Maqsud İbrahimbəyov
Gözəl günlərin birində
Tərcümə: Etimad Başkeçid
Redaktə: Səlim Babullaoğlu
Korrektura: Həcər Telmanqızı
Səhərdən bilinirdi ki, hava aydın və bürkülü olacaq. Həmin səhər otuz iki yaşlı kimyaçı-mühəndis, necə deyərlər, həyatda öz yerini tapmış gözəl insan Vasif Rəfibəyli uçan boşqab gördü. Gördüyünün uçan boşqab olduğunu əvvəl-əvvəl başa düşmədi. O, səhərin sərin havasında büzüşə-büzüşə, beşinci mərtəbənin eyvanda dayanıb gözünü ona zilləmişdi. Alçaqdan uçan ləngərli, gümüşü disk səssizcə, yavaş-yavaş körfəz tərəfdən şəhərə yaxınlaşırdı. Sökülməkdə olan dan yerinin solğun-çəhrayı işığında diski kifayət qədər aydın görmək olurdu.
Diski qurşayan tünd rəngli spiralvari zolaqlar, qara boya ilə çəkilmiş heroqlifə oxşayan iki-üç qəribə işarə də yaxşı görünürdü. Disk yaxınlaşdıqca aşağı enir, az qala evlərin damına toxunurdu.
Həyəcandan ürəyi quş kimi çırpınan Vasif eyvanın məhəccərindən yapışmışdı, beləcə dayanıb matdım-matdım tamaşa eləyirdi.
Hər şeylə maraqlanan, heç nəyi gözdən qaçırmayan Pakizə adlı pişik də həmin eyvandaca oturub eyni diqqətlə diskin hərəkətini izləyirdi.
Читать далееİndi disk qarşıdakı evin üstündə hərəkətsiz dayanmışdı, əslində, tam hərəkətsiz də deyildi, zəndlə baxanda hiss olunurdu ki, öz oxu ətrafında yavaş-yavaş fırlanır.
O, bütün bunları doğulduğu evin eyvanından öz gözləri ilə gördü: həmin disk – uçan boşqab uşaqlıqdan tanıdığı küçənin – əvvəlcə məktəbə, sonralar işə məhz bu küçəylə gedib-gəlirdi, bu, qabaqlar çaylaq daşı döşənmiş, sonra asfalt çəkilmiş ən adi Bakı küçəsiydi, vaxtilə buradan tramvay xətti keçirdi, indi onları troleybuslar əvəzləmişdi – buradakı baqqal və südçü dükanının, ritmik ahənglə yanıb-sönən işıqforun yuxarısında, havadan asılı qalmışdı. Bakıda adi yay səhəri idi.
Vasif Rəfibəylinin həyatında qəribəliklər belə başladı.
O, birdən-birə əcaib səslər çıxardı, ayaqlarının keyləşməsinə baxmayaraq, qəfil içəri qaçdı. Yazı masasının üstündəki bloknot və karandaşı qamarlayıb, cəld eyvana qayıtdı və tələm-tələsik işarə-heroqliflərin üzünü köçürtdü, diskin gözəyarı müəyyən etdiyi ölçülərini də qeyd eləməyi unutmadı. Doğrudan da, çox böyük idi: aşağıdakı altımərtəbəli binadan iki dəfə, bəlkə, ondan da böyük olardı. İsti metal qoxusu havanı doldurmuşdu. Qeyri-iradi əlini başına aparan Vasif hiss etdi ki, saçları biz-biz durub. Əynindəki ipək köynək güclə eşidiləcək tərzdə çırtıldayırdı, fikirləşdi ki, qaranlıq olsaydı, köynəyin üzərində sayrışan mavi qığılcımlar görünərdi. Pakizə birdən-birə bərkdən miyoldadı, gözləri parıldayan heyvan tüklərini qabardıb, otağa sarı götürüldü.
Vasifin bütün vücudu lərzəyə gəldi, o, indiyəcən heç nəyə bu cür heyranlıqla baxmamışdı. O, gözünü yadplanetli kosmik gəmidən – bunun yadplanetli gəmi olduğuna heç bir şübhəsi yox idi – gözünü çəkmirdi. Gəmi isə öz oxu ətrafında yavaş-yavaş fırlanmağındaydı. Uğultu bir qədər güclənərək buludlu havalarda arı yuvasından gələn səsi xatırladırdı. Görünür, diskin səthi çox qızmışdı, bəlkə də, közərmişdi, çünki qarşı binanın damında qır əridi və iki-üç dəqiqədən sonra fasad divarıyla üzüaşağı axıb-tökülməyə başladı.
Vasif nəyisə xatırlayıbmış kimi, yenidən içəri qayıtdı, yataq otağına keçib, arvadını yuxudan oyatdı.
– Sabahın xeyir! Tez ol, qalx! – o, yuxudan kal durmuş arvadını qorxutmamaq üçün mümkün qədər sakit danışmağa çalışırdı. – Eyvana çıx!
– Niyə?
– Necə deyim? – Vasif duruxdu – Evimizlə üzbəüz, qarşı tərəfdə… Məncə, bu, kosmik gəmidir.
