Введите слова для поиска

“Cəhənnəmə sərinlik gəldi” kitabı

“Cəhənnəmə sərinlik gəldi” kitabı

“Cəhənnəmə sərinlik gəldi” kitabı

Azərbaycan və türk xalqları soy-kökü, tarix və mentaliteti ilə nə qədər bir-birinə yaxın olsalar da, bir-birinə doğru uzanan kökləri və mənəvi telləri mümkün qədər çox öyrənməli və bir-birini daha yaxından tanımalıdırlar. Bu tanımada ədəbiyyat əsas rol oynayır. Rusca yazmasına baxmayaraq, milli yazıçı olan Maqsud İbrahimbəyovun əsərləri bu mənada çox böyük rol oynayır. Ona görə də bu gün onun kitablarının təqdimat mərasimini əhəmiyyətli və əlamətdar hadisə hesab edirəm.

AZƏRTAC xəbər verir ki, bu sözləri Xalq yazıçısı Elçin martın 15-də Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda keçirilən Azərbaycanın Xalq yazıçısı Maqsud İbrahimbəyovun Türkiyədə çap olunmuş “Cəhənnəmə sərinlik gəldi” kitabının, eləcə də Azərbaycan, rus, ingilis dillərində çap olunmuş “ Ondan yaxşı qardaş yox idi” kitablarının təqdimat mərasimində söyləyib.

O, iki qardaş xalq arasında olan bu ədəbi əlaqələrin daha da genişlənməsi zərurətindən də bəhs edib.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva təqdimat mərasiminə təşrif gətirən fondun üzv dövlətlərinin səfirlərini və qonaqları salamladıqdan sonra məşhur “60-cı lar nəsli”nin görkəmli nümayəndəsi olan Maqsud İbrahimbəyovun yaradıcılığı, bədii və ekran əsərləri haqqında məlumat verib, yazıçının yeni çap olunan əsərlərinin onun irsini bir az da zənginləşdirəcəyini bildirib.

Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral çıxış edərək sovet dönəminin bu iki qardaş xalq arasında xeyli ayrılıqlara səbəb olduğunu qeyd edib: “Sovet gerçəkliyini öyrənmək baxımından Maqsud İbrahimbəyovun bu əsərinin Türkiyədə nəşri çox böyük əhəmiyyət daşıyır. Belə əsərlərlə tanışlıq bizi ayrı salan zamanı, həmin dövrün gerçəkliklərini öyrənmək baxımından da gərəklidir”.

“Dünya ədəbiyyatı” dərgisinin baş redaktoru Səlim Babullaoğlu “allahsızlıq dövrü”nün mənzərəsini təsəvvür etmək üçün yazıçının yeni çap olunan əsərini oxumağın vacibliyini diqqətə çatdırıb: “Həmin dövrü dərk etmək üçün Elçinin “Ölüm hökmü” əsəri ilə yanaşı, həm də Maqsud İbrahimbəyovun “Cəhənnəmə sərinlik gəldi” əsərini də oxumaq lazımdır. Məhz bu əsərlər sovet dövrünün çətinliklərini bütün qabarıqlığı ilə oxucuya çatdırır”.

Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov yazıçı dostunun yaradıcılıq məziyyətləri və sənətkarlıq xüsusiyyətlərindən bəhs edib.

Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzinin direktoru Anna İbrahimbəyova həyat yoldaşının yaradıcılığına verilən dəyər üçün təşəkkürünü bildirib, nəşr olunan kitabların müəllifə yeni oxucu auditoriyası qazandıracağına inandığını söyləyib.

Təqdimat mərasimində Əməkdar artist Elşən Rüstəmov və aktyor Oleq Əmirbəyovun ifasında Maqsud İbrahimbəyovun əsərlərindən ibarət bədii kompozisiyalar təqdim edilib.© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır