Maqsud İbrahimbəyov
TİMKA İLƏ BİZİM NEFTİMİZ
Tərcüməçi: Əyyub Qiyas
Söz vermişdim ki, Timkanın böyük qardaşı haqqında danışacağam. Bu barədə lap çoxdan danışmaq istəyirdim, yəni bir-birimizə kin bəslədiyimiz vaxtlar. “Bir-birimiz” deyəndə, yəni Timka ilə mən.
Ancaq vaxt keçdi və Timkanın qardaşı da dəyişdi. Hətta bir dəfə birlikdə mayakın yanına getdik – az qala on beş kilometrlik yoldur – və yolboyu bir dəfə də olsa, dalaşmadıq.
İndi o hər dəfə şəhərə gedəndə biz darıxırıq. Bax, məsələn, bu gün gəlməlidir, buna görə də Timka ilə mən dənizə getmədik, çünki saat ikidə elektrik qatarını qarşılayacağıq və Timkanın qardaşı həmin qatarla gələcək. Hələ ki bağda sülənir, üzüm tənəklərinə baxırdıq, görək üzüm nə vaxt yetişəcək.
Yaxşı bağımız var. Mənə elə gəlir ki, ən yaxşı bağ elə bizimkidir, çünki digər bağlarla müqayisədə dənizə çox yaxındır.
Külək dənizdən əsəndə sahilə çırpılan dalğaların səsini, qağayıların çığırtısını gecə-gündüz eşitmək olur.
Читать далееSəhər tezdən evin damından baxanda ağ yelkənli balıqçı qayıqlarının dənizə çıxdığını görmək olur.
Evimizin qabağında üç dənə tut ağacı bitib. Gecə vaxtı bu ağacların altında durub gözləsən, kirpi tuta bilərsən. Onlar yerə tökülən tutları yeməyə gəlir.
Bir dəfə Timka ilə sözləşdik ki, gecə kirpi tutmağa gedək, sonra fikirləşdik, əgər bu kirpilər bizim bağda qalırsa, demək, onlar elə bizimdir, tutmağa ehtiyac yoxdur.
Bağımızda iki nar, dörd əncir ağacı da var. Ancaq əsas üzüm tənəyidir. Bağda üzüm tənəyi çoxdur, payızın sonuna qədər buradan yığdığımız üzüm bizə bəs edir, hətta qış üçün də xeyli üzüm quruduruq. Bir sözlə, bağımıza söz ola bilməz.
Bu bağı atama veriblər. Daha doğrusu, yekə bir bağ sahəsini atamla Timkanın atasına şərikli veriblər. Ona görə də bağlarımız arasında hasar yoxdur, ancaq o biri bağlar arasında var.
Timkanın valideynləri yayda hansısa çöllükdə neft axtarmağa getmişdilər. Onlar geoloqdur, Timka isə yayda bizdə qalır. Bütün yayı elə qaralırıq ki, hətta nənəm bizi qarışıq salır.
Yayın çox hissəsini üçümüz – nənəm, Timka və mən birlikdə keçiririk. Çünki mənim də valideynlərim işləyirlər, hər yay məzuniyyətə çıxa bilmirlər, ancaq buna baxmayaraq, bazar günləri gəlib bizə baş çəkirlər.
Tez-tez Timkanın böyük qardaşı da gəlir, bir-iki saat qalıb, gedir. Onun da şəhərdə işləri var.
Elə bu gün də onu gözləyirik. Vaxt çox ləng gedir, qatarın gəlməsinə hələ iki saat qalır.
Ötən dəfə gələndə evdəki elektrik sayğacının yanmış qoruyucularını təmir etdi. Əlbəttə, Timka ilə mən də onu təmir edə bilərdik, ancaq nənəm bizi sayğaca yaxın buraxmadı.
Ümumiyyətlə, Timkanın böyük qardaşı işgüzar adamdır. Hər dəfə bağa gələndə hansısa üzüm tənəyinin dibini yumşaldır və hər dəfə bağda təzə nəsə düzüb-qoşur. Məsələn, ötən dəfə evin tinindəki dirəkdə flüger quraşdırdı, indi küləyin hansı tərəfdən əsdiyini asanlıqla müəyyən etmək olur. Doğrudur, biz əvvəl də küləyin əsdiyi səmti bilirdik, ancaq flüger daha dəqiqdir.