– Ola bilməz! Oy, nə yaxşı! – Arvadı yerindən sıçrayıb cəld geyinməyə başladı. Paltarını elə gecə köynəyinin üstündən geyindi; pambığı losyonla isladıb, tələm-tələsik üzündən gecə kremini təmizlədi.
– Tez ol, – Vasif onu tələsdirdi. – Gedək eyvana. Geyinib-gecinmək, pudralanmaq nəyə lazımdır?
– Demirsən ki, binamızın qarşısında gəmi dayanıb?! Yoxsa, zarafat edirsən?
– Hə, dayanıb, nə olsun?
– Necə yəni? Onların qarşısına çılpaq çıxım? Lüt-üryan çölə ayaq basmaram! Qışqırma, xahiş edirəm, uşaqları oyadarsan.
Disk artıq gözə dəymirdi, yox olmuşdu. Havadan yanıq iyi gəlirdi, amma artıq adamın saçları elektrikləşmirdi; Pakizə də eyvana qayıtmışdı. Yalnız divar uzunu axıb-tökülən ərimiş qıra baxanda bilmək olurdu ki, cəmi bir neçə dəqiqə əvvəl disk qarşıdakı binanın üzərindəymiş.
– Mətbəxə keçək, – Vasif dedi, – yəqin, yerini dəyişib, evin arxa tərəfinə keçib. Qaçaq!
Amma mətbəxin pəncərəsindən də diski görmək mümkün olmadı. Yadplanetli gəlmə yox olmuşdu.
– Təsəvvür edirsən? – yataq otağında tumanda və həyəcanla o baş-bu başa gedən Vasif arvadına dedi. – Axır ki, baş tutdu! Hansısa kosmik sivilizasiya bizimlə əlaqəyə girməyi bacardı. Maraqlıdır, görəsən, hardan gəliblər? Başqa qalaktikadan gəldiklərini eşitsəm, təəccüblənmərəm… Doğrudan da, gəminin çox qeyri-adi görünüşü var… Adamın inanmağı gəlmir, bunu öz gözlərimlə gördüm. Beləliklə, bu gün bəşəriyyətin həyatında yeni dövr başlayır.
– Möhtəşəm! –yenidən yatağa girən qadın dedi. – Qulaq as, bəs niyə belə tez gəlmişdilər?
– Necə yəni? Onlar min il əvvəl və ya min il bundan sonra da gələ bilərdilər…
– Saata bax, beşin yarısıdır, – arvadı dedi. – Onların gəlişini başqa cür təsəvvür edirdim, fikirləşirdim ki, onları təntənəylə, heç olmasa, aerodromda qarşılayacaqlar. Onlar isə səhərin gözü açılmamış, erkəndən gəldilər. Hələ heç dalandarlar da işə çıxmayıblar. Məncə, bu, ədəbsizlikdir. Bəs niyə belə tez oyanmısan? – yerin içində gərnəşən arvadı birdən dikəldi. – Səhər tezdən kimə zəng eləyirsən?
– Atana. Birinci ona danışmasam, bunu mənə bağışlamaz.
Qayınatası yuxulu idi, onun nə demək istədiyini əvvəl kəsdirə bilmirdi. Yavaş-yavaş hər şey aydınlaşdı.
– Çox maraqlıdır, sağ ol ki, zəng elədin, – o, dəstəyi yerinə qoyub, ona diqqət kəsilmiş arvadına tərəf döndü.
– Nə olub? – arvadı soruşdu. – İlahi, niyə susmusan, desənə nə olub?
– Vasif indicə uçan boşqab görüb, – kişi uzun pauzadan sonra mənalı-mənalı dedi.
– Harda görüb?
– Göydə, başqa harda olacaq ki..!?.. Görüb, mənə zəng eləyib.
– Aman Tanrım! – qadın vaysındı. – Bəs indi necə olacaq? Uşaqları var axı! Yazıq Sənubər!
– Uşaqları bu işə qatma, – kişi hirslə dedi. – Adam uçan boşqab görüb, vəssalam, burada pis heç nə yoxdu.
– Adam durduğu yerdə niyə uçan boşqab görsün ki? Bu barədə fikirləşmisən? – qadın mülayim səslə dedi. – Bağışla, amma elə danışırsan, elə bil bu, birinci dəfə deyil, havada nəyinsə uçduğunu başqa qohumlardan və ya dostlardan da eşitmisən. Adamın gülməyi gəlir.
– Mən yatıram.
– Bilirəm yatırsan. Belə rahatdır da… Çox daşürəkli, hissiyyatsız adamsan, – qadın köks ötürdü, – halbuki qızına, nəvələrinə görə məsuliyyət daşıyırsan. Hələ özümü demirəm.
– Yatmağa mane olursan, – kişi sərt səslə bəyan etdi.
– Mane olsam da, olmasam da, – qadın sakit səslə dedi, – bu, heç nəyi dəyişdirmir. Mənə elə gəlir, kürəkənimizin işləri əyilib. Sənə həmişə demişəm, yəqin, bu zəngdən sonra mənə inanarsan ki, bu adam özünü qəribə aparır. Zatında var, axı.
