnasız bütün əsir zabitlər qəbul eləyiblər, bunu özlərinə şərəf sayıblar və böyük Almaniyanın etimadını doğruldacaqlarına and içiblər.
Seymur dərhal cavab vermədi, çünki bu yaxınlarda yaşadığı-gördüyü şeylərin parçaları qırıq-qırıq və qəfil gözləri önündə canlandı – əvvəlcə Qlebin çəhrayı horraya dönmüş qanlı başını gördü. Onu torpağa uzanıb can verən, köməyinə çata bilmədiyi Zəfər əvəz elədi. Sonra isə alman əsgərlərini gördü, onlar qızıl ordu əsgərlərinin hələ soyumamış meyitləri yanında ayaq üstə dayanıb şəkil çəkdirirdilər. Və bir də həmin an şüurunun izaha gəlməz möcüzəsiylə gözləri önündən Opera və Balet Teatrında çağırışçıların bayramsayağı yola salınma mərasimi də gəlib keçdi.
Axırda Şvedenkley dedi ki, milli diviziyanın zabitləri onlarla eyni rütbədə olan alman zabitləri qədər məvacib alacaq və eyni imtiyazlardan da istifadə eləyəcəklər. Araya sükut çökdü. Bu müddətdə o, bir neçə cavab düşündü, ancaq heç biri xoşuna gəlmədi. Fikirləşdi ki, qurtarmaq bilməyən iki il ərzində xilaskar ordunun nümayəndələri tərəfindən döyülən, təpiklənən, “qırmızı alçaq” adlandırılan biri kimi o – yekə bir adam əgər bu təklifi qəbul eləsə, hətta özünə də qəribə gələr. Hələ gecə-gündüz faşist ordusuna və onun missiyasına necə nifrət etdiyini demir.
Nikolay Astapçuk mürəkkəbqabı ilə qələmi və Azərbaycan diviziyasına daxil olmaqla bağlı ərizəni Seymura tərəf itələyib, haradan qol çəkəcəyini göstərdi.
Seymur qələmi ondan qeyri-ixtiyari aldı, ancaq mürəkkəbqabıya batırmadı.
– Təklifinizə görə sizə çox minnətdaram, ancaq ümid edirəm ki, onu niyə qəbul eləyə bilməyəcəyimlə razılaşacaqsınız, – Seymur hər sözü aramla tələffüz elədi. – Bilirsiniz, mən iki min əsgərin qarşısında öz ölkəmə sadiq qalacağıma and içmişəm. Bu anda xəyanət eləyə bilmərəm. Mümkün deyil! Mənim əqidəmə görə, andını pozan zabit özünü güllələməlidir, – sonuncu təklif ona daha inandırıcı göründü.
Şvedenkley təmkinini pozmadı.
– Hesab eləyirəm ki, düzgün qərar qəbul etmədiniz, – soyuqqan-lıqla dedi. – Ancaq biz heç kimi dilə tutmuruq. Aramızdakı söhbəti unudun. Bununla bağlı daha sizə müraciət olunmayacaq.
Dəhlizdə tərcüməçi Astapçuk mühafizəçiyə nəsə dedi, o da başını tərpədib küçəyə çıxdı. Seymur bundan xoşlanmadı. Tərcüməçinin özü onu çıxışa qədər ötürdü.
– Mən yenə də sizə təklifimizi qəbul etməyinizi məsləhət görürəm. Və-ziyyət elə gətirə bilər ki, istəsəniz belə, təklif təkrarlanmaz, – tərcüməçi dedi.
– Əlbəttə, başa düşürəm, ancaq təəssüf ki, razılaşa bilmərəm, – Seymur küçədə onu nə gözlədiyini düşünərək dilləndi.
Heç nə baş vermədi. Həmin dustaq maşınında onu həbs düşərgəsinə qaytardılar. Əsgərlər onu keşikçilərə təhvil verdilər, onlar da baraka itələyib, qapını arxasınca örtdülər. Vitka qanamış qulağını tutub taxtda oturmuşdu. Seymuru görəndə guya təəccübləndi.
– Bağışlayın, siz kimsiniz?
– Tanımadın? Dovşan qardaş Opossum qardaşı görməyə gəlib. Bura-dan ötürdüm, dedim bir dəyim. Qulağına nə olub?
– Yan təsirdir… Dəyənək. Kazimirdən hara yox olduğunu soruşdum, o da «köpək oğlu» deyib, dəyənəyi iki dəfə belimə nalladı, indi qolumu qaldıra bilmirəm. Qulaq as, ciddi sözümdür, Kazimiri öldürmək istəyirəm.
– İstə, istə. Bir başıxarabı öldürəcəksən, o biri başıxarablar on dəqiqə sonra səni asacaqlar. Bu, sərfəli deyil.
– Kimə sərfəli deyil?
– Mənə. Necə çıxacağımızı bilmirəm, ancaq hökmən çıxacağıq… və burdan çıxanda, bax onda hesablaşarıq onlarla.
Vitka ağrıdan üz-gözünü büzüşdürüb güldü.
– Xəyallar aləminə xoş səyahət!.. Yaxşısı budur, de görüm, haralarday-dın?
– Həmişəki kimi, qəhvə içməyə çağırmışdılar.
– Bir tərəfdən, necə deyərlər, dərrakəsiz uşaq kimi axmaq hərəkət elə-misən, amma başqa tərəfdən də, haqlısan, yəni çox müdrik, həm də uzaqgörən iş tutmusan, – Vitka Seymura qulaq asandan sonra dilləndi. – Əgər onlara xidmət etməyə razılaşsaydın, nə vaxtsa qaçmaq üçün imkanın yarana bilərdi. Biçarə ostbayter idin, yenə elə də qaldın, hərçənd firavan dolanan vətən xaini ola bilərdin. Amma bura qayıtmağınla, heç olmasa, ölməmişdən əvvəl opossumun qızartmasını, ya da pörtləməsini yeməyi gecə-gündüz arzulayan zavallı dostun Viktor Samarskovu tək-tənha ölməyə qoymayacaqsan. Üz-gözünü niyə turşutmusan?
– Tərcüməçi Astapçukun bir sözünü xatırlayıram. Ayrılanda dedi ki, elə vəziyyət yaranar ki, məni bir də çağırmazlar. Hiss elədim ki, boş yerə deməyib. Hansı vəziyyəti dediyini bir öyrənə bilsəydik.
– Vəziyyət göz qabağındadır. Him qazılıb, bünövrə betonlanıb!.. Yol-daş faşistlər hamını cəhənnəmə göndərəcəklər, vəziyyət bax belədir!
Gözü hədəqəsindən çıxan Zbışek qarşılarında peyda olanda Viktor susdu. Sağ əlində dəyənəyi tutmuşdu, sol əlində bir vərəq kağızı yelləyirdi.
– Bu nədir? – kağızı Viktorun gözünə soxdu.
– Bilmirəm, alman dilini başa düşmürəm.
– Bu, dustağın düşərgəyə buraxılış icazəsidir. – Zbışek dustağın adını hecalayaraq oxudu. – Sey-mur Rə-fi-bəy-li. Belə çıxır ki, o, Tolik deyil? Demək, məni aldatmısan?
– Pan Zbışek nahaq hirslənir, – Viktor qılıqcıl səslə dedi, – pan Zbışeki aldatmaq mümkün deyil.
– Düşərgəyə giriş-çıxış icazəsini almanlar verir. Tolik olsaydı, Tolik ya-zardılar. Almanlar heç vaxt səhv etmirlər!
– Heç vaxt yalnız Roma papası səhv etmir! Əgər Roma papası burada, bizim barakda olsaydı, pan Zbışekə izah eləyərdi ki, bir ad hərdən başqa adla əvəz edilir.
– Burda? Zati-müqəddəsləri… – karıxmış Zbışek tələsik xaç çəkdi.
Viktor onun bu təlaşından açıq-aşkar ləzzət alırdı.
– Zati-müqəddəslərinin adını yadınıza salın, – Zbışekdən xahiş etdi.
– XII Piy, Tanrı onu qorusun!
– Ancaq Roma papasının axı iknci, daha doğrusu, birinci adı da var…
Dindar katolik Zbışek Roma papasının əsl adını o dəqiqə yadına sala bilmədi.
– Pinelli, – duruxa-duruxa dedi.
– Heç də elə deyil, ancaq belə baxanda pan Zbışek düz deyir. Onun adı Covanni Paçellidir. Bizə bunu institutda siyasi maarifdən olan allahsızlar izah ediblər, mən də yadımda saxlamışam. İnandıq ki, zati-müqəddəsləri Roma papasının iki adı var.
Bir dəqiqə əvvəl baraka soxulan nəzarətçi Zbışek qızmış buğaya oxşayırdısa, Roma papası barədə söhbətdən sonra sakitcə kəpək gövşəyən öküzü xatırladırdı.
– Pan Zbışek nə vaxtsa “Lenin” adını eşidib?
– Onu axı kim eşitməyib?! İblisin elçisinin adı!
– Pan Zbışekin məlumatı, demək olar, doğrudur, ancaq Lenin həm də dünya proletariatının rəhbəri sayılır. Volqada tatarların arasında Ulyanov adı altında yaşamışdı, Moskvaya gələn kimi isə “Lenin” oldu. Hamısı da ona görədir ki, SSRİ respublikalardan ibarətdir. Pan Zbışekə təsəvvür belə etmək çətindir ki, respublikalarda necə sərt qanunlar var. Misal üçün, mən Samarskov Ukraynaya getsəydim, adımı dəyişib Samarenko eləyərdilər. Tolik Kaluqada Tolik idi, Azərbaycanda isə onun adını dərhal dəyişib Azərbaycansayağı Seymur Rəfibəyli elədilər. Polşada elə deyil?
– Yox, Tanrının mərhəməti sayəsində, mən Krakovda da Zbışekəm, Varşavada da.
Hər ikisi yalnız nəzarətçi gedəndən sonra rahat nəfəs aldılar.
– Asan olsun deyə bütün dustaqlara ləqəb verildiyini bilirsən də?! – Viktor dedi. – Səni “Seyka” çağırsam, etiraz etməzsən? Yaxşıdır, hə? Elə bil atəş açırsan. Seyka! Sən də məni istədiyin kimi adlandıra bilərsən. – Viktor Volkov yadıma düşdü, məktəbdə onu “Vitnosnı” çağırırdılar.
– Vitnosnıdan xoşum gəlmir, – Viktor yeni ləqəbindən qəti imtina elə-di.
– Onun da xoşu gəlmirdi. Vəssalam. İndi sən Viteksən.
Vitek üzünü turşutdu, ancaq etiraz eləmədi. Beləcə də razılaşdılar.
Bir ay sonra karxanada işləyəndə nəzarətçi Kazimir yaxınlaşıb onları düşərgəyə tərəf apardı.
– Adam ol, dava eləmə, – Viktor sözə uzaqdan başladı. – Səndən bir şey soruşmaq istəyirəm.
– Özün adam ol, köpək oğlu! Mən, onsuz da, adamam, – Kazimir sa-kitcə mırıldadı, bu o deməkdi ki, bu gün onunla konstruktiv söhbət eləmək olar. – Sənə nə lazımdır?
– Yalnız onu bilmək istəyirəm ki, hara gedəcəyik?
– Sizi pan Zbışek çağırır.
– Nəsə baş verib?
Kazimir istehza ilə Viktoru süzdü.
– Məgər özün bilmirsən? Sən ki hər şeyi əvvəlcədən bilirsən?
– Hər şeyi yox, ancaq üçümüz haqqında nəsə deyə bilərəm.
– Başla görək.
– Mənə diqqətlə bax. Görürsən? Bil ki, mən noyabrda sətəlcəmdən öləcəm, Tolik bir az çox yaşayacaq, gələn il qanının zəhərlənməsindən dəhşətli əzablar içində öləcək, – Viktor Kazimirin mənfur dəyənəyinə baxaraq kövrək səslə dedi. – Səni isə noyabrda cəbhəyə aparacaqlar. Məhz noyabrın əvvəlində.
Rəngi qaçmış nəzarətçi yanları ilə gedirdi.
– Əgər düşərgə bağlansa, yəqin, aparacaqlar, – Kazimir düşündüyünü ucadan dedi. – Məni orda öldürəcəklər?
– Gecə hər şeyi öyrənib, səhər deyərəm, – Viktor adi səslə dedi. – Sən düşərgənin nə vaxt bağlanacağını de.
– Deyirlər, tezliklə. Ancaq cəbhə barədə söhbət olmayıb. Gör hər şey necə tərsinə döndü, – nəzarətçinin kefi əməlli-başlı pozuldu.
Öz cəbhə taleyi haqqında Kazimir təzə nəsə öyrənə bilmədi, çünki Viktorla Seymur növbəti günün səhərini onları Fransaya, alman hərbi zavoduna aparan yük vaqonunda qarşıladılar. Zbışek gizlicə Viktora dedi ki, Almaniyada və cəbhədə ərzaq çatışmadığına görə onların həbs düşərgəsi bağlanır, qırx üç nəfər, o cümlədən Viktorla Seymur əlavə işçi qüvvəsinə ehtiyac olan yerə göndərilirlər. Düşərgədəki qalan adamları nə gözlədiyini Zbışek bilmirdi. Vidalaşanda Zbışek hədiyyə olaraq Viktora bir neçə dənə iri kartof, iki tikə sala, yarım kömbə çörək verdi. Həm də Viktorun gözlərinin içinə baxaraq dedi ki, mümkün olsa, müqəddəs Stefanidən xahiş et ki, məndən də öz xeyir-duasını əsirgəməsin. Pan Zbışekin sonra nə ilə məşğul olacağı barədə almanlar hələ heç nə demirdilər, ona görə gələcəyi sarıdan narahat idi.
Yola düşdükləri gün dustaqlara surroqat dəridən çəkmə verdilər.
Alt-üst yataq yerləri quraşdırılmış yük vaqonunda gedirdilər. Dörd nəfər keşikçinin olduğu kiçik yeri vaqonun qalan hissəsindən dəmir barmaqlıqlı arakəsmə ayırırdı. Qırx üç nəfər dustaq üçün yer gen-boldu. Seymurla Viktordan savayı vaqonda dördüncü barakdan heç kim yox idi. Zbışekin hədiyyəsi – üç yemək bağlaması alman dilində olan qəzet səhifələrinə bükülmüşdü. Seymur alman dilini ikinci sinifdə ikicə həftə keçmişdi, sonra onu 171-ci ümumi təhsil məktəbindən yaşayış yerindəki iyirmi səkkiz nömrəli eksperimental məktəbə keçirmişdilər və orada alman dili əvəzinə italyan və latın dili öyrətməyə başlamışdılar. Hovuzda çimən iki qız şəklinin altından alman dilində “Anna und Marta baden” yazılmışdı. Dərslikdən olan bu yeganə almanca cümlə və şəkil nədənsə həmişəlik yaddaşına həkk olunmuşdu.
Ordu qəzetinin hər səhifəsi yazılarla və Berlində, Romada, Parisdə, Minskdə, Kiyevdə çəkilmiş fotoşəkillərlə dolu idi. Fürer, hərbi paradlar, tanklar, təyyarələr… Seymur çox vaxt qanıqara olurdu, ancaq onun xoşbəxtlik içində yaşadığı dünyanı məhv edən svastikalı yeni rejimin taleyində həmişəlik qalacağı fikrindən doğan çarəsizliyi yalnız indi hiss eləyirdi.
– Nə olub? – Seymurun sifətindəki donuqluğu hiss edən Viktor soruş-du.
– Sən başa düşdün? Bu, həmişəlikdir.
– Həmişəlik deyil. Bu haqda daim düşünürəm. Tarixi yadına sal. Bəşə-riyyət minillərlə hər cür ziyanlı ərzağı həzmi-rabedən keçirib. Hər dəfə pis qoxu qalıb, amma vaxt keçdikcə o qoxu da dağılıb.
– Elədir, vaxt keçdikcə, – təbəssümü üzündə dondu. – Əgər Almaniya hələ qırx-əlli il də hökmranlıq eləsə, necə olacaq?
– Ona qarşı mübarizədə son nəfərə kimi öləcəyik! – Vitek səsini qaldır-dı. – Bəsdir. Əlindən bir şey gəlmirsə, özünü üzməyə dəyməz. – Deməli, bu haqda, ümumiyyətlə, düşünməyə dəyməz, – Seymur dedi.
– Hər şey irəlidədir. Gözləmək, ümid eləmək lazımdır. Fikirləş, xatırla – insanın ən qiymətli sərvəti budur. Otur, keçmiş həyatından xoş olan nələrisə xatırla.
– Əgər gələcək yoxdursa, oturub ölümdən qabaq keçmişi düşünmək-dən başqa, onsuz da, heç nə qalmır.
– Niyə axı?! – Vitek başını yuxarı qaldırıb duyğulu səslə soruşdu, – nəyə görə məni dostumun əli ilə cəzalandırırsan?!
– Nədir, deyəsən, səhər yenə Müqəddəs Stefaniylə görüşmüsən?! – Seymur üçün tanış tövrlərdi.
– İndi mənim Müqəddəs Stefanidən savayı heç kimim yoxdur. Sey-mur, mən yalnız sənə güvənirdim. Axı sən deyirdin ki, “burdan çıxanda onlarla hesablaşarıq”, – Vitek Seymuru yamsıladı. – Mən sənə inanırdım, sənsə gözümün qabağındaca aradan çıxdın. Bax belə.
Vitekin taxtda oturub onun necə aradan çıxdığını göstərməyinə Seymur gülümsəməyə bilmədi.
– Yaxşı, sən məni qaçmaq fikrindən daşındırdın.
– Əsəblərim pozulub, axı mən dəli ola bilərəm! – Vitek ciddi tərzdə dedi. – Nəzərə al ki, zarafat eləmirəm. Son illər mən bir neçə sarsıntı keçirmişəm. İnstitutdan qovulduğumu bilirsən də? Formal olaraq, məni əxlaqsızlığa görə qovublar. Bunu hətta şəxsi işimə də yazıblar, əslində isə, onlar iki adamın saf məhəbbətini həyasızcasına ayaqlayıblar. O iki adamdan biri mən idim, məhəbbətimiz naminə tərəddüd etmədən canımdan keçərdim, o biri isə dünyanın ən gözəl qadını Yevgeniya Maksimovna idi.
– Səni düzgün başa düşdüm? – Seymur çaşqın halda soruşdu. – Sən indicə sevdiyin qadının adını çox rəsmi çəkdin?
– Vərdişdir… – Viktor pərt oldu. – Məsələ belədir ki, Jenya biologiya müəlliməsi idi. Onu ilk baxışdan sevmişdim. Təkcə mən yox, institutumuzun bütün tələbələri ona məftun olmuşdular. Mənə bunu bağışlaya bilməzdilər, bağışlamadılar da. Mən və o. Tələbə və müəllimə. Bütün ayı rektorla partkom bizim əxlaqsız davranışımızla məşğul oldular.
– Sən özünü düzgün aparmamısan, – Seymur dedi. – Gərək belə işlə-ri kollektivdən gizli saxlayaydın. Məsələn, mən ikinci kursda ay yarım siyasi iqtisad müəlliməsiylə görüşmüşdüm. Onunla bağlı xatirələri hələ də ürəyimin ən toxunulmaz guşəsində saxlayıram. Əgər heç kimə danışmasan, bunda əxlaqsız adlandırılası heç nə yoxdur.
– Biz başqa-başqa şeylərdən danışırıq, – Viktor üzünü turşutdu. – Başa düş, sizin macəranız çox az sürüb, buna xoş keçən ötəri əlaqə də demək olar. Mən isə dəlicəsinə sevmişəm. Söhbət ilk və son məhəbbətdən gedir.
– Bəs o?
– O da məni çox sevirdi. Başa düş, hər şey ölümlə həyatın sərhədində baş verirdi!
– Sən nəyisə axıra kimi demirsən, ya mən heç nə başa düşmürəm, – Seymur etiraf etdi. – Sən onu sevmisən, o da səni, burda əxlaqsız nə var ki?
– Onun əri alçağın dal ayağıdır, – Viktor dilini sürüdü.
– Aha, deməli, əri də varmış… Yəqin, xoşuna gəlməyib ki, arvadının gənc sevgilisi peyda olub, özü də ondan…
– Yeddi yaş balacadır, – Viktor onun sözünü kəsdi. – Nahaq sənə de-dim.
– Nahaq niyə olur?! Ürəyini boşaltdın. Bu da az şey deyil.
– Onun əri psixiatriya kafedrasının müdiriydi. Bizi öz evində tutandan sonra mərəkə qopartdı, guya mən adında adam yoxdu, dişinin dibindən çıxanı ona dedi, sonra rektorun yanına gedib, mənim institutdan qovulmağımı tələb etdi.
– Deməli, bu hərif hələ rektora şikayətə də qaçıb?
– O saat. Onlar çoxdanın dostuydular, bir yerdə oxumuşdular.
– Rektor da, təbii ki, dostunun tərəfini saxlayıb. Bəs o, ərindən ayrıldı?– Yox, hələ də əri ilə zülm çəkir. Üstəlik, partiya xəttiylə töhmət də alıb.
– Zavallı qadın. Sən haqlısan, əri, doğrudan da, yaramaz adamdır! Onun yerində mədəni bir adam olsa, dərhal arvadından boşanardı ki, sən onunla evlənə biləsən, evi də sizə qoyub çıxardı, sənə də öz kafedrasında namizədlik dissertasiyası müdafiə etmək üçün hər bir şərait yaradardı. Hər il də səninlə birlikdə yeni ili qarşılayardı.
– Sən, belə görürəm, abırsız adamsan, müqəddəs heç nə yoxdur sənin üçün. Bir yığın murdar şey danışdın. Göz vurmaq da lazım deyil, – Viktor hirslə dedi. İncik görünürdü, ancaq axırıncı sözləri deyəndə özünü saxlaya bilməyib qımışdı.
Qatar yavaş-yavaş gedirdi. Gündə iki dəfə qapı çöldən döyülürdü, keşikçilər içəridən qıfılı açıb, qapını yana çəkir, ərzaq qutularını və qaynar su olan qazanı əsgərlərdən alırdılar. Yemək payı düşərgədəkinə oxşayırdı, yalnız sala əvəzinə burada marqarin verirdilər və iki qırıq şəkərlə birlikdə ovuclarına bir çay qaşığı quru çay tökürdülər. Keşikçilərin nə yediyini dustaqlar bilmirdilər. Yeməkdən sonra vaqondakılar susurdu, onlar musiqidən həzz alırdılar. Maksimalian adında mühafizəçi böyük, yan tərəfində registri olan iyirmi beş santimetr irilikdə klavişli dodaq qarmonu çalırdı. Gözəl çalır, aldığı ləzzətdən gözlərini yumurdu. Hətta cəbhə yoldaşları olan üç mühafizəçinin də sifarişlərini yerinə yetirirdi. Çalmamışdan əvvəl hər dəfə ciddi görkəmdə sifarişi dəqiqləşdirir, aləti kökləyir və növbəti dəfə artıq hamıya məlum olan “Rozemunda”, “Şampan damcıları”, ya da “Yağış yağır” kimi melodiyanı çalırdı. Dustaqlar ləzzət alırdılar və fasilələrdə artisti alqışlayırdılar.
Partlayış hamının qulağını batırdı, vaqonu kənara atdığından bombanın qatara dəydiyi məlum oldu. Birincinin ardınca yenə bombalar partladı. Partlayış gurultusundan təyyarələrin səsi eşidilmirdi. Başladığı kimi qəfil də kəsdi partlayışlar. Döşəmədən duran mühafizəçilər qapıya tərəf qaçdılar. Qatar meşə ilə əhatə olunmuş yarımstansiyada dayanmışdı. Hər tərəfdən güllə atırdılar. Əsgərlər qatarı avtomatla silahlanmış naməlum adamlardan müdafiə edirdilər. Mühafizəçilər dustaqları qapıdan uzaqlaşdırmağa çalışırdılar. Qapıda duran Maksimalian geri çönüb avtomatdan atəş açdı, ona görə qabaq cərgə çaxnaşma içində döşəməyə yıxıldı. Bir neçə adam arxadakıların ayağı altında qaldı. Dustaqları dayandırmaq istəyənləri bir an sonra basıb vaqondan çıxardılar. Hərbi formalı mühafizəçilər yerə düşən kimi sərrast atəşlə öldürüldülər.
– Musiqiçini, Maksimalianı öldürdülər? Gördün? – Vitek ağzıüstə yıxılan mühafizəçinin yanından keçəndə dedi. Mundirin qatlanmış yaxasından dodaq qarmonu görünürdü.
– Axır ki, qarmonlu, avtomatlı gəbərmiş faşist gördüm.
– Tfu! Ədəbsiz! – Vitek nəfəsini dərib hirslə dedi. – Səndə müqəddəs heç nə yoxdur!
Bir az əvvəlki yol yoldaşları vaqona söykənib onların arxasınca baxırdılar.
– Gördün? – Viktor uçuq budkanın arxasında daldalanıb heyrətlə dedi. – Nəsə gözləyirlər?
– Bəlkə, qayıdıb soruşaq? – Seymur dayanmadan təklif etdi.
– Nəfəsini dər. İndi isə qaçdıq!
Bir xeyli qaçdılar. Atışma səsləri artıq onlara gəlib çatmırdı, ancaq hələ də dayanmırdılar. Axır ki, taqətdən düşüb, saralmış payız yarpaqlarının üstünə yıxıldılar.
– Gedək, burda qalmaq olmaz, – Seymur nəfəsini dərib dedi. – Gedək!
– Hara?
– Heç olmasa, bu lənətə gəlmiş vaqondan uzağa. Bizi axtaracaqlar.
– İyirmi vaqondan yalnız bizimki yük vaqonu idi. Görünür, hərbi qa-tardı. Maraqlıdır, bizim bombardmançı təyyarələr bu qədər uzağa necə gələ biliblər.
– Deyirsən, bizim təyyarələrdir?
– Əlbəttə. Özgə nə ola bilər ki?
Hava tutqun idi, soyuğu hiss etməyə başladılar. Aclığa nə qədər öyrəşsələr də, yemək istəyirdilər. Daha qaçmırdılar, ancaq dayanmırdılar da.
Vitek həmişəki kimi dilboğaza qoymurdu.
– Yemək istəyirsən?
– Özü də necə! Hərçənd bu haqda düşünmək istəmirəm.
– Ancaq düşünmək lazımdır. Təsəvvür elə: biz qaça bilmişik, bizi hələ öldürməyiblər, indi isə meşə ilə gedirik. Təsəvvür elədin? İndi daha bir möcüzə baş verir, qabağımıza opossum çıxır, biz də ondan dadlı kabab bişiririk, – Viktorun ağzı sulandı. – Məni eşidirsən?
– Məncə, Fransada opossum olmur, – Seymur dedi.
– Sən möcüzəyə inanmırsan, – Vitek köks ötürdü. – Nə olsun ki? İndi burda faşistlər də var, ancaq əvvəl olmurdular… Yaxşı, opossumsuz keçinərik. Amma, yəqin, dovşan olar. Dovşan kababı istəyirəm.
– Dovşanı kəsmək lazım gələcək. Bacararsan?
– Heç ağlına da gətirmə. Yemək xatirinə ömrümdə bir məməli heyvan da öldürməmişəm. Bu mənim həyat prinsipimdir.
– Demək, dovşana da bir quş.
– Hardasa oxumuşam ki, Fransada dovşanlarla qəssablar qol-qola gəzir-lər, – Vitek gözlərini süzdürdü.
– Hamısı aclıqdandır! Yaxşısı budur, gücünü qoru, hələ lazım olacaq.