Bundan əlavə, Timkanın qardaşı bağdan dənizə kanal qazmaq istəyir: qayıqla birbaşa evdən dənizə gedə bilək. Deyir, bu, çox yaxşı olar, təsəvvür edin, darvaza açılır və biz ailəlikcə dənizə balıq tutmağa gedirik. Qumlar arasında yelkən! Adam həm yorulmaz, həm də sərinləyər.
Bu barədə atama danışanda o güldü, dedi ki, belə bir kanal bizə azı bir milyona, milyon yarıma başa gələr. Heyrətlə ona baxdıq, çox baha çıxırdı, axı dəniz çox yaxın idi. Bu vaxt Timkanın qardaşı “milyon yarım deyərkən” onun köhnə, yoxsa təzə pulla hesabladığını soruşdu. Guya bunun nəsə bir fərqi vardı.
Qərara aldıq ki, kanalı özümüz qazaq. Atam dedi ki, buna azı on il vaxtımız gedər və yaxşı olar ki, bu on ili daha xeyirli işə sərf edək.
Bu vaxt Timkanın qardaşı dedi ki, yay boyu bağın ətrafını hasara alarıq və yaxşı bostan əkərik.
Bostanda müxtəlif tərəvəzlər yetişdirmək olar. Evin damında isə projektor quraşdıra bilərdik. Onda heç kəs gecə vaxtı həyətə girib bağdan üzüm, gələcək bostanımızdan isə tərəvəz oğurlaya bilməz.
Deyəsən, bütün bunlar atamın ürəyincə deyildi, ona görə Timkanın qardaşına heç nə demədi. Evə getdi və onun anama: “Bu bağa görə uşaqlarda xüsusi mülkiyyətçilik vərdişləri formalaşır və bu, qətiyyən mənim xoşuma gəlmir”, – dediyini eşitdim. Anamın ona verdiyi cavabı eşitmədim və o dəqiqə fikirləşdim, görəsən, bu “xüsusi mülkiyyətçilik vərdişi” nə deməkdir. Bunu atamdan soruşub dəqiqləşdirmək istəyirdim, amma necə oldusa, tamam unutdum.
Həmin axşam atam, anam və Timkanın qardaşı şəhərə bir yerdə qayıtdılar.
Bu gün isə təkcə Timkanın qardaşı gəlir. Artıq gedib onu qarşılamağın vaxtıdır – qatarın gəlməyinə yarım saat qalır.
Stansiyaya getdik – stansiya evimizin yaxınlığındadır. Nənəm arxamızca səsləndi: “Kölgə ilə gedin, birdən gün sizi vurar, sizinlə məşğul olmağa vaxtım yoxdur”, – dedi.
Davud stansiyanın qabağındakı meydançada oturub pomidor satırdı. Pomidorları topalayıb yerə yığmışdı. Balaca topalar yarım kilo, böyük topalar bir kilo idi.
Özümüzü elə apardıq ki, guya onu görmürük, yanından ötüb-keçmək istəyirdik, ancaq o bizi gördü və dayanmalı olduq.
Davud atamgilin, nənəmin, hətta Timkanın qardaşının kefini xəbər aldı. Sonra dedi ki, bəlkə, nənəm bizi pomidor almağa göndərib. Biz onun yanından ayrıldıq, bu vaxt arxamızca səslənib dedi ki, sabah səhər bağa gəlib bizə balıq gətirəcək.
Davuddan nə istəsən, ala bilərsən. Heç bilmirəm, bu satdığı şeyləri haradan tapır. Yaxşı, tutaq ki, balıq məlumdur. Səhər tezdən vətəgəyə balıqçıların yanına gedir, onlara bəzi işlərdə kömək edir, qayıdanda balıqçılar ona balıq, xərçəng verirlər.
Balığı bağ sahiblərinə satır. Bir-bir bağlara gəlib qışqırır: “Bir baxın, görün necə qızılbalıqlar gətirmişəm!” Əlində isə büzüşmüş sazan olur.
Bax, məsələn, bu gün pomidor satır, ancaq bostanı-zadı yoxdur.
Bir aydan sonra da üzüm satacaq. Bilmirəm, haradan tapır bunları, axı onun bağı da yoxdur.
