Введите слова для поиска

Mədəni̇yyət mandatlı, çoxhədli̇ və ya Ni̇zami̇ haqqında düşüncələr

Maksud İbrahimbəyov xüsusi olaraq Trend Life üçün

Nə gizlədim, “1 nyus” saytında ədəbiyyatşünas Nizami Cəfərovun 15 noyabr tarixli müsahibəsində mənim şəxsimdə yalnız filoloji araşdırma obyekti gördüyünü bəyan etməsini oxuyanda düzü təəccübləndim. Filoloji araşdırma obyekti olmaq ən düşgün yazıçı üçün fərəhli bir haldır. Həyat belədir, qələm əhli hərdənbir tənqidçi diqqətinə ehtiyac duyur. Və əgər ağıllı, xeyirxah tənqidçi üstəlik də xoş sözlər deməkdə xəsislik etmirsə, bu, ədəbiyyatda ilk addımlarını atan gənc yazıçıda özünə inam hissi yaradır. mən həyatım boyu, ən azı yəqin ki, 200 dəfə filoloji tədqiqat obyekti olmuşam və həmişə də buna peşəkar yazıçı ya dramaturqun fəaliyyətini müşayət edən bir proses kimi baxmışam. Orasını da deyim ki, təbiətim etibarilə mən kifayət qədər qədir bilən, şükran bir insanam. Yəqin, elə ona görə də mənim yaradıcılığıma onlarla məqalə həsr etmiş insanların hamısını – ədəbiyyatşünasları, teatrşünasları, tənqidçiləri və jurnalistləri bu gün də minnətdarlıq hissi ilə xatırlayıram. Zəhmət çəkib mənim əsərlərimi oxuyan – onlardan bir çoxu bəzən mənim özümə belə kamillikdən uzaq görünür – onları mütailə edib münasibət bildirənlərə təşəkkür edirəm. Mən bütün tənqidçilərimə təşəkkür edirəm. Mənim nəsr və dramaturgiyamın təhlili əsasında dissertasiyalar yazan elmlər namizədlərinə və elmlər doktorlarına səmimi qəlbdən minnətdaram.

Amma Nizami Cəfərovun bəyanatı mənim qəlbimdə xoş bir duyğu, minnətdarlıq hissi oyatmadı. Ona görə ki, mən Nizami Cəfərovun mədəniyyətə, ədəbiyyat və incəsənətə aidatı olan hər hansı bir obyektin filoloji tədqiqinə mənəvi haqqı olduğuna möhkəm şübhə edirəm. Məsələ ondadır ki, tənqidçi, ədəbiyyatşünas mövqeyi mütləq müəllifin əqidə və prinsiplərinə əsaslanmalıdır. İnsanların əqidə və prinsipləri isə müxtəlif olur və onların hamısının da yaşamaq haqqı var. İkinci bir variant da var: bura da heç bir əqidə və prinsipi olmayan insanlar daxildir. Bu da mümkündür. Nəhayət, adına Nizami Cəfərov deyilən üçüncü bir variant da məlumdur. Nizami Cəfərov fenomeni çox maraqlı hadisədir. Çünki dərhal sual meydana çıxır: Bu insanın əqidəsi varmı? Varsa, nədir o? Cavab yoxdur. Mənim zənnimcə, Nizami Cəfərovun əqidə və prinsipləri ilə bağlı vəziyyət bir söz ilə belə ifadə olunur – fəlakət!