Maqsud İbrahimbəyov
PÜSTƏ AĞACI
Bu ki çox asandır – arı bədənini xatırladan və qırmızı alovla fışıldayan yandırıcı bombanı bu maşa ilə tutub, onu, elə buradaca, damda əvvəlcədən hazırlanmış su ilə dolu çəlləyin içinə salmaq, sonra da çəlləkdən çıxan buxarın necə pərvaz etməsinə baxmaq. Özü də bu vaxt gərək sirenalar vıyıldasın, zenit topları atsın, səmada da projektorların şüaları oynasın. Eh!..Ancaq müharibə illərində Bakıya bomba düşmədi. Heç bir dənə də düşmədi. Deyəsən, bizim həyətin uşaqlarından başqa, şəhərdə heç kəs bununla bağlı təəssüflənmədi. Bircə dənə bombanı, qoy heç yandırıcı olmasın, başqa bomba olsun, çəlləkdə batırmağı necə də arzulayırdıq. Amma bu istəyimizdən heç bir şey çıxmadı. Əbəs yerə gecə yarısınacan damda oturub hava hücumunu gözləyirdik. Maşa da, qarmaq da, elə balta da boş-boşuna alətlər lövhəsindən asılı qalmışdı.
Alətlər üçün lövhə divardan asılmışdı, üstündə də hava hücumu zamanı nə etmək lazım olduğu çox dəqiq yazılmışdı. Biz bu qaydaları əzbərdən bilirdik. Ancaq əbəs yerə. Bütün bu alətlər müharibənin axırınacan heç bir xeyri olmadan boş-boşuna lövhədən asılı qaldı. Bircə əyləncəli məqam “upravdom”un ayda bir dəfə yanğınsöndürmə çəlləyindəki suyu dəyişdirməsi vaxtı olurdu. Çəlləkdəki su tünd yaşıl, lap qap-qara idi. “Upravdom” da söz verirdi ki, bu suda çömçəquyruqlar əmələ gələcək, ancaq, onlar elə də əmələ gəlmədi. Yəqin hiss edirdilər ki, əvvəl-axır çəlləkdəki su dəyişdiriləcək və onda çömçəquyruqların vəziyyəti yaman olacaq.
Читать далееÜmumiyyətlə, “upravdom”umuz yaxşı adam idi. O, bizim işlərimizə heç vaxt müdaxilə etmirdi. Biz həyətdə ordu qərərgahı tikəndə də, o ancaq tikilinin ətrafına dolanıb, ayağı ilə divarları yoxladı. Sonra xahiş etdi ki, biz birtəhər damsız keçinək. Çünki dam uçsa, həm bizlərdən birinin, həm onun, icazə verdiyinə görə, vəziyyəti pis ola bilər. Beləliklə, biz damı tikmədik. Əslində, o, bizə heç lazım da deyildi. Qərargaha biz ancaq hərbi şuralar üçün yığışırdıq, silahları isə zirzəmidə saxlayırdıq.
Silahlarımız müxtəlif idi. Qılıncları özümüz düzəldirdik: çəllək qurşağını götürürdük, onu əvvəlcə zubillə kəsib düz vəziyyətə salırdıq, tutacağı əski ilə sarıyırdıq və beləcə kifayət qədər yaxşı qılınc alınardı. Qılıncdan əlavə bizim qundaqsız tüfənglərimiz, barabanı olmayan iki tapançamız və alman kaskalarımız var idi. Bütün bunları biz Salyan kazarmalarının yanındakı zibillikdən tapmışdıq. Orada, otun üstündə qalaq-qalaq müxtəlif silahlar, zenit toplarının lülələri, əl qumbaralarının dəstəkləri, tırtılsız tanklar və svastikalı iki təyyarə vardı. Deyirdilər ki, əgər orda yaxşı-yaxşı eşələnsən, iri çaplı pulemyot və ya tank əlehinə mina da tapmaq olar. Biz axtardıq, ancaq nə pulemyot, nə də mina tapa bilmədik. Güllələri konserv qutularına yığırdıq, sonra zirzəmidə bu qutuların altında ocaq qalayırdıq. Özümüz də həyətdə oturub nə baş verəcəyini gözləyərdik.