Deyirlər, üzüm yetişən vaxt Davud gecələr iki uzunqulaqla birlikdə başqalarının bağından xəlvətcə üzüm dərir. Yay uzunu növbə ilə bütün bağlara əl gəzdirir. Bəlkə də, deyilənlər doğrudur, çünki kəndin heç bir iti Davuda hürmür. Ötən yay kimsə bağımızdan üzüm oğurladı, Davuddan başqa heç kəs buna cürət etməzdi. Səhər qumun üzərində uzunqulaq izləri vardı. Bu məsələyə hamıdan çox Timkanın qardaşı narahat oldu. Dedi ki, milisə xəbər vermək lazımdır, ancaq atam dedi, bunun mənası yoxdur, çünki onsuz da hər şey aydındır, ancaq bunu sübut edə bilməzlər.
Kimsə Davudun yanında belə söhbətlər edəndə o, başını qaldırır, gözlərini səmaya dikib deyir:
“Allah verib, Allah da alıb”.
Elə ki Davud içib sərxoş oldu, çıxıb gəzir və qarşısına çıxanlara əllərini göstərib deyir ki, dərddən içir, əvvəllər əliqabarlı zəhmətkeş adam olub, indi isə tüfeylidir və bunun çarəsi yoxdur, çünki özü əyalətdə (kəndimizə “əyalət” deyir) yaşamağı seçib.
Üstəlik, Davud eyham vurub deyir ki, şəhərdə yaxşı əlaqələri var, ona iri mənzil təklif edirlər, ancaq dünya da dağılsa, şəhərə köçməz, çünki ruhən kolxozçudur və təbiət aşiqidir.
Timka ilə Davud haqqında xeyli söhbət elədik. Bu vaxt elektrik qatarı gəldi və Timkanın qardaşı vaqondan endi.
Bizi görən kimi sevindi, bunu o dəqiqə hiss etdik, çünki vaqonu tərk edən kimi gülümsədi. Sonra: “Belə istidə nənə sizə stansiyaya gəlməyə icazə verib?” – soruşdu. Onun xasiyyəti belədir!
Davudun yanından keçəndə Timkanın qarda-
şı onunla ötəri salamlaşdı, bizə dedi ki, bəzi şeylər fikirləşib və bu dəfə gəlişinin xüsusi məqsədi var. Çünki bu yay kiminsə bizi narahat etməyinə razı deyil.
Birlikdə dənizə getdik, evə qayıtdıqdan sonra Timkanın qardaşı çamadandan hər iki tərəfi qaynaq olunmuş, ortası deşik çuqun boru çıxartdı. Dedi ki, bu onun təzə ideyasıdır.
Timkanın qardaşı atamın qoşalüləsi asılmış divarın yanındakı rəfdən barıt yeşiyini götürdü. Atam bu barıtla patronları doldururdu. Onun çoxlu karton gilizi və patronları doldurmaq üçün qurğusu var.
Əvvəl atam gilizi götürürdü, sonra ölçü ilə ora barıt tökürdü. Bu, tüstüsüz barıt idi – boz-qəhvəyi rəngə çalan xırda hissəciklər şəklində idi. Barıtı tökəndən sonra gilizə karton araqlıq yerləşdirirdi, bu zaman gilizin kənarları qurğuda bükülürdü. Beləcə, patron hazır olurdu.
Atam gilizləri dolduranda ona kömək edirdik, ancaq o, bircə Timkanın qardaşına tüfəngə toxunmağa icazə vermişdi.
Timkanın qardaşı qalan bütün barıtı yeşikdən borunun içinə doldurdu. Sonra bir qədər fikirləşib dedi ki, bu, az olacaq, ona görə də bizə hazır patronlardakı barıtı boşaltmağı tapşırdı. Sonra həmin barıtı da boruya doldurdu. Artıq boru ağzına qədər barıtla dolmuşdu.
Timkanın qardaşı borunu çarpayının altında gizlədib dedi ki, gedib çala qazmaq lazımdır. Bunun nəyə lazım olduğunu soruşduq, amma o bizə danışmağa imkan vermədi, dedi, suallarla onun fikirləşməyinə mane oluruq, indi o mütləq düşünməlidir.
