Введите слова для поиска

Strasburqlu bədxah

Həmin günü Strasburqda hələ uzun zaman xatırlayacaqlar. AŞPA-dakı milli nümayəndə heyətləri üzvlərinin yarıdan çoxu bir-biri ilə mərcə girmişdi. Mübahisənin qızışması da səbəbsiz deyildi: söz gəzirdi ki, Bakıdan bir dəstə müxalifət lideri AŞPA-ya gəlib tələb edəcək ki, Azərbaycanın səlahiyyətli rəsmi nümayəndə heyəti Avropa forumunun fəaliyyətində iştirak hüququndan məhrum edilsin. Xəbər isə Andreas Qrossdan qaynaqlanmışdı.

  • İsveçrəli deputata və İsveçrə pendirinə çox böyük hörmətim var, ancaq düşünürəm ki, belə şey ola bilməz, – deyə britaniyalı nümayəndə Samuil Conson inamsızlıqla gülümsündü, – ola bilməz ki, bir dəstə siyasətçi beynəlxalq forumda açıq-aşkar öz ölkəsinə qarşı sanksiyalar tələb etsin… Özü də deyilənə görə, birləşmiş müxalifətin tanınmış liderlərindən ibarət bir qrup gəlməlidir. Mən inanmıram. Bu, nonsensdir!
  • Elə isə gəlin mərcə girək, – Ermənistan nümayəndə heyətinin üzvü Harri Sarkisyan söhbətə qoşuldu, – Hansı məbləği desəniz, on qat artıq qoyuram; gələcəklər və deyilən kimi də edəcəklər.


Conson sərfəli mərcdən boyun qaçırdı, dedi ki, mərcin nəticəsinə qəti əmin olanda, bir qayda olaraq, heç vaxt mübahisəyə girişmir. Uduzmaq şansı yoxdursa, mərcin nə ləzzəti…

Ancaq az sonra ingilis deputat yanıldığına əmin oldu. Azərbaycanlı müxalifətçilər həqiqətən AŞPA-ya təşrif gətirdilər və şahidi olduqları fenomendən çaşqın halda gözlərini döyən deputatlara alovlu çağırışla müraciət etdilər ki, Azərbaycanın rəsmi nümayəndə heyətini mandatdan məhrum etsinlər, bu Avropa qurumunun fəaliyyətində onların iştirakına qadağa qoysunlar.