Hər dəfə də eyni şey baş verirdi – zirzəmidə dəhşətli atışma başlayırdı: qutudakı güllələr partlayırdı. Bütün qapılardan dəhşətli dərəcədə qorxmuş qonşular bayıra sıçrayırdılar, onlar nə baş verdiyini heç cür anlaya bilmirdilər. Biz də, əlbəttə ki, özümüzü elə aparırdıq ki, guya bu işlərdən xəbərimiz yoxdur. Suri xala isə bir müddətdən sonra danışmağa başladı ki, zirzəmidə gecələr bir-birlərini gülləbaran edən alverçilər yaşayır. Onun dediklərinə artıq bəzi qonşular inanmağa da başlamışdı ki, növbəti dəfə zirzəmidəki gurultu, partlayış zamanı patrul yüyürüb gəldi və dərhal da başladı bizim arxamızca qaçmağa. İndiyə kimi də anlaya bilmirəm, bu patrullar necə başa düşdülər ki, güllələri məhz biz partladırıq. Lap fokusdur, Vallah! Aydındır ki, onlar bizi tuta bilmədilər, ancaq məktəbə xəbər verəcəkləri ilə hədələdilər. Həmin hadisədən sonra biz daha güllə partlatmadıq. Amma müharibə-müharibə oynamağa, əlbətdə ki, davam edirdik.
Binamız böyükdür və məncə, çox qəşəngdir. O ikimərtəbədir və bütün ikinci mərtəbə boyu eyvan uzanır. Həyətdə isə nəhəng püstə ağacı bitir. Bu ağac o qədər nəhəngdir ki, bütün ikinci mərtəbənin eyvanı bu ağaca görə hər zaman kölgəli olur. Biz kəşfiyyatçılar oyunu oynayanda onun budaqları arasında gizlənirdik və heç kim, heç vədə səni burada tapa bilməzdi. Bakının heç bir həyətində bu cür nəhəng püstə ağacı bitmirdi. Payızda püstələr yetişirdi, biz də onları dərib qonşular arasında bərabər bölürdik. Püstələri əvvəlcə qərargaha yığırdıq, burada püstədən bir dağ yaranırdı, sonra mənzillərə paylayırdıq. Hər mənzilə böyük bir torba. Və hamı bizə öz təşəkkürünü bildirirdi.
Biz, ümumiyyətlə, hər şeyi qərargaha gətirərdik. Məktəbdə bizə səhər yeməyinə ya vermişel kömbəsi, ya da pirojki verərdilər: bir gün kömbə, bir gün pirojki, kiseli isə hər gün verirdilər. Kiseli biz, əlbəttə ki, elə məktəbdə içirdik, ancaq kömbə ilə pirojkini qərargaha gətirirdik. Hər kəs gətirirdi və birlikdə səhər yeməyini yeyirdik. Anam deyirdi ki, bu pirojkilər əsla doyumlu deyil, onlar pişmiş nişastalıdır. Nə bilim, bəlkə onlar doğrudan da nişastalı idi, ancaq bilsəniz, necə dadlı pirojkilərdi!
Bütün işlərimizi biz qərargahda həll edərdik. Kiminsə pulu əmələ gələndə, biz Bazarnaya küçəsində yerləşən dükandan poqon və ulduzlar alardıq. Hər şücaətə görə biz yeni ulduz verirdik. Beləliklə, tezliklə bizim həyətdə bir dənə də sıravi qalmadı, hamı polkovnik, general və marşal oldu, iki qız isə -Nəmidə və Tosya -sanitar-general rütbəsini aldılar. Biz hamımız bilirdik ki, qızlar general ola bilməz, ancaq başqa cür onlar bizim yaralarımızı sarımağa razılaşmırdı, bunu isə hər döyüşdən sonra etmək lazım idi.