Kişi kirimişcə çarpayıdan qalxdı, ədyalı və balışı götürüb qonaq otağındakı divana sarı addımladı.
– Nə çox istəyirsən canını, – qadın dikəlib, onun arxasınca səsləndi. – Yerlə sürümə ədyalı, – başını təkrar balışa atıb fikrə getdi.
Vasif Rəfibəylinin qayınatasıgildə başqa planetdən gəldiyi ehtimal olunan kosmik gəmi haqqında ilk xəbər belə qarşılandı.
… Kənardan baxanda onun davranışında qəribə heç nə sezmək mümkün deyildi. Adam sadəcə işgüzar görkəm alıb küçədə addımlayırdı, məxsusi şəkildə gülümsədiyini də söyləmək olmazdı, eləcə güclə sezilən, xəfif təbəssüm qonmuşdu üzünə. Vasifə baxanda adamın ağlına da gəlməzdi ki, yolla gedən bu insanın bildiklərinin yanında bütün dünyanın dövlət sirlərinin heç bir qiyməti yoxdur: bu gün səhər onun şahidi olduğu hadisə bütün bəşəriyyətin tarixində dönüş nöqtəsi ola bilərdi. Bütün bunlar onun zahiri görkəmində ifadə olunmurdu, çünki Vasif ədəbli, tərbiyəli adam kimi küçədə özünü aparmağı bacarırdı… Amma sakit görünməyinə baxmayaraq, sevincindən yerə-göyə sığmırdı. Necə deyərlər, kefi ala buluddaydı, həyatdan zövq alırdı. Özünü nəyisə ilk kəşf edən adamlar kimi hiss edirdi. O həm də tələsirdi, hiss edirdi ki, bu həzzi tək yaşamaq haqqı yoxdur, onu başqalarıyla da bölüşmək istəyirdi. Ona kollektiv lazım idi.
… Lifti gözləməyə səbri çatmadı. Bir göz qırpımında pillələrlə dördüncü mərtəbəyə qalxdı. Maraqlıdır ki, gətirdiyi xəbəri laboratoriyada kifayət qədər soyuq qarşıladılar. O, gördüklərini bütün təfərrüatıyla danışdı, kosmik gəminin üzərindəki işarələri belə yaddan çıxarmadı: onların üzünü köçürtdüyü kağızları göstərdi, amma bunun da xeyri olmadı.
– Bəs niyə fotosunu çəkmədin? – Sevda qızara-qızara soruşdu. Çox zaman, adi söhbət zamanı belə qızarıb-pörtdüyü üçün bu qız Vasifin xoşuna gəlirdi.
– Çünki heç vaxt foto çəkməmişəm, – birdən-birə Vasifin özü də qızardı. – Foto çəkə bilmirəm. Heç fotoaparatım da yoxdur.
– Gözəl, – baxışlarını yayındıran kiçik elmi işçi Mürsəl sözə qarışdı. – Yeri gəlmişkən, Vasif, flüorit turşusunun qurtarmaq üzrə olduğunu dünən Hacıyevə dedinmi?.. Lap yaxşı…
Yox, Vasifin əhvalı korlanmadı, kefi pozulmadı, sadəcə halı dəyişdi. Bugünkü əhval-ruhiyyəsini təşkil edən müsbət emosiyaların ümumi ahəngindən əvvəlcə şadyanalıq hissi yox oldu. Əslində, işi çox idi, odur ki, bir müddət səhər təəssüratlarından uzaqlaşıb, fikrini başqa şeylərə verdi. İki saat sonra polimer emalatxanasından Vahidin başı qapıda göründü.
– Deyirlər, sizin laboratoriyadan kimsə bu gün yuxulu-yuxulu nəsə yaşıl, quyruqlu, buynuzlu məxluq görüb… Xoş gördük, Vasif, qulaq as, ciddi sözündür? Danış, nolar! Bilirsən də, belə şeylərdən ötrü ürəyim gedir. Deməli, sakitcə dayanmısan, heç kimə dəyib-dolaşmırsan, elə bu vaxt həmin məxluq uçub sənin eyvanına yaxınlaşır və deyir…
– Yox, heç nə demir, – Vasif güldü. – Fasilədə gələrsən, danışarıq, indi məşğulam, özün görürsən.
Nahar fasiləsində Vahid öz polimer komandasını yeməkxanaya gətirdi və onlara göz vura-vura Vasifi sorğu-suala tutdu. Soruşdu ki, doğrudanmı, o, üstündə bişmiş toyuq və bir şüşə cecə arağı olan uçan sini görüb? Gülüşmə düşdü, Vasif də gülüşənlərə qoşuldu, çünki polimer laboratoriyasında işləyən Vahid hoqqa çıxarır, eyvanda dayanıb uçan sinini tutmağa çalışan Vasifin hərəkətlərini yamsılayırdı: guya Vasif heç cür sinini tuta bilmir, sini elmə məlum yadplanetli dilində söyüş söyə-söyə uçub uzaqlaşır.