– Gücümü? Mənim enerjim aşıb-daşır! İstəyirsən, bax burdaca Fiqaro-nun ariyasını oxuyum?
– Yox, yox! Bircə elə bu çatışmır! – Seymur yalvardı. – İndi oktyabrdır, ov mövsümüdür, səsini eşidən ovçular qaban var deyə tökülüşüb gələrlər.
– Özünə gəl, insan! Müharibə gedir, burda ovçu nə gəzir? Seyka! – Vi-tek var səsi ilə qışqırdı. – Sənə hələ də çatmayıb. Azadlıqdayıq e, Fransadayıq! Vəhşi qabanlarıq biz! – o, sevindiyindən ağladı.
Qarşılarına hələ heç kim çıxmamışdı. Günün ikinci yarısı hava çox soyudu. Ayaqqabı sol ayağını döydüyündən Seymur bərk axsayırdı. Vitek otun içindən bir budaq tapdı, qırıb əlağacı kimi bir şey düzəltdi.
– İndi oldun əsl zəvvar, əsalı zəvvar, – Vitek dedi.
– Əgər qabağımıza bir adam-filan çıxmasa, sabaha sağ qalmayacağıq. Bunu sənə təcrübəli zəvvar kimi deyirəm, – Seymur istehza ilə gülümsədi.
Beş kilometrə qədər də dinməzcə getdilər. İlk olaraq Vitek danışdı.
– Sən möcüzəyə heç inanmırsan? – o, bic-bic soruşdu.
İrəlidə, ağacların arasında kirəmitləri bozarmış alçaq bir koma onları gözləyirdi. Səsə hay verən olmadı, ancaq yüngülcə itələyən kimi qapı açıldı. Deyəsən, bu gün onların bəxti gətirirdi.
Evin içi də çölü kimi kasıb idi. Çoxdandır yaşayış olmadığı ilk baxışdan hiss edilirdi. Kiçik şkafın gözlərindən bir neçə qazan və çaydan tapdılar. Qazanlar təmizdi, görünür, ev sahibləri getməmişdən əvvəl yır-yığış eləməyə macal tapmışdılar. Bu vaxt arxadan asta səs eşitdilər, nəsə xoşagələn sözə oxşamırdı eşitdikləri. Geri dönəndə bir neçə addım aralıda əllərində tapança tutmuş mülki geyimli iki adam gördülər. Tapançalar onlara tuşlanmışdı və bayaqkı söz təkrar- lanan kimi onun mənasını düzgün başa düşüb hər ikisi əllərini qaldırdı.
Onlardan birinin, o susqun qaradinməzin kürəyindən böyük bel çantası boylanırdı, o birisinin isə, tapançanı nəzərə almasaq, üstü-başı yüngül idi və iri sifətinin sağ tərəfində boyaboy çapıq yeri qızarırdı, hökm verməyə öyrəncəli biri olduğu hiss olunurdu.
– Deyəsən, alman deyillər, fransızdırlar, – Viktor dilləndi.
Onlar yad adamlara birkalı sağ biləklərini göstərdilər. Ancaq belə göründü ki, üstündə həbs düşərgəsinin nömrələri olan birka onlara təsir eləmədi, ehtiyat etdikləri baxışlarından bəlliydi.
– Alman deyillər, ancaq bunların da tapançası var, – Seymur dedi.
Dillərinin yaxın olduğu ümidilə gələnlərə italyan dilində müraciət elədi. Sözləri aydın tələffüz eləməyə çalışaraq, üstəlik, əl-qoluyla da başa salmaq istəyirdi ki, onlar sovet zabitləridirlər, üç gün əvvəl alman hərbi düşərgəsindən qaçıblar. Seymurun dediklərindən fransızlar, deyəsən, nəsə anladılar. Hər halda, tapançalarını gizlətdilər. Belində çanta olan, yükünü stolun üstünə qoydu, qəzetə bükülü pendirli iki buterbrod çıxarıb Seymurla Viktora uzatdı. Oturmağa heç nə olmadığından ayaq üstə yeyəsi oldular. Fransızların, sözün əsl mənasında, gözləri bərələ qalmışdı: cır-cındır geyinmiş bu skeletə oxşar məxluqlar bircə dəfə belə udqunmadan o irilikdə buterbrodu ikicə uduma içəri ötürdülər.
Fransızlar təzə tanışlarından gözlərini çəkmədən astadan danışır, az qala pıçıltıyla bir-birilərinə nəsə deyirdilər.
– Çox dadlıdır, – Viktor dedi. – Əlbəttə, faşist deyillər. O üzü çapıqlı-dan soruş, bu pendir necə adlanır.
– Sonra, – Seymur mızıldadı. – Mənə elə gəlir, bizim məsələmizi həll eləyirlər.
– Düşərgədə deyilik. Məsələmizi bizsiz kim həll eləyə bilər?
– Əlində tapança olanlar, – Seymur istehzayla gülümsədi.
Bununla bağlı Viktorun, deyəsən, öz fikri var idi, ancaq sözünü deməyə macal tapmamış, açıq qapıdan avtomatlı iki əsgərin müşayiətilə içəri eses formasında bir alman zabiti girdi. Onun əmri ilə otaqdakılar əllərini qaldırdı.
Zabit soyuqqanlı baxışlarla Viktorla Seymuru süzdü, adətən, cansız əşyaya belə baxırlar. Onu fransızlar maraqlandırırdı, ağır, ehtiyatkar nəzərlərlə süzdü onları. İki dəfə nəsə əmr etdisə də, fransızların heç biri yerindən tərpənmədi. Onlar dinməzcə almanlara baxır, elə bil onlara nifrət eləməkdən çox, axmaqlıqları ucbatından ələ keçdikləri üçün özlərinə acıqları tuturdu. Zabit qoburdan tapançanı çıxardı, qoruyucunu aşağı çəkib, lüləyi bir metr məsafədən üzü çapıqlı faransızın alnına tuşladı. Nə soruşduğu məlum deyildi, ancaq səsinin tonundan son dəfə soruşduğu hiss olunurdu. Və bu an ağlagəlməz bir şey baş verdi. Seymur dilləndi. İkinci sinifdə alman dilindən yadında qalan yeganə cümləni qəfil bərkdən dedi:
– Anna und Marta baden!
Seymurun zabitin gözünün içinə baxa-baxa dedikləri esesçilərin bir anlığa diqqətini yayındırdı.
– Harda?! – Seymurdan soruşdu. Daha doğrusu, alman dilində “Vo?” desə də, hamı onu başa düşdü.
Seymur sol əli ilə qapını göstərdi. Qalan şeylər uzun müddət ac qalmaqdan üzülmüş adamın imkanlarını qat-qat üstələyən bir sürətlə baş verdi.
Zabitlə iki əsgər çimən qızlara baxmaq üçün dönəndə tapançanın lüləsi fransızın alnından uzaqlaşdı, Seymur əlindəki dəyənəyi var qüvvəsiylə zabitin başına vurdu. O, kəsilmiş ağac kimi yerə aşdı, hər iki fransız da tapançalarını çıxarıb əsgərlərə yaxın məsafədən atəş açdılar.
Almanlar səslərini də çıxarmadan döşəməyə sərildilər. Otağı barıt və qanın ürəkbulandıran qoxusu bürüdü.
– Sən ona nə dedin? – Viktor karıxmış halda qışqırdı.
– Bildiyimin hamısını!
Viktor diqqətlə almanların meyitinə baxırdı. Hətta birini arxası üstə çevirdi. Seymur özünü saxlaya bilmədi:
– Həkim eseslərə ilk tibbi yardım göstərmək istəyir?
– Sən bir bax, – Viktor dedi, – onlara avtomat tapançadan atəş açılıb. Tezatılan tapançadan. Əsl möcüzədir. Bir almanın bədənində on, o birində on bir güllə yeri var. Özü də bir saniyədən az vaxtda atılıb!
– Otuz dörd millisaniyə. Dəyənək zərbəsini də üstünə gəl. Mən saata baxırdım, – Seymur onun sözünə qüvvət verdi.
– Çox yaxşı saatlardır. Yeri gəlmişkən, onları satmaq, ya da pendirə, qı-zardılmış toyuğa dəyişmək olar, – Viktor həvəslə dedi.
– Heç ümid eləmə də. Saatlar satılmır.
Olmayan saatlar barədə söhbəti fransızlar yarımçıq kəsdi.
– Klod, – üzü çapıqlı əlini uzadıb dedi. – Klod Vernye.
İkincinin adı Bastian Janno idi.
Janno zirzəmiyə düşdü, iki elektrik fənəri ilə qayıdıb, yeni tanışlarına verdi.
– Avtomatları özümüzlə götürək, – Viktor dedi. – Mənə elə gəlir, etiraz eləməzlər.
Sonra köməkləşib meyitləri evdən çıxardılar. Öldürülmüş almanları evdən on metr aralıda eləcə torpağa uzatdılar. Dinib-danışmadan, heç yana burulmadan yarım saatdan sonra kəndarası yola çıxdılar və burada saata baxıb dayandılar. Tezliklə bir maşın göründü və fənərlə işarə verən kimi dayandı.
Az keçmiş avtomobilin işığı küçəni işıqlandırdı və maşın pəncərələrindən zəif işıq süzülən ikimərtəbəli evin qarşısında dayandı.
Keçmiş dustaqları mebellə, xalçalarla bəzədilmiş iri qonaq otağına gətirdilər, divanda oturdub təkcənə qoyub getdilər.
– Avtomatları almadılar, bu, yaxşı əlamətdir, – Vitek dedi. – Maraqlı-dır, görən, kimdirlər? Quldura oxşamırlar.
– Birincisi, almanlar onları öldürmək istəyirdi, demək ki, yaxşı adam-lardırlar. İkincisi, almanları onlar güllələdi, bu isə o deməkdir ki, çox yaxşı adamlardırlar. Hətta quldur olsalar belə.
– Ratsiyaları vardı, çox ehtimal ki, kəşfiyyatçıdırlar, – Vitek dedi.
Fikrini tamamlamağa macal tapmadı, çünki otağa Klod Vernye ilə birlikdə bir neçə adam girdi. Müxtəlif yaşda idilər, əyinlərinə yüngül idman paltarları geyinmişdilər, elə bil şəhər ətrafına gəzintidən qayıdırdılar. Hamısı iri stolun kənarında əyləşib, gözlərini maraqla Seymurla Viktora dikdilər. Jannonun müşayiətilə Mixail Astaxov adında tərcüməçi gələndə isə otaqda canlanma yarandı. Sonra məlum oldu ki, Fransa vətəndaşı Astaxov 1917-ci ildə rusiyalı ilk mühacirlərdən olan polkovnik Astaxovun oğludur. Hündürboy gənc idi, oturuşundan, duruşundan qanacaqlı adama oxşayırdı, ancaq əvvəl-əvvəl öz keçmiş həmvətənlərilə bir az təkəbbürlə danışdı.
Klod Vernye Janno ilə ratsiyanı gizlətməyə gəldikləri meşədəki komada nə baş verdiyi haqqıında ətraflı danışdı. “Anna und Marta” deyə qışqırıb, mimika və əl-qol hərəkətləriylə alman zabitinin Seymurun sözünə necə reaksiya verdiyini göstərəndə hamı qəhqəhə çəkdi. O, Seymurla Viktorun onları ölümdən qurtardıqlarını da dedi.
Söhbət iştirakçılarının qatara hücum edənlər olduğu sonra aydınlaşdı.
Normal adamlarla eyni otaqda oturub, bütün azad adamlar kimi söhbət eləmək, demə, çox gözəl bir şey imiş. Uzun, əzablı günlərdən sonra ilk dəfə idi çoxdan yadırğadıqları hissləri keçirirdilər.
Ayrılanda qonaqların hər biri onların əlini sıxdı; səslərinin tonundan, təbəssümlərindən bilinirdi ki, nəsə xoş sözlər deyirlər. Axırda Klodla Janno getdilər. Klod dedi ki, onlar yaxşı dincəlib, özlərini qaydaya salmalıdırlar. Onun sözlərinə görə, Mixail Astaxov sovet zabitləriylə səhərə qədər bir yerdə qalmaq istəyir. Ola bilsin, Klodun danışdıqları Astaxova təsir eləmişdi, ya uşaqlar xoşuna gəlmişdi, hər nəyə görə idisə, onun gözlərindən mehribanlıq, ehtiram oxunurdu.
Mixail danışdı ki, qatara səhərki quru hücumunu hamının “komandor” adlandırdığı Klod Vernye hazırlayıb. Eşelonu isə havadan onların radio ilə çağırdığı Britaniya təyyarələri bombalayıb. Limu şəhərində müqavimət hərəkatının iştirakçıları ilə yerli qarnizonun əsgərləri arasında döyüşlər gedirdi və almanlar şəhərə təcili olaraq hərbi texnika çatdırmalı idilər. Əməliyyat nəticəsində üstündə svastika olan bircə tank, bircə zirehli döyüş maşını belə Limuya gedib çatmayıb.
İlk günlərini onlar insan olduqlarına öyrəşməklə keçirdilər. Yuxudan duran kimi özünü yalançı “yeni nizam”ın miskin nümayəndələrinin təpiklədiyi, ya təhqir etdiyi həqarət olunan məxluq yox, insan hiss eləmək, demə, çox qeyi-adi, gözəl bir hiss imiş. Demə, səhər üz qırxmaq, duş qəbul etmək və adi bir səhər yeməyi yalnız azad insanların əlinin çatdığı həzdir. Klodun kabinetinin divarlarından əllə yazılmış elanlar, qəzetdən kəsilmiş parçalar, fotoşəkillər və bir neçə portret asılmışdı. Şəklin birində hərbi mundirli, sinəsi ordenli, üzündən lovğalıq yağan adam təsvir olunmuşdu, altından da qara qrifellə bütün səhifə uzunu iri, yöndəmsiz hərflərlə “Satqın” sözü yazılmışdı. Bu, 1940-cı ildə Kompyendə Fransanın kapitulyasiyasına imza atan marşal Petenin portreti idi. Klod dedi ki, almanlar Petendən tələb ediblər, kapitulyasiya protokolunu 1918-ci ildə almanların təslim aktına qol çəkdikləri eyni vaqonda imzalasınlar. Ölkənin Böyük Britaniya kimi müttəfiqi, vuruşmaq üçün bütün vəsaitləri olsa da, qorxaq və satqın Peten kapitulyasiyaya razılaşmışdı. Qalan üç portret isə de Qollun, Stalinin və Çörçilin idi. Tərcüməçi Mixail dedi ki, Klod Vernye, eləcə də Fransanın bütün vətənpərvərləri Kursk ətrafında və Stalinqraddakı döyüşlərin alman hərb maşınını sındırdığını, onu məğlubiyyətə düçar etdiyini düşünürlər. Onların fikrincə, böyük sərkərdə Stalin Avropanın faşist basqınından xilaskarıdır.
Peten 1940-cı ildə Fransanın kapitulyasiyasına imza atandan sonra ölkədə faşist tərəfdarı olan Vişi rejimi bərqərar olmuşdu. Böyük Britaniya Almaniya ilə təkbətək qalmışdı. İşğal etdiyi bütün Avropa ölkələrinin insan və sənaye ehtiyatlarına yiyələnmiş Almaniyadan həmin vaxt İngiltərə qat-qat zəifdi. Böyük Britaniyanın arxalanmağa heç kimi yox idi, Almaniyanın hərbi aviasiyası qarşısında acizdi. Svastikalı bombardmançı təyyarələr şəhərlərə, hərbi obyektlərə heç nədən çəkinmədən gecə-gündüz zərbələr endirirdilər. Çörçil milləti birləşdirə bildi. İngilislər ağır şəraitdə təyyarələrin istehsalını artırmağı bacardılar. Onların alimləri benzinə qatılanda təyyarənin sürətini artıran maddə düzəltdilər. İndi ingilis qırıcıları alman təyyarələrindən daha sürətlə uçurdular. Sovet ordusunun uğurlarından ruhlanan ingilis bombardmançıları Almaniyaya hava hücumları təşkil etməyə başladılar. 1943-cü ildə Almaniyanın səmadakı hökmranlığına son qoyuldu. Çörçilin çox böyük səyi nəticəsində fransız vətənpərvərlərin dağınıq silahlı dəstələri “Maki” ümummilli müqavimət hərəkatında birləşməyə başladılar.
Müqavimət hərəkatının rəhbərliyinə tanınmış hərbçilər namizəd idi, ancaq Uinston Çörçilin seçimi Şarl de Qolldan yana oldu. Britaniya hökuməti 1940-cı ildə briqada generalı de Qollu Azad Fransanın rəhbəri kimi tanıdı. İlk iki ildə o, müqavimət hərəkatını “BBC” radiosunun kanallarından birinin vasitəsi ilə Londondan idarə elədi.
De Qollun Fransada ən yaxşı köməkçilərindən biri Klod Vernye oldu. O da de Qoll kimi Fransanı alçaldılmış sayır, Petenə nifrət edir və almanlardan qisas almağı arzulayırdı. Onların ümumi cəhətləri çoxdu, ən başlıcası da hökmlü xarakter, tez və düzgün qərar qəbul etmək bacarığı idi. Klod da de Qoll kimi, ondan 14 il sonra, 1936-cı ildə Sen-Sir hərbi məktəbini bitirmişdi. Fransa ərazisində müqavimət hərəkatının bir neçə mütəşəkkil mərkəzi yaradılmışdı, onların da birinə polkovnik Klod Vernye başçılıq eləyirdi.
Klod Vernyenin dəstəsi haqqında əfsanələr dolaşırdı. Alman ordusuna qarşı ən təhlükəli əməliyyatlarda şəxsən Klodun özü iştirak edirdi. Alman komandanlığı onun başına 20 min mark mükafat təyin etmişdi. Onunla birlikdə döyüşlərdə bir qayda olaraq Seymurla Viktor da iştirak edirdilər. Bu adamların cəsarəti yoldaşları arasında rəğbətlə qarşılanırdı. Klodun özü bu qoçaqlığı onun və dostlarının faşistlərə olan nifrətiylə izah eləyirdi. O deyirdi ki, qarşıdurmada qüvvələr bərabər olanda döyüşü düşmənə daha çox nifrət edən qazanır. “Döyüşən Fransa” nın sıralarında katoliklərdən, mühacirlərdən tutmuş, kommunistlərə qədər müxtəlif dünyagörüşlü adamlar var idi, ancaq hamısı komandor Kloda inanır, onun əmrlərini danışıqsız yerinə yetirirdilər.
Alman qarnizonlarına həmlələr arasındakı qısa fasilələrdə Seymurla Viktor fransız dilini öyrənirdilər. Albidə məktəb müəllimi olan Samuel Kurbeni onlar üçün Klod Vernye dəvət etmişdi. Samuel vicdanlı pedaqoq idi və şagirdlər məşğələləri buraxanda çox hirslənirdi. Mixailin onlara göstərdiyi mühasibat hesabatından belə məlum olurdu ki, məktəb yaşı ötmüş iki şagirdin təhsilinə dəstənin büdcəsindən hər ay məktəb müəlliminin maaşından iki dəfə çox pul ödənilir. Bunda sonra Samuelin canıyananlığı daha Viktoru təəccübləndirmədi.
Bütün Fransanın səbirsizliklə gözlədiyi gün gəlib çatdı. Alman qoşunları darmadağın edildi, çoxsaylı kollaborasionistlər camaat qarşısında lənətləndi və qüvvədə olan qanunlarla andlı məhkəmələr tərəfindən cəzalandırıldı. Marşal Peten satğınlığına görə ölüm hökmünə məhkum edildi, ancaq Fransa prezidenti seçilmiş Şarl de Qoll 1945-ci ildə onu əfv etdi. Sonralar kollaborasionistləri də bağışlayıb bütün hüquqlarını bərpa etdi, dedi ki, ölkənin maraqları naminə onlara yeni həyata başlamaları üçün şans verir, çünki Fransa bundan sonra daxildən parçalanmamalıdır.
Qələbə bayramını Seymurla Viktor Parisdə qarşıladılar. Möhtəşəm bayram idi, sanki bütün Fransa xoşbəxtlikdən məst olmuşdu, adamlar küçədə mahnı oxuyur, qucaqlaşır, de Qollun əsgərlərinin ayaqları altına güllər səpələyirdilər. Seymurla Viktor ömürlərində ilk dəfə smokinq geyinib, yaxalarını aldıqları döyüş mükafatları ilə bəzəmişdilər: Hərbi Xaç, Könüllü Əsgər Xaçı və iki döyüş medalı. Belə təntənəli görkəmdə də Klod onları atası ilə birlikdə qayıdan gözəl, qamətli arvadı Mariona təqdim elədi. Klod elə bil on yaş cavanlaşmışdı, üz-gözündən xoşbəxtlik yağırdı. Dostlarına sürpriz hazırlamışdı, dedi ki, axşam Şarl de Qollun qələbə münasibətilə verdiyi qəbula dəvət ediliblər. Bu, unudulmaz bir gecə idi. Şampan şərabı sel kimi axırdı, iştirakçılar “Marselyeza” oxuyur, qucaqlaşıb sevincdən ağlayırdılar. Klodla Marion bütün axşam de Qolla birgə oldular və zaldakıların çoxu onlarla bir yerdə olmaq üçün çox şeydən keçərdilər.
Seymur bayram tədbirlərindən sonra vətənə qayıtmağa kömək edəcəyi barədə verdiyi vədi bir daha Klodun yadına saldı.
– Vəd vermişəm, tez bir vaxtda yerinə yetirəcəyimə də inanıram, ancaq indi mümkün deyil. Fransada sovet səfirliyi, konsulluğu, ya hər hansı bir diplomatik nümayəndəlik açılan kimi bunu eləyəcəm. Sən başa düş ki, Sovet İttifaqı müharibəni hələ qurtarmayıb, Almaniya hələ təslim olmayıb. Bir az səbir elə.
Çoxdan səbirləri qalmamışdı, ancaq onlar gözləyirdilər. Ona görə də Mixail Astaxov deyəndə ki, qayıtmaqları ilə bağlı Klod onlara nəsə demək istəyir, axıra qədər qulaq asmayıb Klodun yanına cumdular.
Klodla Marion tək deyildilər. Qonaq otağında müqavimət hərəkatından tanıdıqları iki kommunist də var idi. Onların qayğılı sifətini görəndə Seymurun ürəyi sıxıldı.
Klod dedi ki, bir ay əvvəl Fransa hökumətinə sovet rəhbərliyindən məktub gəlib, onlar bütün hərbi əsirlərin və müharibə dövründə SSRİ ərazisindən mühacirət edən başqa şəxslərin geri qaytarılmasını təkidlə xahiş edirlər. Faşizm üzərində qalibiyyətin əsas iştirakçılarından birinə, Fransanın müttəfiqinə rədd cavabı verməyi hökumət mümkün hesab etmir.
Kommunist Martin Ksavye hiddətlənmişdi və bunu da gizlətməyə çalışmadı:
– Həmişə hörmət etdiyim sovet həmkarlarımızı anlaya bilmirəm. Bu-nun nə üçün baş verdiyini başa düşmürəm, ancaq hərbi əsirlərin müttəfiq ölkələrdən ekstradisiyası davam edir. Bizim mənbələrdən belə məlum olur ki, yerlərini zorakılıqla dəyişməyə məcbur olan adamlar Sovet İttifaqına çatan kimi mühakimə olunub, sonra sürgün edilirlər. Deyilənə görə, əsir düşən zabitlərin doğmaları da repressiyaya məruz qalırlar, sıravi əsgərlərin qohumlarına isə müavinət vermirlər.
– Ola bilsin, səhv məlumatdır, – Seymur söylənənləri saf-çürük edə- edə dedi. – Çünki bu çox mənasız işdir. Martin, sən inanırsan ki, müharibədə əsir düşənləri ABŞ-dan, İngiltərədən, Fransadan zorla çıxarırlar ki, sürgünə göndərsinlər? Bunun nə üçün edildiyini deyə bilərsən?
Fransız kommunist bunun cavabında mənalı-mənalı susdu.
– Qəribədir, – Vitek dedi, – əgər buna inansaq, demək, hər şey yoldaş Stalinin razılığı, ya onun əmriylə edilir. Belə şey ola bilərmi?
Marion ümidlə ərinə baxdı.
– Klod, sən nə düşünürsən?
– “Əgər insan uzun müddət yırtıcı ilə döyüşürsə, özü də yırtıcıya çevrilə bilər”. Məktəbdə ilk dəfə Nitsşenin bu sözlərini eşidəndə onları mənasız söz yığını saymışdım. Bu gün Fransa prezidentinin köməkçisiylə danışmasaydım, hərbi əsirlərlə bağlı həmin dəhşətli əhvalata da inanmazdım. Hər şey təsdiqləndi – sovet tərəfinin tələbiylə hərbi əsirlərin göndərilməsinə başlanılıb. Fransadan SSRİ-yə artıq yüz altmış min keçmiş hərbi əsir göndərilib. Onların taleyindən heç bir xəbər yoxdur. Mənə elə gəlir ki, köçürülənlərin dalğası tezliklə Fransanın cənubuna çatacaq. Vəziyyət aydın deyil. Özünüz fikirləşin: Sovet İttifaqı anti-Hitler koalisiyasındakı müttəfiqlərindən öz vətəndaşlarının verilməsini tələb edib, onlar da razılaşıb. Hər şey həmin ölkələrin qanunlarına uyğun baş verir.
– Sabah Seymurla Viktorun dalınca polis gələndə sən sakitcə du-rub baxacaqsan?
– Sakitcə durub atışacağıq, – Klod istehzayla gülümsədi. – Narahat olma, Marion. Seymurla Viktorun dalınca gəlməyəcəklər. Onların hər ikisi Fransanın orden və medallarıyla təltif olunublar, onların pasportu var. Bu yaxınlarda vətəndaşlıq alacaqlar, həmin gündən də ancaq Fransa qanunlarına tabe olacaqlar.
– Qancıqdan törəyən! – Viktor birdən dedi.
Klod sualedici baxışlarla Viktoru süzdü.
– Bununla nə demək istəyirsən?
– Bilirsən, Klod, bunu sənə necə izah eləyim, – Vitek dilini sü-rüdü. – Şərəfdən, vicdandan, ləyaqətdən dəm vuran adamlar var ha, bax bu söz onlara yaxşı yapışır. İndi qulaq as: yoldaş Stalin, şübhəsiz, Avropanın xilaskarıdır, generalissimusdur, xalqlar atasıdır, Sovet İttifaqı Qəhrəmanıdır, bütün bunlara baxmayaraq da, qancıqdan törəyəndir. Görüm, onu lənətə gəlsin, alçaq, yaramaz! Hə, necədir?
– Mənə elə gəlir, Fransa vətəndaşı müttəfiq ölkənin rəhbəri haqqında belə kəskin sözlər deməməlidir, – komandor Klod Vernye dedi. – Ancaq çox istəyirsənsə, özün bilərsən, bu, sənin haqqındır.
– Hə, – Viktor Samarskov səsini qaldırdı. – Çox istəyirəm! Bu haqqı da qazanmışam.
Viktor Seymuru maşınla evə qədər apardı. Yol boyu susdular.
– Başa düşmürəm, niyə belə qanıqarasan? – Seymur maşından düşəndə Viktor soruşdu. – Axı hər şey yoluna qoyulub.
– Başa düşdün, bizi evə cinayətkar kimi qaytarmaq istəyirlər. Adam utanır…
– Nahaq utanırsan. Sən öz ölkəni satmamısan, o səni satıb, qoy o utansın.
– Ölkə satmır, adamlar satır.
– Doğrudur, adamlar satır, daha doğrusu, bir adam: qancıqdan törəyən. Bığlı alçaq gəbərsə, canımız qurtarardı!