Qaranlıq düşənə qədər çalanı qazıb hazır elədik, sonra Timkanın qardaşı cibindən uzun naqil çıxarıb onu borudakı deşiyə birləşdirdi. Bu, fitil naqil idi. Timkanın qardaşı dedi ki, bu cür fitillər suyun altında da yanır. Timkanın atasında belə naqillərdən çoxdur, çünki o, geoloqdur və belə naqillərdən partlayış üçün istifadə edir.
O, borunu çalanın dibinə yerləşdirdi, sonra bizə borunun üstünü torpaqlamağı tapşırdı, bu vaxt Timka ilə mən məsələnin nə yerdə olduğunu başa düşdük. Ancaq bir şey qaranlıq qalmışdı, axı belə açıqlıqda borunu partlatmaq nəyə lazım idi?..
Çalanı torpaqla doldurduq, bircə naqil bayırda qaldı. Təxminən iyirmi metr uzunluğu olan bu naqili evə tərəf apardıq, sonra sakitcə evə girdik.
Nənəmi şübhələndirmək istəmirdik.
Bu vaxt nənəm evdə pişiyə yem verirdi. Pişik şübhə ilə bizə baxıb kənara çəkildi, deyəsən, nəsə hiss etmişdi.
Sonra Timkanın qardaşı bir neçə saniyəlik bayıra çıxıb naqilin ucunu yandırdı. Biz naqil boyunca hərəkət edən qırmızı qığılcımı görürdük.
Yaman partlayış oldu! Hətta özümüz də qorxduq. Ancaq hamıdan çox pişik qorxdu. O, həyəcanla miyovuldayaraq divara dırmaşmağa başladı. Elə əvvəllər də düz divara dırmaşıb dama qalxmağa cəhd edir, lakin çıxa bilmirdi. İndi isə sanki uçaraq dama dırmaşdı və vahimə ilə fısıldadı.
Evdən bayıra atıldıq. Nənəm də bizim dalımızca yüyürdü və çığıraraq dedi ki, evdən bayıra çıxmayaq, deyəsən, müharibə başlayıb.
Çalanın yanına cumduq. Partlayışdan hər tərəf alt-üst olmuşdu. Çalanın yanında dayanıb gözləyirdik, kəndə əməlli-başlı çaxnaşma düşmüşdü.
Kəndimizdə bu qədər it olduğu heç vaxt ağlıma gəlməzdi. Onlar hamısı bir ağızdan hürüşürdü. Görünür, gecə vaxtı özlərinə maraqlı əyləncə tapmışdılar.
Davud hamıdan əvvəl qaçıb özünü çatdırdı. Çalaya baxıb, nə baş verdiyini soruşdu. Sonra adamlar toplaşdı. Deyəsən, bütün kənd camaatı, bağ qonşularımız gəlmişdilər. Timkanın qardaşı ciddi görkəm alıb dayanmışdı və suallara cavab vermirdi. Sonra kənddəki yeganə milis işçisi də gəlib özünü yetirdi. Kəndimizdə milis şöbəsi yoxdur, bu yeganə milis işçisi də kənddə yaşayır, onun işlədiyi şöbə o biri kənddədir. Əslinə qalsa, milis işçisi də bizim kənddə boş-bikar qalır.
Bir sözlə, bu yeganə milis özünü çatdırdı və Timkanın qardaşından nə baş verdiyini xəbər aldı.
Bu vaxt Timkanın qardaşı hamının eşidəcəyi qədər uca səslə dedi ki, bağda mina basdırıb və indi də bu minalardan birini yoxlayırdı. Sonra əlavə etdi ki, bu minaları basdırmaqda məqsədi bağdan üzüm oğurlayanları cəzalandırmaqdır.
Adamlar bunu eşidən kimi tələsik bağdan çıxıb aralıda dayandılar və kənardan qışqıraraq dedilər ki, bu, biabırçılıqdır və Timkanın qardaşı qanunla cəzalanmalıdır.
Davudun rəngi-ruhu ağarmışdı, bunu hətta Ay işığında belə hiss etmək olurdu. O, qəzəblə deyirdi: “Heç üzüm oğurluğuna görə adam öldürmək olar?” Sonra Timkanın qardaşını göstərib dil boğaza qoymadan donquldanırdı: “Onu məcbur etmək lazımdır ki, bütün minaları çıxarsın”.
