Введите слова для поиска

Yalan ayaq tutar, amma yeri̇məz

Maqsud İBRAHİMBƏYOV

Milli Məclisin deputatı,

Azərbaycanın xalq yazıçısı

Bu ilin əvvəlində AŞPA-nın nümayəndəsi Yevgeniya Jivkova Bakıya gəlmişdi. ATƏT nümayəndələrinin Bakıya səfərləri fonunda onun bu gəlişi bizim ictimaiyyətə bir qədər qeyri-adi təsir bağışladı. ATƏT-in nümayəndəsi xanım Jivkovanın zövqlə geyinməsi, xoş rəftarı, ağıllı bir qadın olması hamını təəccübləndirdi. Mənə elə gəlir ki, AŞPA-nın fəaliyyətində nasazlıq yaranmış və Jivkova Bakıya gəlməzdən əvvəl onu zombiləşdirməyə macal tapmamışdılar. Məhz buna görə də ATƏT-in bizə tanış olan nümayəndələrindən fərqli olaraq, Jivkova əvvəlcədən hazırlanmış demaqoji bloklarla danışmır, açıq çıxışlarında həqiqətən demokratik əqidələrə əsaslanan maraqlı fikirlər söyləyirdi.

Bunlar ona görə təəccüblü görünürdü ki, Jivkovanın davranış tərzi, hadisələrə təzə mövqedən yanaşması, öz mühakimələrində sağlam düşüncəyə əsaslanması ATƏT nümayəndələrinin Bakıya əvvəlki səfərlərində gördüklərimiz və eşitdiklərimizlə kəskin təzad təşkil edirdi. Vaxt ötdükcə, bakılıların şüurunda ATƏT-in buraya göndərdiyi insanların orta bir obrazı – ömrünün çiçəklənmə dövrünü yaşayan, guya “Versace” firmasında buraxılmış, əslində isə harada istehsal edilməsi məlum olmayan pirat qalstuku taxmış, siqaret çəkməyən, daxilən antiislamist və antisemit olduğunu gizlətməyə çalışan, lakin bu cəhətləri aşkar hiss edilən, yalançı liberal-demokrat leksikasından sui-istifadə edən cazibəli gey obrazı yaranmışdır. Bu insanlar hər dəfə Bakıya gələndən az sonra açıq bəyanatlar verməyə başlayan kimi, onların intellektinin və tərbiyəsinin spesifik xüsusiyyətləri üzə çıxır və bunu müşahidə edənlər mat qalır. Məsələn, onlar heç bir dəlil gətirmədən bəyan edirlər ki, Azərbaycanda söz azadlığı yoxdur. Özü də bu bəyanatlar elə ahənglə səslənir ki, sanki qarşındakı demokratiyanın növünü və keyfiyyətini müəyyən edən baş nəzarətçidir. Həyasızcasına yalan danışmaq və böhtan atmaq heç kəsə başucalığı gətirmir, lakin bu cür söhbətlər rəsmi şəxsin dilindən, özü də onun suveren ölkədə olduğu vaxt səslənirsə, bu, birmənalı olaraq yolverilməz və təhqiramiz davranış kimi qiymətləndirilməlidir. Səbəbini başa düşmək çətindir, lakin artıq neçənci dəfədir ki, bu cür xuliqanlıq edən diplomatlar cəzasız qalır. Ən dəhşətlisi isə odur ki, deyəsən, biz bu biabırçılığa adət etməyə başlayırıq.