İki həftə sonra Klod onları evlərinə dəvət elədi. Bayramsayağı bəzənmiş süfrənin arxasında Marionla Klod elan etdilər ki, nəhayət, bürokratik süründürməçiliyə son qoyulub, onlar bu gündən rəsmi olaraq Fransa vətəndaşlarıdırlar. Bundan sonra Fransa pasportu ilə hara gedirlər-getsinlər, təhlükəsizliklərinə təminat veriləcək. Marion danışdı ki, atası ilə ABŞ-da yaşayanda Fransa vətəndaşları olaraq heç bir ayrı-seçkilik hiss etməyiblər. Adətən, az danışan Seymur Viktorun və öz adından bu dəfə əməlli-başlı təşəkkür nitqi söylədi. Çünki, doğrudan da, sevincindən göyün yeddinci qatında idi.
Sonra heç də hər şey asan olmadı. Bütün sənədlər qaydaya salınandan sonra Viktor Fransada qalmaq istədi. Dedi ki, getməyə yeri yoxdur, evdə onu heç kim gözləmir, özü də kimisə görməyə can atmır.
– Bunsuz isə, – Viktor dedi, – normal adam üçün “Vətən” məfhumu boş şeydir. Viktorun Permdə qohumları olmadığını Seymur bilirdi, on dörd yaşı olanda anası vəfat etmişdi, atası ikinci dəfə evlənəndən sonra isə onların münasibəti tamam pozulmuşdu. O, birlikdə getmək üçün Viktoru dilə tutdu, hətta tibb institutunu Bakıda bitirmək kimi cürbəcür təkliflərlə şirnikdirməyə çalışdı.
– Yaxşı-yaxşı fikirləşib mənə de görüm, adam harda özünü daha çox yad hiss eləyər: Parisdə, ya Bakıda? – Vitek soruşdu.
– Yaxşı-yaxşı fikirləşib sənə deyirəm ki, Bakıda özünü yad hiss etməyə-cəksən.
– Viktor Samarskov üçün hər yer yaddır, – Vitek ciddi tərzdə cavab verdi.
– Çayld Haroldla iyirminci əsrdə mübahisə etmək düşündüyümdən də çətinmiş, – Seymur gülümsədi.
– Çayld Harold mənim üçün harınlamış ədabazdır. Mübahisə eləmək-dənsə, yazsan, yaxşı olar, pul-zad da istəmirəm: Parisdə, ya Albidə yad olmaq, Bakıda, ya Permdə yad olmaqdan qat-qat yaxşıdır. Necədir, aforizmdən xoşun gəldi?
– Heç nə anlamıram. Axı qayıtmağı çox istəyirdin!
– Sənə də qayıtmamağı məsləhət görürəm.
– Əgər izah eləyə bilsən ki, bir belə həsrətdən sonra niyə qayıtmamalı-yam – getmərəm.
– Sənə deyirəm: lazım deyil! Mən buna əminəm. Sən axı intiutiv adam olduğumu, hər şeyi hiss etdiyimi bilirsən. Qısası, mən qorxmuram, ancaq daha bir həbs düşərgəsinə dözmərəm. Sən də ordan salamat çıxmazsan.
– Qəribə fikirlərdir. Vitek, heç bir həbs düşərgəsi olmayacaq! Xahiş edirəm, yaxşı-yaxşı fikirləş. Qatarın getməyinə hələ bir gün var. Fikirləş.
– Fikirləşərəm, – Viktor Samarskov həvəssiz-həvəssiz dedi. – Haqlısan, fikirləşmək lazımdır.
İkinci hissə
A
damların çoxu, diqqətlə baxsaq, itirilmiş imkanların sonsuz sırasından başqa bir şey olmayan ömrə sahibdirlər. Yalnız o kəs uğur qazanır ki, dolu-dolanbac həyat yolunda qəfil döngəyə rast gələrkən vaxtında burulmağa macal tapır, xoşbəxt məhəbbətə, var-dövlətə, şöhrətə aparan arzuolunan həmin o birtərəfli yola çıxır və məqsədinə çatana qədər həmin yolla gedir.
Görüb-götürdüklərindən nəticə çıxaramağa meyilli olan adamların həyat təcrübəsinə əsaslanan bu fikirlə keçid dövrü xronikasının qəhrəmanı Seymur Rəfibəyli, ola bilsin, razılaşmasın. Kimsə onu fikrindən daşındırmaq istəsəydi, öz həyatından misallar çəkməklə həmsöhbətini inandırmağa çalışardı ki, bu mülahizənin ona heç bir dəxli yoxdur, gəncliyindən bu günə qədər həyatda qarşılaşdığı bütün imkanlardan istifadə edib, ancaq yenə uğur qazanmayıb.
Təbiətən düz danışan olduğundan Seymur etiraf eləyərdi ki, əgər sağ qalıb indi Amburan kəndinin zəfəran sovxozunda qazanxanada oturaraq öz iti ilə söhbət eləyirsə, demək, vəziyyət belə gətirib. Bu yerə öz seçdiyi yolla on dörd ilə gəlib çıxdığını danışardı. Ancaq yolun sonunda Seymur qapalı, azdanışan olmuşdu, odur ki, hətta ən mehriban, xeyirxah adamla da açıq danışmır, dərd-sərini bölüşmürdü. Düzdür, taleyindən şikayətlənməyi ağlına belə gətirməmişdi, amma Allahından, insanlardan da razı deyildi.
Qazanxana isti idi. Bakıya qayıdandan sonra ona təklif olunan yeganə yer bura olmuşdu. Balıqçılıq artelində hər işə razı olsa da, kənd soveti sədri Səməndər icazə verməmişdi, çünki haqqındakı kağızda göstərilmişdi ki, köçürülən şəxsin əmək kollektivində işləməsi mümkün deyil. Seymur bunu Amburana gəldiyi gün öyrəndi. Amburana qəribə bir hadisə nəticəsində gəlib çıxmışdı. “NKVD”-nin xüsusi komissiyasının ilkin qərarına görə, Daşkəsənə gedib dəmir mədənində fəhlə işləməliydi. Ancaq Bakıdan yola düşəcəyi gün həmin idarənin yüksək vəzifəli naməlum bir məmuru xüsusi komissiyanın əmrini şəxsən dəyişdirib, keçmiş dustaq Seymur Rəfibəylinin müvəqqəti məskunlaşmaq yeri kimi Amburandakı zəfəran sovxozunu göstərmişdi. İnandırıcı olmasa da, söz gəzirdi ki, bu, şəxsən MK-nın Birinci katibi Bağırovun tapşırığı ilə edilib. Şayiələr təsdiq olunmayıb. “NKVD”-nin arxivində belə bir sənədə rast gəlinməyib.
Seymur Amburana “NKVD”-nin baş leytenantı, ütülü boz kostyum, son düyməsinə kimi bağlanmış tünd-göy köynək geyinmiş arıq, qaradinməz Qüdrət Nazimovla birlikdə qara “Volqa”da gəlmişdi. Baş leytenant sürücünün yanında, mühafizəçi ilə Seymur isə arxada oturmuşdular. Nazimov yol boyu susdu, yalnız kənd sovetinin birmərtəbəli binasına çatanda mühafizəçiyə bircə kəlmə dedi: “Çıxar!” Kənd soveti sədri Səməndər Kələntərlinin kabinetinə də baş leytenant son dərəcə səssizcə girdi. Çəkməsinin burnunu qapıya söykəyib bərk itələdi. Qapı səssizcə açıldı və Səməndər Kələntərlini Seymur ilk dəfə gördü. İlk dəfə gördüyü bu adam dərhal və həmişəlik onun xoşuna gəlmədi. Səməndər stolun arxasında oturub, alnındakı yetişmiş çibana barmağının ucu ilə ehtiyatla krem sürtürdü. Yoldaş Nazimovu kabinetində görən kimi Səməndər tezcə əlini qarnına silib, yerindən sıçradı, qəfil görüşə sevindiyini göstərmək üçün gülümsəyərək onun üstünə qaçdı.
– Əvvəl əlini yu, – Nazimov Kəlnətərlinin görüşmək cəhdini qaşqabaqla qarşıladı.
Səməndər köklüyünə baxmayaraq, cəld kabinetin küncündəki əlüzyuyana tərəf götürüldü və əməliyyata hazırlaşan cərrah kimi əllərini cidd-cəhdlə yumağa başladı. Baş leytenant barmağı ilə Seymura stulu, mühafizəçiyə isə qapını göstərdi. Mühafizəçi dərhal otaqdan çıxdı, Seymur da leytenant Nazimovla üzbəüz stulda oturdu.
Leytenant, Səməndərə dedi ki, vətəndaş Rəfibəyli zəfəran sovxozunun qazanxanasına ocaqçı təyin edilir. Səməndər ehtiramla qulaq asırdı, onun, az qala, dördkünc sifəti, ətli buxağı, ensiz alnı, döyükən xırda gözləri istənilən əmri yerinə yetirməyə hazır olduğunu göstərirdi, ancaq Seymura elə gəldi ki, onun işlə təmin olunmaq barədə Nazimovun planı kabinet sahibinin ürəyinə yatmır.
– Sınanmış bir adamla razılaşmışam, partiyanın üzvüdür, böyük stajı olan ocaqçıdır, – Səməndər dedi, ancaq Nazimov onu eşitmirdi, planşetdən çıxardığı hansısa sənədi diqqətlə oxuyurdu.
– Sənə nə dediyimi başa düşdün, – Nazimov qəfil onun sözü-nü kəsdi. –İşdən danış. Əgər ciddi bir fikrin varsa, gizlətmə, açıq de.
Səməndər ehtiyatla Nazimovu süzdü. Üzündəki ifadədən məkrli prokurorun kələyini hiss eləyən təcrübəli müttəhimə oxşayırdı.
– Üzr istəyirəm, yoldaş Nazimov, mənim heç bir fikrim yoxdur! Mən öz yerimi bilirəm, – o dedi. – Yalnız onu demək istəyirəm ki, yeni üzüm bağlarına gecə gözətçisi lazımdır. Keçən qış yüz otuz tənəyi kimsə gizlicə çıxarıb.
– Deyirsən, yəni yüz otuz seçmə tənəyi oğurlayıblar?! Bu ki əsl sabo-tajdır.
– Artıq səksən beşini tapıb əvvəlki yerinə basdırmışıq.
– Qalanlarını da tap. Yoxsa camaat fikirləşər ki, kənd soveti olan-qalan hörmətini də itirib.
– Taparıq, axtararıq, bu gün, sabah… Bundan sonra təhlükəsizliyi tə-min etmək üçün gözətçi götürmək istəyirəm.
– Gözətçinin bura nə dəxli? Heç bir dəfə olsun belə “gözətçi” sözünü işlətdim? Neçə dəfə təkrar eləməliyəm: zəfəran sovxozu, qazanxana, ocaqçı. Hər şeyi başa düşdün? – çiy püstə rəngi alan bənizindən hirslənməyə başladığı sezilirdi.
– Hər şey yerinə yetiriləcək, yoldaş Nazimov! Xahiş eləyirəm, buna heç bir şübhəniz olmasın.
Səliqə-sahmanlı Nazimovun çəkməsi azca toza batmışdı və Seymur üçün maraqlı idi, görən, yoldaş baş leytenant onların təcili təmizlənməsini istəsə, Səməndər necə hərəkət eləyərdi.
– Məni eşit, yanımda bir də “gözətçi” sözünü işlətsən, özündən küs. Başa düşdün? – baş leytenant toxtaq səslə dedi. Sonra planşetdən qovluq çıxarıb Səməndərə uzatdı. – Bunlar onun sənədləridir. Qol çəkib götür.
Səməndər qovluğun içindəki on iki vərəqin hər birinə qol çəkib seyfə qoyandan sonra irəlidə “Volqa”, arxada isə sürücünün yanında Səməndərin oturduğu yük avtomobili sovxoza yola düşdülər.
Yol dəniz sahilindən keçirdi. Seymur Bakıya qayıdandan sonra Xəzəri ilk dəfəydi görürdü. Şimal küləyi əsirdi və qağayılar həmişəki kimi həyəcanla çığırışırdılar. Yol boyu qumlu sahil qara neft ləkələriylə örtülmüşdü. Əvvəllər belə şey yox idi. Açıq dənizdə, az qala, üfüqlə dənizin kəsişdiyi yerdə iki neft buruğunu görəndə sahilin çirklənməsi barədə daha düşünmədi. Onun gözü iti idi və diqqətlə baxıb səhv eləmədiyini anladı: bunlar gəmilərin dor ağacları deyildi, görünür, süni yaradılmış adaların üstündə ucalan adi neft buruqlarıydı. Nazimov onun təəccüblə baxdığını sezib dedi:
– Dənizdən neft çıxaran buruqlardır.
– Əvvəllər belə şey yoxdu…
– Burda olmadığınız on dörd ildə çox şey dəyişib. İndi dənizdən də neft çıxarılır.
Seymur buna nə vaxt başlandığını soruşmaq istədi, ancaq Nazimovun söhbətcil Səməndərlə necə danışdığını xatırlayıb risk eləmədi.
Nazimovun maşını sovxoza çatan kimi hərbiləşdirilmiş mühafizə dəstəsinin keşikçisi darvazanı açdı və hər iki maşın sovxozun ərazisinə daxil oldu.
Qazanxananın iki pəncərəli, qara çuqun borulu birmərtəbəli alçaq binası girişdən yüz metr aralıda idi. Binadan sağda qollu-budaqlı, aşağı budaqları qazanxananın yastı damına toxunan tut ağacı bitmişdi. Yola yaxın yerdə, metal dirəklərin üstünə axan mazutun iz saldığı çən qoyulmuşdu. Binaya uzanan borudan aydın olurdu ki, çənin təyinatı qazanxananı yanacaqla təchiz etməkdir.
Qazanxananın divarları içəridən də, çöldən də suvanıb ağ rəngə boyanmışdı. İri tiyanın yanındakı divardan Stalinlə Bağırovun portretləri asılmışdı. Bağırovun portreti bir az balaca idi və Stalinin portretinə nisbətən aşağıdan asılmışdı. Bu iki rəngli portretdən savayı, qırmızı manometr və yumru, qara radioreproduktor divarların ağlığını elə də nəzərə çarpdırmırdı.
Nazimov şkafın içinə baxdı, bitişik kiçik otağa göz gəzdirdi, duşxanada suyun gəlib-gəlmədiyini yoxladı. Bunları dinməzcə edəndən sonra Səməndərə üz tutdu:
– Nə qədər ki burdayam, sovxozun idarəsinə get, ocaqçı üçün üç dəst yataq dəyişəcəyi – mələfə, döşəkağı, üç dənə balışüzü al.
– Üç?!
– Üç dənə də dəsmal, bir də sabun. Xəbərdar elə ki, o, sabahdan nahar etməyə sovxoz yeməkxanasına gələcək. Qoy kollektivdən ayrı, yardımçı otaqların birində otursun. Bir də tapşır ki, qazanxananın radiosunu qoşsunlar.
Seymurla tək qalanda Nazimov mülayim tərzdə ona vəzifəsinin əsasən nədən ibarət olduğunu izah elədi. Həm də dedi ki, təhlükəsizlik orqanları vətənin təhlükəsizliyinə qəsd edənləri çox sərt şəkildə cəzalandırır, ancaq büdrəyən, düşüncəsiz hərəkət edib sonradan peşman olan, haqq yoluna qayıtmaq istəyənlərə də öz kömək əlini uzadır. Nazimov dedi ki, onun şəxsi fikrinə görə, Seymur üçün hələ hər şey itirilməyib. Əgər Seymur öz sonrakı davranışı ilə təhlükəsizlik orqanlarını inandıra bilsə ki, cəmiyyətin qanunlarına əməl edən faydalı bir üzvü olacaq, onda zəhməti hədər getməyəcək və lazımınca qiymətləndiriləcək.
Seymur nəzakətlə qulaq asıb arada başını tərpədirdi, ancaq həmin gün eşitdiklərindən onun üçün ən əhəmiyyətlisi, ən vacibi Nazimovun qazanxanada radionu qoşmaq barədə verdiyi tapşırıq idi.
Nazimov dedi ki, Seymura sovxozun ərazisini tərk etmək, işçilərlə danışmaq qadağandır, çünki bu, qayda pozuntusudur və hökmən cəzalandırılır.
– Sovxozda orqanın əməkdaşı işləyir. Əgər bizə nəsə xəbər vermək istəsəniz, ona müraciət edin, adı Əhliman Fətəliyevdir, sınanmış adamdır. Ona nə desəniz, dərhal bizə çatdıracaq.
Bu sovxozun qəribə qaydaları var. Tayşetdə xüsusi xidmət orqanlarının məxfi əməkdaşlarının adı gizli saxlanılırdı, Seymur ani olaraq fikirləşdi.
– Mən ona axı hansı məlumatları verə bilərəm? – Seymur səmimi şəkil-də təəccübləndi.
– Xüsusi xidmət orqanlarını maraqlandıran hər bir məlumatı. Sizə açıq deyim, təşəbbüs və fəallıq bizim tərəfimizdən həmişə təqdir edilir, – Nazimov dedi. – Yoldaş Stalin deyir ki, hər bir insan öz xoşbəxtliyinin dəmirçisidir.
Nazimov son dərəcə mehriban idi və Seymur nəzakət xatirinə söhbəti davam etdirdi:
– Bəs mən onu necə tanıyacam?
– Əhliman Fətəliyev sovxozun laboratoriyasında işləyir. O, dosentdir, zəfəran üzrə mütəxəssisdir. Özü sizi tapacaq.
Burada nə qədər qalacağı sualına isə Nazimov artıq rəsmi tonda cavab verdi ki, xüsusi göstəriş olana qədər Seymur burada yaşayıb işləyəcək. Xüsusi göstərişin nə vaxt olacağını, kim tərəfindən veriləcəyini Nazimov demədi. Və Seymur başa düşdü ki, baş leytenant Nazimova bu haqda heç nə məlum deyil.
Nazimov, Səməndəri gözləmədi. Xudahafizləşəndə böyük qardaş kimi Seymura yenə məsləhət gördü ki, qanunlara əməl eləsin və ağıllı olsun.
Səməndər yataq dəyişəcəyi və təhlükəsizlik texnikası barədə kitabçanı gətirən sürücü ilə birlikdə gəldi. Qazanxanada ilk kitab beləcə peyda oldu.
Nazimov gedəndən sonra Səməndər hiss ediləcək qədər dəyişdi, baxışlarından təkəbbür oxundu, səsində amiranəlik sezildi. İçəri girməmiş ayaqlarını aralı qoyub kandarda dayanaraq otağa nəzər saldı.
– Bilirsən, bəxtin necə gətirib? Kurorta düşmüsən, kurorta!
Seymur tavana, divarlara göz gəzdirib, sonra Səməndərə baxdı.
– Hanı kurort? – duruxa-duruxa soruşdu.
– Necə yəni hanı? Buradır. Sənin üçün buranın kurort olduğu ilə razı deyilsən?
– Ancaq mənə dedilər ki, bura qazanxanadır, – Səməndərin gözlərinə baxa-baxa sadəlövhcəsinə dedi. Hələ Tayşetdən bilirdi ki, rəislə söhbətdə dustağın hərdən özünü gicliyə qoyması onu vəziyyətdən çıxara bilir.
Səməndər həmsöhbətini sınayıcı nəzərlərlə süzdü.
– Axı səni hardan gətirdiklərini bilirəm! Məgər düşərgədə belə şərait var idi? Ona görə də deyirəm ki, kurortdur. Razısan?
Tayşetdə ən dəhşətlisi soyuqdu, Seymur xatırladı, həmişə və hər yerdə soyuqdu. Qızınmaq üçün bir yer yoxdu. Hətta daim hiss etdiyin aclıq da soyuqla müqayisədə heç nə idi. Tayşetlaqa gəlişindən iki ay sonra taxta zavodunda ayaqlarını don vurdu. Düşərgə hospitalının həkimləri ayaqlarını xilas eləyə bildilər, ancaq sol ayağının baş barmağını, hər halda, kəsməli oldular. O vaxtdan sol ayağı yüngülcə axsayırdı.
– Orda ikiqatlı taxtlar idi, burda isə çarpayıdır. Belədə daha rahat olar.
– Bəxtli adamsan. Sənin kimi cəza müddətini çəkib qurtaranları bu yaxın vaxtlara qədər daha uzaqlara, ən çox da Mingəçevir çöllərinə yollayırdıq, orda elektrik stansiyasının tikintisinə başlanmışdı. Hər on nəfərdən ikisi sağ qalırdı. Səni isə gör ha, Amburana, az qala, Bakıya göndəriblər. Sənə SSRİ-nin neçə şəhərində yaşamaq qada- ğandır?
– Yadımda deyil, – Seymur qaşqabaqlı halda dedi.
– Yadında olmalıdır. Otuz iki şəhərdə yaşamaq nədir, sənin kimilərinin orada görünməyi belə qadağandır, xüsusən də Bakıda. Səni isə Amburana, Bakı yaxınlığındakı kurort yerinə göndəriblər. Mərhum valideyn- lərinin bağ evi nahaq yerə burda olmayıb… Bütün ölkədə tanınırdılar. Oğulları isə vətən xaini çıxdı. O cür atanın adını batırdın.
Seymur Səməndəri başdan-ayağa süzdü. “Əlbəttə, çənəsinin altından bir dənə yumruq vurub, məzələnmək üçün bir təpik də qasığından ilişdirmək yaxşı olardı”, – fikirləşdi, ancaq tez də bu fikri başından qovmağa çalışdı.
Seymurun kütbeyinliyi Səməndəri əsəbiləşdirməyə başladı.
– Nəsə, mən gedirəm… Hə, bu, əlbəttə, sənin işindir, ancaq burdan qaç-mağı sənə məsləhət görmürəm.
– Hara?.. Bəlkə, sən bilərsən, hara qaçım?
– Mənimlə “sən” deyə danışırsan?! Tfu! – otaqdan çıxıb, arxasınca qa-pını örtmədi. – Naşükür məhbus!
Hesab edilir ki, radio bəşəriyyətin ən faydalı ixtiralarındandır. Səməndər gedəndən yarım saat sonra reproduktor qəfil bərkdən guruldayanda Seymur bunu xatırladı. O, skamyada oturub, bozarmış müşəmbə salınmış stola dirsəklənərək ümumittifaq və respublika radiosunda bu gün nə verilirdisə, hamısına dalbadal, verilişlər saat on ikidə qurtarana qədər ləzzətlə qulaq asdı. Səhər yuxudan ayılanda əvvəlcə Sovet İttifaqının, bir saat sonra Azərbaycanın himnini, musiqili idman gimnastikasını, xəbərləri, pioner şeypurunu və bütün başqa verilişləri dinlədi. Hər gün beləcə davam etdi. Radioda səslənənlərin hamısı adamda xoş əhval, gələcəyə inam yaradırdı.
Bir axşam Tayşetdən reportaj verdilər. Tamaşaçılar, inşaatçılar yeni iri ekranlı kinoteatrın açılışında çıxış edirdilər. Onların səsində sevinc və Biryusa çayının sahilindəki gözəl şəhərləriylə fəxr etdikləri duyulurdu. Seymur keçmiş qvardiya mayoru, dustaq Anatoli Borisoviç Quslinskini xatırladı. O deyirdi ki, bu yerlərə ilk dəfə gələn köçəri türklər buranın adını Tayşet qoyublar, bu da türkcə “Dəhşət” deməkdir. Seymur Tayşetlaqda olduğu müddətdə başa düşdü ki, qədim türklər ağıllı və uzaqgörən olublar. Düşərgədə keçmiş mayor haqqında əfsanələr dolaşırdı. Danışırdılar ki, düşərgənin yeni rəisi onun şəxsi işindən bir vaxtlar estrada orkestrinə rəhbərlik etdiyini bilib, incəsənət və ədəbiyyat nümayəndələri olan beş nəfər başqa dustaqla yanına çağıraraq, naşılıqdan onlara əməkdaşlıq təklif edib.
– Yəqin, hamınızın xəbəri var ki, on gün sonra görkəmli çekist, xalqın sevimlisi Lavrenti Pavloviç Beriyanın ad gününü bayram edəcəyik. Sizi niyə çağırmışam? İstəyirəm ki, siz ilhama gəlib bir əsər yaradasınız, ad günündə də onu ifa edəsiniz. Sizə on gün vaxt verirəm, ad gününə qədər bütün işlərdən azad olunursunuz! Necədir?
Dustaqlar qaşqabaqlarını sallayıb susurlar. Ancaq rəisin təklifinə keçmiş mayor Quslinski iltifatla cavab verir.
– Əla! Biz başa düşürük. Xeyirli işdir, – Quslinski ruh yüksəkliyi ilə deyir. – Vətəndaş rəis, ilhama gəlmək sonrakı işdir, heç ilhama bel bağlamaq da olmaz. Şeir artıq hazırdır, elə bu səhər özüm yazmışam, bir-iki günə də ona musiqi quraşdırarıq, olar yeni mahnı. Şeiri elə indi də oxuya bilərəm. Hələ ki əvvəlini yazmışam, xoşunuza gəlsə, dalını da yazaram. Oxuyum?
– Oxu, qulaq asaq, – rəis deyir.
Keçmiş mayor ayağa durub boğazını arıtlayır.
– Ətirli çöllərin gülü, Lavrenti Palıç da onun bülbülü… Mənə elə gəlir, babatdır, yox?!
Düşərgə rəisi cavanlıqda, çekist olmamışdan qabaq döşəməsilən işləmişdi və əvvəlki peşə vərdişi onda həmişəlik qalmışdı. Çox əsəbiləşəndə diz üstə durub mastika ilə parketi sürtürmüş kimi, avtomatik olaraq qarşısında dairəvi hərəkətlər eləməyə başlayırdı.
– Qurtardıq! Susun! – əl-qolunu birtəhər yığışdırıb, keçmiş yaradıcı ziyalılara üz tutur. – Siz mənə burda heç nə oxumamısınız, mən də heç nə eşitməmişəm! Sizin qatı cinayətkar, dələduz olduğunuzu deyirdilər, indi inandım. Hamınız on gün karserə salınırsınız!
Bu əhvalatı Seymur müxtəlif variantlarda eşitmişdi, ancaq hər dəfə də müəllifin Quslinski olduğunu deyirdilər.
1953-cü ilin yağmurlu dekabrı yaddaşında həmişəlik qalmışdı. Taxta zavodunda Quslinski ilə yanaşı işləyirdi. Briqadir onlara yaxınlaşdı, mişarı söndürüb, yaranan sakitlikdə xəbər verdi ki, Moskvada imperializmin agenti Lavrenti Pavloviç Beriya güllələnib.
– Lavruşka ölüb, canı cəhənnəmə! – Quslinski ətrafındakılara dedi. – Bilirsiniz bu nə deməkdir?! Hamımız üçün azadlıq, bərabərlik, qardaşlıq deməkdir!
Hamı lal-dinməz ona qulaq asırdı.
– Sussan, yaxşı olar, – yalnız briqadir dilləndi. – Heç olmasa, camaata yazığın gəlsin. İş başına, uşaqlar!
Ancaq Quslinski sakitləşmək bilmirdi.
– Başınız sağ olsun! – yaxınlaşan mühafizə zabitinə dedi. – Dərdinizə şərik oluram, rəis!
Tayşetdə Quslinskini çoxdan islaholunmaz adam sayırdılar, bu səbəbdən müdiriyyət onun hoqqalarına baş qoşmamağa çalışırdı, ancaq indi dedikləri nədənsə zabitə toxundu.
– Adamı dəfn eləməyə macal tapmayıblar, ancaq gədə-güdə sevinir, – o, nifrətlə dedi.