Sonra hamı dağılışdı, milis işçisi isə akt tərtib etdikdən sonra dedi ki, əgər minaları çıxartmasa, səhər Timkanın qardaşına xuliqanlığa görə 15 sutka həbs cəzası verəcək.
Səhər Timkanın qardaşının həbs olunacağını gözləyirdik, ancaq onu həbs etmədilər. Timka ilə fikirləşdik ki, yəqin, bu milis işçisinin 15 sutka Timkanın qardaşına keşik çəkməyə həvəsi yoxdur, çünki onu əvəz edəcək başqa adam yox idi.
Səhər milis işçisinin əvəzinə Davud əlində balıqla bizə gəldi. Sanki bir gecənin içində sınıxmışdı və bağımıza çox kədərlə baxırdı. Nə qədər eləsək də, həyətə girmədi, nənəm balığın pulunu verənə qədər küçədə gözlədi.
Yeri gəlmişkən, həmin il üzüm bar verəndən sonra kənddəki bütün bağlarda oğurluq olmuşdu, üzümlərin yarısını oğurlamışdılar. Bütün bağlardan oğurluq eləmişdilər – bizimkindən başqa!
Bu əhvalatı atama danışanda əvvəlcə güldü, sonra yavaşca boynumuzun ardından vurdu və nədənsə köks ötürüb dedi:
– Ay sizi, kapitalistlər!..
Amma barıta və korladığımız patronlara görə heç nə demədi. Sonra ağacın kölgəsində oturub təzə patronları doldurmağa başladıq.
Pişiyimiz ağzında yarasa ilə gələndə artıq işimizi bitirmək üzrə idik. O hər gün haradansa bir yarasa tutub gətirir, evin qabağında yeyirdi.
Atam dedi ki, bəlkə də, bu bütün ölkədə yarasa yeyən yeganə pişikdir və çox maraqlıdır, görəsən, bu yarasaları haradan tapır? Sonra atam əlavə etdi ki, yarasaların xeyri var – mığmığaları məhv edir. Bu ziyankar pişik isə yarasalardan əl çəkmir, ancaq nədənsə siçanlara heç baş qoşmur.
Doğrudan da, bu pişiyin evdəki siçanlarla işi yox idi. Nənəmə məsləhət görmüşdük ki, bir neçə gün pişiyi yedizdirməsin, onda, bəlkə, ac qalıb siçan tutar.
Amma nənəm razı olmadı, dedi, bu hiyləgər pişik ac qalsa, qonşulara oğurluğa gedib bizi el-aləm içində biabır edər.
Əslində, doğrudan da, çoxbilmiş pişikdir. Hər səhər bizimlə balıq tutmağa gedir. Qayanın bir tərəfində oturub gözləyir, elə ki balıq tutduq, bizə yaxınlaşır. qarmağa balaca balıq düşəndə ona veririk.
Ancaq bəzən səhərlər bizimlə gəlmir. Elə günlərdə tilova heç nə düşmür. Nənəm deyir ki, hətta dilsiz-ağızsız heyvan da başa düşür ki, belə havada heç nə tutmaq olmaz. Timkanın qardaşı bizə pişik instinktinin qəribəliklərindən danışıb.
Beləliklə, pişik gözümüzün qabağında bu bədbəxt yarasını yeyib qurtardı, yarasanın bircə sərt caynaqları qaldı. Bizi isə maraq bürümüşdü, axı o bu yarasaları haradan tuturdu?
Axşamlar bağa bir-iki yarasa uçub gəlir və gecəyarıya qədər mığmığa qovalayır. Ancaq bu vaxt pişik onlara heç məhəl qoymur. Pişiyimiz belədir, dünya da dağılsa, yarasaya görə özünə əziyyət verməz, ancaq gündüzlər haradansa yarasa tutub gətirir. Onu güdmək qərarına gəldik.
