Bu ilin mayında müxalifət qəzeti və mərkəzçi qəzetlərdən tutmuş iqtidaryönlülərə qədər on beş qəzet, demək olar ki, eyni vaxtda mənim «Əksinqilabi etüd» məqaləmi dərc etdi. Oxucuların reaksiyası da məhz müəllifin arzu edə biləcəyi kimi oldu. Adamlar küçədə, teatrda mənə yanaşır, telefon açaraq, məqalənin məzmunu ilə həmrəy olduqlarını bildirirdilər. Əlbəttə, oxucular, o cümlədən də özləri qələm əhli olanlar arasında elələri də vardı ki, baxışları bu və ya digər dərəcədə mənim baxışlarımdan fərqlənirdi. Bu da təbiidir. Lakin aşağıdakı məqalədə söhbət nə tənqidçilərdən gedir, nə rəğbət bəsləyənlərdən, nə də xuliqanlardan. Belələrinə konkret bir anlayışı şamil etmək çətindir. Deməli, vəziyyət belədir: qanuna riayət edən bir vətəndaş olaraq mən ölkəmdə baş verən və məni narahat edən proseslərdən bəhs edən «Əksinqilabi etüd» məqaləsini yazdım və həmin məqaləni öz doğma şəhərim Bakıda çap etdirdim. Yazmaq və yazılarımı mətbuatda dərc etdirmək mənim hüququmdur, heç kəs də bu hüququ əlimdən ala bilməz. Tanımadığım adamlar üç qəzetdə «tənqidi» məqalələrlə çıxış etmişlər, lakin həmin məqalələrdə tənqid edilən yazının heç olmazsa bircə müddəasını belə inkar, yaxud təkzib edən bircə dəlilə,bircə fikrə yer tapılmayıb. Görünür, tənqid və təhlil üçün nə qabiliyyətləri (peşəkarlıqdan heç danışmıram), nə də ağılları çatıb. Bunun əvəzində isə mən özüm hücum obyektinə çevrilmişəm. Hər üç qəzetin müəllifləri üstümə təhqir və qarğış yağdırırlar. Ədəbi tənqiddəki bu yenilik mənə maraqları göründüyündən, qərara aldım ki, öz təəssüratlarını oxucularla bölüşüm.