Biz küçəmizin digər iki həyətindən olan uşaqlarla vuruşurduq. Qiyamət vuruşurduq. Hamımız çıxırdıq küçəyə və qılınclaşırdıq. Hətta küçədə hərəkət də dayanırdı, bizim döyüşlərə baxmaq üçün bütün qonşular pəncərələrdən boylanırdılar. Hərdən yara alanlar da olurdu, ancaq heç vaxt belə olmamışdı ki, yaralı ağlasın. Bizim aramızda beləsi yox idi. Döyüşdən sonra isə biz əsir və qənimətlərin mübadiləsini edirdik. Bizim həyət tez-tez qələbə çalırdı, bizim təcrübəli sərkərdələrimiz və qoçaq döyüşçülərimiz daha çox idi. Biz hər gün müharibə-müharibə oynayırdıq, haradasa isə əsl müharibə gedirdi. Onun haqqında böyüklərdən eşidirdik, ancaq heç vaxt müharibə bizə qorxunc gəlmirdi.
Sonra həyətimizdə yeni qonşular peyda oldu. Oğlan və qız. Onlar bizdən bir qədər kiçik idilər, biz onların adlarını da bilmirdik. Onlar həmişə bir yerdə olurdılar və pilləkənin üstündə yanbayan oturub bizim həyətdə hərbi yürüşlə keçməyimizə və ya qılınclaşmağımıza baxırdılar.
Onlara birinci mərtəbədə otaq vermişdilər və onlar orada analarıyla yaşayırdı. Məncə, o, heç bir yerdə işləmirdi, çünki evdən heç yerə çıxmırdı və həmişə paltar yuyurdı. Püstə ağacının kölgəsində fasilə etmədən yuyurdu. Səhərdən axşamacan paltar yuyurdı. Hərdən qamətini düzəldib, belini ovxalayar, saçını düzəldər və yenidən təknəyə sarı əyilərdi. Qonşular deyirdi ki, o, paltaryuyandır, camaşirxanadan evə yumağa paltar gətirir. Yəqin ki, bu, doğrudan da belə idi: bir ailənin, onun yuduğu qədər paltarı ola bilməzdi. Paltarları yuyandan sonra həyətin bütün mümkün olan zivələrindən asırdı və kimsə onlara dəyəndə, deyinirdi.
Bu qadının o qədər pis xasiyyəti var idi ki, hətta öz uşaqları da ondan qorxurdu. Bir sözlə, həyətimizdə həyat çox çətinləşdi. Nəinki döyüşmək, heç tüstü pərdəsi buraxmağa da imkan yox idi. Biz bu işi kinolenti kağıza büküb alışdırmaqla təşkil edirdik. Qonşu qadın deyirdi ki, tüstü pərdəsindən paltarların üstünə his qonur. Paltar yumağı azmış kimi, o, paltarların suyunu da təknədən püstə ağacının dibinə tökürdi. Təknədəki su isə potaşlı idi: müharibə vaxtı sabun-zad yox idi, axı.
İlk vaxtlar paltar yuyandan sonra suyu çirkab sular üçün nəzərdə tutulmuş çalaya tökürdi. Görünür, sonradan ona çətin oldu, çünki çala darvazanın yanında, həyətin o biri başında idi, o özü isə çox zərif idi, paltar yuyanda qollarının damarları şişib üzə çıxardı. Başqası olsaydı, biz ona, əlbəttə ki, bir təhər kömək edərdik, ancaq bundan qorxurduq: daim elə hirsli olurdu ki. Mənim anam deyirdi ki, insanların xasiyyəti çətin həyatdan pisləşir, ancaq müharibə dövründə hamı üçün çətin idi, axı. Elə götürək mənim anamı, səhərdən axşamacan işləyir, amma evə gəlib görəndə ki, mən döşəməni, qabları yumuşam, üzündə elə təbəssüm yaranır ki, yorğunluğu da yavaş-yavaş çıxır. Əgər bütün insanların xasiyyəti təzə qonşununki kimi olsa, gərək evdən qaçasan.