Ertəsi gün əsl balıq tutmalı hava olsa da, heç yerə getmədik. Göyün üzü tutqun idi, dənizdən zəif meh əsirdi. Belə havada yaxşı balıq olur. Pişik evin ətrafında veyllənir, heyrətlə bizə baxırdı. Yəqin, balıq tutmaq üçün belə bir gözəl fürsəti əldən verməyimizin səbəbini anlaya bilmirdi. Hətta bir neçə dəfə tilovları yerindən tərpədib aşırtdı. Sonra bundan bezdi və evdən uzaqlaşıb Timkagilin bağına tərəf getdi. Biz də onun dalınca xəlvətcə getdik. Pişik üzümlüyün arası ilə gedir və müştəri gözü ilə tənəklərə baxırdı. Timka ilə mən onun arxasınca gedirdik. Birdən tənəklərdən birinin yanında dayandı və tam yetişmiş salxımlardan birini dişləyib dadına baxdı, sonra yoluna davam etdi. Pişiyimiz hərdən üzüm və əncir yeməyi xoşlayır. Sonra bağın qurtaracağında yüksələn qayalığa tərəf getdi. Elə bil kimsə bu qayaları necə gəldi ətrafa səpələmişdi, dənizin dalğalı, yoxsa sakit olduğunu bilmək üçün bu qayalara dırmaşıb baxırdıq. Pişik qayaların ətrafına dolandı və birdən iki qaya arasındakı dəlikdə gözdən itdi. Bu dəliyi genişləndirmək fikrinə düşdük, kiçik daşları təmizlədik və dəliyi genişləndirib, əvvəlcə mən, sonra da Timka içəri girdik.
Zülmət qaranlıq bir yerə düşmüşdük, ehtiyatla irəliyə doğru bir neçə addım atdıq. Ayağımız altındakı torpaq sərt və hamar idi. Tədricən gözlərimiz qaranlığa alışdı, amma boz divardan başqa heç nə görmək olmurdu.
Bu vaxt Timka geri dönüb bayıra çıxdı və evdən fənər gətirməyə getdi. Fənəri yandıranda kiçik bir mağarada olduğumuzu gördük. Bu mağara qayaların arasında idi, tavanda, qayaların birləşdiyi yerdə qara topalar asılıb qalmışdı. Pişiyimizi görən kimi bunların yarasalar olduğunu anladıq. O, divarın dibi ilə asta-asta addımlayırdı, sonra cəld pəncəsini ataraq yarasalardan birini vurub yerə saldı və sonra bir göz qırpımında özünü həmin yarasanın üstünə atdı.
Pişiyi qovduqdan sonra mağaranı gəzməyə başladıq. Özümüzə mağara tapdığımız üçün sevinirdik. Qərara aldıq ki, bu barədə Timkanın qardaşından başqa heç kəsə deməyək.
Artıq pişiyi bu mağaraya buraxmayacaqdıq, mağarada hərbi düşərgə kimi bir yer düzəltmək fikrində idik. Hələlik bunu sonraya saxladıq, indi isə bütün balıqçı əşyalarımızı gətirib burada saxlamaq istəyirdik. Bu, çox maraqlı idi.
Mağaranı diqqətlə yoxladıq və onu axıra qədər gəzdik. Timka qabaqda gedirdi, birdən qorxub çığırdı. Tez özümü ona yetirdim və qəflətən ayağımın nəsə soyuq bir mayeyə batdığını hiss etdim.
Fənərin işığını aşağıya tutdum. Timka ilə mən qara rəngli gölməçənin ortasında dayanmışdıq. Bu gölməçə qayanın altına qədər gedib orada itirdi. Timka barmağını həmin qara mayeyə batırıb iylədikdən sonra bunun neft olduğunu anladı.
– Əsl neftdir! – Timka həyəcanla dedi.
Timka haqlı idi, axı valideynləri geoloq idi və belə şeylərdən başı çıxırdı.
Mağaradan çıxdıq, evin qarşısında oturub ayaqlarımızı ağ neftlə təmizləməyə başladıq. Bu zaman Timka neftdən alınan məhsulları sadalayırdı. Onun sözlərinə görə, neftdən aviasiya benzinindən tutmuş plastmasa, raket yanacağına qədər hər şey almaq mümkün idi.
Neft yatağı tapdığımız üçün çox sevinir, məktəbdə bu xəbəri eşidənlərin necə heyrətlənəcəyini təsəvvür edirdik. Deyirdik ki, tezliklə burada neft mədəni açılacaq…
Birdən bir-birimizə baxdıq. Beləcə, bir müddət sakit dayandıq. Burada buruqlar ucalacağını, çənlər quraşdırılacağını təsəvvür etməyə çalışdım. Başqa mədənlərdə necə idisə, burada da elə olacaqdı: hər tərəfdə neft gölməçələri, borular olacaqdı, yad adamlar axışıb gələcək, bağımızdan əsər-əlamət qalmayacaqdı.
