Xalq yazıçısı, Azərbaycan Milli Məclisinin deputatı Maksud İbrahimbəyovun “Exo planetı” jurnalının xüsusi müxbirinə müsahibəsi
1.Mən Sizdən necə səs vermək niyyətində olduğunuzu soruşmayacağam – bu, seçki kabinəsinin sirridir. Amma bununla belə, deyin görüm, fikrinizcə, bütün postsovet məkanında olduğu kimi, Azərbaycanda da güclü, nüfuzlu (bəzən, hətta avtoritar) hakimiyyətə meyilin səbəbi nədir; elektoratın böyük hissəsi borcuna müvafiq olaraq, yoxsa elə ümumiyyətlə, onu dəyişmək istəmir?
- Hakimiyyətin borcudur güclü olsun, yoxsa getməyi məsləhətdir. Hakimiyyətin zəifliyi – onun yoxluğu deməkdir. Gücsüzlük ölkəni çox xoşagəlməz vəziyyətə sala bilər, daha doğrusu, mütləq belə bir vəziyyətə salar; özü də çox zaman faciəvi və çıxış yolu olmayan vəziyyətə. Bu gün hakimiyyətin zəifliyinə ən əyani misal – xroniki aclıq keçirən, əhalisinin aktiv hissəsi dəniz quldurluğu və soyğunçuluqla məşğul olan Somalidir. Xalqın güclü hakimiyyəti istəməsi onunla izah olunur ki, xalq son illər xeyli ağıllanıb. Fikir verin, özünü qorumaq instinktinin artması ilə yanaşı, ağılın, zəkanın yüksəlişi postsovet məkanının o yerlərinin insanlarında özünü daha bariz şəkildə büruzə verdi ki, o yerlərdə təlatümlü 90-cı illərin hakimiyyətsizlik dövründə əhali daha çox əziyyət çəkmişdi. İnsanlar normal insan kimi yaşamaq istəyirlər. Onlar özlərinin və doğmalarının daim qorxu içində yaşamalarını istəmirlər. Onlar indiyə qədər də qorxurlar ki, əvvəllər dəfələrlə olduğu kimi, azğınlaşmış qaragüruh tutulmuş kanalizasiya xətti sayaq daşıb küçələri bassın. Ən müxtəlif insanları bəzi hallarda eyni hisslər birləşdirir. Məsələn, çox adamın günün günorta çağı tanımadığı əcaib-qəraib məxluqların küçədə mundar dəyənəklərlə onların başına-başına vurub: “intellekt oğlu intellekt, pulları görüm, sənin vaxtın çoxdan keçib” deməsi, əsla xoşuna gəlmir. İnsanların böyük əksəriyyəti günlərlə soyuq mənzillərdə işıqsız, susuz və qazsız yaşamağı xoşlamır. Eləcə də izahatsız-filansız zavodunun bağlanmasından, uşağının oğurlanmasından və yaxud qoca vaxtında halalca mənzilindən qovulmasından rəncidə olur. Onlar indi başa düşüblər ki, sabit dövlətdə yaşamaq gözəl şey imiş və istəyirlər ki, dövlət onları qorusun. Bir də, zənnimcə, onlar birdəfəlik başa düşüblər ki, insanın layiq olduğu normal həyatı onlarçün bu sabit dövlətdə normal – güclü hakimiyyət təmin edə bilər və belə bir hakimiyyəti də onlar özləri seçməlidirlər.