Hamı deyib-gülür, şənlənirdi. Amma Vasif heç cür kəsdirə bilmirdi ki, niyə Arif Musayev, onun laboratoriyasının əməkdaşı əvvəllər hörmət əlaməti olaraq ona yalnız “Vasif müəllim” deyə müraciət elədiyi halda, indi birdən-birə ürəklənib, bu xitabl yığışdıraraq “sən” deməyə başlayıb. Amma bu fikir onu çox da məşğul etmədi. Vasif yenidən hamıyla məzələnən Vahidə baxdı. Öz-özünə fikirləşdi ki, Vahid çox istedadlı adamdır, şənlənməyə meyli olmayanları belə güldürə bilir, bu, çox vacib keyfiyyətdir. Amma Vasifin belə qabiliyyəti yoxdur və heç vaxt olmayıb, bu isə çox kədərlidir. Sonra fikirləşdi ki, bu dünya çox ədalətsizdir: bəzilərinə anadangəlmə istedad, qabiliyyət verilir, məsələn, kimsə qeyri-adi səs telləri, digəri yumor hissi ilə doğulur və bunun sayəsində onlar rahat həyat sürürlər; bəziləri isə ömür boyu ağlının gücünə ümid bəsləməli, səhərdən-axşama zəhmət çəkməlidir. Ağlına qəribə, əcaib fikirlər gəlirdi. Özü də bilmədən, yavaş-yavaş kosmik gəmi haqqında düşünməyi unutdu. Amma fasilədən sonra buna imkan vermədilər… Xəbər bütün müəssisəyə yayıldı və Vasif bütün gördüklərini təkrar-təkrar danışmalı oldu. Yanına gələnlərdən bəziləri onunla astadan danışır, tez-tez ətrafa boylanır və bu zaman halına acıyırmış kimi ona şəfqətlə baxırdılar.
“Çox müəmmalı hadisədir, – səhərki ölçülərin nəticələrini masa arxasında gözdən keçirə-keçirə öz-özünə fikirləşdi. – Doğrudur, uçan boşqab haqqında xəbər ilk baxışda yalan-palan kimi görünə bilər, amma axı bunu öz gözlərimlə görmüşəm, kimdənsə eşitməmişəm, özüm görmüşəm. Həmişə sözün düzünü demişəm, yalan danışmamışam, elə isə niyə mənə heç kəs inanmadı? Özü də bu hadisəni danışdığım adamların hamısı hörmətimi saxlayır, mənə inanırlar. Bəs onda nə baş verir?..”
Daxili telefonun səsi onu bu fikirlərdən ayırdı. Zəng eləyən direktorun katibəsiydi, onu şefin yanına çağırırdı.
Təsərrüfat işləri üzrə müavin də direktorun kabinetindəydi.
Boylu-buxunlu, yaşına görə xeyli qıvraq görünən, tükü-tükdən seçən direktor, Vasifi qarşılamaq üçün ayağa qalxdı. Özü də, həmişəkindən fərqli olaraq, bu dəfə daha cəld tərpəndi. Vasif isə əmin idi ki, bu yalnız ona belə gəlib.
– İşlər necədir? – direktor soruşdu. – Bu gün sizin hesabatınızı oxudum, elə indicə oxuyub qurtardım, etiraf etməliyəm ki, mənə çox maraqlı gəldi.
Vasif təəccübləndi, başını qaşımağa vaxt tapmayan direktor, adətən, hesabatı həftə yarıma, iki həftəyə oxuyurdu. Vasif isə hesabatı yalnız srağagün vermişdi.
– Çox maraqlı gəldi, – direktor təkrarlayıb, hesabatı ən kiçik detallarına qədər təhlil etməyə başladı. Təxminən iyirmi dəqiqə danışdı, sonra birdən-birə dili dolaşdı və o, bir qədər ara verib, karıxmış halda soruşdu:
– Bu doğrudur?
– Nə?
– Mənə dedilər ki, səhər-səhər gözünüzə nəsə görünüb, – direktor baxışlarını yayındırdı.
– Gözümə görünməyib, özüm görmüşəm, – Vasif qətiyyətli olmağı qərara aldı. Gördüklərini bir daha, bu dəfə direktora danışmalı oldu. Danışır və hiss edirdi ki, diqqətlə dinləsələr də, direktorun üzündəki mehriban ifadə dəyişilməsə də, ona inanmırlar.
Danışıb qurtarandan sonra bloknotda çəkdiyi rəsmləri göstərdi.
– Hə, hə, hə, – direktor rəsmlərə baxa-baxa dedi, – çox maraqlıdır. Əlbəttə, sizə inanmamaq üçün heç bir əsas yoxdur. Amma gizlətməyəcəyəm, bu hadisəni başqasından eşitdiyinizi desəydiniz, mənim üçün daha məqbul olardı… İndi isə… Sizi çox ciddi və hərtərəfli alim kimi tanıyıram… Amma yadplanetli kosmik gəmi, razılaşın ki, bir qədər qəribə səslənir… Bu, elmi fantastikada çox çeynənmiş mövzudur… Yəqin, fantastikanı sevirsiniz… Boş vaxtlarımda mən də oxuyuram. Xüsusən də, nəydi onun adı? Həmişə unuduram, “ş” hərfiylə başlayır, əla yazır; adı dilimin ucundadır, amma yadıma sala bilmirəm…
– Şeklini deyirsiniz?
