Tərcüməçi:Azad Yaşar
Redaktor: Səlim Babullaoğlu, Seyfəddin Hüseynli
Korrektor: Həcər Telmanqızı
– Növbəyə durmağa heç səbrim çatmır. Heç vaxt da durmuram. Hətta maaşımı da çox vaxt ertəsi gün, hamıdan sonra alıram, təki növbəyə durmayım. Kino biletlərini də əvvəlcədən alıram. Növbəyə duranda ən adi, ən mənasız, hətta başqa vaxt özümün də həvəslə qoşulduğum, məsələn, idman və ya incəsənət barədə söhbətlər də məni cırnadır, hədsiz qıcıqlandırır. Bir də ki, gözləməkdən əsəblərim gərilir. Axıra qədər dözə bilmirəm. On-on beş dəqiqədən artıq dayanmaq lazım gələndə səbrim lap daralır və çıxıb gedirəm. Özü də bu, əvvəllər belə idi, yəni əsəb sistemim hələ tam qaydasında olan vaxtlarda. İndi isə məni heç zorla da növbəyə durmağa vadar edə bilməzsən. Yox, bu heç də mənim nevrotik və ya astenik olmağımdan irəli gəlmir, sadəcə olaraq əsəb sistemim hər şeyə hədsiz kəskin reaksiya verir. Həssaslığım son dərəcə artıb, buna isə bir çarə yoxdur. Yeganə çıxış yolum onu əlavə və yersiz yüklənmələrdən qorumaqdır ki, mən də gücüm və imkanım daxilində buna çalışıram.
Odur ki, növbə olsa, dərhal çıxıb gedəcəyəm. Evə həkim çağıraram, əlbəttə, bu lap pisdir, daha betərdir, bütün axşamı hazır vəziyyətdə dayanıb gözləməli olaram, amma əlimdən də başqa heç nə gəlmir. Həyat öz hökmünü yeridir.
Ötən dəfə, yəni üç ay qabaq, buraya gələndə koridordakı bu palma yox idi. Buraya palma qoymaları olduqca ağıllı işdir. İlk baxışda əhəmiyyətsiz görünsə də, bu gözoxşayan yaşıl rəng, heç şübhəsiz, xəstələrə müsbət təsir göstərir.