Cox maraqlı vəziyyət yaranıb. Elə ki, qəzetdə bir yazım dərc olunur, o dəqiqə bəzi başqa nəşrlərdə həmin məqaləmə dərhal spesifik rəylər çıxmağa başlayır. Təbii ki, oxucu mənə etiraz eləyə bilər və deyər ki, bəs söz azadlığı nə üçündür, polemikadır da. Yaxşı anlayıram, amma mən tamam başqa şeyi nəzərdə tutduğumdan həmin yazıları bəri başdan spesifik adlandırdım. Görün nə baş verir. Mən öz məqalələrimdə hər hansı bir problem və ya hadisə barədə düşüncələrimi, təbii ki, subyektiv mövqeyimi açıqlayıram. Mənimlə razılaşmayan hər bir şəxsin də məqalə yazıb həmin problemlərə öz münasibətini bildirmək hüququ var. Və təbii ki, onun fikirləri mənimkindən kökündən fərqlənə də bilər. Amma belə olmur. Mənim opponentlərim öz subyektiv düşüncələrini oxucuyla bölüşmək kimi kifayət qədər ağır işdən vaz keçib sadə bir yol seçirlər: ünvanıma məntiqsiz, söyüşlərlə dolu bir məqalə hazırlayaraq, əslində isə yazdıqlarımın mahiyyətini təkzib etmədən qəzetlərə verirlər.
Sonuncu nümunəni diqqətinizə yetirim. Bu il fevral ayının 11-də “Zerkalo” qəzetində mənim “Qurd-quş bizi qorxutmur” ünvanlı məqaləm dərc edilmişdi. Fevralın 28-də isə həmin yazıya görə məni eyni zamanda iki qəzetdə söydülər: Yerevanda çıxan “Hovoye vremya” və Bakıda nəşr olunan “Hovoye vremya” qəzetlərində. Yerevanın “Hovoye vremya”sındakı “Azərbaycanın Xalq yazıçısı Andreas Qrossdan niyə narazıdır” məqaləsində məni jurnalist Qriqori Aleksandryan söyür. Bakının “Hovoye vremya” qəzetində isə elə həmin gün “Bəs Avropada bizi niyə sevmirlər” yazısında jurnalist Zülfüqar Əliyev məni daha pis söyərək şərləyir. Açığını desəm, Yerevanın “Hovoye vremya” qəzetindən olan Qriqori Aleksandryandan incimirəm. Reallıq belədir ki, erməni jurnalistinin qəzet səhifəsində azərbaycanlı yazıçıya dözümlü münasibət göstərəcəyini ummağa heç bir əsasımız yoxdur. Özü də mənim “Qurd-quş bizi qorxutmur” adlı məqaləmdə belə sətirlər də var: “Cənab Qross tutduğu vəzifə sayəsində lap müharibə ərəfəsində 220 min azərbaycanlının Ermənistandan zorla qovulduğunu da yaxşı bilir. Onu da bilir ki, dəstə-dəstə qocaları, arasında hamilələri də olan qadınları, uşaqları qışda qarlı dağlardan payi-piyada qovduqlarından onların, demək olar ki, hamısı yolda həlak olmuşdu. Həmin bu Qrosslar Xocalıdakı azərbaycanlı dinc əhalinin kütləvi qırğınından da yaxşı xəbərdardırlar”.