– Yox, yox… Yadıma düşəndə deyərəm… Bundan başqa, bilirsiniz də, institutumuzda vəziyyət o qədər də ürəkaçan deyil. Yadınızdadır, sizi laboratoriya müdiri əvəzi təyin edəndə nə qədər söz-söhbət yarandı? Professor Axundov aləmi bir-birinə vurdu. Bilirsiniz də, ziyalılıqlan, elmdən uzaq, fitnəkar adamdır; təsəvvür edirsinizmi, əlinə necə imkan düşəcək – laboratoriya müdiri olmağa iddialı adam uçan boşqab görür… Əzizim, institutumuzdakı vəziyyəti sənə izah etməyə ehtiyac yoxdur… Hesabat isə xoşuma gəldi. Əla tərtib edilib, siz bu iş üçün yaranmısınız. Amma day… Bir sözlə, qoy bu boşqablarla elmi-populyar jurnallar məşğul olsunlar, alimlərin isə öz problemləri var, belə şeylər bizlik deyil… Evdə hər şey yaxşıdırmı? Çox şadam. Gəlin-gedin, sizi görmək həmişə xoşdur.
Vasif hüzünlü şəkildə sağollaşıb qapıya sarı yönəldi.
– Yadıma düşdü! – direktor arxadan səsləndi. – O yazıçının soyadı Yefremovdur. Çox maraqlı yazır.
Onu süzən çoxbilmiş katibə əyilib makinaçı qızın qulağına nəsə pıçıldadı. Təsərrüfat işləri üzrə müavin Mübariz Məmmədov onu dəhlizdə haqladı.
– Sizə hörmətim var, özünüz bilirsiniz… bu sizin nəyinizə lazımdır? – birnəfəsə dedi və astma xəstəsiydi deyə, üstəlik, tez-tez yeridiyi üçün nəfəsi tıncıxdı, – niyə belə eləyirsiniz? Səhər direktorun kabinetində oturmuşdum, Cavadov gəlib çıxdı, Axundovun bacısı oğlu, onu yaxşı tanıyırsınız. Gəlib istehzayla gülə-gülə nə desə yaxşıdır: “Bu da ürək qızdırdığınız Rəfibəyli – uçan boşqab görüb. Bu azmış kimi, hamıya danışır. Sizsə onu laboratoriya müdiri təyin etmək istəyirdiniz!” Təsəvvür edirsiniz? Əlbəttə, o dəqiqə sizə qahmar çıxdım, dedim ki, ola bilməz, bütün bunlar boş söz-söhbətdir, şayiədir… Direktor da sağ olsun, heç onu dinləmək istəmədi… Amma fakt faktlığında qalır, bu sizin nəyinizə lazımdır?
– Onu həqiqətən gördüm, – əli hər yerdən üzülən Vasif dedi. – Gördüm, neyləyə bilərəm?
– Görmüsən, yaxşı eləmisən, – Mübariz Məmmədov söhbəti tutdu . – Özün bilərsən… Bəs başqalarına niyə danışırsan, məqsədin nədir? Bəyəm bütün gördüklərimizi danışmalıyıq?.. Məni götürək, məsələn, mən dünən gördüm ki, həyətdə bir kişi arvadını döyür. Adi ər-arvad davası idi. Qadın ərinin üzünü cırmaqladı, o da öz növbəsində onun gözünün altını qaraltdı. Qonşuların gözünün qabağında. Mən də gördüm, hətta onları mən araladım. Qadın ərindən milisə şikayət elədi. Məni şahid kimi milis şöbəsinə çağırdılar, onlara bilirsən nə dedim? Dedim ki, onları çoxdan tanıyıram, bir-birinə əl qaldırmazlar, buna heç vaxt inanmaram”. Mənə qançırları, cırmaq yerlərini göstərdilər, amma mən dediyimdən dönmədim: “Bu adamlar bir-birinə əl qaldırmaz, mən buna inanmıram”, – dedim. Nəticədə onlar barışdılar, milis şöbəsində şahidlik edən qonşularla isə indi salamlaşmırlar… Ciddi adamsınız, kosmik gəmi gördüyünüzü danışmaq nəyinizə lazımdır? Onlar başqa planetdəndirlər, uçub gedəcəklər öz yurd-yuvalarına, sizsə burada qalacaqsınız. Bu sizə lazımdır? Özünüzü niyə gözdən salırsınız?
O, küçədə addımlayır, rastlaşdığı tanış-bilişlə vərdişlə salamlaşırdı. Bu rayonda tanışları çox idi. Bir müddət beləcə addımladıqdan sonra nə fikirləşdisə, birdən-birə yan küçəyə döndü, bir neçə məhəllə keçib, Fəxri xiyabana çatdı. Məşhur alimlər, bəstəkarlar və şairlərin abidələrinin yanından ötüb-keçərkən istər-istəməz qəbir daşlarının üzərindəki qısa yazılara da göz gəzdirirdi. O gəlib bütün məktəblilərin yaxşı tanıdığı, qısa və keşməkeşli həyat yaşamış şairin məzarı önündə dayandı. Mərmər və qranitdən yonulmuş sakit, şövqsüz sima, hər şeyi anlayan müdrik baxışlar ona zillənmişdi… Otların təravətli qoxusu yaz aylarında olduğu kimi havanı doldurmuşdu, mavi səma tamamilə buludsuz idi, arabir yüngülcə şiddətlənən külək uzaqdan müsiqi səsləri gətirirdi, xiyabanda heç kəs gözə dəymirdi.