– Sevinmək nədir?! Dəyişiklik həsrətiylə alışıb-yanıram.
– Qotur it çox yaşamaz. Yazda səni basdırarıq, olar dəyişiklik. Başqa dəyişikliklər gözləmə.
– Məni düz başa düşmədiniz, rəis! Özümə görə demirəm. Dəyi-şiklik sizdə gözlənilir. Tezliklə sizi Simferopola qovub apararlar, Amerika filinin qarnını qaşımağa. Fil yazıqdır, siz onu da şikəst eləyərsiniz.
– Filə karserdə yazığın gələr. Bir həftə oturarsan, sonrasına baxarıq, – mühafizəçi göstəriş verdi və dustaqlar düşərgəyə qayıdan kimi Quslinskini şam eləmədən karserə göndərdilər.
Keçmiş qvardiya mayorunu karserdən qucaqda çıxardılar, yeriyə bilmirdi. Kamera yoldaşları axşam ondan ilk olaraq soruşdular ki, niyə axı Simferopol, axı orada fil olmur?
Quslinski xüsusi xidmət orqanlarının məxfi əməkdaşları ilə öz ünsiyyət təcrübəsini də Seymurla bölüşmüşdü.
– Üzdən onun nə yuvanın quşu olduğunu bilməzsən, – o demişdi. – Belə baxanda normal dustaqdır. Məxfi əməkdaş təhlükəlidir, həm də çox hiyləgərdir. Ancaq məxfi əməkdaşı, hər halda, gözlərindən tanıya bilərsən. Ən hiyləgər çuğulun belə qəfil gözlərinin içinə baxanda baxışlarını yayındırır. Bax bu cür, –keçmiş mayor çuğulun gözlərinin içinə qəfil necə baxmaq lazım olduğunu göstərdi. – Bəzilərinin isə danışanda sağ əlinin orta barmağı titrəməyə başlayır. Sən diqqətlə bax.
Quslinskinin donoslara görə tez-tez karserə düşdüyünü nəzərə alsaq, belə görünürdü ki, məxfi əməkdaşları tanıya bilməyi ona nadir hallarda kömək eləyir. Ancaq onun donosçuları necə təsvir etdiyini Seymur qeyri-ixtiyari “NKVD”-nin məxfi ictimai əməkdaşı Əhliman Fətəliyevlə görüşdən qabaq xatırladı. Fətəliyev onu sovxoz laboratoriyasının ikinci mərtəbəsində gözləyirdi. Bu adama üzdən altmışa yaxın yaş vermək olardı. O, baxışlarını yayındırmır, Seymura xeyirxah nəzərlərlə baxırdı. Öz danışıq tərzi və fikirlərini ifadə etmək bacarığı ilə Seymura ağıllı, savadlı adam təsiri bağışladı. Sonrakı münasibətləri bu təəssüratı təsdiqlədi. Geniş, işıqlı laboratoriyada onlardan başqa, hərdən Seymura altdan-altdan maraqla baxan bir neçə ağ xalatlı laborant qız da var idi. Fətəliyev dedi ki, qızlar Bakı universitetinin Biologiya fakültəsinin məzunlarıdır və respublikada zəfəran təsərrüfatının genişlənməsi işində onlara böyük ümid bəsləyir. Fətəliyev onların yanında özünü “NKVD”-nin ictimai təmsilçisi kimi təqdim edəndə Seymur çox təəccübləndi. Səsini qısmadan dedi ki, o, ictimai əsaslarla təmsilçidir və Seymur təhlükəsizlik idarəsi üçün maraq kəsb edən nəsə bilirsə, ona müraciət eləyə bilər. Yarım saatlıq söhbətdən sonra Seymur dəhlizə çıxanda bir neçə dəqiqə əvvəl ilk dəfə kabinetdə gördüyü qızla qarşılaşdı. Qədd-qamətli, fındıqburun, çəhrayı dodaqları olan, kraxmallı ağ xalat geyinmiş bu qız ilk baxışdan diqqəti çəkirdi. Yanından keçəndə onu mənalı-mənalı süzdü, kabinetə girməmişdən əvvəl isə dönüb gülümsədi. Bu görüş Seymura təsadüfi görünmədi, ancaq pilləkənləri düşəndə bu fikri mənasız bir şey kimi başından atmağa çalışdı.
İstirahət günləri anbar bağlı olduğundan, Seymuru zalda qoyulmuş ayrıca masa arxasında oturdurdular. Həmin günlərdə azsaylı müştərilər, əsasən də, mexanizatorlar öz pullarına yemək və içki sifariş verə bilirdilər. Bu gün menyuda mal ətindən yarpaq dolması idi. İstirahət günləri yeməkxanaya elə ilk gəlişindən onunla müştərilər arasında divar əmələ gəlmişdi və artıq buna öyrəşmişdi. Buna görə də müştərilərdən kiminsə ona müraciət etdiyini dərhal anlamadı.
– Bağışlayın, – həmin adam dedi, – sizdən bir şey soruşmaq istəyirəm. Mənə dedilər ki, siz Şahlar bəyin nəvəsi Seymur Rəfibəylisiniz. Doğrudur? – o, əlində badə tutub gülümsəyirdi və hiss olunurdu ki, kefi yuxarıdır.
– Bəli, – Seymur dedi. – Rəhmətlik Şahlar bəy mənim babam olub.
– İndi burda oturub fikirləşirəm ki, dünyanın qəribə işləri var. Bütün Amburan, bütün bu torpaqlar, bu ev onun idi… Hər şey ona məxsusdu. Həm də danışırlar ki, şampan şərabını xoşlayırmış. Bəy hər axşam burda, birinci mərtəbədə oturub şampan içərmiş. – Seymur babasının bu vərdişini bilmədiyindən, yad adamla mübahisə eləmədi. – Qəribədir! Bu gün isə burda mən, İdris Məmməd oğlu Məmmədov oturub şampan içirəm. Mənim babam şampanın nə olduğunu ümumiyyətlə bilməyib. Məgər bu, qəribə deyilmi?
– Burda təəccüblü nə var ki, – Seymur bir az düşünüb cavab verdi. – İçin, halal xoşunuz olsun.
– Yox, hər halda, qəribədir! – o sakitləşmək bilmirdi. – Həmin dövrdə şampanı sizin varlı bəy babanız içirdi, indi isə sovet hökumətinin sayəsində mən içirəm, adi texnik-mexanizator. Fərqi hiss eləyirsiniz? – dediklərindən təsirlənib doluxsunmuşdu.
Qonşu stollarda hamı susub onların söhbətinə soyuqqanlılıqla qulaq asırdılar. Seymur başa düşdü ki, bu şampan həvəskarı ondan əl çəkməyəcək, ona görə söhbətin dincliklə yekunlaşması üçün güzəştə getmək qərarına gəldi.
– Əlbəttə, siz qismən haqlısınız, – o dedi. – Ancaq mənim babam şam-pan şərabını heç vaxt mal ətindən bişirilmiş yarpaq dolması ilə içməyib, ancaq siz, məncə, ləzzətlə içirsiniz. Yəqin, fərq bunda olar.
– Dolmanın bura nə dəxli? – İdris təəccübləndi.
– Mal ətindən…
– Başa düşmədim… – İdris Məmmədov karıxmış halda mızıldadı. – Niyə şampanı mal ətindən bişirilmiş yarpaq dolması ilə içməyib?
– Babamın xasiyyəti elə olub, şampan şərabını mal ətindən bişirilmiş yarpaq dolması ilə heç vaxt içməyib, – İdrisin gözünün içinə baxaraq dedi. – İndicə özünüz dediniz: varlı-hallı bəydi, rəhmətlikdən daha nə ummaq olardı? Hər halda, şampanı mal ətindən yarpaq dolması ilə heç vaxt içməyib. Sizsə, görürəm, içirsiniz. Bütün fərq elə bundadır, razısız?
İdris cavab vermədi, incik halda başını yırğalayıb, bütün görkəmi ilə göstərməyə çalışdı ki, nə onunla, nə də onun vasvası babası isə razı deyil.
Bazar günündəki söhbəti bazar ertəsi yeməkxana müdiri yekunlaşdırdı. O dedi ki, anlaşılmazlıq olub və gələn həftədən Seymur əvvəlki kimi yardımçı otaqda xörək yeyəcək, istirahət günləri zalda oturmağına daha ehtiyac qalmayacaq. Bundan başqa, getməmişdən qabaq müdir süpürgəçini və satıcı qadını çağırıb bərk-bərk tapşırdı ki, anbardan süpürgəni, vedrəni yığışdırsınlar, burda indən belə də təmizliyə, səliqə-sahmana fikir versinlər. Çox danışan İdris Məmmədov isə bundan sonra sovxozun ərazisində görünmədi.
Nadir hallarda rast gəldiyi sürprizlər adamda xoş təəssürat yaradır və uzun müddət yadından çıxmır. Məsələn, poçtalyonun kimdən gəldiyi bilinməyən pul baratı ilə peyda olması, ya zavod müdiriyyətinin pivə dequstasiyasına rəsmi dəvəti və bu dəvətə əlavə olunmuş dəniz məhsullarından hazırlanan çərəzlərin siyahısı onun bəşəriyyətin mütərəqqi qismi barədə fikrini yaxşılığa doğru dəyişə bilər. Xoş sürprizlər haqqında danışanda xatırlatmaq yerinə düşər ki, onların da pul kimi irisi, xırdası olur. Üç aydır yaşadığı Amburanda Seymur heç bir xoş sürprizlə qarşılaşmamışdı. Ona görə də yağışlı yaz axşamı Amburanda qismətinə düşən o sürprizi cəkinmədən xoş və gözlənilməz adlandırmaq olardı. Seymur qapını açıb qızı gördü. Fətəliyevin kabinetində rastlaşdığı həmin qəşəng laborant qız idi. Onun adı Məryəm idi, iyirmi üç yaşındaydı və ilk gəlişindən qazanxananı çox bəyəndi.
Məryəmə utancaq demək olmazdı. Hər dəfə soyunub, utanmadan bütün axşamı otaqda lüt gəzirdi. Yalnız ocağın titrək alovunun işıqlandırdığı qaranlıq otaqda onun biçimli bədəni sanki rəssam fırçasından çıxmışdı. O, dilboğaza qoymurdu, ancaq Seymur buna darılmırdı. Vaxt keçdikcə özünü yalnız onu görməyə öyrəşdirdi, bundan da son dərəcə ləzzət alırdı, onun boş söhbətləri isə qulağına yağış şırıltısı kimi xoş gəlirdi.
– Sənin qəribə dərin var, – Məryəm gəzişməkdən bezib, çarpayıda otu-raraq ona sığınanda Seymur dedi.
– Nəyi qəribədir? Sənin xoşuna gəlir, ya yox?
– Çox xoşuma gəlir. Ona görə qəribədir ki, həmişə sərindir, hətta çox isti olanda da. Həm ipək kimi, həm də sərin.
– Şükürlər olsun ki, nəhayət, hiss eləmisən… Bizim ailədə hamının də-risi belədir, – o dedi. – Hamının.
Seymur onun son sözlərinin üstündə bir xeyli baş sındırdı.
– Təbrik eləyirəm! Ancaq ailənizdə kimin dərisinin səninkinə oxşadığı-nı dəqiq başa düşmədim.
– Anamın, bir də bacılarımın, – o dedi. – Anadangəlmə belədir. Allaha şükürlər olsun, krem çəkmirik. Bizdə bu irsəndir… Ümumiyyətlə, sən diqqətsizsən. Həmişə lifçiksiz gəzdiyimi hiss eləmisən? Bilirsən, niyə? Çühki mənim döşlərim lifçiksiz də dik durur. Bax, bax. Gilələrini görürsən? Həmişə bərkdirlər. Əlini vur!
Seymur gilələrin bərk, döşlərinin dik olduğuna bir daha inanandan sonra bir müddət bütün söhbətlər kəsildi. Onlar süstləşib dinməzcə yanaşı uzanmışdılar.
– Sən gülürsən! – qız qəfil sezdi. – Gülməli nə var? Yox, de görüm, nəyə gülürsən?
– Gülmürəm, gülümsəyirəm. Bu saat kefim çox yaxşıdır, ona görə də gülümsəyirəm, – Seymur ciddi tərzdə dedi.
Qız hələ də şübhə ilə ona baxdığından Seymurun yenə gülməyi tutdu.
– Bilirəm, bilirəm, – qız incik halda dedi, – lifçiyə görədir. Daha sənə heç nə danışmayacam.
Məryəm axşamlar gəlirdi. Görüşləri üç saatdan çox çəkmirdi. Saat onda tələsik geyinib qapıya qaçırdı. Seymurun suallarına hər dəfə cavab verirdi ki, o, ailəli qadındır, saat onda hökmən evdə olmalıdır.
Qazanxanada Seymuru ayın neçəsi, həftənin hansı günü olduğu çox da maraqlandırmırdı. Heç təqvimi də yox idi. Ancaq ilk görüşlərindən ay yarım, iki ay sonra sırf təsadüfən ona məlum oldu ki, Məryəm həftənin müəyyən günlərində – çərşənbə axşamı və cümə günlərində gəlir. Niyə belə olduğunu soruşanda isə, Məryəm yenə xatırlatdı ki, o, ailəli qadındır və qalan bütün günlər axşam evdə olmalıdır.
– Yəqin, ərin ikinci, beşinci günlər axşam işləyir, – Seymur güman etdi. – Yoxsa növbətçi qalır? Nahaq yerə məndən gizlədirsən.
– Əməlli-başlı zəvzəksən! Ərimin harda olduğunun sənə nə dəxli var?!
İmkan olanda gələ bilirəm, əgər istəmirsən, heç gəlmərəm.
– Bağışla, – Seymur dedi. – Bilməzdim ki, belə hirslənərsən. Səninlə bağlı olduğu üçün soruşdum.
– Elə mənimlə bağlı olanları da soruş. Mənimlə olmaq sənə xoşdur? Sənin xoşuna gəlirəm? Durmuşam qarşında. Kefin istədiyini elə. Sənin üçün nə fərqi ərim kimdir, hardadır, o da heç səni tanımır!
– Bilsəydim ki, belə hirslənəcəksən…
Məryəm həmişəki kimi tələsik geyinib qapıya tərəf getdi.
– Səninlə görüşəndə gəzəyən olduğumu, ərimə xəyanət etdiyimi unut-mağa çalışıram. Bunu mənə xatırlatmaq lazım deyil, – deyib tez də otaqdan çıxdı.
Qapı Seymurun qarşısında əlverişli məqamda örtüldü, çünki deməyə sözü yoxdu.
Seymur yeməkxananın anbarına gəlib, onun üçün ayrılmış yeganə stolun arxasına keçdi. Həmin gün düyü şorbası və toyuq kotleti verirdilər. O, aldığı ləzzətin ömrünü uzatmaq üçün nə qədər asta yeməyə çalışsa da, bir-iki dəqiqənin içində yeməyin axırına çıxdı.
Yeməkxanadan qazanxanaya gedən yol, az qala, adam boyu qədər uzanmış zirə kolluqlarının arasından keçirdi. Payızda buralarda sovxozun işdən sonra zirə yığan bir-iki qadınına rast gəlmək olurdu. Həmin soyuq mart günündə düzənlikdə heç kim gözə dəymirdi. Seymur günorta xəbərlərinə çatmaq üçün tələsirdi. Bu vaxt qulağına zingilti səsi gəldi. Qazanxananın yaxınlığında, yoldan iki metr aralıda, zirə kollarının arxasında balaca, arıq küçük başını torpağa söykəyib sitilləyirdi. Küçük bir dəri, bir sümükdü, sanki skeletinin üstünə çirkli dəri çəkmişdilər. Sulanmış gözlərinə bulanıq pərdə çəkilmişdi. Belə görünürdü ki, dünya da, onun bir nümayəndəsi olan Seymur da küçüyü az maraq- landırır.
– Ölmək hər şeydən asandır, ancaq buna çox da inanma, – ətraf mü-hitin nümayəndəsi küçüyə məsləhət verdi. – Yaşayacaqsan, başqa əlac yoxdur.
Seymur onu əlinə götürüb qazanxanaya apardı. Küçük göründüyündən də arıqdı. Çimizdirəndə səsini belə çıxarmadı. Seymur onu yaxşı-yaxşı qurulayıb, dəsmala bükərək yeməkxanaya qaçdı. Həyət tərəfdən mətbəxə girdi. Burada heç vaxt olmamışdı. Orta yaşlarında ağ xalatlı iki qadın dinməzcə dayanıb, əlində küçük tutmuş Seymura baxırdı.
– Bağışlayın, – Seymur dedi, – sizdən böyük bir xahişim var. Mənə bir stəkan süd lazımdır, – cibindən bir neçə xırda pul çıxarıb onlara uzatdı. – O yalnız süd içə bilər.
Qadınlardan biri üçlitrlik balon gətirdi, dolçaya süd süzüb Seymura uzatdı.
– Bişmiş süddür. Pul lazım deyil, biz süd satmırıq.
– Sağ olun. Sizə necə minnətdar olduğumu təsəvvür eləyə bilməzsiniz.
Nisbətən yaşlı olan qadın yaxına gəlib, diqqətlə küçüyə baxdı.
– Çətin ki, sağ qala.
– Bəlkə, yaşadı.
– Beləsi nəyinizə lazımdır?
Seymur çiyinlərini çəkdi.
– Fikirləşdim ki, bəlkə, mən ona lazımam.
– Əgər sağ qalsa, hər gün elə bu vaxt süd dalınca gələrsiniz.
– Sağ olun, gələrəm. Mənim adım Seymurdu.
– Bilirik. Siz qazanxanada işləyirsiniz. Mənim isə adım Sürayədir. Aş-paz Sürayə. Bu da köməkçim İradədir.
Südü yolda bir damcı da dağıtmadan apara bildi. Ona elə gəldi, süd soyuqdu, üstünə çaydandan azca qaynanmış su əlavə elədi. Boşqabı küçüyün lap yaxınına apardı, ancaq onun, deyəsən, içmək fikri yox idi. Seymur barmağını südə batırıb, küçüyün ağzına sürtdü. Küçük barmağını yalayana qədər bunu bir neçə dəfə təkrar eləyəsi oldu. Zingiltisi kəssə də, hələ titrəyirdi. Ancaq bir müddət sonra südü sərbəst içməyə başladı.
Küçük sağ qaldı. Seymur ona Albi adını verdi. Ömrünün bir neçə yaxşı ilini keçirdyi şəhər belə adlanırdı.
Albidən başqa sovxozda daha altı çoban iti var idi. Gündüz onları çəpərlənmiş geniş meydançada bağlı saxlayırdılar, intəhası, gecələr açıb buraxırdılar. Bütün gecəni kəndin itləri ilə mırıldaşıb, öz aralarında boğuşurdular. Kənddə təsadüfən zəfəran sovxozunun ərazisinə girən yolçuları itlərin parçaladıqları haqda şayiələr dolaşırdı. Özlərininkiləri – adamları, təzə iti və sovxoz direktorunun iki ceyranını tanıyırdılar, ancaq mehriban qonşuluq münasibəti göstərmədən onlardan kənar gəzib-dolaşırdılar.
Albi böyüyüb iri başlı, uzun ayaqlı yekə it oldu. İlk baxışdan hiss olunurdu ki, onun cins əcdadlarının intim həyatına insanlar tərəfindən, ən azından, bir neçə nəsil nəzarət edilməyib. Hərdən olduğu kimi, part- nyorların sərbəst seçimi Albidə öz gözəl nəticəsini vermişdi. İtin qəşəng başı, dik qulaqları, uzun pəncələrinin üstündə dayanan əzələli bədəni və sahibinin ovqatının bütün çalarlarını ifadə eləyə bilən oraqşəkilli quyruğu var idi. Bütün bu sadaladıqlarımız iki rəngdə qısa tüklərlə örtülmüşdü – ağ və tünd-qəhvəyi xallar bədəninə necə gəldi səpələnmişdi. Seymur ona nə versə, yeyirdi, üstəlik, özü də axtarıb başqa qida mənbələri tapırdı. İlk dəfə itin ağacların arasında qurdalandığını görəndə Seymur fikirləşmişdi ki, yəqin, acından ot yeyir, amma ağıllı itin yerə düşən dəymiş ənciri, tutu yediyini anlayıb sakitləşmişdi.
Həmin axşam Albi ilə sahibi tək idilər. Daha çox radionun diktoru danışırdı.
Seymur çörək doğradı, üstünə yarım banka qatıq tökdü, hamısını qarışdırıb nimçəni döşəməyə qoydu. Albi yeməyi ləzzətlə içəri ötürüb, nimçəni parıldayana qədər yaladı, sonra başını qaldıraraq stolun arxasında oturub şam eləyən sahibinə baxdı.
– Daha heç nə yoxdur, – Seymur boş qatıq bankasını itə göstərdi, – görürsən, mən də sən gündəyəm. Əlbəttə, haqlısan, olsaydı, mən də bir tikə ət yeyərdim. Çarəmiz nədir… Sənə çəkməyə papiros təklif eləyərdim, ancaq tənbəki xoşlamadığını bilirəm.
Albi, doğrudan da, tənbəki xoşlamırdı, ona görə də Seymur çubuq çəkəndə stoldan uzaqlaşıb mırıldayaraq şölələnən ocağın böyründəki həsirin üstünə uzandı.
Qapını döydülər. Belə gec vaxtlarda yanına heç kim gəlmirdi. Seymur Qəzənfəri görüb çox təəccübləndi. O, Səməndərin qardaşı oğlu idi. Səməndər sayı-hesabı olmayan qohumlarını Amburanda və qonşu kəndlərin arasında bölüşdürmüşdü. Xeyir gələn hər yerdə bu qohumlara rast olardın. Camaat Səməndəri buraların ağası sayırdı və onun sağ əli, yeganə etibar elədiyi adam Qəzənfər idi. Bütün günü qəsəbədə sülənir, öz uzun burnunu hər yerə soxur, məsləhətlər verirdi və Amburanın ərazisində yaşayıb-işləyənlərin hamısı – kəndlilər, balıqçılar, məmurlar onun tapşırıqlarını danışıqsız yerinə yetirirdilər, çünki bu tapşırıqların, əslində, Səməndərin özündən gəldiyini bilirdilər. Qəzənfərin vaxtı çox idi, rəsmi olaraq çimərlikdə xilasedici işləyirdi, ancaq üzə bilmirdi və çimərliyə hətta yayda belə getmirdi. Bağ evində dincələnlərin xilasedicinin mövcudluğundan belə xəbərləri yoxdu və dənizdə yalnız özlərinə ümid olub çimirdilər.
Seymur iti zorla sakitləşdirdi, ancaq uzandığı yerdə də gözünü Qəzənfərdən çəkmədən mırıldayırdı.
– İtin burda nə işi var?
– Uzanıb, – Seymur etinasız tərzdə dedi.
– Gecə burda qalır?
– Bura qazanxanadır, iş yeridir. Gecə, adətən, orda yatır, – Seymur başı ilə öz otağının kandarını göstərdi. – Nəyə görə soruşurdun?
– Maraqlıdır. İndiyə qədər fikirləşirdim ki, itlər həyətdə yaşayırlar. Adı da qəribədir.
– Fransada Albi şəhəri var. Adı ordan gəlir.
– Sən Fransada olmusan?
– Hə.
– Xeyir ola?!
– Əsas məsələyə keç.
– Belə adı ilk dəfədir eşidirəm. Albi… Misal üçün, Səməndər əminin üç iti var, üçü də yay-qış həyətdədirlər, ağızları nədir evə girsinlər. Adları da it adıdır, hamısını “Bozdar” çağırır. Elə ki “Bozdar” qışqırır, hamısı yanına qaçır, onlarla birlikdə qarovulçu da qaçır.
– Onun da adı Bozdardır?
– Yox, onun öz adı var, çağırırlarsa, hər ehtimala, o da qaçır.
– Bəs sənin itin var?
– Yox, itdən xoşum gəlmir, – Qəzənfər üz-gözünü qırışdırdı, – onlar-dan iyrənirəm… Birdəncə durub yanına niyə gəldiyimi başa düşdün? – Qəzənfər bic-bic gülümsədi.
– Əvvəlcə yox, ancaq indi, deyəsən, anladım: itlərdən danışmaq istə-yirdin?
– Zarafat eləyirsən?.. – Qəzənfər tərəddüdlə soruşdu. – Yanına Səmən-dərin tapşırığıyla gəlmişəm. – Sınayıcı nəzərlərlə Seymura baxdı. – Səməndər dedi ki, Seymurla danış, ağıllı adamdır, yaxşı ailədən çıxıb, özümüz də yaşıdıq. “Seymura, – dedi, – mən etibar eləyirəm”. Eləcə də dedi: etibar eləyirəm!
– Adama etibar eləmələri yaxşı şeydir. Eşidirəm səni. Di otur, otur.
Qəzənfər elə oturdu ki, iti görə bilsin. O, iplə çalın-çarpaz bağlanmış ağır bir bağlamanı və Amerika süd tozunun iri metal qutusunu stolun üstünə qoydu.
– Bu, şəxsən sənə çatacaq. Cansağlığı ilə ye! – Qəzənfər bağlamanı aça-aça dedi.
Seymur bağlamadan çıxanlara heyrətlə baxırdı: hisdə bərk qurudulmuş kolbasa, bir qutu şəkər, on qutu “Kazbek” və beş banka qatılaşdırılmış süd.
– Sağ ol, ancaq heç gözləməzdim… Düzünü de, yoxsa bunları mənə da-naylar göndərib?
– Kimlər?.. Yox, onlar göndərməyib, Qırmızı Xaça da heç bir dəxli yox-dur. Şəxsən Səməndərin hədiyyəsidir. Bu onu göstərir ki, sənin xətrini istəyir.
Qəzənfər metal qutunu Səməndərə tərəf itələdi.
– Bəs bunun içindəki nədir? – bərk bağlanmış qapağı açmaq üçün Sey-mur bir az güc sərf etməli oldu.
Qazanxananı zəfəranın gözəl ətri bürüdü. Mazutun, qızmış metalın qoxusu dərhal yoxa çıxdı. Qutu ağzınacan sıxılmış zəfəranla kip doldurulmuşdu. Çəkisini təyin etmək üçün Seymur onu əlinə götürdü.
– İki kilodan az olmaz, – dedi. – Bu da mənə çatacaq?
– Əhsən, düz iki kilodur… Demək, belə. Qutunun dalınca bir-iki həftəyə adam gələcək. Uzaqdan gələcəyinə görə, hansı gün burda olacağı hələ məlum deyil. Narahat olma, onunla bir yerdə yanına mən də gələcəyəm.
– Nə deyirəm, gəl. Bəs qutu hansınızda olacaq?
Qəzənfər Seymura dilxor-dilxor baxdı.
– Qutu burda, qazanxanada qalacaq. Səməndər dedi ki, sənin qazanxa-nan ən etibarlı yerdir. Burda on belə qutu gizlətmək olar, heç kim də tapmaz. Burda olduğu heç kimin ağlına gəlməz. Ümumiyyətlə, özün yaxşı bilirsən ki, kənar adamları sovxoza buraxmırlar.
Seymur qutunu yenə açıb, ləzzətlə iylədi.
– Bəs özün iyləmisən? Bilirsən, bundan nə iyi gəlir?
– Nə? Zəfərandan başqa nə olasıdır?! – Qəzənfər, hər halda, narahat oldu, stolun üstündən əyilib, burnunu açıq qutuya çatdırmağa çalışdı.
– Yox, yox, gəl mən tərəfdən iylə!
Qəzənfər saymazyana gülümsədi, stola dövrə vurub qutuya doğru əyildi.
