“Püstə ağacı: Canlı İrs” layihəsi

“Fly to Baku. Art Weekend.” festivalı çərçivəsində Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində “Püstə ağacı: Canlı İrs” adlı xüsusi və mənalı tədbir keçirildi.
Bir gün ərzində burada üç rəmz incəsənət, irs və təbiət bir araya gəldi. Tamaşaçılar “Püstə ağacı” adlı ədəbi-teatr tamaşasından zövq aldılar, “Azərxalça” ustalarının hazırladığı “Püstə” xalçası ilə tanış oldular və ən həyəcanlı anın – mərkəzin qarşısında püstə ağacının əkilməsi mərasiminin şahidi oldular.
Bu ağac xatirə və sevginin canlı nişanına çevrildi. Ağacı Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və yazıçının həyat yoldaşı Anna xanım əkdilər. İçərişəhərin qəlbində qədim daşlar və şəhərin səsləri arasında yeni bir həyat yarandı-davamlılığın, varisliyin və gələcək nəsillər üçün ilhamın simvolu.
Əkilən ağac layihənin sadəcə bir hissəsi deyil, onun canlı davamı oldu – bu, incəsənətin, irsin və təbiətin ayrılmaz bir şəkildə bir-biri ilə bağlı olduğunu xatırladır. Gələcəkdə bu püstə ağacının Qədim şəhərin simvoluna çevrilməsi, keçmişi, bu günü və gələcəyi birləşdirən bir rəmz kimi tanıdılması planlaşdırılır.