Səhər açılandan bu yana ilk dəfəydi ki, heç bir gərginlik hiss etmirdi, çox rahat idi, artıq fikirləri dolaşmırdı. Vahidlə, direktorla söhbətini xatırlayıb gülümsündü – indi bütün bunlar ona çox əhəmiyyətsiz, xırda, gülməli görünürdü.
Küçəyə çıxdı, burada yadına düşdü: işdən sonra arvadına zəng etməyə söz vermişdi, avtomat telefona yaxınlaşdı. Arvadı dedi ki, ata-anası onları nahara dəvət ediblər; qoy Vasif uşaqları bağdan götürsün, o isə atası evinə, onlara əl-ayaq verməyə gedir.
Qayınatasıgildə qonaqlar vardı. Yaxın – uzaq qohumlardı. Vasifi kandarda Mirvari xala qarşıladı. Mirvari xala qayınatasıgilə nadir hallarda, məsələn, ölüm-itim olanda və ya vaxtsız uşaq doğulanda, yaxud başsağlığı vermək, nə bilim, kiminsə könlünü almaq lazım gələndə peyda olurdu. Qadın Vasifi çox xoş qarşıladı, onunla hal-əhval tutdu, bu zaman onun üzündə və nəmli gözlərində nəvazişli, qəribə bir ifadə vardı.
– Hə… – qadın dedi. – Şükür Allaha, pis görünmürsən. Keç, başına dönüm, hamı səni gözləyir, yeməyə oturmurlar.
Stol arxasında həmişəkindən fərqli olaraq səssizcə oturmuşdular. Birinci badəni “bizim çiçəklənən gəncliyin sağlığına” içdilər.
– Qulaq as, – qayınanasının əminəvəsi olan Həsən dayının oğlu Rəşid ağzını marçıldada-marçıldada, bərkdən dedi. Hamı onu kobud, pis tərbiyə görmüş adam kimi tanıyırdı. Bir sözlə, o, asamanlı qohumlarından heç nəylə seçilmirdi. – Qulaq as, – o təkrar elədi, – deyirlər, qəribə nəsə görmüsən, düz deyirlər? Danış, xahiş edirəm.
– Rəşid! Nə ehtiyac var? – qayınanası pərt oldu. – Vasif işdən gəlib, yorğundur.
– Dalda-bucaqda pıçıldaşmaqdansa, adamın özündən soruşmaq yaxşıdır. Burada kənar adam yoxdur.
Vasif quru, ötkəm səslə dedi ki, doğrudan da, yorulub, nəsə danışmağa həvəsi yoxdur.
– Şəxsən mən sənə inanıram, – çeynəməyinə ara verməyən Rəşid şən səslə dedi. – Mən nəyə desən inanaram, amma bəzi qohumlarınız… – o, kinayə ilə cüssəli, bazburutlu, qohum-əqrəbanın yüksək vəzifəli şəxslərlə oturub-duran adam kimi tanıdığı Ağadadaşa işarə elədi, – bəzi qohumlarınız inanmırlar, uydurmadır deyirlər.
– Yalandır, – Ağadadaş etiraz elədi, boğazını arıtlayıb, təmkinli, yoğun səslə davam etdi, – sadəcə dedim ki, sözügedən təbiət hadisəsini təsdiqləyən hər hansı arayış, ya da heç olmasa, şahidlər olsaydı, əzizimiz Vasif Azərbaycanda uçan boşqab gömüş ilk adam kimi müvafiq mükafata, müəyyən vaxtdan sonra isə hətta fərdi təqaüdə layiq görülə bilərdi.
Süfrə arxasında Azərbaycanın hava məkanında yadplanetli cismin peyda olmasının mümkünlüyü haqqında elmi müzakirə başladı. Qohumlar ümumi fikrə gələ bilməyib, kart oynamağa qərar verdilər.
– Gedək evə, – Vasif fürsətdən istifadə edib, arvadının qulağına pıçıldadı. – Bu gün çox yoruldum.
Arvadının gözləri kəlləsinə çıxdı:
– Elə şey olar? Bəs çaya qalmayaq? Anam inciyər… Nə çərənçi adammışsan, bugünkü qəzetlərin hamısına göz gəzdirdim – sənin uçan boşqabın haqqında bir kəlmə də yazmayıblar.
– Hadisə bu gün səhər olub, bugünkü qəzetlərdə nə yazıla bilərdi axı? – Vasif yorğun səslə dedi.
– Belə deyəcəyini bilirdim, – arvadı qalibanə görkəm aldı, – bütün günü radioya qulaq asmışam, orada heç nə demədilər… Hansı mürəbbədən istəyirsən?