Bütün bunları təsəvvür etdikcə kədərləndim, qəhər məni boğdu. Təəssüf hissi keçirirdim. Bizim bağımız kənddəki ən yaxşı bağ idi və indi ona heyfim gəlirdi. Fikirləşdim ki, əgər bu lənətə gəlmiş mağaranın girişini bağlasaq, o zaman heç kəs bağımızda neft olduğundan xəbər tutmaz. Fikrimi Timkaya bildirdim. Timka bu təklifə çox sevindi və mənimlə razılaşdı.
– Onsuz da, – Timka əlavə etdi, – Azərbaycanda nə qədər istəsən, neft var, bağımızdakı nefti çıxarmasalar da, olar.
Sonra neft yataqlarının necə çətinliklə tapıldığını xatırladıq. İnsanlar dənizin ortasında neft mədəni tikib, həyat üçün təhlükəli şəraitdə dənizin dibindən neft çıxarırlar. Hətta köhnə quyulardakı neft qurtarsa belə, oradan su çəkirlər ki, heç olmasa, yenə bir şey əldə edə bilsinlər. Elə Timkanın valideynləri də neft tapmaq üçün uzaqlara gedirdi.
Hər şeyi fikirləşdik, ancaq nə olursa olsun, bağa heyfimiz gəlirdi. Buna görə də qəti qərara gələ bilmirdik.
Axşam atam gəldi. Niyə bikef olduğumuzu xəbər aldı, dedi ki, sabah bazar günü olduğundan tülkü ovlamağa gedəcəyik. Hərəmizə bir dəfə atəş açmağa icazə verəcək.
Atamdan soruşduq, əgər bu bağı bizdən alsalar, əvəzinə başqa bağ yeri verərlər? Atam dedi ki, eşitdiyinə görə, Bakı ətrafında olan bütün bağ sahələri paylanıb və daha boş yer qalmayıb. Sonra o, diqqətlə bizə baxdı: “Nəyə görə bağı bizdən almalıdırlar?” – soruşdu.
Biz hər şeyi açıb ona danışdıq. Sözümüzü bitirdik, atam isə bizə baxıb susurdu. Dedik ki, onun məsləhətinə ehtiyacımız var, başa salsın, görək nə etməliyik. Atam dedi ki, bizə məsləhət verə bilməyəcək, amma onun üçün maraqlıdır, biz özümüz bu barədə nə fikirləşirik. Sonra yenə susub, diqqətlə Timka ilə mənə baxdı.
Timka ilə bir yerdə fikirləşirdik. Nə olursa olsun, neft bağımızdan vacib idi, onu gizlətməməli idik. Qəti qərar verdik, ancaq bağa görə çox təəssüflənirdik. Atamdan neft tapmağımız barədə hara xəbər verəcəyimizi öyrəndik.
O bunu eşidəndə çox sevindi. İkimizi də qucaqlayıb dedi ki, bağ da, neft də boş şeydir. Əsas odur ki, biz vicdanlı adamlar kimi böyümüşük. O dedi ki, əsas budur. Sonra yenə nəsə anlaşılmaz sözlər dedi və müraciət edəcəyimiz yerin ünvanını verdi.
Atamdan bizimlə gəlməyini xahiş etdik, amma o razılaşmadı. Dedi ki, buna haqqı çatmır, çünki neft yatağını o yox, biz tapmışıq. Sonra bir kağızda nəsə qeyd edib bizə verdi, dediyinə görə, balaca olduğumuz üçün sözlərimizə inanmaya bilərdilər.
Atam bizi şəhərə apardı və hara getməyi başa saldı. Bu idarə “Azneft” adlanırdı.
Yolüstü Timkanın qardaşının imtahan verdiyi instituta baş çəkməyə qərar verdik. Timkanın qardaşı imtahana görə çox həyəcan keçirirdi. Elə narahat idi ki, bizi diqqətlə dinləmirdi, ancaq hərəkətimizi təriflədi, dedi, o özü də belə edərdi. Ayrılarkən yenə imtahana görə qorxduğunu söylədi, amma bu onun köhnə adəti idi.