– Hə, nədir ki?
– Hiss etdin, mən tərəfdən nə qoxuyur? Əlbəttə, hiss etdin, sən axı səfeh adam deyilsən… Bunun mən tərəfdən güllələnmək qoxuduğuyla razılaşırsan? Gözündən oxuyuram ki, razılaşırsan.
– Nə güllələnmək, niyə güllələnmək?.. – Qəzənfər donquldandı. – Qə-ribə şeylər danışırsan.
– Qəribə? Zəfəranın bir kilosunun neçəyə olduğunu bilirsən?
Qəzənfər əsəbi halda çiyinlərini çəkdi.
– Zəfəranı nə almışam, nə də satmışam, ancaq baha olduğunu bilirəm. Neçəyədir ki?
– Bir kilo zəfəran bir kilo qızıldan bahadır. Çox yox, ancaq bahadır. Qiyməti də heç vaxt düşmür. İndi, de görüm, hüquqları əlindən alınmış mənim kimi adamdan iki kilo zəfəran tapsalar, nə olar? Sovxoza kənar adamlar buraxılmır, qutunu da qazanxanada yalnız mən gizlədə bilərəm. Deməli, mən oğurlamışam. Sonra da xalqın malını böyük miqyasda mənimsədiyimə görə dostun gələnə qədər məni talançı kimi güllələyərlər. Güllələnmək nə olduğunu bilirsən? Mən bir neçə dəfə görmüşəm.
– Sən ağciyərsənmiş ki! Qutunun burda olduğunu heç kim bilməyə-cək. Allaha şükür, burda heç vaxt heç nə axtarmayıblar. Sən gələnə qədər hər payız burda gizlətmişik, heç nə də baş verməyib. Ən təhlükəsiz yerdir.
– Sənin üçün, əmin üçün təhlükəsiz yerdir. Ona görə qutunu da götür, burdan uzaqlaş. Dur, dur!
Qəzənfər Seymura maraqla baxırdı.
– Bəs Səməndərdən qorxmursan? Ciddi soruşuram.
– Mən də ciddi cavab verirəm. Əlbəttə, Səməndərdən qorxuram. Sən-dən də qorxuram. Necə qorxaq olduğumu heç təsəvvür də eləyə bilməzsən. Hamıdan qorxuram.
– Özün bilərsən, – Qəzənfər qutunu stolun üstündən götürdü. – An-caq aramızdakı söhbəti unut. – Sən də. Ərzaq bağlamasını da götür.
– Səməndərin hədiyyəsini geri qaytarmaq olmaz, onlar burda qalacaq, – Qəzənfər sözünü qürurla deyib, əzamətli yerişlə qapıya doğru getdi. Ancaq bu yerişlə vur-tut üç addım ata bildi, çünki oyanan Albi qəfil bərkdən hürüb onun arxasınca cumdu. Qəzənfər söyə-söyə çıxışa doğru götürülüb, qapını örtməyə zorla macal tapdı.
Seymur bu əhvalatdan sonra il ərzində Səməndəri bir neçə dəfə gördü. Onda da hansısa iş dalınca qazanxananın yanından keçib idarəyə gedirdi. Ancaq bir dəfə ona ağız açmağa məcbur oldu. Salamlaşıb ona sözü olduğunu deyəndə Səməndər həvəssiz-həvəssiz dayandı. Qeyri-ixtiyari bir-iki addım da atıb, sonra ağır gövdəsini Seymura sarı döndərdi.
– Vacibdirsə, de, – ikrahla sanki ondan arxaya baxırmış kimi dedi. – Ancaq qısa elə, tələsirəm.
– İki həftədən sonra anamın vəfatının beş ili tamam olur. Valideynləri-min qəbrini ziyarət eləmək istəyirəm, onlar bu yaxınlıqda dəfn olunublar. Gedib-gəlmək heç iki saat çəkməz. Məni gözətçilərin müşayiətilə buraxın gedim, – Seymur dedi.
– Pis düşünməmisən, – Səməndər istehza ilə gülümsədi, – an-caq, de görüm, səni müşayiət eləmək üçün gözətçini hardan tapım? Nə dediyini ağlın kəsir? Axı bilirsən ki, sənə Bakıya getmək qadağandır.
– Mənə Bakıda yaşamaq qadağandır, amma qəbiristanlığı ziyarət etmək, ya Bakıdan keçib-getmək haqqında təlimatda bir kəlmə də yazılmayıb.
– Gəl belə danışaq. Sənin valideynlərin Fəxri Xiyabanda basdırılıblar. Doğrudur? Səni elə yerdə görən olsa, nə düşünər? Mənə nə deyərlər? Yox, mən sənin kimilərdən ötrü qanunu poza bilmərəm. – Səməndər hirsindən pörtdü. – Qulaq as, sən o qəbiristanlığa nə üzlə gedəcəksən, heç bu haqda fikirləşmisən? Onlar sağ olsalar, səni oğulluqdan çıxarardılar. Sənin vicdanın var? Get, işinlə məşğul ol!
Və Seymur qazanxanaya yollandı, qeyri-ixtiyari buxarın təzyiqini yoxladı, forsunkaları təmizlədi. Albi yaxınlaşıb əlini yaladı.
– Eybi yox, Albi, – boğazı göynədiyindən gec dilləndi, – böyük bir adam nahaq yerə deməyib: “Vaxt gələr, bizim küçəmizdə də bayram olar”. Bəlkə, o günü biz də gördük.
Yeməkxanadan çıxmamışdan əvvəl Seymur kotletin birini su keçirməyən kağızdan hazırlanmış salfetə büküb gödəkçəsinin cibinə qoydu.
Güllə səsini yeməkxanadan çıxanda eşitdi, ancaq buna fikir vermədi, ov mövsümu başlamışdı və istirahət günləri quş vurmaq üçün Bakıdan dəniz sahilinə ovçular tökülüşüb gəlirdi. Uzaqdan gözətçi Qəhrəmanı görəndə narahat oldu –əyilib otların arasındakı nəyəsə baxırdı.
Albi qanın içində idi, ağrıdan zingildəyirdi, ancaq Seymur gəlib yanında oturanda səsini kəsdi, başını ona söykədi. Güllə qılçasına dəymişdi, qanı dayanmırdı. Seymur qazanxanadan təmiz köynək gətirdi, dörd qatlayıb itin yarasına sıxdı və Qəhrəmandan xahiş etdi ki, həkim tapana qədər eləcə tutsun.
– Onu niyə axtarmalısan ki? Bütün gün tibb məntəqəsində oturub nərd oynayır, – Qəhrəman dedi. – Ancaq nə qədər ki darvazanın gözətçisiz olduğunu görməyiblər, özünü çatdır.
İyirmi yaşlarında, bədən quruluşundan idmançıya oxşayan Aslan adında həkim, doğrudan da, başısarıqlı bir nəfərlə nərd oynayırdı. Oyununu dayandırmadan Seymura qulaq asdı.
– Əzizim, sizinlə getməyinə, bəlkə də, gedərəm, ancaq deməliyəm ki, sizə baytar həkim lazımdır. Mən isə terapevtəm.
– Bunu bilirəm. İti mən sarıyacam, sizsə nə etmək lazım olduğunu deyərsiniz… Sizdən çox xahiş edirəm.
– Qayıdanda davam etdirərik, daşlara toxunma. Buz kisəsini mən qayıdana qədər başında saxla. Anladın? – danışa-danışa şüşəli şkafa yaxınlaşdı, rəflərdən hansısa alətləri, pambıq və binti çantasına atdı.
– Gedək, orda baxarıq.
Qəhrəman əvvəlki kimi Albinin yanında oturmuşdu.
– Sənin işindir? – həkim başı ilə iti göstərib Qəhrəmandan soruşdu.
Qəhrəman hirsləndi:
– Nə danışırsan?! Mənim əlim gələr…
– Yaxşı, yaxşı, daha niyə qışqırırsan. Stol lazımdır. Stolunuz hanı?
Seymurla Qəhrəman iti qazanxanaya aparıb stolun üstünə qoydular. Albinin bayaq uzandığı otluqda qurumuş qan gölməçəsi qalmışdı.
Həkim itə baxıb başını yırğaladı. Barmaqlarını ehtiyatla yarasına, onurğasına toxundurdu, sonra quyruğunun lap dibindən tutub, bir neçə dəfə o tərəf-bu tərəfə əydi. Quyruğu hər dəfə öz əvvəlki vəziyyətinə qayıtdı. Bu, görünür, həkimin xoşuna gəlsə də, Albinin xoşuna gəlmədi; o, bərkdən zingildədi.
– Xoşuna gəldi-gəlmədi, dözməlisən… Veterinar olmasam da, onurğa-sının salamat olduğunu deyə bilərəm. Gəzəcək, atılıb düşə biləcək. İndi yara ilə məşğul olaq.
– İstəsəniz, sizə kömək eləyə bilərəm, – Seymur dedi. – Ümumiyyətlə, o dişləyən it deyil.
– Məni axı niyə dişləməlidir ki? O, ağıllı itdir, hiss eləyir ki, ona mal ciyəri almaq istəyirəm, – elə bil itin qılığına girirdi, danışa-danışa da yaradan qırmaları çıxarırdı. – Xırda qırmadır, bildirçinin komuna atırlar. – Sonuncu qırmanı çıxarıb, yaraya pis qoxulu hansısa bir maz çəkdi, sonra qılçasını bintlə sıxaraq bərk-bərk bağladı. Metal qutudakı şpris və iynəni plitədə qaynadıb qılçasına iynə vurdu. – Ağrını kəsib sakitləşdirir, – Seymura izah etdi. – Yuxuda stoldan yıxıla bilər, döşəməyə uzatsaq, yaxşı olar.
O, şpris olan dəmir qutunun suyunu tasa töküb getməyə hazırlaşdı.
– De görüm, bunu kim eləyib?
– Mən hardan bilim?! – Qəhrəman incidi. – Bir şey olanda hamı elə mənim üstümə düşür.
– Qışqırma. Qışqırıb-bağırsan, dilin uzanar. Burda çoxlarının dili uzanıb, hələ özlərinin xəbərləri yoxdur, – həkim, Seymur üçün əlavə məlumat verməyi lazım bildi. – Qəribə işdir, burda hamı yalan danışır, yəqin, suyundandır.
– Sizə çox minnətdaram, – Seymur dedi, – ancaq həkimə bəxşiş düşür. Zəhmət olmasa, deyin, neçə verməliyəm?
– Olmadı ki, – həkim dedi, – mən itinizi müalicə eləyirəm, sizsə mə-nim xətrimə dəyirsiniz. Səhər tezdən gələcəm görüm, xəstənin kefi necədir. Hələlik.
– Qəhrəman, bunu kimin elədiyi mənə də aydındır, – gözətçi ilə tək qalanda Seymur dedi. – Ancaq dəqiq bilmək istəyirəm. İti kimin yaraladığını görmüsən? Özün bilirsən ki, heç kimə demərəm.
– Kim? Guya bunu Səməndərin elədiyini həkim bilmir? Kimin dilinin uzandığına baxarıq! – Qəhrəman dedi.
– Albi ona hürmüşdü?
– Albi yeməkxanaya tərəf baxıb səni gözləyirdi. Qəzənfərlə yanından keçəndə Səməndər nişan alıb atdı, mənə də dedi ki, zarafat eləyib. İt yıxılıb çapalayanda onlar gülüb uzaqlaşdılar.
– Qəhrəman, biz axı dostuq, elə deyil? Mənə icazə verərsən, yarım saat-lığa, ən çoxu, qırx dəqiqəliyə sovxozun ərazisindən çıxım? Kənd sovetində təcili işim var. Tam rəsmidir.
– Nə deyə bilərəm, get, ancaq ləngimə.
Kənd sovetinə qədər olan yolu birnəfəsə getdi. Səməndər kabinetdə tək idi. Seymur içəri girəndə özünü itirdi, ona elə baxdı, sanki kabus görmüşdü.
– Burda nə işin var? – Seymur nəfəsini dərənə qədər o dedi. – Səni sovxozdan kim buraxıb?
– Niyə mənim itimi vurmusan? – Seymur sakit danışmağa çalışdı.
– Siz bu dustağın həyasızlığına bir baxın! Sən kiminlə danışırsan?! “Niyə mənim itimi vurmusan?” – Seymuru yamsıladı. – Çünki o da sənin kimi həyasızdır, heyif ki, vurub öldürməmişəm. Məgər sənə it saxlamağa icazə vermişəm?.. Həmişə demişəm, yenə deyirəm: heç kimi nahaq yerə türməyə salmırlar! Sən çox həyasız yaramazsan! Həm də təhlükəlisən, səni görən kimi tanıdım, – əlini telefona uzatdı. – Bir dəqiqə səbir elə… Məhkəməyə qədər bir həftə karserdə oturarsan, sonra həmişəlik hara lazımsa, ora göndərərlər. – O, nömrəni yığdı, ancaq xəttin o biri ucunda dəstəyi götürən olmadı.
– Götürən yoxdur? – Seymur istehzayla soruşdu. – Bəxtin gətirmədi.
– Narahat olma, götürərlər. Payını, necə lazımsa, alacaqsan, – Səmən-dər özünü sındırmadı. – Nədir, nə istəyirsən? – Seymur stolun arxasına keçib ona yaxınlaşanda kreslonu geri itələyib yerindən sıçradı.
– İtə güllə atmaq lazım deyildi! – Seymur təəssüflə dedi və çoxdan istədiyini, axır ki, elədi. Səməndərlə boyları bərabərdi və o, qarşısında hərəkətsiz dayanmışdı. Belə vəziyyətdə bütün gücünü sağ qoluna verib Səməndərin çənəsinə ilişdirdiyi zərbəni hətta inistitut məşqçisi Ağalarov da bəyənərdi. Ancaq bununla eyni vaxtda rəqibin qasığına təpiklə vurmağı istənilən məşqçini hirsləndirərdi. Səməndərin halsızlaşmış bədənini havada tutdu, peysərini qolunun arasına alıb, dördkünc başını bir neçə dəfə divara çırpdı: “Daha itləri güllələməyəcəksən, adamlara qarşı murdarlıq eləməyəcəksən, itləri güllələməyəcəksən…” Peysərini qolunun arasından buraxanda Səməndər sürüşüb döşəməyə yıxıldı. O, arxası üstə öz kabinetində uzanmışdı, burnundan paltarına qan damcılayırdı. Seymur coxdan duymadığı məmnunluqla əlüzyuyana yaxınlaşıb yuyundu. Baş verənlərin labüd nəticələri haqqında düşündü, ancaq heç bir qorxu hiss eləmədi. Əlini dəsmala uzadanda Səməndərin gözlərini açıb ona diqqətlə baxdığını gördü. Dərhal da gözlərini yumdu, ancaq artıq gec idi.
– Ay səni fırıldaqçı! – üstünə əyilib məzəmmətlə dedi. – Demək, xanım özünə gəlibmiş, onda bəs niyə susur?
Zarafatla deyilsə də, Səməndərin bu sözdən dalağı sancdı və qeyri-ixtiyari üzünü əlləri ilə örtdü.
– Vurmayacam. Əlimi artıq yumuşam, – Seymur onu sakitləşdirdi. – Yaxşısı budur, gedim. Təsəvvür eləyirsən, hansısa yaramaz itimi yaralayıb? Bax indi də yadıma düşən kimi hirsimdən bütün bədənim əsdi. Təsadüfən bilmirsən, kim vurmuş olar? Bilirsən?
Səməndər təəssüflə başını yırğaladı, səmimi baxışlarıyla həmsöhbətinə hiss etdirmək istədi ki, dərdinə şərikdir, ancaq onun, Səməndərin bu məsələdən xəbəri yoxdur.
Seymur kabinetdən çıxanda həyətdə Qəzənfərlə rastlaşdı. İri sinidəki buğlanan qablardan belə görünürdü ki, Səməndərə yemək gətirib.
– Sən burda gəzirsən, ancaq əmin Səməndər kabinetdə huşsuz halda yerə uzanıb, – Seymur ona xəbər verdi. – Əgər ölsə, sənin üçün heç yaxşı olmayacaq.
Rəngi ağaran Qəzənfər yerindəcə quruyub qaldı.
– Xəstələnib? Ona nə olub?
– Qulaqlarıdır. Hər iki qulağına təcili kompres qoymaq lazımdır. Yoxsa ağrıdan ölər. Səndə tava var? Duzu tavada yaxşı-yaxşı qızdır, əsgiyə büküb, növbəylə hər iki qulağına qoy. Tələs!
Seymurun canıyananlıqla danışmağına baxmayaraq, Qəzənfər ehtiyatlandı.
– Bəs sən burda neyləyirsən?!
– Özümə bir gün ağlayıram… Əmin isə bu dəqiqə ölümlə çarpışır. Qaç, səfeh, nə qədər gec deyil, tələs!
Qəzənfər sinini yerə qoyub, ağlamsınaraq artırmaya tərəf qaçdı.
Qəhrəman onu darvazanın ağzında gözləyirdi.
– Qorxurdum, səni buraxmayalar, – Qəhrəman rahat nəfəs aldı.
– Kim buraxmayacaq?
– Necə yəni kim? Səməndər! Qorxurdum ki, getdiyinə görə səni dam-layalar, səni buraxdığıma görə də məni. Durub Səməndərin, ya Qəzənfərin gəlişini gözləyirdim, bir də gördüm sən gəlirsən, sevindim.
– Tez sevinmisən. Zırıltısı hələ qabaqdadır, – Seymur dedi. – Bilmir-sən, Fətəliyev burdadır?
– Səhərdən burdadır, heç hara da getməyib. Bütün günü laboratoriyada olub.
– Yaxşı, gedim Fətəliyevin yanına. Qəhrəman… Əgər bir qanqaraçılıq olsa, günah məndədir, bağışla.
– Qanqaraçılıq olsa, nə dəxli, günah kimdədir, – Qəhrəman fikirli-fi-kirli dedi.
Laboratoriyaya getməmişdən əvvəl yaralıya dəymək üçün qazanxanaya girdi. Albi yatmamışdı. Sahibini görəndə it qalxmağa çalışıb yavaşca quyruğunu buladı. Seymur qaba təzə su tökməkdən ötrü əyiləndə isə fürsət tapıb onun burnunu yalaya bildi.
Fətəliyev iki laborant qıza nəsə izah eləyirdi. Məryəm gözə dəymirdi.
Fətəliyev, Seymurun gəlişinə mehribancasına gülümsəyib, onu öz kabinetinə apardı. Seymur dedi ki, ondan bir xahiş eləməyə gəlib. Adi məsələ olsa da, Seymur üçün son dərəcə vacibdir. Üz tutmağa Fətəliyevdən başqa heç kimi yoxdur. Zorla dilə gətirə bildiyi müqəddimədən sonra, Fətəliyevdən xahiş etdi ki, burda olmayacağı müddətdə onun itindən müğayat olsun. Təkidlə, səmimiyyətlə xahiş etdi.
– İtinə görə narahat olma. Söz verirəm. İndi sənin barəndə danışaq, əziz dostum. Danış görək, nə olub?
Seymura qulaq asanda xüsusi xidmət orqanlarının təmsilçisi göz-görəsi qocaldı.
– Bunsuz keçinmək olmazdı? – dedi, sanki bunun indi bir mənası var-dı.
– Yox, olmazdı.
– Anlayıram. Bir dəqiqəlik ləzzət üçün öz gələcəyini, bəlkə də, həya-tını təhlükəyə atmısan. Doğrusu, bilmirəm neyləyim. Başa düşürsən, bu saat dalınca gələcəklər. Belə… Gəl, birlikdə fikirləşək. Səməndər ilk əvvəl hər şeyi yoldaş Nazimova xəbər verməlidir. Bunu etməyə borcludur!.. Onunla Səməndərdən qabaq görüşsəm, yaxşı olar.
– Bunun nə xeyri var ki? – Seymur gülümsədi.
– Bəlkə, nəsə bir xeyri oldu… Bütün imkanlardan istifadə etmək lazım-dır. Sən burda otur, mən qalxıb direktorun kabinetindən yoldaş Nazimova zəng vurum. Əlbəttə, bu, telefon söhbəti deyil, ancaq zəng eləməliyəm. Hər şeyi danışıb, ondan xahiş eləyəcəm…
– Nə? – Seymur kədərlə gülümsədi.
– Hələ bilmirəm, – Fətəliyev boynuna aldı. – Ancaq xahiş edəcəm.
– Bəlkə, Nazimova ağız açmaq lazım deyil. Mənə köməyiniz dəy-məz, Nazimov isə, əgər istəsə, xahişinizi sizin əleyhinizə istifadə eləyə bilər. Belə şeylərə rast gəlmişəm.
Fətəliyev gülümsədi.
– Ahıl dostunun qayğısına qaldığına görə sağ ol. Burda məni gözlə, heç hara da getmə.
Fətəliyevin Nazimova zəngindən Seymur heç nə gözləmirdi. Olacaqlara etinasız yanaşmağı illər ona öyrətmişdi. Ancaq Fətəliyevə inanırdı, itin küçədə qalmayacağına əmin olduğundan indi ürəyi rahat idi.
Fətəliyev iyirmi dəqiqədən sonra qayıtdı. O, təəccübünü gizlətmədi.
– Səməndərin kabinetində nə baş verdiyini yoldaş Nazimov yalnız indi məndən öyrəndi. Səməndər hələ ona zəng vurmayıb. Çox təəccüblüdür… Həm də şübhəlidir. Onu təsadüfən öldürməmisən?.. Nəsə, yoldaş Nazimovun gəlməyini gözləməli olacağıq.
– Bəs sovxoz direktoru sizə nə dedi?
– Mən içəri girəndə o, dərhal kabinetdən çıxır. İctimai əsaslarla olsam da, hər halda, orqanların təmsilçisiyəm, – Fətəliyev gülümsədi. – Hörmət eləyirlər.
Laborant qız çay gətirdi. Stəkanda çay əvəzinə qaynar su olması Seymuru təəccübləndirdi. Fətəliyev maqqaşla kiçik kardon qutudan zəfəranın bir neçə çiçəyini götürüb stəkanlara atanda hər şey aydın oldu. Çayın dəmlənməsi üçün stəkanların ağzını nəlbəki ilə örtdü.
– Bir növ elmi eksperimentdir. Özü də son dərəcə xoş eksperiment. Zəfəranın cövhəri əsəb sisteminin stimulyatorudur, – Seymura izah etdi. – Zəfəran çayından sonra çox adamın ovqatı yaxşılaşır, qan təzyiqi normallaşır. Alınan məlumatları bu jurnala yazırıq. İndi sənin də adını bura qeyd eləyəcəm.
Seymur yaqut rəngində çayı içdi, amma əhvalı dəyişmədi.
– Bunun stabil təsiri iki həftə hər gün içəndən sonra özünü göstərir. Zəfəran gözəl bitkidir. Bilirsən, zəfəranın böyük miqdarda qəbulundan həm də zəhərlənmək olar. Əgər bir stəkan zəfəranın üstünə qaynar su töküb alınan cövhəri içsən, uğunub getməyə başlayacaqsan, yarım saatdan sonra da nəfəs yolların iflic olacaq.
– Tarantula dişləyəndə olduğu kimi? Bəlkə, dolaşıq salıram, ancaq nə vaxtsa oxumuşam ki, əqrəbin sancdığı adam ölməmişdən qabaq uğunub gedir, ya da rəqs eləyir. Deyilənə görə, tarantella rəqsinin adı bundan götürülüb. Əlbəttə, nəyisə dolaşıq sala bilərəm, – Seymur öz variantını söylədi.
Fətəliyev çiyinlərini çəkdi.
– Ola bilsin. Amerikada, Afrikada əqrəbin sancmağı ölümcüldür. An-caq Qafqazda mümkün deyil. Burdakı əqrəblər xırdadır, onların sancmağı ölümcül olmur. On il əvvəl Mingəçevir çöllərində məni əqrəb sancmışdı, gülüb rəqs eləmək halında deyildim, ağrıdan qıvrılırdım. Nəfəs yollarında da ağırlaşma olmadı. Bir neçə gündən sonra ağrı keçdi.
Seymur hiss elədi ki, zəfərandan, əqrəbdən danışa-danışa Fətəliyev nə haqdasa düşünür.
– Səndən nə gizlədim, – o dedi, – mənə bir şey maraqlı gəlir. Səməndər qüvvətli, kinli adamdır. Burdakı camaat, balıqçılar onu davakar kimi tanıyırlar. Hamı ondan qorxur. Sənin sifətində isə bircə cızıq da yoxdur.
Bu necə ola bilir? – Fətəliyev inamsızlıqla soruşdu.
– Bilmirəm, – Səməndər gülümsədi. – Ola bilsin, məsələ yaralı itdədir.
– Demək, yaralı itə görə… Təəccüb eləyirəm ki, Səməndər nə yaxşı səni kabinetdə güllələməyib. İndiyə qədər onun sözünün qabağında söz deyən olmayıb… Sənin sifətində isə bir cızıq da yoxdur. Sən son dərəcə bəxtli adamsan, – Fətəliyev qəmgin-qəmgin gülümsədi. – Yaxşı, qoy belə olsun. Görək sabah da bəxtin gətirəcəkmi.
Onlar xudahafizləşdilər. Fətəliyev narahat idi və bunu da gizlətmirdi – sabahkı gündən yaxşı heç nə gözləmirdi.
Seymur bir saata yaxın binanın qarşısındakı bağda gözlədi. Yola düşməmişdən əvvəl Məryəmlə vidalaşmağı çox istəyirdi, ancaq o, heç harda gözə dəymirdi.
Gecə narahat yuxular Albiyə əzab verirdi, o, yanıqlı-yanıqlı zingildəyir, arada kiməsə hürür, ancaq Seymur ona yaxınlaşan kimi susurdu.
Albi dünənki kotleti bir uduma ötürdüyündən səhər yaxşı əhvalda oyandı. Burnu hələ isti və quru idi. Parıldayan gözləriylə sahibinə həmişəki kimi məftunluqla, sevgiylə baxırdı.
Kimsə qapını döydü. Aslan həkim idi. Öz xəstəsinə söz verdiyi hədiyyəni – təzə mal ciyərini gətirmişdi. Albinin vəziyyətindən razı qaldı, Seymura dedi ki, bir-iki həftəyə lap yaxşı olacaq.
Həkim gedəndən sonra Seymur iti gəzməyə çıxardı. Gəzinti Albinin ürəyincə olmuşdu, ancaq dal ayağını çəkirdi.
– Demək, belə-belə işlər, – Seymur dedi. – İndi hər ikimiz axsağıq, özü də sol ayaqdan axsayırıq. Deyəsən, sənə məzəli görünür. Amma nə gizlədim, Nazimovun kimlərinsə müşayiətilə gələcəyini gözləmək kefimə soğan doğrayır.
Nazimov səhər tezdən gəldi. Hiss olunurdu ki, kefi yoxdur, adətən, solğun olan sifəti bozarmışdı, qazanxananın toranlığında isə yaşılımtıl rəngə çalır, bir az da arıq görünürdü. Seymuru pəncərənin qarşısındakı stolda oturdub, bir müddət maraqla onu süzdü.
– Sovxozun ərazisini özbaşına tərk edəndən sonra nə baş verdiyini da-nışın, – deyib, bloknot və qələmi stolun üstünə qoydu. – Xəbərdarlıq edirəm, heç nə gizlətmədən danışın.
Seymur kənd sovetində baş verənləri ətraflı danışdı. Nazimov diqqətlə qulaq asdı, ancaq heç nə yazmadı.