Vasif gördü ki, qayınanası arvadının dayısını – həkim-psixiatrı kənara çəkib onunla fikirli-fikirli nə barədəsə söhbət edir. Az qala pıçıltıyla danışırdılar, buna baxmayaraq, bütün hissləri oyanmış Vasif ayrı-ayrı sözləri eşidə bilirdi: “Çox pis əlamətlərdir, siz “boş şeydir” deyirsiniz, amma mən əvvəllər də şübhələnmişdim…”
Vasif başa düşdü ki, ondan danışırlar, pərt oldu, əhvalı pozuldu.
“Tək gedəcəyəm”, – o çıxıb getmək üçün ayağa qalxdı.
–Vasif, əzizim, – qayınanası yumşaq səslə dedi, – yanınızda xəcalətliyəm, Kirovabadda xalanızın qəfil ölümü ilə bağlı sizdən heç nə soruşmadım: xalanız dünyasını dəyişəndə siz Moskvadaydınız, vaxt tapmadım soruşmağa…
– Rəsmi məlumatda deyilir ki, avtomobil qəzasında həlak olub. – Vasif cavab verdi.
– Hə? Bəs həqiqətdə necə olub?
– Hərə bir şey danışır, – Vasif çiyinlərini çəkdi, – öz aramızda, sağlığında kənar assosiasiyalarla ağırlaşan şizofreniyanın yünğül formasından əziyyət çəkirdi. Ola bilsin, intihar edib, belə düşünməyə əsas var, – Vasif şövqlə davam etdi. Beləcə, günahsız xalasına böhtan atandan sonra başqa qohumlarını da şərləmək istəyirdi ki, psixiatrın istehzayla baxdığını görüb, fikrini dəyişdi.
– Yaxşı, – psixiatr Vasifə göz vurdu, – yaxşısı budur, gəlin adama bir stəkan çay içək. Rəhmətlik xalanızı isə rahat buraxın, axı mən onu çox yaxşı tanıyırdım, institutu eyni ildə bitirmişik, bir yerdə işləmişik. Onun qədər sakit, təmkinli adama az-az rast gəlinir.
Kart oynamayanlar nahar süfrəsi arxasında söhbətə davam edirdilər.
– Bütün kimyaçılar spirt içirlər, – Mirvari xala qətiyyətlə bildirdi. Hamısı içir, istisnasız! Necə içməyəsən ki, hansı otağa girsən, nəzarətsiz qalmış spirt şüşəsi görürsən. Bir tanışım var, spirtdən başqa heç nə içmir, deyir, spirt mədəni qıcqırtmır, səhərlər başağrısı vermir… Nəzərə alın ki, spirt yüz dərəcədir, hər adam içə bilmir.
– Vasif ümumiyyətlə içmir, – Vasifin arvadı hirslə bəyan etdi, – nə spirt içir, nə də konyak, dilinə də vurmur. Mirvari xala, onun haqqında nahaq belə fikirləşirsiniz.
– Allah eləməsin, – Mirvari xala dedi. – Mən Vasifi nəzərdə tutmuram. Söhbət edirik də, elə-belə dedim.
“Yaman axmaqlıq elədim, – Vasif öz-özünə düşündü, – bu barədə danışmaq nəyə lazım idi? Bu gülünc vəziyyətdən çıxmaq lazımdır, bir daha belə əbləhlik etmərəm”, – o, çay içə-içə Mirvari xalanın üzünə baxıb gülümsündü.
– Zarafat edirdim, – Vasif bərkdən dedi. – Mən zarafat elədim, siz də o dəqiqə inandınız. Bilməzdim ki, sizi oyuna salmaq bu qədər asandır!
– Zarafat edirdin?!
– Əlbəttə, zarafat edirdim! Özünüz fikirləşin, durduğun yerdə necə uçan boşqab görmək olar?
– Oy! Şükür Allaha, ürəyim yerinə gəldi. Məni yaman qorxutdun! Axı özgə adam deyiləm, arvadınla çox yaxınıq. Yadımdadır, hardasa iyirmi il əvvəl buraya gəlmişdim, gördüm ki, o, – Mirvari xala başıyla Vasifin qayınanasına işarə elədi, – Sənubəri döymək istəyir. Özümü qabağa verdim, qoymadım cəzalandırsın. Zərbələr mənim əlimə dəydi. Heç yadımdan çıxmır, elə bil hər şey dünən olub.
Qayınanası hələ də Vasifə şübhəylə baxırdı.
– Əlbəttə, zarafat edirdi, – arvadı sevincək dilləndi. – Vasif zarafat eləməyi xoşlayır, yemək-içmək vermə, təki zarafat eləsin!
– Zarafata bax! – Rəşid kart stolunun arxasından səsləndi. – Bu da üç tuz. Necə zarafatdır, hə? Elə bilirsən, ötən həftə başıma gətirdiklərinizi unutmuşam?! Hər şey yadımdadır! Zarafata davam! – o, rəngbərəng oyun daşlarını dilxor olmuş Ağadadaşın qabağından öz tərəfinə çəkdi.
Uşaqları qayınatasıgildə qoyub küçəyə çıxdılar.