O, yenə də paltar yumağa, paltarların suyunu püstə ağacının dibinə tökməyə davam edirdi, uşaqları isə kədərli-kədərli gəzirdi. Bir dəfə bizim upravdom ona iradını bildirdi; qadın təknədən aralandı, əllərini sildi, sakit səslə ona cavab verdi. Bizim upravdom qıpqırmızı qızardı, dərhal getdi və bir neçə gün həyətimizdə görünmədi, bizə çox maraqlı idi, qonşu qadın ona nə deyə bilərdi, axı? Suri xala sonradan gəzib elə hey deyirdi ki, təzə qonşunun upravdoma dediyini təkrar etməyə onun dili dönmür, çünki o, yəni, Suri xala utanır. Ondan heç kim təkrar etməyi xahiş etmirdi, hamımız öz işimizlə məşğul idik, ancaq Suri xala çox istəyirdi ki, ondan bunu xahiş etsinlər.
Ancaq biz müharibə-müharibə oynamağa davam edirdik və şənbə gününə 28 nömrəli bina ilə məktəbdən sonra döyüş təyin etmişdik. Lakin birdən püstə ağacı ilə bu hadisə baş verdi.
Səhər, adəti üzrə, hamılıqla məktəbə getmək üçün həyətdə görüşəndə kimsə püstə ağacına baxdı, gözlərinə inanmadı, hər şey yuxudakı kimi idi: ağac çılpaqlaşmışdı, bir gecənin içində bütün yarpaqları tökülmüşdü, çılpaq budaqlardan qaralmış püstə salxımları sallanırdı.
Həyətdə bir hay-küy qalxdı ki! Əslində, həyətimizdə dava-savaş etmək istəyənlər az deyildi, İllah da ki, yayda. Bir dəfə bir qonşu arvad digərini faşist adlandıranda, hətta az qaldılar vuruşalar, ancaq bugünkü hay-küydən heç olmamışdı. Hamı birdən qışqırırdı, heç nə başa düşmək olmurdu. Mən ancaq qonşu qadınlardan birinin dediyini eşitdim: “Axır ki, ağacı məhv etdi, əclaf!” Bunu o, təzə qonşu haqqında dedi. Digər qonşu deyirdi ki, aqranom çağırmaq lazımdır, bəlkə ağacı hələ də xilas etmək olar.
Qışqırığa təzə qonşu həyətə çıxdı, sakitcə dinlədi, sanki bu hay-küyün ona heç bir aidiyyatı yox idi, sonra var gücü ilə qapını çırpıb içəri girdi.
Elə həmin gün aqranom da gəldi. O, püstə ağacını gözdən keçirdi, ağacın ancaq oduncağa yararlı ola biləcəyini deyib, getdi.
Bu, şənbə günü idi və biz 28 nömrəli bina ilə döyüşümüzü təxirə saldıq. Onların bizim haqda nə fikirləşəcəyi heç vecimizə də deyildi ki. Biz qərərgahda oturmuşduq. Hamı yığışmışdı və təzə qonşuya nə deyəcəyimizi müzakirə edirdik. Qərara gəldik ki, onun haqqında nə düşünürüksə, hamısını deyək. Deyək ki, o, çox tündməcaz və səfeh qadındır və onun bizim binada yaşamağını istəmirik.
Biz hamımız onun qapısına yaxınlaşdıq, qapını döydük. Bir neçə dəfə döydük, ancaq bizə heç kəs cavab vermədi, onda içəri keçdik. Hamı içəri keçdi.