– İndi Səməndəri məhz necə vurduğunuzu göstərin. Bütün dəqiqliyilə. Demək, o, yazı stolunun arxasında oturmuşdu, siz yaxınlaşanda yerindən sıçrayıb… Göstərin!
Seymur sağ əli ilə onun çənəsinə necə zərbə vurduğunu, sonra qasığına təpiklə necə ilişdirdiyini göstərməyə çalışdı.
– Demək, ayağınızı geridən gətirib vurmusunuz? – Nazimov əllərini bir-birinə sürtüb bayaqkı soyuq tərzdə soruşdu. – Yəqin, zərbə elə də bərk olmayıb? Qasığa təpiklə bərk vurmaq sizə zarafat gəlməsin!
Seymur danmadı:
– Demək olar, var qüvvə ilə vurdum.
Nazimovun ona məmnunluqla qulaq asdığını hiss eləyəndə Seymur duruxdu. Hətta Nazimovun sifətinə qızartı da gəlmişdi.
Qəzənfərlə görüşünü danışmaq istəyəndə Nazimov əlinin qəti hərəkətiylə onun sözünü yarımçıq kəsdi.
– Əsas məsələdən yayınmayın! Səməndərin başını divara neçə dəfə vur-dunuz?
– Məncə, dörd-beş dəfə, – Seymur tərəddüdlə dedi.
– “Məncə” nə deməkdir? Dəqiq!
– Dörd dəfə.
– Bəs döşəmədə yıxılıb qalanda ona neçə təpik vurdunuz?
– Vurmadım.
– Niyə? – Nazimov maraqlandı. – Necə oldu ki, birdən vaz keçdiniz?
– O artıq yerə yıxılmışdı, mənə elə gəldi, bərk qorxub, yəqin, buna görə…
– İnandırıcı deyil, – Nazimov narazılıqla dodaqlarını çeynədi. – Arxası üstə yıxılmışdı?
– Bəli.
– Mənə aydın deyil ki, ən əlverişli məqamda nəyə görə qabırğasına heç olmasa, bir-iki təpik vurmamısınız. Qəribədir… Tutduğunuz işin fərqindəsiniz? – Nazimov soruşdu. – Sizə məlumdur ki, dustağın hökumət nümayəndəsinə əl qaldırması qanunla ciddi cəzalandırılır? Hətta ən ağır cəza ilə!
Seymur dinməzcə başını tərpətdi.
– Yaxşı ki, bilirsiniz. Bunu yaddan çıxarmayın!
Nazimov sürücünü çağırıb, Fətəliyevin dalınca göndərdi.
Sorğu-sual Fətəliyev gələndən sonra da şifahi formada davam etdirildi.
– Burda nələr baş verir, hörmətli yoldaş Fətəliyev? Sovxoza gələndə yol- üstü kənd sovetinə dəydim. Nə gördüm? Heç kim yoxdu. Kənd soveti sədrinin qardaşı oğlu isə mənə dedi ki, yoldaş Kələntərli aldığı zədələrə görə dünən evə aparılıb. O mənə rayon poliklinikasından alınmış arayışı göstərdi. Baş həkimin imzaladığı arayışda yazılıb ki, Səməndər Kələntərlinin başının saç olan hissəsində böyük hematoma əmələ gəlib, beyin silkələnməsinə aid şübhələr var, sol üz nahiyəsi zədələnib, həmçinin xayaları şişib. Bununla əlaqədar Kələntərli stasionar müalicə aldığı müddətdə işdən azad olunub. Qardaşı oğlu rəsmi olaraq təsdiqləyir ki, bütün bu zədələr ov zamanı, onun gözü qarşısında Səməndər bir qayadan o birinə üzü üstə yıxılanda olub. İş vaxtı kənd soveti sədrinin nə üçün ova getdiyini başa düşə bilmirəm. Bu fırıldaqçı nə ovuna gedibmiş?
– Ördək ovuna, yoldaş Nazimov, çöl ördəyi vurmağa.
– Hadisənin şahidlərinin siyahısını tutmusunuz?
– Qardaşı oğlundan savayı şahid yoxdur. Onu dindirmək lazımdır.
– Qardaşı oğlu artıq öz əli ilə yazılı surətdə ifadəsini verib… – yoldaş Nazimov etinasız tərzdə dedi. – Sizdən təkidlə xahiş edirəm, yoldaş Fətəliyev, gələcəkdə heç bir anlaşılmazlıq olmasın deyə, belə ciddi hadisələr barədə mənə vaxtında xəbər verin.
Fətəliyev dinməzcə başını tərpətdi. Görkəmindən çaşqınlıq oxunurdu. Sonra Nazimov istintaq iştirakçılarına sualı qalmadığını göstərmək üçün ayağa qalxdı. Xudahafizləşəndə yalnız Fətəliyevlə yox, nədənsə Seymurla da əl tutdu. Nazimov getməmişdən əvvəl Albiyə yaxınlaşdı. İt narahat olsa da, mıırıldamadı.
– Yaxşı it olduğu dərhal bilinir! Yoldaş Dzerjinski sərhədçilərlə görü-şündə çox doğru deyib: “İt insanın sədaqətli dostudur!” – Nazimov “dostun” qılçasındakı qanlı sarğını inadla görməməzliyə vuraraq Dzerjinskinin sözlərini təkrar etdi. – İtin adı nədir?
– Albi, – Seymur dedi.
– Albi. Maraqlıdır. “Albion” sözünün qısaldılmış formasıdır? Dumanlı Albion. Böyük Britaniyanın şərəfinə?
– Lap elə də yox, – Fətəliyev Seymuru qabaqlayıb ehtiyatla izah etdi. – Fransadakı kiçik Albi şəhərinin adından götürülüb. Oranın meri kommunistdir.
– Yoldaş Fətəliyev, – Nazimov Albidən aralanmadan dedi, – qazanxa-nada xidməti it saxlamağa icazə verməkdə düzgün hərəkət etmisiniz. Ancaq yaxşılığı sona qədər eləmək lazımdır. Ona görə mənim əvəzimdən sovxoz direktoruna deyin ki, başqa gözətçi itləri ilə bir yerdə Albiyə də yemək versinlər.
Albi astadan mırıldadı, ancaq Nazimov bunu minnətdarlıq kimi yozdu.
– Hər halda, çox ağıllı itdir, – deyib, Fətəliyevin müşayiətilə qazanxa-nadan çıxdı.
– Etiraf edim ki, heç nə anlamadım, – Fətəliyevi ötürəndə Seymur dedi.
Fətəliyev danışmamışdan əvvəl, həmişə olduğu kimi, böyür-başına boylandı.
– Çünki yoldaş Nazimovun Səməndər Kələntərliyə necə münasibət bəslədiyini bilmirsiniz. Sizə bəzi şeylər danışacam, ancaq ümid eləyirəm ki, aramızda qalacaq, – pıçıltıyla dedi. – Nazimovun Səməndəri görməyə gözü yoxdur, hələ Səməndər orqanlarda işlədiyi vaxtdan ona nifrət eləyir. Səməndər o dövrdə Kirovabad şəhərindəki ciddi rejimli qapalı həbs düşərgəsinin rəisi idi. Orda, əsasən, keçmiş çekistlər, milis və prokurorluq işçiləri saxlanılırdı. Sonra məlum oldu ki, Səməndər üç il ərzində özbaşınalıq eləyib, xırda bir günahına görə də dustaqlara şəxsən özü işgəncə verib. Bunlara görə cəzalandırmaq nədir, xidmət etdiyi yeddi ildə ona iki dəfə təşəkkür də elan ediblər. O qədər azğınlaşıb ki, onu təhqir edən dustağı güllələyib. Adını da qoyub ki, guya qaçmağa cəhd göstəribmiş. Məsələ böyüyüb, onu tutduğu vəzifədən azad ediblər.
– Bütün bunlar yoldaş Beriya güllələnəndən sonra baş verib?
– Keçmiş yoldaş Beriya. Ondan əvvəl olub. Mənə danışıblar ki, “NKVD” mərkəzi aparatında hərbi şərəf məhkəməsində ifadə verəndə Səməndər öz hərəkətlərini əvvəlki rəhbərlik zamanında başlı-başına buraxılmış nizam-intizamı möhkəmləndirmək istəyi ilə izah eləyib. Çekistlər onun mayor rütbəsini əlindən alıb, xüsusi xidmət orqanlarından biabırcasına qovublar. Vəssalam. Qohumu, bizim rayonun rəhbəri Əfrasiyab Qutqaşenlinin sayəsində isə Səməndər Amburanın kənd sovetinin sədri olub.
– Bəs Səməndərin burda nə hoqqalardan çıxdığından Nazimovun xə-bəri var?
– Yoldaş Nazimovun hər şeydən xəbəri var! – Fətəliyev şəstlə dedi. – Ancaq Səməndərə gücü çatmır. Səməndər siyasi cəhətdən hazırlıqlıdır, partiyaya sədaqətini dəfələrlə sübut eləyib. Ən başlıcası da, Stalin rayonunun birinci katibi Qutqaşenli, Səməndərin bacısını alıb. O, respublikada çox hörmətli, nüfuzlu adamdır.
– Razıyam. Şübhəsiz ki, Səməndərin döyülməyi yoldaş Nazimovun ürəyincədir, onun eləmək istədiyini, belə baxanda, mən eləmişəm. Ancaq nəyə görə yoldaş Nazimov özünü elə apardı ki, guya əhvalatın ovda baş verməsinə inanır? Axı məni həbs etməklə yoldaş Nazimov vəzifə borcunu yerinə yetirdiyi üçün bir az da artıq məmnun olardı.
– Hər şey elə də sadə deyil. Bayaqdan bunun üstündə baş sındırıram, – Fətəliyev etiraf etdi. – Yoldaş Nazimov qanunlara riayət etməyi sevir. Razıyam, bu gün özünü qəribə apardı.
Bütün bunlar, doğrudan da, qəribə və anlaşılmaz görünürdü. Seymur düşündü ki, ola bilsin, zəfəran zovxozundan uzaqlarda elə hadisələr baş verir ki, nə onun, nə Fətəliyevin bunlardan xəbəri var.
– Tayşetdə olduğu kimi, – Seymur düşündüyünü bərkdən dedi.
– Tayşetdə nə olub? – Fətəliyev soruşdu.
– Hərdən orda da qəribə hadisələr baş verirdi, – Seymur dilini sürüdü.
Xudahafizləşəndə Fətəliyev dedi ki, hər şeydən əvvəl sovxoz direktorunun yanına gedib, Albi adlı xidməti it üçün xalta və rəsmi olaraq ərzaq payı ayrılması barədə Nazimovun istəyini ona çatdıracaq.
Seymur qazanxanaya qayıdıb “xidməti” iti rəsmi olaraq ərzaq payı ayrılması münasibətilə təbrik etdi, sonra radionu açdı. Moskvadan son xəbərlər verilirdi. Seymur eşitdiklərinə mat qaldı: “Bu gün Bakıda Dzerjinski adına klubda Azərbaycan kommunist partiyasının keçmiş birinci katibi Mircəfər Bağırovun məhkəməsi başlamışdır. Məhkəmədə dövlət ittihamçısı adından yoldaş Rudenko çıxış edir”.
O, qazanxanada otura bilməyib nəsə öyrənmək üçün Fətəliyevin yanına getdi. Seymurun dediyi Fətəliyevin qanını qaraltdı.
– Onun heç bir izahat vermədən işdən çıxarılması Azərbaycanda hamı-nı heyrətləndirib, indi də… Səhv etmirsiniz ki? Yoldaş Bağırovun məhkəmə olunduğunu özünüz eşitdiniz?
– Hə, özüm eşitdim.
– Heç nə anlamaq olmur. Öz vəzifəsində ölkəsi üçün nə qədər yaxşı işlər görüb! Müharibə vaxtı Azərbaycanda nə edilibsə, hamısı onun xidmətidir, indi isə mühakimə olunur! – Fətəliyev sarsılmışdı və bunu gizlətmirdi.
– Onun oğlu Bakıda yaşayır? Bizi eyni gündə cəbhəyə yollayıblar.
– Müharibədən qayıtmadı. Xəbər verdilər ki, qəhrəmancasına həlak olub… Demək, Bağırovu məhkəmə eləyirlər. İnanılmaz şeydir! Yoldaş Nazimovun nə üçün kefsiz olduğunu indi başa düşdüm.
– Nazimovla çoxdan tanışsınız?
– Altı ildir. Sovxozda siçovullar qaynaşanda tanış olmuşuq. Siço-vul əlindən tərpənmək olmurdu, əllərinə keçəni, bitkilərin zoğunu, gülü, çiçəyi yeyirdilər, zəfəranın soğanağını qazıb çıxarırdılar. Rayon rəhbərliyi kömək üçün kənd təsərrüfatı nazirliyinə, respublika san- epidemstansiyasına müraciət etdi. Mütəxəssislər gəldilər, şəraiti öyrəndilər, hər dəfə nəsə elədilər, ancaq fəaliyyətlərinin heç bir nəticəsi olmadı. Zəhər səpdilər, onlarla tələ qurdular, siçovullarsa azalmaqdansa, yenə artdılar. Zəfəran əkinindən o il heç nə qalmadı. Bu, əməlli-başlı fəlakət idi. Sovet İttifaqındakı yeganə zəfəran təsərrüfatı gözümüzün qabağında məhv olurdu. Mənim üçün isə bu həm də şəxsi faciə idi, bütün həyatımın mənası puç olurdu. Onda “NKVD”-yə məktub yazdım. Məktuba məndən başqa heç kim imza atmadı, məni də fikrimdən daşındırmağa çalışdılar. Şəhərə gedib məktubu binanın girişindəki növbətçiyə verdim. Səhəri gün yoldaş Nazimov gəldi. Beləcə tanış olduq. Mənimlə bütün sahəni gəzib getdi. İki gündən sonra isə kombinezon, nə bilim, skafandr geyinmiş bir neçə avtobus adam peyda oldu. Hərbçilərə oxşayırdılar, bir yığın idilər. Ərazidən bütün işçiləri köçürdülər, hətta gözətçi itlərini binaya salıb ağzını bağladılar. Başladılar sahənin altını üstünə çevirməyə. Sizə deyim ki, xoşa gələn mənzərə deyildi! Nə elədiklərini deyə bilmərəm, bircə onu bilirəm ki, zəhərli kimyəvi preparatlardan istifadə etmədilər. On iki nəfərdən ibarət dəstə zirehli maşınlara oxşayan texnika ilə vur-tut üç gün işlədilər. Özü də, az qala, yüz hektar sahədə. Siçovullar yuvalarından sıçrayıb qıc olaraq ölürdülər. İki yüz mindən çox ölü siçovul! Qoruyucu kostyumlar geyinmiş adamlar onların hamısını elə həmin gün yığıb, bağlı konteynerlərdə apardılar. Yoldaş Nazimov mənə dedi ki, bu, yeni eksperimental silahdır, əvvəlcə siçovulların üstündə sınaqdan keçirməyi qərara aldıq. O vaxtdan altı il keçib, təsərrüfat tamamilə bərpa olunub, sovxozun ərazisində isə indi bir dənə də olsun siçovula rast gəlməzsən. Hamısı da yoldaş Nazimovun sayəsində. Bax onda rəsmi olaraq qəsəbənin kuratoru təyin olundu. Mən ömrüm boyu ona, onun təşkilatına minnətdar olacağam. Sizə bu işin içində olan adam kimi deyirəm: əgər “NKVD” olmasa idi, yeganə zəfəran sovxozu çoxdan məhv olub getmişdi.
– Siz də o vaxtdan xüsusi xidmət orqanlarının ictimai təmsilçisisiniz?
– Bunun xoşuna gəlmədiyini həmişə hiss eləmişəm!
– Xoşum gəlir, vallah, xoşum gəlir, – Seymur səmimi olaraq dedi. – Orqanlarla işim yoxdur, ancaq ictimai təmsilçi vəzifəsi xoşuma gəlir. Maaşı yaxşıdır?
Fətəliyev ona maaş vermədiklərini, amma ictimai təmsilçi kimi bəzi imtiyazları olduğunu, xidməti vəzifəsinin icrası zamanı üzləşdiyi çətinliklərin, eləcə də əməkdaşlarının vaxtaşırı qarşılaşdığı məişət problemlərinin həlli zamanı müdiriyyətin onun sözünü eşitdiyini və xüsusi hörməti olduğunu dedi.
İctimai təmsilçi vəzifəsinin üstünlüyü Fətəliyevi Dzerjinski sarayında keçirilən məhkəmə iclaslarına dəvət edəndə də təsdiq olundu. Bu hadisə haqqında həyəcanla, bəzən də heyranlıqla danışırdı.
– Onun özünü necə ləyaqətlə apardığını təsəvvür eləyə bilməzsən! Onunla birlikdə “NKVD”-nin və DİN-nin keçmiş rəhbərləri – cılız, qorxaq Sumbatov-Topuridze ilə Atakişiyevin də məhkəməsi gedir.
O boyda adamların gözü qarşısında, az qala, diz çöküb yalvarırlar ki, onlara rəhm eləsinlər, Atakişiyev hətta ağladı da. Bilirsən, yoldaş Bağırov buna necə reaksiya verdi? Hirslənib dedi: “Onları rahat burax, sən axı bilirsən ki, onlar mənim əmrlərimi yerinə yetiriblər! Hər şeyə görə də mən məsuliyyət daşıyıram!” Baş prokuror Rudenko ilə “sən” deyə danışır, o isə Bağırova “siz” deyə müraciət eləyir. Özü də nəzakətlə danışır, onunla mübahisə eləmir, yalnız hər dəfə deyir: “Vətəndaş Bağırov, sizin ifadəniz işə əlavə olunacaq”. Zalda hamı başa düşür ki, Bağırovun etiraf edəcəyi bir şey olmadığını baş prokuror Rudenko yaxşı bildiyindən, istintaqı belə aparmağa məcburdur. Doğrudanmı onu günahkar saya bilərlər? – nəyə görəsə ümidlə Seymura baxdı, ancaq o, dinməzcə başını yellədi. Düşərgədə aldığı təcrübə sayəsində əmin idi ki, sistem Fətəliyev kimi adamlara məlum olmayan səbəblərdən Bağırovla yollarını ayırıb və o, məhkumdur, məhkəmə isə zala buraxılanlar üçün yalnız tamaşadır. Fətəliyev sınayıcı nəzərlərlə Seymura baxdı. O nə isə demək istəyirdi, amma buna dərhal ürək eləmədi:
– Seymur, mən sənə etibar eləyirəm… Köhnə dostum, Azərbaycan kommunist partiyası MK-nın üzvü mənə danışdı ki, Beriyanın həbsinin elə səhəri günü Xruşşov Moskvadan yoldaş Bağırova zəng vurub, xalq düşməni, beynəlxalq imperializmin agenti kimi məhkəmə eləyəcəkləri Beriya haqqında onun rəyini soruşub. Bağırov bunun cavabında deyib ki, Lavrenti Beriyanı Bakı və Moskvada bir yerdə işlədikləri vaxtlardan sadiq bir leninçi kimi tanıyır, ömür boyu xalq düşmənləriylə mübarizə aparıb, müharibənin ilk günlərindən isə sovet xalqının qələbəsinin təşkilatçılarından biri olub! Bağırov Lavrenti Beriya haqqında öz rəyini Siyasi Büroya yazılı şəkildə təqdim etməyə hazır olduğunu söyləyib, ancaq yoldaş Xruşşov deyib ki, buna ehtiyac yoxdur. Bəlkə, bu səbəbdən onu vəzifəsindən uzaqlaş- dırıblar?
– Yəni Sov.İKP-nin Birinci katibinin sözü ilə razılaşmadığına görə?
Fətəliyev kefsiz halda başını tərpətdi.
– Hə. Kommunist partiyasının üzvü kimi, əlbəttə, o, subordinasiyanı pozub. Bu, ciddi xatadır, ancaq cinayət deyil. Bəlkə, ona partiya xətti ilə töhmət vermək lazım idi, ya da keçmiş xidmətlərini nəzərə alıb şifahi xəbərdarlıqla kifayətlənməliydilər, daha mühakimə etməməliydilər. Mühakimə etməli bir şey yoxdu. Axı özüm məhkəmədəydim. Onu eləmədiyi cinayətlərə görə mühakimə eləyirlər. Bağırova sağlığında heykəl qoymaq lazımdır, mühakimə eləmək yox!
– Hələ bilmək olmaz, məhkəmə necə qurtaracaq. Siz doğrudanmı dü-şünürsünüz ki, bizim böyük vətənimizdə günün günorta çağı heç bir günahı olmayan adamı həbsxanaya, ya ondan da betər – həbs düşərgəsinə salsınlar, heç nəyin üstündə alçaltsınlar, işgəncə versinlər, – Seymur çalışdı ki, səsindəki kinayə hiss olunmasın və deyəsən, bunu bacara bildi.
Rəngi ağarmış Fətəliyev o saat cavab vermədi. Əqidəli kommunisti, respublika orqanlarının ictimai təmsilçisini çətin vəziyyətə saldığına görə Seymur artıq peşman olmuşdu.
– Hə, düşünə bilərəm. Görünür, Bağırovu günahkar çıxaracaqlar, – Fətəliyev qətiyyətlə dedi, həmişə şübhəli bir mövzuda danışanda olduğu kimi, bu dəfə böyür-başına boylanmadı.
– Atam mənə danışırdı ki, Beriya ilə Bağırov inqilaba qədər Bakı-da hansısa idarədə birlikdə işləyiblər, – Seymur söhbəti dəyişməyə çalışdı.
– İnqilaba qədər müsavat hökumətində Mircəfər Bağırov polis rəisi, Lavrenti Pavloviç onun müavini işləyib. Onlar dost olublar, – Fətəliyev etinasızlıqla dedi.
– Demək, dostuna qahmar çıxıb. Bağırov alicənab adam kimi hərəkət eləyib. Yəqin, hansı təhlükənin onu gözlədiyini yaxşı bilib. Fətəliyev dillənmədi. Oturub gözünü bir nöqtəyə dikmişdi.
Məhkəmə apreldə başa çatdı. Xalq düşməni Mircəfər Bağırov güllələnməyə məhkum edildi və Sov.İKP MK-nın Rəyasət heyəti məhkəmənin qərarı ilə razılaşdı. Bir ay sonra, 1956-cı ilin mayında isə diktor laqeyd bir səslə onun güllələndiyi xəbərini radioda oxudu.
Fətəliyevin fikrincə, ölkədə qəribə hadisələr baş verirdi və bunun axırının necə olacağını təsəvvür eləmək çətindi. Seymur ona necəsə təsəlli vermək üçün atasının Bağırov haqqında necə heyranlıqla danışdığını xatırladı. Yavaş-yavaş Bağırovun güllələnməsi mövzusu arxa plana keçdi və Seymur getməyə hazırlaşırdı ki, Fətəliyev onu saxladı. Onlar “eksperimental” zəfəran cövhəri içirdilər və Fətəliyev Səməndərlə təsadüfi görüşdən aldığı təəssüratı danışdı:
– Səməndəri üç aydı görmürdüm, bu gün isə onu tanıya bilmədim. Hətta yerişi də dəyişib. İlk baxışdan hiss olunur ki, əvvəlki kefi yoxdur. Seymur, sənin ona heç yazığın gəlmir?
Seymur az qaldı çeçəsin.
– Siz məni təəəccübləndirirsiniz. Hesab eləyirsiniz ki, ona yazığım gəl-məlidir?
– Səməndər, şübhəsiz ki, murdar adamdır, sən də ona qarşı çox düzgün hərəkət etmisən. Ancaq üstündən bir qədər vaxt keçəndən sonra fikirləşirsən ki, burda yaşamaq indi onun üçün elə də asan deyil.
– Sizin də ona yazığınız gəlir.
– Özüm də mat qalmışam. Bu günə qədər heç ağlıma belə gəlməzdi. Halbuki onun hələ də haqlı olaraq payını aldığını düşünürəm. Bu gün isə onun arvadı, uşaqları olduğunu yadıma saldım. Tabeliyində olanların indi ona necə münasibət bəslədiklərini düşündüm. Səninlə qarşılaşana qədər qüdrətli Səməndərin Amburanda ayaması “tank” idi… Doğrudan da, tank kimi bir şeydi. Hüquqları əlindən alınmış dustağın kənd soveti sədrini onun öz kabinetindəcə ölənəcən döydüyünü Səməndərin niyə heç hara xəbər vermədiyini sən başa düşə bilirsən? Şikayət eləsə, məlum deyil, başına nə oyun açardılar. Daha doğrusu, məlumdur.
– Əgər bunu siz bilmirsizsə, mən hardan bilim, – Seymur gülümsədi. – Mən yalnız təəccüblənirəm, xəbər verəcəyini hələ də gözləyirəm.
– Onun ayıbına gəlir, xəcalət çəkir. Nə yoldaş Nazimova, nə qohumu Qutqaşenliyə deyə bilmir ki, distrofiyalı bir xəstə axsaya-axsaya gəlib onu kabinetdə təkbaşına şil-küt eləyib.
– Niyə distrofiyalı xəstə oluram ki? – Seymur təəccübləndi.
– Çünki sənin çəkin normadan iyirmi-iyirmi beş kilo azdır… Bağış-la, “distrofiyalı” sözünü effektli olsun deyə əlavə etdim. Seymur, qoy fikrimi axıra çatdırım da! Hə, bütün bu olan haqq-hesab indi necəsə Amburana yayılıb. O, kənd sovetinin binasından, demək olar, çıxmır, hamının gizlincə ona güldüyünü bilir.
– Axı amburanlılar Səməndərin döyüldüyünü hardan öyrənə bilər-dilər? – Seymur sınayıcı nəzərlərlə Fətəliyevi süzdü. – Yalnız siz, Nazimov, Qəzənfər, bir də mən bilirdim. Sizcə, bunu caamaata kim sızdırıb?
– Məsələ də elə bundadır, – Fətəliyev gülümsədi.
Onlar bu işdə yoldaş Nazimovun cənfəşanlıq elədiyinə əmindilər.
– Demək, zərərçəkmiş Səməndərə yazığınız gəlir? Ancaq, məsələn, mənə yazıığınız gəlmir? – Seymur özünü inciyibmiş kimi göstərdi.
– Sənə nəyə görə yazığım gəlsin? – Fətəliyev təəccübləndi.
– Necə yəni, nəyə görə? – Seymur tutuldu, Fətəliyevlə bu haqda danış-dığına görə artıq peşman olmuşdu. – Haqqımda axı hər şeyi bilirsiniz.
Fətəliyev diqqətlə ona baxdı.
– Hə. Ancaq bu müsibətlərdən keçdiyinə görə kiminsə sənə yazığı gələ-cəyini gözləmə.
– Heç gözləmirəm də, – Seymur əsəbiləşdi. – Sözgəlişi dedim! Mən əminəm ki, yazığı gəlinəsi bir adam varsa, o da müharibənin şikəst etdiyi, ya da həbs düşərgəsində diri-diri torpağa gömüləndir, daha timsah Səməndər yox. Gözlərinizin qabağında nahaq yerə güllələnməyə məhkum edilən yoldaş Bağırova yazığınız gəlmir?
– Əlbəttə yox. Ona necə yazığım gələ bilər. Məlumun olsun ki, Bağırov güclü, böyük adamdır. Əminəm ki, əgər Bağırov kiminsə ona yazığı gəldiyini hiss eləsəydi, bu onunçün güllələnməkdən betər olardı. İndi kimsə sevinir, əlini əlinə sürtür, kimsə onun başına gətirilənlərə görə hiddətlənir, ancaq Allah eləməsin ki, kimsə onu yazıq gözündə görsün. Başa düş, insanın həyatda başına nə gəlsə də, xasiyyəti dəyişmir. Atalar demiş, qanla girən, sümüklə çıxar. Bilirsən, sözümün canı nədir? Əziz Seymur, səni heç kim yazıq gözündə görməz. Nə qədər pis vəziyyətə düşsən də, sənə qibtə eləyən kimlərsə tapılacaq.