Axşam düşmüşdü, Vasiflə arvadı küçədə yanaşı addımlayırdılar. Buludsuz səmada ulduzların əsrarəngiz sayrışmasını daha aydın görmək olurdu. Ayrı-ayrı ulduzlardan qopan işıq yüz min illərlə yol gəlir, müxtəlif vaxtlarda yerə çatır və bütün bunlar qəribə büsat təsiri bağışlayır.
Vasif bir müddət səmanı seyr etdi, sonra gözlərilə taksi axtarmağı başladı. Heç yerdə taksi gözə dəymirdi. Vasifin pərtliyi keçmişdi, indi arvadıyla sakitcə söhbət eləyirdi.
– Bu gün Zema zəng eləmişdi, çox bədniyyət addamış. Ona dedim ki, sən uçan boşqab görmüsən, zarafat elədiyini bilmirdim axı. O da qayıtdı ki, madam yalan-palan uydurub danışmağa başlayıb, deməli, tezliklə sənə xəyanət edəcək, ona görə sənə göz qoymağı təklif etdi. Onun əri şənbə və bayram günlərində belə müşavirəyə gedir, odur ki, səni də onun tayı hesab edir. Əlbəttə, ona heç nə demədim, amma öz-özümə fikirləşdim: Vasif onun tayı deyil, yaxşı adamdır.
Evə çatanda gecə yarıdan keçmişdi.
– Hara gedirsən? – Vasifin evə keçmək əvəzinə qarşı tərəfə adlayıb, fənərin işığında nəsə axtarmağa başladığını görən arvadı təəccübləndi. – Nə axtarırsan orada?
– Heç, – Vasif dedi. O, asfaltdan bir parça qır qopardı: bu qır səhər-səhər onun gözü önündə binanın damından əriyib tökülmüşdü. – Elə-belə!
– Əlindəki nədir?
– Qırdır, – Vasif dedi, – səhər nədənsə əridi, altıncı mərtəbədən axıb buraya töküldü.
– Doğrudan da, birtəhər dəyirsən gözümə, sənə nə olub?
– Qorxma, sənə xəyanət etməyə hazırlaşmıram, – Vasif güldü. – Qonşulara görə narahat oluram: qır əriyib tökülür, evin damı su buraxacaq.
Vasif pillələrlə evə qalxarkən zəif işıqda əlindəki qır parçasını gözdən keçirirdi. Bu adi, neft və toz qoxuyan, ələ yapışan qır parçası idi. Vasif onu əlində fırladır, nə barədəsə düşünürdü. Arvadının dediklərini, demək olar, eşitmirdi, çünki beynində qəribə, dumanlı fikirlər dolaşır, ona dinclik vermirdi. Bu fikirləri nəyin hesabına olursa olsun, sakitləşdirmək, hansısa bitkin şəklə, konkret formaya salmaq keçdi ürəyindən və deyəsən, bir anlığa bunu bacardı. Başa düşdü ki, artıq əvvəlki dünya yoxdur, bu gündən etibarən özünün də dəyişdiyini hiss etdi… Bir an sonra bu fikirlər yenidən beyninin dərinliklərinə çəkildi, bir daha onlar yalnız yuxuda və ya hisslərin coşub-çağladığı anlarda peyda olacaqdı.
Qapıya yaxınlaşanda içəridən telefonun səsi eşidildi.
– Kimdir belə gec vaxtda zəng eləyən? – arvadı təəccübləndi, – açar səndədir?
– Salam, – Vasif dedi. – Eybi yox, eybi yox, biz gec yatırıq. “Qulağının dibini görərsən, – öz-özünə fikirləşdi, – ay dedim ha!” – Yox, yox, heç nə görməmişəm… Zarafat edirdim… Bilirsiniz, belə elmdən uzaq, ziyansız zarafat…
– Qəribədir, – xəttin o başındakı adam kədərli səslə dedi. – Bu gəmini məndən başqa üç adam da görüb, amma hamısı sözünü danır… Heç nə başa düşə bilmirəm…
– Deməli, siz görmüsünüz? – Vasif ehtiyatla soruşdu.
– Görmüşəm, – o bəyan etdi, – sabah səhər sizinlə görüşüb, danışmaq istəyirdim.
– Pivəni xoşlayırsınız?
– Yaxşı pivəni xoşlayıram.
– Məndə bir neçə şüşə əsl “Xırdalan” pivəsi var, – Vasif dedi. – Elə indi gələ bilərsinizsə, buyurun gəlin, ünvanı sizə deyərəm. Nə deyirsiniz?
– Gəlirəm, – onunla danışan adam dedi.
O, dəstəyi yerinə qoydu, bu zaman gözü Pakizəyə sataşdı: pişik taxtın üstündə uzanıb mürgüləyirdi. Yaxınlaşıb pişiyi əlinə götürdü.
– Səninlə mən bu gün səhər nəsə gördük, deyilmi? Gördük.
– Kimlə danışırsan? – mətbəxdən arvadının səsi eşidildi.
– Pakizəylə, – Vasif dedi, – başqa kimlə danışa bilərəm? Məncə, şəhərdə ən ağıllı pişik Pakizədir.
O, soyuducunu açıb pivəni yoxladı ki, görsün soyuyubmu?
1970