Введите слова для поиска

Düşünməyə dəyər

Başa çatmaqda olan iyirminci yüzildə Azərbaycan öz tarixi inkişaf yolunu iki dəfə çox sərt surətdə dəyişməli olmuşdur; özü də nə az, nə çox – birdən birə 180 dərəcə. Bu dönüşlərin nə kimi çətinliklərlə, hansı mürəkkəb hadisələrlə müşayiət olunması tarix dərsliklərindən bəllidir, lakin bir məsələni xüsusilə diqqətə çatdırmaq istərdim ki, bir-birinə daban-dabana zidd olan bu iki tarixi dönüş nəticəsində millətimizin elitası, ən seçmə adamları tamamilə məhv edilmişdir. Və bu da məlum bir həqiqətdir ki, dünyada heç bir ölkə elitasız nəinki inkişaf edə bilməz, heç uzun müddət mövcud ola bilməz.

Təbii olaraq belə bir sual ortaya çıxır: məgər bu bəla yalnız Azərbaycanınmı başına gəlmişdir? Bəs o biri dövlətlər?

Əksər dövlətlərdə, xüsusən elitası inkişaf etmiş ölkə-lərdə hər şey qaydasındadır. Bu dövlətlərdə əsrlər boyunca onu əzizləyiblər, onun qayğısına qalıblar. Həmin dövlətlərin yaşarılığının, tərəqqisinin rəhni də elə budur. Bu, həm də genetik əsası olan insanların zəkasından, onların əzmkarlı-ğından və mənəvi-əxlaqi keyfiyyətlərindən yoğrul-muş çox möhkəm bir müdafiə qatıdır, zirehidir. Və zaman-zaman kütlələrin içindən külçə halında çıxmış ayrı-ayrı çox istedadlı və qabiliyyətli adamlar bu zirehi daha artıq möhkəmləndirir, onu zənginləşdirir və bəzəyir.