Trolleybusla “Azneft”ə gəldik və qapıçıdan bu idarədə neft məsələləri ilə məşğul olan ən böyük adamın kim olduğunu xəbər aldıq. O bizə üçüncü mərtəbəyə qalxmağı söylədi və otağın nömrəsini dedi.
Böyük müdirin qəbul otağında katibə oturmuşdu. Bizdən nə məqsədlə gəldiyimizi xəbər aldı və əlavə etdi ki, bu gün qəbul günü deyil.
Dedik ki, biz qəbula yox, dövlət əhəmiyyətli məsələ ilə bağlı gəlmişik. Atam öyrətmişdi ki, belə deyək.
Bu zaman o, çiynini çəkib kabinetə girdi, sonra geri qayıdıb bizi içəri dəvət etdi.
Heç vaxt belə böyük kabinet görməmişdim. Bura məktəbimizin direktorunun kabinetindən on dəfə böyük idi və bu boyda kabinetdə cəmi bir adam oturmuşdu! O bizə oturmağı təklif etdi və gəlməyimizin səbəbini soruşdu. Sonra biz hər şeyi ətraflı danışdıq, o isə diqqətlə qulaq asdı.
Sonra katibəni çağırıb ona bizim üçün çay və şirniyyat gətirməyi tapşırdı. Artıq katibə bizə baxanda gülümsəyirdi, bir qədər əvvəl qəbul otağında danışdığı tonla danışmırdı və bu bizə qəribə görünürdü. Çay içmədik, çünki çox isti idi. Böyüklər deyir ki, istidə çay içəndə adam sərinləyir, ancaq, deyəsən, təkcə böyüklər yayda çay içib sərinləyə bilir, mənsə, əksinə, çay içən kimi tərləyirəm.
Oturub neft məsələləri üzrə ən böyük adamla söhbət edirdik, məlum oldu ki, o da balıq ovu həvəskarıdır.
Ayrılarkən əlimizi sıxdı, dedi, nə qədər ki bizim kimi uşaqlar var, hər şey yaxşı olacaq. Bağın ünvanını qeyd etdi, söz verdi ki, sabah neftçiləri ora göndərəcək.
Səhər bağa iki nəfər neft mühəndisi gəldi. Mağaramızda xeyli ora-bura baxdılar və üst-başlarını bulaşdırdılar.
Dedilər ki, bu, neft yatağı deyil, tamamilə başqa şeydir. Sən demə, bağımızın yaxınlığından yeraltı neft kəməri keçir və həmin boru partlayıb, elə buna görə də bağımızda neft peyda olub. Dedilər, düz iki aydır, neft kəmərində sızma olan yeri axtarırlar, amma tapa bilmirlər. Buna görə xeyli neft itkisi olub. Bizi təriflədilər, dedilər ki, onlara böyük köməyimiz dəyib.
Nənə onları qızardılmış balığa və təzə üzümə qonaq etdi, o da bizi xeyli təriflədi. Nənəm adam tərifləyən deyildi, belə xoşbəxtlik çox nadir hallarda qismət olur.
Ertəsi gün fəhlələr gəlib neft kəmərini təmir etdilər, sonra Timkanın qardaşı gəlib çıxdı və bütün günü bizi lağa qoydu. Dedi ki, bizim xəyalpərəstliyimiz çox gülməlidir, özümüzdən boş-boş şeylər uydurub neft yatağı tapdığımıza inanmışıq. Dedi ki, adamlar yalnız institut bitirdikdən sonra bu cür ciddi işlərlə məşğul ola bilirlər. Sonra əlavə etdi ki, bax o, yəni Timkanın qardaşı institutu bitirəndən sonra ən böyük neft yatağını tapacaq.
Onu dinləyirdik, bu sözlər bizi qətiyyən qıcıqlandırmırdı, heç səbəbini də bilmirdik, amma kefimiz kök idi.
Bu gün tülkü ovuna gedəcəyik. Bəlkə, heç tülkü vura bilmədik, ancaq Timka ilə mən hərəmiz bir güllə atacağıq. Bu, dəqiqdir – axı atam söz verib!
İndi isə başımız pişiyi yemləməyə qarışıb. Düzdür, o, tənbəlin biridir, siçan tutmaq istəmir, ancaq nə olursa olsun, bizim yaxşı pişiyimiz var.