– Həm gözlənilməz, həm də xoş zarafatdır, – Seymur istehzayla gülüm-sədi.
– Zarafat-zad deyil, – Fətəliyev ciddi tərzdə dedi. – Sən bilirsənmi ki, paxıllıq və mərhəmət kimi duyğular bütün insanlara xas olan keyfiyyətlərdir?
– Ola bilsin, – Seymur çiyinlərini çəkdi.
– İnan, mən bunu özümdən quraşdırmıram! Dünya elə yaranıb ki, zəif-lərə nisbətən güclülər daha mərhəmətli olurlar. Zəiflər isə paxıldırlar. Onların güclülərə paxıllığı tutur, bu, xoşagəlməz hissdir, hərdən əzab çəkdirir, ancaq ondan xilas olmaq nadir hallarda, yalnız özü güclü olmağı bacaran adamlara müyəssər olur.
Seymur qəfil hiss elədi ki, Fətəliyevə maraqla qulaq asır.
– Yəni heç vaxt paxıllıq, ya mərhəmət hiss etməyən adamlara rast gəlin-mir? Müstəsna hallarda belə?
– Adi, normal adamlar arasında belə istisnalar olmur. Başa düşdün? Ona görə heç kimdən mərhəmət gözləmə. Ancaq sənə paxıllıqları tutacaq.
– Əgər mənə paxıllıq edən dəliyə rast gəlsəm, sizə mütləq xəbər verə-cəm, – Seymur gülümsədi.
Bununla da “elmi” mövzuda söhbət başa çatdı və Seymur xudahafizləşib getdi.
Sahibini görəndə Albi həmişə olduğu kimi sevincək atılıb-düşdü, sonra Seymurun tumarını hiss eləyib onun ayaqlarına sığındı.
– Yaxşı ki, sənin heç kimə yazığın gəlmir, heç kimə də paxıllıq eləmir-sən, – Seymur ciddi tərzdə dedi.
İnsan və yalnız sevməyi bacaran it hələ bir müddət yanaşı dayanıb, dinməzcə qaranlıq səmaya baxdılar, hərəsi də öz aləminə çəkilmişdi.
Cümə günü Məryəm gec gəldi. Albi hürəndə saat doqquz idi. O, qapını döyməyə macal tapmamış, Albi hər dəfə belə sevincək hürüb zingildəyirdi.
Məryəmlə hər görüş Seymur üçün bayram idi, kədərli fikirlər öz yerini xatircəmliyə verir, onun yanında gələcəyə inamı artır, haradasa onu gözləyən xoş hadisələrin havası Seymuru vururdu. Bu gün Məryəm çox yorğun görünürdü. Onu qucaqlamaq istəyəndə dinməzcə sivişib əlindən çıxdı.
– Niyə kefin yoxdur? – Seymur soruşdu.
Demə, Məryəm hamilə imiş. Dedi ki, uşaq ərinin soyadını daşıyacaq və əri uşağın ondan olmadığını heç vaxt bilməyəcək. Ailə onun üçün həyatda hər şeydən qiymətlidir, ailəsini hər necə olsa qoruyacaq. Həm də dedi ki, vidalaşmağa gəlib. Seymuru heç vaxt unutmayacaq, ancaq daha buraya da gəlməyəcək.
Uşağının olacağı xəbəri içini titrətdi, əvvəllər belə hiss keçirməmişdi. O, key kimi idi, beynində hər şey bir-birinə qarışmışdı, ancaq bir fikri tuta bildi – hüquqsuz, pasportsuz adamla qazanxanada kasıb dolanışıqdan başqa qıza təklif etməyə heç nəyi yoxdu.
Məryəm dedi ki, onsuz yaşamaq çətin olacaq, ancaq ayrılmaq qərarı qətidir.
– Mən gedirəm, – Məryəm pıçıldadı.
Seymur stolun arxasında oturub axıra qədər dinməzcə ona qulaq asdı. Bir dəfə də olsun sözünü kəsmədi, susandan sonra da ondan heç nə soruşmadı. Qüssə ilə hiss eləyirdi ki, yaşamaq istəmir. Qızın çarpayıdan necə durduğunu, stola yaxınlaşdığını, qarşısında dayanıb uzun-uzadı diqqətlə ona baxdığını gördü.
– Özünü pis hiss eləyirsən? – Məryəm astadan soruşdu. – Özünü üzmə, lazım deyil.
Cavab gözləmədən Seymurun başını əllərinin arasına alıb hıçqırdı. Elə hönkürürdü, deyərdin, bu saat ürəyi partlayacaq.
Seymur onu sığallayır, mehriban sözlər deyir, sakitləşdirməyə çalışırdı. Zorla danışırdı, çünki qəhər boğazını göynədirdi.
Məryəm yavaş-yavaş toxtayıb, həmişəki kimi uzun-uzadı dolaşıq şeylər danışmağa başladı:
– Özünü üzmə. Nə etmək lazım olduğunu mən indi başa düşdüm. Mən ağrıdan özünü o tərəf-bu tərəfə atan o pişik kimi indi sakitləşmişəm. – Məryəm göz yaşlarını silib gülümsədi. – Bizim laboratoriyadakı pişiyi, yəqin ki, görmüsən. Gecələr soyuq olanda onun qaz sobasına girib isti bacada yatdığından heç kimin xəbəri yoxdu. Bir səhər qazı yandıranda o, sobada olub. Pişiyin sobadakı ciyiltisini eşitmək dəhşətli idi. O, bərk yanmışdı. Sobadan atılıb çıxanda tükü tüstüləyirdi. Laboratoriyada oyan-buyana qaçır, heç kimi yaxına buraxmır, heç kim də ona kömək eləyə bilmirdi. Ağrıdan karıxıb özünü pəncərəyə çırpdı, şüşə qırıqları üzünü, pəncəsini kəsdi. Bu vaxt mətbəxdəki qabyuyan arvad qaçıb laboratoriyaya gəldi. Pişik onu gözləyirmiş kimi dərhal qucağına atıldı; zavallı pişiklə yaşlı qabyuyan Sara bir-birilərinə qoşulub ağladılar. Fətəliyev onları tibb məntəqəsinə apardı, orada pişiyə iynə vurdular, yarasına ağrıkəsici maz çəkib dəsmala bükdülər. Sara onu əllərinin üstündə gəzdirir, ağlayır, ona uşaq kimi lay-lay çalırdı. Mən də bura gələnə qədər o pişik kimi özümə yer tapa bilmirdim, heç kim də mənə kömək eləməyi bacarmırdı. Fikirləşirdim ki, dəli olacam. Yalnız indi anladım ki, səndən başqa mənə heç kim lazım deyil. İndi bilirəm ki, sənsiz ölərəm. Sən mənim nicatım, mənim həyatımsan. Yalnız sən.
Onlar ocağın işıqlandırdığı qaranlıq otaqda oturub bir-birinə sığınaraq susurdular. Stolun altına girmiş Albinin xorultusu eşidilirdi.
– Bəs pişiyin axırı nə oldu? – o getməyə hazırlaşanda Seymur soruşdu.
– Ancaq gülmə! – Məryəm xəbərdarlıq elədi, qaranlıqda parıldayan gözləri onu pişiyə oxşadırdı.
– Nəyə? – Seymur təəccübləndi.
– Bilmirəm… – tərəddüdlə dedi. – Demə, pişik doğasıymış. Bir ay son-ra iki balası oldu.
Seymur, hər halda, güldü.
İstilər düşdü və Seymur günün çox hissəsini qazanxananın arxasında, gözdən iraq yerdə düzəltdiyi talvarda keçirirdi. Nazimovla Fətəliyev birlikdə gəldilər. Seymur onları talvara apardı, qazanxanadan gətirdiyi stolun qırağında oturtdu. Albi qonaqları hürüb quyruğunu yelləməklə salamladı.
Nazimov bu gəlişində Seymurun gözünə bir xeyli həyəcanlı göründü.
– Bəlkə, laboratoriyaya gedib orda danışaq? – Fətəliyev təklif etdi.
– Niyə? Bura sərindir, kənar adam yoxdur. Yaxşı xəbəri hər yerdə çat-dırmaq olar, bundan dadı-duzu itməz, – Nazimov dedi.
Nazimovun planşetdə gətirdiyi xəbərlər, doğrudan da, son dərəcə yaxşı idi.
Ona bəraət verildiyini, tezliklə hüquqlarının tam bərpa olunacağını eşidəndə Seymur qulaqlarına inanmadı.
– Yəni mən indi burdan hara istəsəm, gedə, kiminlə istəsəm, görüşə bilərəm? – o soruşdu.
Nazimovun məmnun olduğu üzündən oxunurdu. Rəsmi tonda danışsa da, baş verənlərin ona da xoş gəldiyi hiss edilirdi.
– Əlbəttə, bu dəqiqədən sonra hara istəsəniz, gedə bilərsiniz. Misal üçün, məsləhət görürəm, sabah DTK-ya gedib sənədlərinizi, 1951-ci ildə sərhədi keçəndə təhlükəsizlik orqanı əməkdaşlarının Brestdə əlinizdən aldıqları valyutanı geri götürəsiniz. Həmin valyutanı məzənnəyə uyğun manatla da ala bilərsiniz.
– Təbrik edirəm! – Fətəliyevin üz-gözündən sevinc yağırdı. – Seymur, təsəvvür eləyirsinizmi, mülki hüquqlarınızın bərpa edilməsi nə qədər vacibdir?!
– Bütün bunlar gözlənilməz olduğu üçün xüsusilə xoşdur. Ancaq çox istəyirəm ki, mənim döyüş mükafatlarımı da qaytarsınlar, – Seymur dedi. – Mənim üçün, bəlkə də, ən başlıcası budur.
– Elədir, – Nazimov gözlərini aşağı dikdi, – ancaq o barədə hələ söh-bət olmayıb… İnciməyin, qəribə adamsınız. İndicə deyildi ki, siz azad adamsınız. Qalan şeylər yavaş-yavaş yoluna qoyulacaq. Bax elə indicə burdan çıxıb gedə bilərsiniz.
– Hara?
Nazimov əllərini yellədi.
– Məncə, yaxın vaxtlarda bu məsələyə də aydınlıq gətirilər. Bundan ar-tıq sizə heç nə deyə bilmərəm. Vaxtından əvvəl deməyə haqqım yoxdur.
Nazimovla Fətəliyev gedəndən sonra Seymur radionu açdı. Bir saat keçmiş qapı döyüldü.
– Deyirlər, bizi tərk edib gedirsən? – Aslan içəri girib bir şüşə konyakı və şokolad plitkasını stolun üstünə qoydu. Bir parça doktor kolbasasını Albiyə verdi.
– Kim deyir?
– Fətəliyevin şəxsində camaat deyir. Yeri gəlmişkən, bu adam haqqında nə düşünürsən? – reproduktora tərəf işarə elədi. Radioda Xruşşovun çıxışını verirdilər.
– Sənə rəsmi şəkildə bildirirəm ki, şəxsən mən ona minnətdaram. Mil-yonlarla adamın da mənim kimi düşündüyünə əminəm. Çünki onları təzədən həyata qaytarıb. Onun haqqında özgə heç nə bilmirəm. Mənim siyasətdən başım çıxmır.
– Hə-ə, qorxursan?!
– Bəs sən qorxmursan? Hələ qorxmağa vaxtın olacaq. Qorxu yavaş-ya-vaş cana işləyir, əziz Aslan həkim, xəbər tutanda isə artıq gec olur.
– Mən uşaq vaxtımdan hər şeydən qorxuram. Ancaq öz fikrimi sənə deyəcəyəm. Onun çıxışına iki dəfə qulaq asmışam, dünən, bir də bu gün səhər. Bu adam ya dəlidir, ya da imperializmin muzdla işləyən agenti, ancaq istənilən halda antisovetçidir. Sözlərimi yadında saxla, bizim ölkə daha heç vaxt əvvəlki kimi olmayacaq. – Çox-çox ümid eləyirəm. Aldatsan, ömürlük inciyərəm.
– Baxarsan, ölkə Almaniya kimi iki hissəyə bölünəcək, onun özünü isə beynəlxalq imperializmin agenti kimi güllələyəcəklər.
– Nə oldu elə, hamı imperializmin agentidir?! – Seymur özünü saxlaya bilməyib dedi.
– Elə çıxır. Kimə əl atırsan – agentdir. Rəsmi mənbələrə görə çoxu elə-dir, adbaad saya bilərəm. – O, butulkanın ağzını açıb, konyakı stəkanlara tökdü. – İndi mənə açıq de görüm, bizim ölkəyə nə vaxt imperializmin agentləri yox, normal adamlar rəhbərlik edəcəklər?
– Yoldaş Nazimovdan soruşarsan, o sənə hər şeyi danışar, – Seymur fikirli-fikirli dedi, kuratorun son sözləri barədə düşünürdü.
– Bu səndə müdafiə refleksidir, ancaq vaxt geçdikcə adam təhlükəsiz-liyə öyrəşib səmimi olur, açıq danışa bilir.
– Bu haqda fikirləşərəm, – deyib Seymur konyakdan bir qurtum aldı.
Aslan onun bu vədini sağlıq yerinə qəbul edib konyakı başına çəkdi. – Sağ ol! Təhlükəli zamanlar geridə qaldı, adam satanların səfeh olanları qaçıb gizləndilər, ağıllıları isə özlərini şəxsiyyətə pərəstişin qurbanları siyahısına yazdırırlar.
Aslan axşam xudahafizləşib gedəndə Albiyə dolaşıq şəkildə izah elədi ki, onun sahibi, əlbəttə, ağıllı adamdır, ancaq sadəlövhlüyü ucbatından sovet hökumətinin üstünlüklərini və nöqsanlarını öz rifahı naminə istifadə eləyə bilmir. Küçüklüyündən spirt iyindən iyrənən Albi mırıldayıb fınxırırdı. Seymur dostunu keçidə qədər aparıb, Qəhrəmandan xahiş etdi ki, Aslan həkimi avtobus dayanacağına qədər ötürsün.
Seymurun fikrincə, növbəti gün Amburanda, ən azından, möhtəşəm, ya fantastik adlandırıla biləcək hadisələrin əsası qoyuldu. Səhər tezdən arxasınca Nazimovun maşını gəlib, onu kənd sovetinə apardı. Səməndərin kabinetində Nazimov, Fətəliyev və qara kostyumlu, boz qalstuk taxmış, tanımadığı iki gənc əyləşmişdi. Rəisin yanında tələb olunduğu kimi, Səməndər bir küncdə dinməzcə oturmuşdu və üzünün ifadəsiylə Seymura nəyə görəsə bir baş qoyun pendirini xatırladırdı.
Nazimov Seymuru stola dəvət eləyib, onu partiya komitəsinin iki nümayəndəsiylə tanış etdi.
Nazimov dedi ki, hamısı birlikdə dövlət əhəmiyyətli bir işi təşkil etməlidirlər. Ayqustun 27-də, yəni on gün sonra Bakıya xarici, daha dəqiq desək, tərkibində BMT, Qırmızı Xaç və “Fransa–SSRİ” cəmiyyətinin təmsilçilərinin olduğu beynəlxalq nümayəndə heyəti gəlir. Nümayəndə heyətinə cənab Klod Vernye başçılıq edir. Nazimov tərcüməçi ilə bir yerdə on bir nəfərdən ibarət nümayəndə heyəti üzvlərinin siyahısını stolun üstünə qoydu.
Nazimovun o vaxt nəyə eyham vurduğunu Seymur indi anladı.
– Siz “Fransa–SSRİ” cəmiyyətinin, “Air-Franse”-nın vitse-preziden-ti Klod Vernye ilə tanışsınız? – Nazimovun ona müraciət etdiyini Seymur dərhal başa düşmədi.
– Müharibə vaxtı hərbi təyyarəçi, Müqavimət hərakatının döyüş dəstələrindən birinin komandiri Klod Vernyeni tanıyırdım, – Seymur dedi. – Ancaq onda nə prezident idi, nə də vitse-prezident. Bəlkə…
– Təsdiq olunur, – Nazimov məmnunluq yağan təbəssümlə Seymurun sözünü kəsdi. – Əlavə olunmuş arayışda yazılıb ki, “Air-Franse”nin vitse-prezidenti cənab Klod Vernye alman işğalçıları ilə müharibədəki döyüş yoldaşı Seymur Rəfibəylini görmək istədiyini bildirir. O, görüşün silahdaşının yaşayış yerində təşkil olunmasını xahiş edir. Nümayəndə heyəti Azərbaycanda üç gün olacaq, onun da bir günü Amburan səfərinə ayrılıb. Qalan iki gündə nümayəndə heyəti Sumqayıta və SSRİ-də ən böyük olan Bakı neft emalı zavoduna gedəcəklər. Mədəniyyət nazirliyi ilə Tarix muzeyində də görüşlər nəzərdə tutulub. Amburanda hələ heç vaxt xarici nümayəndə heyəti olmayıb. – Nazimovun sözlərinə görə, Stalin rayonunun rəhbərliyinə, yəni katibə və rayon icraiyyə komitəsinin sədrinə nümayəndə heyətini yüksək səviyyədə qəbul etmək üçün lazımi tapşırıq verilib. Dünyada yeganə zəfəran sovxozunu gəzəndən sonra, dənizdə çimmək, bir də nahar planlaşdırılıb. Klod Vernyenin öz döyüş yoldaşı Seymur Rəfibəyli ilə görüşü kollektiv xarakterli tədbirlər arası fasilədə nəzərdə tutulub. Təklif edilib ki, nümayəndə heyəti “Marselyeza” və Qara Qarayevin ”Neftçilər marşı”nın sədaları altında Sovet–Fransa dostluğuna həsr olunmuş plakatlarla qarşılansın. Nümayəndə heyətinin bütün üzvlərinə zanbaq buketləri, milli naxışlarla bəzənmiş saxsı dibçəklərdə zəfəran çiçəkləri təqdim edən milli paltar geyinmiş qızlar qonaqlara yaxşı təsir bağışlayardı. Nazimov bu yerdə Səməndərdən soruşdu ki, qarşılayanları milli paltarlarla, dibçəklərlə təmin eləyə bilərmi? Səməndər yerindən sıçrayıb gümrah səslə dedi ki, Amburanda milli əşyalarla, adət-ənənələrlə bağlı bütün məsuliyyəti öz üzərinə götürür.
Yığıncaq tezliklə başa çatdı, Nazimov onun nəticəsini müsbət qiymətləndirdi və iştirakçılar dağılışıb getdilər.
Fətəliyevlə Seymuru yoldaş Nazimov sovxoza qədər öz maşınında gətirdi. Yolda Klod Vernyenin onunla görüşmək istəməkdə nə məqsəd güddüyünü Seymurdan soruşdu. Seymur dedi ki, bunu bilmir, ancaq Klodla arvadı Marionu özünün çox görmək istədiyini dəqiq bilir.
Nümayəndələrin gəlişinə dərhal hazırlaşmağa başladılar. Zəfəran sov- xozuna gedən yolun kənarlarında bu yerlərdə indiyə qədər rast gəlinməyən narıncı rəngdə kollar əkdilər. Rayon mərkəzindən Amburana ezam olunmuş estrada orkestri gündə bir neçə dəfə “Marselyeza” ilə “Neftçilər marşı”nı məşq edir, təntənəli naharın menyusu hər gün rayon rəhbərliyi ilə “qəti olaraq” razılaşdırılırdı. Hər şey qaydasında ge dirdi, ancaq rəhbərlik, buna baxmayaraq, həyəcanlanırdı və bu həyəcan nümayəndə heyətinin gəlişi yaxınlaşdıqca daha da artırdı. Hamıdan çox isə Seymur həyəcan keçirirdi, ancaq bundan, yəqin, hətta Albinin də xəbəri yoxdu.
Kəndin üstündən, adətən, gündə bir neçə dəfə vertolyot uçurdu. Bəziləri növbətçi briqadaları Neft daşlarına aparırdı, balıqçılığa nəzarət idarəsinə məxsus xaki rəngdə iki vertolyot isə, inspektorların fikrincə, nərə balıqlarını iri gözlü torlarla qanunsuz yolla ovlayan brakonyerləri axtarmaqdan ötrü hava şəraiti yaxşı olduğu günlərdə sahildə uçurdular. Vertolyotun hissələri göydə xırçıldayır, qıcırdayır, hər cür səs çıxarırdı. Qəfil təpənin dalından görünüb rahatca enməyə başlayan vertolyot isə səs eləmirdi. İllüminatorların bərabərindən boyaboy aşağı hissəsi dəniz kimi mavi idi, öz mükəmməl hamar forması ilə bətnində iri dənəli, əla növ kürü daşıyan ağbalığı xatırladırdı. Onun səsi gilavar əsəndə yeldəyirmanının pərlərinin çıxardığı səsdən heç də çox deyildi.
Bu mənzərədən ağızları açıq qalmış kəndlilər kənd sovet sədrinə baxdılar.
– Hökumət adamlarını gəzdirən vertolyotlardandı… – Səmən-dər mənalı-mənalı dodaqlarını büzdü. Qarşılamağa yığılanları əlinin hərəkətiylə mikrofon quraşdırılmış tribunadan on metr aralıda çəmənliyə enmiş vertolyota tərəf yaxınlaşmağa dəvət etdi. Sonra hər şey plan üzrə getdi. Qapı açılıb trap yerə sürüşən kimi onun ilk dörd pilləsinə güllər səpildi, orkestr isə həvəslə “Marselyeza” çalmağa başladı. Plana görə “Marselyeza”dan sonra “Koroğlu” uvertürası çalınmalı idi. Vertolyotdan ilk olaraq ər-arvad Vernye çıxdı, ancaq trap ensiz olduğundan Pyer gülümsəyən arvadını irəli buraxdı. Qarşılayanlar gələnləri əl-qolu sındırılmış fransız dilində coşqunluqla salamladılar və Xruşşovla de Qollun portretlərini hamı birdən başları üstünə qaldırdı. Səməndər öz qartal baxışlarını trapdan çəkmirdi və xanım Marion Vernyenin ayaqları Amburan torpağına dəyəndə sağ əlini şərtləşdikləri kimi yellədi. Nümayəndə heyətini qarşılayanlar bir andaca aralandılar və madam Vernye ayaqları altında boyrü üstə yıxılmış, buynuzuna lent bağlanmış qoyunu gördü, hətta, deyəsən, qoyun ona kədərlə, məzəmmətlə baxırdı. Həmin vaxt Səməndər ikinci işarəni verdi və qolunu çırmalamış Qəzənfər “Marselyeza”nın sədaları altında bıçağı qoyunun boğazına çəkdi, qan fışqırıb çəmənliyə şoralandı. Qoyun xırıldadı, artıq onun gözlərində məzəmmətdən, kədərdən əsər-əlamət yox idi. Xanım Vernye bərkdən çığırıb, arxası üstə qoyunun böyrünə, qana batmış çəmənliyə yıxıldı.
Elə qarışıqlıq yarandı ki, Seymur Mariona yaxınlaşa bilmədi. Klodu da yalnız həyəcanlanmış kəndlilərin başı üstündən görürdü. Tez kənd sovetinin aralıda dayanan, bortuna təbrik şüarları yazılmış yük maşınına tərəf qaçdı və sürücüdən xahiş etdi ki, cəld sovxoza gedib Aslan həkimi gətirsin.
– Tez ol! Həkimə deyərsən ki, xaricdən gələn qadının ürəyi gedib.
Səməndərin sürücüsünün ona qulaq asacağına Seymur əmin deyildi, ancaq sürücü hörmətlə başını tərpədib tezcə sükanın arxasına keçdi.
Seymur vertolyotun yanına qayıtdı. İki müavini və Qəzənfərlə birlikdə Səməndər bu vaxt ərzində qarşılayanları oradan uzaqlaşdıra bilmişdi, indi gözləri bərələn qoyunun və özündən getmiş madam Vernyenin yanında yalnız nümayəndə heyətinin üzvləri qalmışdı. Qırmızı Xaç cəmiyyətindən olan iki xanım əllərindən bir iş gəlmədən madam Vernyenin böyür-başına keçir, barmaqlarını şaqqıldadıb, krujevalı dəsmallarını yelləyirdilər. Hiss olunurdu ki, ən azından, onlardan biri bu saat bayılacaq, ancaq, görünür, yaxınlıqda divana, taxta oxşar bir şeyin olmaması onu fikrindən daşınmağa məcbur edirdi.
Yalnız Klodla, iti baxışları, qarmaq burnu ilə təsadüfən dəniz sahilində peyda olmuş qoca qartalı xatırladan BMT-nin hündür, beli azca bükük nümayəndəsi özlərini tox tutmuşdular. Klod diz çöküb, əlində bir stəkan su, Marionun üzərinə əyilmişdi, qartala oxşayan isə gözlərini buludsuz səmaya zilləmişdi. Seymur kənd sovetinin girişində Nazimovla rastlaşdı, üzündə qəribə ifadə durduğu yerdə donub-qalmışdı, elə bil yataq otağındakı sevimli balıncının üstündə həyət pişiyinin siçanı necə yediyinə baxırdı. Seymur Kloda lap yaxınlaşmağı bacardı, böyründə dayanıb baxışlarını tutmağa çalışdı və bu vaxt bayaqdan görmədiyi Azərbaycan MK-nın üzvü, Stalin rayonunun birinci katibi Əfrasiyab Qutqaşenlinin səsini eşitdi:
– İşdən çıxmaq haqqında ərizən elə bu gün stolumun üstündə olsun!
– Əgər məni xalq seçibsə, vaxtından qabaq necə çıxıb gedə bilərəm? – yüksək vəzifəli qohumunun cavabında Səməndər donquldandı. – Mən gedərdim, ancaq camaat nə deyər?
– Camaatla mən danışaram. Sənsə… Xaricilər gedəndən sonra ayağın Amburana dəyməsin! Burda səni görsəm, özündən küs!
– Niyə? Axı sənə nə eləmişəm? – Səməndər sızıldadı.
– Nə eləyibsən? Məni məhv eləmisən! Günün günorta çağı hamının qarşısında məni öldürmüsən. Bütün Stalin rayonunu biabır eləmisən.
Nazimov iti addımlarla qayıdıb gəldi. Qətiyyətli yerişindən, üzünün ifadəsindən görünürdü ki, buranın rəhbərliyi artıq ona tapşırılıb. Onunla, az qala, eyni vaxtda yük maşını da gəldi. Aslan həkim maşından sıçrayıb düşdü.
Seymur onun qolundan tutub Marionun yanına apardı.
– Bu adam həkimdir, – Kloda dediyi ilk sözlər bu oldu.
Vertolyotun yerə endiyi vaxtdan on doqquz dəqiqə keçmişdi. Marionun ürəyinə həkim diqqətlə qulaq asanda xəstə gözünü açıb ağ xalatlı adama təəccüblə baxdı.
– Hər şey qaydasındadır, – Aslan həkim dedi. – İndi sizi burdan apa-racağıq.
Seymur onun sözlərini Mariona tərcümə etdi.
– Seyka, – Marion xəfifcə gülümsədi. Kəsik-kəsik nəfəs alır, zorla danı-şırdı. – Bax, budur, biz görüşdük.
Marion həkimin bütün suallarına cavab verdi. Aslan razılıqla başını tərpədib, Seymurdan xahiş etdi ki, sovxozun tibb məntəqəsindən xərək gətirtsin.
– Ona ayağa durmaq olmaz. Xərəkdə apararıq.
