Yaz gələndən bəri şayiələr dolaşmaq-dadır ki, Azərbaycanda inqilab olacaq. Özü də xəyalpərəst bədxahlar bu şayiələri internet və kütləvi informasiya vasitələri ilə heç də bizim rifahımız naminə yaymırlar. Bütün bunlar psixoloji hazırlığı xatırladır – yəni, cənablar, yavaş-yavaş belə bir fikrə alışın ki, xalq inqilabı labüddür və buna görə də müqavimət göstərmək əbəsdir. Normal insanlar inqilabdan, daha doğrusu, qiyamdan və dövlət çevrilişindən həqiqətən qorxur və belə hesab edirlər ki, bizdə də elə hadisələr baş verə bilər ki, nəticədə, bundan öncə təcrübə meydanına çevrilmiş üç respublikada olduğu kimi Azərbaycanda da idarə olunan hərcmərclik yaranar.
Marağı olan şəxslərin «inqilab» yaratması üçün bir-biri ilə qarşılıqlı əlaqədə olan ən azı bir neçə amil zəruridir: tənəzzülə uğramış iqtisadiyyat, başdan-başa narazı əhali, güclü lider ətrafında qeyd-şərtsiz birləşmiş müxalifət və zəif dövlət hakimiyyəti. Bu dörd şərtdən heç biri bizdə yoxdur. İqtisadiyyatın yüksəlişi davam etməkdədir və indi elə bir səviyyəyə çatmışdır ki, onun sayəsində həyat səviyyəsinin nəzərə çarpacaq dərəcədə yaxşılaşmasından danışmaq olar. Özü də hələ böyük neft yalnız cari ilin payızından ixrac edilməyə başlanacaqdır. Axı adamların əksəriyyəti qətiyyən səfeh deyil, onlar özlərinin həyat səviyyəsinin daimi yaxşılaşma meylini artıq çoxdan sezmişlər və buna görə də Gürcüstanda, Ukraynada və Qırğızıstandakına bənzər «demokratik» kataklizmlərin heç də həsrətində deyillər. Heç kim istəmir ki, çörək növbəsində dayansın, qaranlıq, soyuq evdə otursun və hava qaralandan sonra qorxudan küçəyə çıxa bilməsin. «Demokratların» hakimiyyəti hələ adamların yadından çıxmayıb, buna görə də, sağlam düşüncə nöqteyi-nəzərindən Azərbaycanda çəhrayı, narıncı, yaxud da boz inqilab etməyin nə mənası var, nə də – ən başlıcası – bunun üçün imkan. Düzdür, bizdə müxalifət var. Lakin aydın, inandırıcı proqramı olmayan müxalifətdən nə fayda.