Введите слова для поиска

DƏNİZDƏ QASIRĞA

Maqsud İbrahimbəyov

DƏNİZDƏ QASIRĞA

BİRİNCİ KİTAB

Şimali Abşeron sahilləri başdan-başa qaranlığa qərq olub.

Təkcə sahilin lap yaxınlığındakı təpənin üstündə xudmani bir evin pəncərəsindən işıq gəlir. İyirmi yeddi yaşlı neft kimyaçısı Kamil Məmmədəliyev köhnə “Reminqton”unda nə isə çap edir; hərdənbir ara verərək, lazımi kimyəvi formulaları makina mətninə əllə yazır. İşini qurtarıb ayağa qalxır, otaqdan, sonra da evdən çıxır.

Bura adi Bakı bağlarından birinin həyətidir – qumun üstünə sərilmiş üzüm tənəkləri, su quyusu, ilin bu fəslində hələ çılpaq olan bir necə əncir və nar ağacı gözə dəyir. Ağarmaqda olan dan yerinin alatoranında bağın əlli-altmış metrliyindən başlanan dənizin hamar, dalğasız səthi, kimsəsiz qumlu sahillər zorla sezilir. Kamil artıq evə dönməyə hazırlaşır, ancaq həmin anda elə bir hadisə baş verir ki, yorğunluğu bir göz qırpımında yox olur: sahilin lap kənarında suyu yüngülcə sıçradaraq, demək olar ki, səssiz-səmirsiz, bir sualtı qayıq dəniz səthində peyda olur. Ondan içərisinə hava doldurulmuş bir avarlı qayıq aralanır. Qayıqda bir neçə sərnişin, o cümlədən iki qadın var.

Kamil binokl götürmək üçün evə qayıdır, sonra tələsik geri dönüb, qayığı bir müddət maraqla müşahidə edir. Qayıq sahil boyu üzərək, mayakın uçuqları görünən qayalıq burun istiqamətində uzaqlaşır və döngəni burulub gözdən itir. Soyuqdan büzüşmüş Kamil evə qayıdır.