Seymur dərhal sürücünü xərək dalınca yolladı. Bu yerdə Nazimov söhbətə müdaxilə elədi. Konkret olaraq heç kimə müraciət etmədən dedi ki, xərəyə ehtiyac olmayacaq, çünki tapşırıq alıb, xarici nümayəndə heyəti vertolyotla təcili Bakıya göndərilməlidir, ən yaxşı xəstəxanaların birində madam Vernyeyə təcrübəli həkimlər tərəfindən yardım göstəriləcək.
Aslan həkim Nazimovun sözünü kəsdi.
– Xəstə infarkt ola bilər. Təzyiqin vertolyotda qalxıb-düşməsi onu öl-dürə bilər. Trapla da qaldırmaq olmaz, mütləq burda qalmalıdır.
– Siz məni anlamadınız, – Nazimov hökmlə dedi. – Nümayəndə heyəti vertolyotla şəhərə yola salınacaq. Dərhal! Sizə də bu işlərə qarışmağı qadağan edirəm!
Nazimovun sözləri həkimə heç də gözlədiyi təsiri eləmədi.
– Get! Get, öz şpionlarını tut! – Aslan həkim qəfil özündən çıxdı. – Xəstələrin müalicəsinə isə qarışma, sənin bildiyin iş deyil!
Tədbirli Nazimov beynəlxalq nümayəndələrin gözü qabağında üzünə qabaran kənd həkimiylə höcətləşmək istəmədi. Nəsə mızıldayıb kənara çəkildi.
– Onlar nə deyirlər? – Klod səbirsizliklə soruşdu.
– Deyirlər ki, Mariona uçmaq olmaz, vəziyyəti yaxşılaşana qədər burda qalmalıdır.
Hamının karıxdığı şəraitdə rəhbərliyi Aslan öz üzərinə götürdü, xəstənin təcili sərin yerə aparılmalı olduğunu dedi. Ancaq yaxınlıqda belə yer olduğunu bilmədiyindən Nazimova müraciət elədi:
– Siz nəsə təklif edə bilərsiniz?
Nazimov dinməzcə başını tərpətdi və barmağı ilə Səməndəri yanına çağırdı.
– Həkimin nə dediyini eşitdin?
– Yox.
– Çox yaxşı. Bir neçə adam götür, xanımı ən yaxınlıqdakı abad bağ evinə aparsınlar. Yəni Seymurun valideynlərinin bağ evinə.
Səməndərin təəccübdən ağzı açıla qaldı.
– Niyə ora?
– Nə dediyimi başa düşdün? Tez ol!
Marionu xərəkdə bağ evinə apardılar. Yarım saat ərzində Qızıl Xaçdan və Qızıl Ayparadan iki qadın növbə ilə onun üstünə çətir tutdular.
Müharibəyə qədər bu bağ Amburanda ən yaxşılardan sayılırdı. Evin, bağın səliqə-sahmanı Seymuru heyrətləndirdi. İkiadamlıq çarpayını ikinci mərtəbədən endirib, dənizə baxan pəncərənin qarşısına qoydular. On beş dəqiqədən sonra yoldaş Nazimovun şəhərdən çağırdığı iki təcili yardım maşını vıyıltı sala-sala özünü yetirdi. Maşının biriylə həkimlər briqadası, o biri ilə tibb avadanlığı gətirilmişdi. Avadanlığı dərhal evə daşıdılar.
Təmiz qırxılmış üzündən əminlik yağan qocaman kardioloq, professor Tanrıverdiyev Marionu müayinə etdi. Əvvəllər ürəktutmaları olmadığını biləndə gülümsəyib gümrah səslə dedi ki, narahat olmağa dəyməz, rahatca uzanıb xoş şeylər haqqında düşünmək lazımdır, qalanı – tibbin işidir. Sonra tibb bacısına tapşırdı ki, xəstəyə iki iynə vursun və çarpayının yanına damcısalan qoysun. Bayaqdan həkimin arxasında duran Nazimov ampula qutusundan göstəriş kağızını gizlincə götürüb döş cibinə qoydu.
Tibb bacısı Marionun yanında qaldı, qalanları qonşu otağa keçdilər və orada professor Tanrıverdiyevin, Aslan həkimin, yoldaş Nazimovun iştirakı ilə konsilium keçirildi. Qocaman kardioloq Aslan həkimə hörmətlə yanaşır, onu kolleqa adlandırırdı.
Yuxuya getmiş Marionun vəziyyəti kafi hesab edildi. Professor məsləhət gördü ki, gözlənilməz nəsə olmaması üçün və havasını dəyişdirdiyinə görə xəstə bir gün də kənddə qalsın. Kurator etiraz eləmədi. Nümayəndə heyətinin proqramında dəyişiklik etməmək qərarına gəldilər. Klod Marionla qaldı, başqa xarici qonaqlar isə Nazimov və Fətəliyevin müşayiətilə zəfəran sovxozunu gəzməyə yollandılar. Zəfəran sovxozundan sonra nümayəndələr Sumqayıta getməli, sonra həmkarlar sarayında qəbulda olmalıydılar. Şəhərdən gələn həkimlər də çıxıb getdilər. Xəstənin yanında, qonaq otağında Aslan həkimlə tibb bacısı qaldı.
Klodla Seymuru tanıyanlar onları azdanışan hesab etsələr də, bu gün dostlar danışmaqdan doymurdular. Onların eyni qiymətli sərvəti – ümumi xatirələri var idi. Və onlar xatırlayırdılar.
Klod tərəddüdlə əlini alnına çəkdi.
– Viktor öldü… Sən bilirdin? – Seymurdan soruşdu, ancaq cavabı göz-ləmədi. – Gecə yuxuda keçinmişdi. Əsgəri törənlə dəfn etdik. – Klod zorla gülümsədi. – Dostlardan, az qala, heç kim qalmayıb. Bir-birimizə dayaq durmalıyıq.
Seymur dinməzcə başını tərpətdi. Birdən Viktorun sözü yadına düşdü: “Mən hər yerdə yadam” və kədərdən canı sıxıldı.
Arada Aslan otağa boylandı.
– Qısa danışacam, – Seymura dedi. – Dostunun arvadı özünü normal hiss edir, ayağa dura bilər. İkinci, fasiləsiz söhbətdən boğazınızın quruduğu qonşu otaqdan duyulur. Dostundan soruş, çaydan-zaddan nə istəyir?
– “Çayı” yox, amma “zadı” istəyir. O, turş çaxır içir, – Seymur gülüm-sədi.
– Bu saat tapşıraram.
Aslan gedəndən sonra Klodun danışdıqları Seymura xəyal kimi görünürdü, ancaq deyilənlərin həqiqət olduğuna əmindi.
Bu yaxınlarda general de Qoll cənab Xruşşovla görüşmüşdü. Görüşmüşdülər ki, müharibə dövründən yığılmış problemləri çözsünlər. Problem çox yığılmışdı, ancaq onlardan biri – hərbi əsirlərin, SSRİ-yə qayıtmış Müqavimət hərakatının keçmiş iştirakçılarının taleyi ən əsaslarından sayılırdı. Vətənlərində onlarla necə davranıldığını de Qolldan eşidəndə Xruşşov sarsılmışdı. O, ədaləti bərpa edəcəyinə söz vermiş və öz vədini yerinə yetirmişdi. Hal-hazırda onların hamısı azad olunub və onların mülki hüquqları bərpa edilib. Aslan qapının ağzında görünəndə Klod susdu.
– Mənim yanımda da danışa bilərsiniz, axı fransız dilini başa düşmədi-yimdən xəbərin var. Çaxırı, yeməyi isə indi gətirəcəklər.
Aslanın nədənsə sıxıldığı hiss olunurdu. Onun sözlərinə görə, darvazadan çıxan kimi ilk gördüyü Səməndərin əl-qolunu sallaya-sallaya qardaşı oğlunun müşayiətilə gəzişdiyi olub.
– “Əl-qolunu sallaya-sallaya gəzişən Səməndər”, bunu yaxşı fikirləş-misən, – Seymur gülümsədi.
Səməndər dedi ki, burda başlıca olaraq öz təşəbbüsü, ancaq həm də kuratorun təqdiriylə gəzişir. Nümayəndə heyəti üzvlərinin, onları müşayiət edənlərin qulluğunda durmaq istəyi ilə alışıb-yanır, bundan ötrü dövlət bu rayonun rəhbəri şəxsində ona bütün imkanları verib.
Vəssalam. Mən də nəzakətlə xahiş etdim ki, restorandan bizə çaxır və yemək gətirtsin.
– O da getdi?
– Dabanına tüpürdü. Menyunu birlikdə yaxşı-yaxşı müzakirə eləyən-dən sonra. Mənə elə gəlir, bu hərəkətləriylə səhərki hadisədən yaranan təəssüratı unutdurmaq istəyir… Yaxşı, siz söhbət eləyin, mən gedib bağda əl-qolumu sallaya-sallaya gəzim.
– Xahiş edirəm, bizimlə oturasan, Klod çox maraqlı şeylər danışır.
Klod məmnunluğunu gizlətmədən danışdı ki, Fransa kommunist partiyasının katibi Moris Torezin MK-nın birinci katibi Xruşşova məktubu da xoş təsir bağışlayıb. Məktubda xahiş olunur ki, ədalət bərpa olunsun, Fransa respublikasının vətəndaşı Seymur Rəfibəyliyə SSRİ-nin hüdudlarından maneəsiz kənara çıxmağa icazə verilsin.
– Sual olunur: Moris Torez nə səbəbə haqqında heç nə eşitmədiyi adam üçün xahiş eləyib? – Seymur sınayıcı nəzərlərlə Klodu süzdü. – Düzdür?
– Düzdür, – Klod razılaşdı. – Ondan mən xahiş etmişəm. Dəstəmiz-dən sağ qalan bütün kommunistlər də sənə zamin olublar. Torezə məktubu yüz on dörd nəfər imzalayıb. Buna nə sözün?
– Nağıldır! – Seymur həyəcanlanmışdı. – Adamın inanmaq istədiyi gözəl nağıldır.
Sözlərinin göztərdiyi təsirdən Klod razı qalmışdı.
– Onda nağılın arxasına qulaq as. Sabah bizimlə Moskvaya uçursan, bir gün sonra da Parisə. Hökumətin razılığı alınıb. – Klod pasportu stolun üstünə qoydu. – Bu da sənin vizası olan Fransa pasportun.
Aslan mat qalmışdı.
– Xaricə gedən adamı ömrümdə ilk dəfə görürəm, – Seymurun Fransa pasportunu sığallayaraq ehtiramla pıçıldadı. – Sən indi orada yaşayacaqsan? Sus, sus. Qoy xarici yoldaş cavab versin. Tərcümə elə.
Klod dedi ki, Seymur Fransada yaşayacaq, orada dostları, Albidə xudmani evi, bankda da hesabı var.
– Xoşbəxt insan! Hiss eləyirəm ki, paxıllıqdan şəkər xəstəliyinə tutu-luram!
Aslan şəkər xəstəliyinə tutulmağa macal tapmadı, çünki elə bu vaxt qapı döyüldü və Qəzənfər başını otağa soxdu.
– Gətirim?
– Cəld ol! – Aslan əmr etdi. – Yəqin, artıq soyuyub.
Qəzənfərin arxasınca təkərli araba ilə içəri girən ofisiant tələsik süfrə açmağa başladı.
– Sir-sifətindən görürəm ki, restoranda doyunca yemisən. Buradan uzaqlaşma, get, qarovulçu ilə nərd oyna. Ola bilsin, çaxır dalınca yenə getdin. Aydındır?
Qəzənfər itaətkarlıqla başını tərpətdi.
– Bəs Səməndərə nə deyim? Burda, dəhlizdə dayanıb.
Süfrəyə dəvət olunmaq bu gün Səməndərin qisməti deyilmiş.
– Mən hardan bilim? Nə istəyirsən, de, mən sizin işlərə qarışmıram, – Aslan özünü gicliyə qoyub çiyinlərini çəkdi.
Süfrədəkilərin alqış sədaları altında, tibb bacısının müşayiətilə Marion otağa daxil oldu. O, gümrah görünürdü və Klod onu yanında oturtduqdan sonra səhərki hadisələrə verdiyi maraqlı şərhlə bunu təsdiq etdi. Tibb bacısı da onun böyründə oturdu. Nazimov gələndə süfrə arxasında şənlik lap kəllə-çarxa çıxdı. O, süfrə arxasında əyləşdi, ancaq içkidən imtina elədi. Nərə balığının kababını mineral su ilə içməklə kifayətləndi.
– Sizin rəyinizi öyrənmək üçün gəlmişəm, – kurator Nazimov Kloda dedi. – Sabah tezdən elə burdanca neftayırma zavoduna, sonra Mədəniyyət nazirliyinə, oradan da birbaşa aeroporta gedilmə- lidir.
Klod cavab verməmişdən əvvəl Aslana baxdı.
– Bu mümkün deyil, – tərcüməyə qulaq asandan sonra Aslan dedi. – Madam Vernyeyə hazırlaşmaq lazımdır. Təyyarə iki yerdə dayanmaqla Moskvaya altı saata uçur, bu da orqanizmə əlavə yükdür. Ona risk eləməyi məsləhət görmürəm. Aeroporta burdan getsə, yaxşı olar.
– Hər şeydən öncə madam Vernyenin təhlükəsizliyidir, – Seymur əlavə etdi.
Seymurun dediklərini kurator eşitməzliyə vurdu.
– Nəzərə al, – yoldaş Nazimov başı ilə Seymuru göstərib, pis-pis gü-lümsəyərək Aslana dedi. – Bax ha, o gedəcək, sənsə burda qalacaqsan.
– Razılaşdıq, bu dəqiqədən bir-birimizə daha “sən” deyəcəyik. Ancaq sən də nəzərə al ki, onlar gedəcəklər, sənsə burda qalacaqsan, ha-ha! – zarafatla desə də, Aslanın sözlərində hədə duyulurdu.
– Sən nə demək istəyirsən? – Nazimovun sifəti qaralmışdı. Soyuqqanlılığını saxlaya bilmədiyi hiss olunurdu.
– Demək istəyirəm ki, siz də, mən də, bizim uşaqlarımız, nəvələrimiz də ömrümüzün sonuna qədər burda yaşayacağıq, xaricə getməyəcəyik, – Aslan mehribancasına izah etdi. – Çünki, yoldaş Nazimov, nə sizi, nə məni Fransaya heç kim dəvət etməyəcək.
– Nəsə baş verib? – Marion söhbətin ondan getdiyini anlayıb soruşdu.
– Yoldaş kurator maraqlanır ki, sabah səhər neftayırma zavoduna ge-dib, xam neftdən benzin, dizel yanacağı, mazut emal edən Avropada ən güclü krekinq-qurğuya baxmaq istəyirmi? – Aslan tərcüməçi vasitəsilə dedi.
– Yox, – Marion qətiyyətlə imtina elədi, – mən neftə, benzinə baxmaq istəmirəm. Benzin iyini xoşlamıram.
Yoldaş Nazimov Aslan həkimin əlində badə tutmuş xəstəsinə baxıb güldü.
– Hamınız havalanıbsınız, – heç kimə üz tutmadan dedi. – İşləmək mümkün deyil.
Madam Vernyenin sağlamlığı mövzusunda söhbət davam elədi. Marion ona diqqətlə qulaq asan həkimə danışdı ki, ilk dəfə 1944-cü ildə Albi şəhərində özündən gedib. Küçədə biri polis olan üç kişi bağ qayçısıyla gənc bir qadının saçını zorla qırxırdı. Qadın çırpınırdı, fəryad qoparırdı, ancaq xeyri yoxdu, ondan əl çəkmirdilər. Bunu görən Marion zavallı qadına kömək eləmək istəyib, ancaq polis onu yaxına buraxmayıb və onda huşunu itirib.
Günün günorta çağı Fransada yad adamların hansısa bir qadının saçını küçənin ortasında zorla qırxdığını Aslan başa düşə bilmirdi. Klod söhbətə qarışıb danışdı ki, 1944-cü ildə Fransada bir nəfər də olsun alman faşisti qalmamışdı. Onda fransızlar ruhlanıb ölkəni satqın kollaborasionistlərdən təmizləməyə başladılar. Almanlarla əməkdaşlıq edən kişiləri həbsxanaya salır, üfüqi kollaborasionizmdə günahkar olanları isə, yəni almanlarla yaxınlıq edən qadınları hamının gözü qarşısında keçəl edib buraxırmışlar. Zorla iyirmi min qadının başı qırxılmışdı. Bir il belə davam etdi, sonra de Qoll işə qarışdı, bütün qadın və kişilər bağışlandı, hüquqları qalan fransızlarla eyniləşdirildi.
Marionun Amburana gələnə qədər də ürəkgetməsi olduğunu eşidən Nazimovun nəyə görəsə kefi duruldu.
– Çox yaxşı. Görürsünüz! Aydın olur ki, madam Vernyenin Amburana gələnə qədər də ürəyi gedibmiş. Bunu mütləq hesabatda qeyd eləmək lazımdır, – razılıqla deyib, bayaqdan toxunmadığı badəni qaldırdı, qismətinə düşən çətinliklərin öhdəsindən mərdliklə gəldiyi üçün madam Vernyenin sağlığına içməyi təklif etdi.
Viktoru xatırladılar. Klod danışdı ki, Seymur gedəndən sonra Vitek lisenziya alıb, şəhərin mərkəzi küçəsində adını heç kimin başa düşmədiyi “Anna und marta baden” kafesini açıb.
– Çox məşhur kafedir, – Marion Seymura dedi. – Onu indi Mişel As-taxov işlədir. Hər dəfə Albiyə gələndə Klodla ora baş çəkirik. Yeri gəlmişkən, barın piştaxtasının üstündən sənin fotoşəklin asılıb. Əynində smokinq, sinən ordenlərlə dolu, özün də gülümsəyirsən.
Hiss olunurdu ki, məclis Nazimovun xoşuna gəlməyə başlayıb. Hər halda, bir neçə dəfə təsirli sağlıqlar dedi. Sovet İttifaqı xalqlarının, Azərbaycanla Fransanın əbədi dostluğundan danışanda isə hətta səsi titrədi.
– Sənin əvəzinə mən olsaydım, sevindiyimdən bu saat çırtıq çalıb oyna-yırdım, ancaq sənə baxanda sevinib-sevinmədiyin bilinmir, – qonaqlarla xudahafizləşib ikilikdə sovxoza tərəf gedəndə Aslan dedi.
– Sevinmək? Klod viza olan pasportumu stolun üstünə qoyanda xoş-bəxtliyin necə göründüyünü anladım.
– Bu elə xoşbəxtliyin özüdür! Ancaq mənə elə gəlir, hələ də nələrisə götür-qoy eləyirsən.
– Düz tapmısan, normal adam uzun yoldan əvvəl hər şeyi götür-qoy etməlidir.
– Üz-gözündən dərd yağır, elə bil doktor Aslanın yasındasan. Yolqaba-ğı dərdləşmək pis olmazdı. Hələ çox fikirləşəcəksən?
– Ola bilsin, səhərə qədər, – Seymur gülümsədi.
– Onda səhərə qədər, vidalaşmaq üçün aeroporta gələcəm.
Son avtobus yaxınlaşanda onlar dayanacaqda ayrıldılar.
Əşyaları yığışdırılmış Marionla Klod maşın gözləyirdilər.
Seymur gülümsəyən dostuna baxır, öz qərarını hələ də ona deyə bilmirdi.
– Mən qalmaq qərarına gəlmişəm, – axır ki, dedi. – Hər şeyə görə sağ ol, ancaq mən qalıram. – Klod dinməzcə ona baxırdı. – Sən məni başa düşməlisən. Hər şeyi götür-qoy eləməyə vaxtım oldu, başa düşdüm ki, qürbətdə qala bilmərəm.
Marion və Klod karıxmış halda baxışdılar.
– Bu nə deməkdir, Seyka! Səndən gözəl sözlər eşidirəm. Qürbətdə! Fransa vətəndaşı olduğunu unutmusan?
– Heç vaxt unutmuram. Əgər uşaqlarım olsa, onların da bununla fəxr edəcəyinə əminəm.
Klod mat-mat arvadına baxırdı, o da təəccüblə başını yırğaladı.
– Sən zarafat eləyirsən?
– Yox.
– Başına nə oyunlar açdıqları artıq yadından çıxıb?
– Hər şey yadımdadır, heç vaxt da unutmayacam.
– Məni başa sal görüm, nə olub? Heç nə anlamıram, Fransada sənin hər şeyin var – dostların, mövqeyin, hörmətin. Bəs burda nəyin var? Burda sən kimsən? Burda nələr baş verdiyini mən yaxşı başa düşürəm. Əgər səni hələ məhv etməyiblərsə, bunu sırf təsadüf saymaq olar. Doğru demirəm?
Seymur dinməzcə başını tərpətdi.
– Onda de görək, nə olub? Bağışla, ancaq sən axı burda kimsən? Lazımsız bir adam. Üstəlik, kasıb, həm də heç bir hüququ olmayan adam.
– Elədir. Bütün bunları islah etməyin yeganə yolu da hər şeyin qaydasın-da olduğu Fransaya getməkdir? Orda yaşayanda bu ölkənin necə gözəl olduğunu hər an hiss eləyirdim. Klod, Fransanı kimlərin belə gözəl elədiyini, heç olmasa, bir dəfə düşünmüsən? Sənin yadına sala bilərəm. Bu yolda fransızların bir çox nəsilləri can qoyublar. Böyük krallar, cəngavərlər, kral muşketyorları, cəsur dənizçilər, yazıçılar, alimlər…
– Hələ menestrellər, şuanlar, Gilyoten, Qobelen, – Klod istehza ilə əlavə etdi. – Onları unutmusan.
– Onların da əməyi var, – Seymur razılaşdı. – Ancaq mənim yox. Əgər Fransaya köçsəm, dostların, tanışların yaxşı münasibət bəslədiyi gəlmə bir adam olduğumu heç vaxt unuda bilməyəcəyəm. Fransada hər gün öz zavallı ölkəmi fikirləşəcəm, yadıma düşəcək ki, xeyrini güdən siçovul kimi başımı götürüb hamının yaxşı yaşadığı yerə qaçmışam. Marion, de görüm, məgər mən siçovula oxşayıram? – dedi və dediyinə özünün də gülməyi gəldi.
– Sən necə də ayağı cidarlı qurbanlıq quzuya oxşayırsan, – Marion kə-dərli-kədərli dedi. – Mənim zavallı Seykam. Klod ilk dəfə görürmüş kimi ona heyrətlə baxırdı.
– Mən bunu unutmağı bacarmaram, – Seymur dedi. – Orda bu fikir məndən əl çəkməyəcək, axırda dəli olacağam… Məni bağışla, Klod. Fransa gözəldir, ancaq mənim vətənim deyil. Bütün doğmalarımın qəbri burdadır.
– Bir dəlinin düşüncələri, – Klod hirslə dedi. – Yaxşı olar, özününkü saydığın ölkədə nələr baş verdiyini düşünəsən.
– Hər şey yadımdadır, almanlar Fransanı işğal eləyəndə ölkədən qaçıb getmədiyin də yadımdadır… Burda hər şey düşündüyündən daha qəliz, daha pisdir. Nələr baş verdiyini təsəvvür eləməyə belə gücün çatmaz. Mən mübahisə eləmirəm. Sən haqlısan, burda yaşamaq mümkün deyil! Yalnız mövcud olmaq mümkündür, ona da icazə versələr. Ancaq axı burda da nəsə eləmək lazımdır.
– Sənin nəsə bir planın var?
– Yalnız niyyətim var, – Seymur acı-acı gülümsədi. – Mən özüm haqqında yüksək fikirdə deyiləm, mən burda sıfıram… Ancaq gələcəkdə… Axı necəsə cəhd eləmək lazımdır. Çox istəyirəm, Marion da, sən də biləsiniz ki, ömrümün sonuna qədər sizi sevəcəyəm. Klod, məni eşidirsən?
Qapını döydülər. Gələn Nazimovun sürücüsü idi. Qapını açıb, başını yarıya qədər içəri salaraq, nəzakətlə tələsmələrini xahiş etdi.
Onlar qucaqlaşdılar.
– Sən dəlisən, Seyka, – Klod təkrar elədi.
Bu yerdə Seymur mətin komandor Klod Vernyenin göz yaşlarının axdığını gördü. Son dəfə görüşdüklərini aydın şəkildə hiss eləyəndə ürəyi qüssədən sıxıldı. Onları doqqaza qədər ötürdü. Marionla Klodu küçədə Nazimov, Fətəliyev və başqa rəsmi şəxslər gözləyirdilər. Üç maşınla aeroporta yola düşdülər.
Seymur sahilə tərəf getdi. Albi düz suyun kənarı ilə qaçıb qağayılara hürürdü. Sahildə xeyli gəzişdi, gələcək haqqında düşündü. Dəyişən dünya onu özünə çəkirdi. İnsan müqəddəratını nə vaxtsa həll edənlər ölmüşdülər, yeniləri isə öz vaxtını gözləyirdi. O artıq başa düşürdü ki, həyatının ən gözəl illərini şikəst edən adamlar üçün tanımadıqları Seymur Rəfibəylinin də taleyinin, tapdanan, məhv olan milyonların taleyi kimi heç bir qiyməti yoxdur. Nifrət edəcək kimsə yoxdu. Seymur uzun illərdən bəri ürəyində ilk dəfə kiməsə qarşı kin-kidurət hiss eləmədi.
Bəyaz köpüklü dalğalar qayalara çırpılırdı, qağayılar sevinclə çığırışırdılar, dənizdən əsən sərin külək üz-gözünü yalayırdı. Seymura elə gəlirdi ki, uzun, ağır xəstəlikdən sonra sağalıb.
Albini səsləyib evə qayıdanda axşam düşmüşdü.
Qəhrəman sovxozun girişində dayanmışdı. Görkəmindən məyusluq yağırdı.
– Mənə indicə dedilər ki, həmişəlik xaricə getmisən, – Seymuru görən-də dedi.
– Sən də inandın?
– Hə, – Qəhrəman günahkarcasına etiraf etdi, – birtəhər olmuş- dum.
– Mən Bakıdan heç yana getmərəm.
– Sən ağıllı adamsan, Seymur. Məni başa sal, axı niyə bu sovxozda hamı yalan danışır? Bunu əvvəl Aslan həkim deyirdi, indi özüm əmin oldum ki, yalan danışırlar. Keçiddə oturub radioda musiqiyə qulaq asırdım. Gəlib yalan danışdılar, kefimi pozdular.
– Cavabı çox sadədir: günahın hamısı zəfərandadır! – Seymur izah elədi. –Mən aydınlaşdırmışam. Hamılıqla yalan danışmağın, qarşılıqlı etimadsızlığın, qrup halında brakonyerliyin başlıca səbəbi zəfərandır, bununla da mübarizə eləmək faydasızdır. Amburanda hər şey zəfəranın təsiriylə baş verir. Buna inan, onda yaşamaq asan, həm də gözəl olacaq.
O, kefi durulmuş Qəhrəmandan ayrılıb qazanxanaya tərəf yollandı. Albi yanınca gedirdi və həmişəki kimi cidd-cəhdlə fikirləşirdi, görən, axşam yeməyə nə verəcəklər.
– Özünü üzmə, it, nə vaxtsa bizim küçədə də bayram olar, – Seymur ona dedi. – Ancaq bu küçənin yerini hardan öyrənək?
Albi razılıqla hürdü, demək istədi ki, ünvanı o da bilmir, amma istənilən küçədə keçirilən istənilən tədbirdə həmişə iştirak etməyə hazırdır, təki Seymurun yanında olsun.