O, çarpayıda oturub ağlayırdı. Həyatımda bir daha belə ağlayan insan görmədim. O, bizə məhəl qoymur və paltar yumaqdan şişmiş, göy damarlı əllərini üzünə sıxıb ağlayırdı. Onun oğlu ilə qızı bizim gəlişimizdən sonrakı bir neçə saniyədə qorxu içində susdular, sonra birlikdə hönkürdülər və analarının üstünə qaçdılar.
Biz isə hamımız – polkovnik, general və marşallar onun qarşısında susub dayanmışdıq. Hər birimiz boğazımızdakı qəhəri udmağa çalışırdıq. Deyəsən, biz ona demək istəyirdik ki, dünyada heç bir ağac, lap ən gözəli belə, göz yaşına dəyməz, yəqin ki, biz ona elə-belə də deyərdik. Böyük olsaydıq, yəqin ki, bunları deyərdik… Digər tərəfdən, kim bilir, böyüklər belə hallarda nə deyir.
Biz hamımız dönüb qərargaha getdik. Biz poqon və ulduzlar üçün yığdığımız bütün pulları götürdük. Biz Kubinkaya getdik, arxamızca da 28 nömrəli evin bütün uşaqları. Kubinkada bir xeyli vaxt ting satılan yeri axtardıq. Bizə köynək, donuz tuşonkası, konservlər və kokos yağı almağı təklif edirdilər. Biz onlara cavab verirdik ki, bizə nə yumurta tozu, nə də patefon valı lazımdır. Deyirdik ki, biz püstə ağacı axtarırıq. Nəhatət, biz tinglərin qalaq-qalaq yığıldığı, bankalarda hansısa toxumlar olan yerə gəlib çıxdıq. Biz satıcıya yaxınlaşdıq və ondan püstə ağacı istədik.
-Banan ağacı?- deyə, satıcı soruşdu və qonşusuna göz vurdu.
Biz dedik ki, bizə püstə ağacı lazımdır və ona pulu verdik. Satıcı qalaqlanmış tinglərin arasından birisini seçib bizə uzatdı. O, bizə dedi ki, “bu xalis püstə ağacıdır, ta bundan xalisi heç ola da bilməz” və məsləhət gördü ki, onu tez-tez sulayaq.
Onu evə növbə ilə hamımız aparırdıq. Biz bütün günü çala qazmaqla, ətrafındakı torpağı yumşaltmaqla məşğul olduq, sonra ağacımız üçün peyin yığmağa getdik. 28 nömrəli evin uşaqları da bizimlə getdi.
Bundan sonra hamımız təzə qonşunun yanına getdik. Ona başqa ağac əkdiyimizi söylədik və onun nədən ötrü isə ağlamasına daha ehtiyac qalmadığını dedik. Bircə xahiş etdik ki, bundan sonra ehtiyatlı olsun, ağacın dibinə potaşlı su tökməsə hər şey yaxşı olacaq.
O, hamımızın başını sığalladı, sonra dedi ki, biz buradan tez gedək, yoxsa o, elə indicə ağlayacaq. Səsi də qəribə idi, elə bil nə isə onu ağrıdırdı. Üzü, ağladığı bəlli olsa da, çox gözəl idi. Deyəsən, biz gedəndən sonra o, yenə ağladı, ya bəlkə bizə elə gəldi.
Axşam anam mənə dedi ki, təzə qonşunun əri müharibədə həlak olub və dünən o bu barədə bildiriş alıb. Həmin gündən bizim həyətdə daha müharibə-müharibə oynanılmadı…
Ağacımız isə böyüyüb, ancaq o, püstə yox, naməlum cinsə aid çıxdı. Biz hamımız onu sulayırıq. Ən müntəzəm isə təzə qonşumuz. Amma onun harası təzədir – o hadisədən artıq iyirmi il ötür. İndi qonşular bu ağacın kölgəsinə yığışıb söhbət edirlər. Və heç kim də onun püstə ağacı olmadığına təəssüflənmir.