Maqsud İbrahimbəyov
ƏLVİDA “MİLEDİ”
Tərcüməçi: Əyyub Qiyas
Bu yay “Üç muşketyor”u oxuduq. Açığını deyim, belə bir kitabın mövcudluğundan çox gec xəbər tutmuşduq. Əvvəlcə “Bakkommuna” kinoteatrında filmini göstərdilər və küçəmizdə hər kəs “var-var-var-var-vara” oxuya-oxuya gəzirdi. Hələ indi də “var-var-var-var-vara”nın mənasını bilmirəm, ancaq o vaxt hər kəs D´Artanyanın möhtəşəm mahnısını oxuyurdu və bu, çox gözəl alınırdı, üstəlik, xorla oxuyanda adama lap ləzzət edirdi. Sonra Cəbrayıl əmi gəlib dedi ki, belə bir kitab var – “Üç muşketyor” və onu fransız yazıçısı Düma yazıb.
Cəbrayıl əmi Fransa ilə bağlı bu və digər məsələlərin hamısından xəbərdardır, çünki Parisdə toxuculuq institutunu bitirib. Üstündən uzun illər ötməsinə baxmayaraq, valideynlərimiz və tanışlarımız hələ də elə güman edir ki, Cəbrayıl əmi fransızca mükəmməl danışır. Bəlkə də, həqiqətən, belə idi, ancaq mən o vaxt onun dilindən yeganə fransız sözü eşitmişdim: “Silyans”. “Silyans” “susqunluq” deməkdir. Kimsə Cəbrayıl əminin sözünü kəsəndə o, həmişə “silyans” deyirdi və sonra hər şey yenə öz qaydası ilə, amma bircə kəlmə fransız sözü işlənmədən davam edirdi.
Həm də onun məhəllədə fransızca danışa biləcəyi bir adam yox idi.
Читать далееCəbrayıl əmini tez-tez ad gününə dəvət edirdilər, o da məclisə gələndə ad günü keçirilən adamın cinsindən, yaşından asılı olmayaraq həmişə hədiyyə kimi idman şalvarı, mayka, idman ayaqqabısı gətirərdi.
Məsələ ondadır ki, Cəbrayıl əmi özünü peşəkar idman ustası hesab edirdi, çünki Bədən Tərbiyəsi İnstitutunda dərs deyirdi. İndiyə qədər bilmirəm, o həmin institutda nədən dərs deyib, ancaq bütün mümkün vasitələrdən istifadə edərək idmanın təbliği ilə məşğul olurdu.
Biz o vaxtlar ancaq ya boksçu, ya da futbolçu olmağı arzulayırdıq. Amma bu, Cəbrayıl əmi köhnə üzlü kitabı gətirib: “Film, demək olar ki, bu kitab əsasında çəkilib, amma, əlbəttə, kitabla filmi müqayisə etmək olmaz”, – deyənə qədər belə idi. Əvvəl elə bildik, filmdən daha çox xoşu gəlib, ancaq sonra başa düşdük ki, əksinədir, odur ki, vaxt itirmədən kitabı oxumağa başladıq. Əvvəlcə onu bərkdən oxuduq, sonra növbə ilə özümüz üçün təkrar oxuyub qurtardıq. Biz o kitabı çox sürətlə oxuduq və o vaxtdan bəri həmişə bu kitabı ilk dəfə oxuyan adamlara həsəd aparırıq.
Daha heç kəs təyyarəçi, yanğınsöndürən, ya da boksçu olmaq istəmirdi. O gündən sonra evimizin damında bircə dənə də olsa, əzik-üzük çərpələng uçmadı. Hamı muşketyor olmuşdu. Tapançalı, qılınclı, başındakı şlyapanı tovuz quşu lələyi ilə bəzəmiş adi muşketyorlar. Daha doğrusu, bu lələklər şlyapalarımızın üstündə tovuz quşu lələyinə çevrilirdi, buna qədər isə onlar Diləfruz xalanın hinduşkalarının quyruğunu bəzəyirdi.
Hər təzə muşketyorun şlyapasının hazırlanması tükürpərdici çığırtılarla müşahidə olunurdu, kənardan baxan elə bilərdi ki, bu lələkləri Diləfruz xalanın özündən, ya da əzizlərindən qoparırlar. O bizə və nə üçünsə valideynlərimizə də qarğış yağdırırdı. Bu məsələdə əsas vəzifə isə Allahın üzərinə düşürdü. Məsələ ondadır ki, Diləfruz xala inanclı qadındır. O vaxta qədər onun kimi imanlı adam görməmişdim. O, əmin idi ki, Allah var. Bu qadın Allaha gözüyumulu inanırdı və bu səbəbdən istənilən məişət problemini ona qarşı yönəlmiş hücum kimi başa düşürdü. Onun Allahla münasibəti qarşılıqlı anlaşma və bərabərlik şəraitində idi. Özünə azacıq diqqət və hörmət tələb edirdi, bundan artığını istəmirdi. Yalnız Allah onun bu şərtlərini qəbul etdiyi təqdirdə Diləfruz xala ona bütün dövrlərin və xalqların ən möhtəşəm Allahı kimi inam bəsləyirdi.
Yox, əgər Allahın başı başqalarına qarışardısa, Diləfruz xalanın təbirincə desək, işi-gücü çox olduğu üçün müvəqqəti olaraq onu unudurdusa və bu zaman Diləfruz xalanın planlarına, zövqünə uyğun olmayan işlər baş verirdisə, o zaman… o zaman bu qadın həyətimizin ortasına çıxırdı. Əllərini göyə qaldırıb çığırmağa başlayır, dünən inandığı Allah və onun əshabələri haqqında fikirlərini döşəyirdi. O elə şeylər deyirdi ki, yayın cırhacırına baxmayaraq, bütün mənzillərin qapı-pəncərəsi tələm-tələsik bağlanırdı, həyətdəki sakinlərin hamısı vaxt itirmədən öz evinə çəkilirdi.
Əslində, o, Allahı nahaq qınayırdı. Çünki Allah ona da, onun ailəsinə də yaxşı münasibət bəsləyirdi. Onlar həyətimizdə hamıdan varlı idilər. Diləfruzun əri mağaza müdiri işləyirdi. Yəqin, işlədiyi mağazada maaşı çox yüksək idi, çünki təkcə məhəlləmizdəki yox, elə bütün küçəmizdəki qonşularla müqayisədə çox yaxşı yaşayırdılar. Cəbrayıl əmi bizə demişdi ki, Diləfruzun əri Elmlər Akademiyası prezidentindən çox qazanır. Cəbrayıl əmi onu da deyirdi ki, Elmlər Akademiyası prezidentinin qazancı ilə heç kəsin işi yoxdur, amma nədənsə Diləfruzun ərinin qazancı ilə milis həmişə maraqlanır. Üstəlik, onu da demişdi ki, məsələ maaşda deyil, məsələ ondadır ki, nə qazanırlar, qazansınlar, Diləfruz da, onun əri də şərəfsiz adamlardır və buna görə bizim hamımıza onlarla ünsiyyəti qadağan etmişdi.
Əslində, o vaxt Diləfruz xala bizi maraqlandırmırdı – biz muşketyor oyunu oynayırdıq. Daha doğrusu, oynamırdıq, elə muşketyor idik. İndi məhəllədə heç kəs boş yerə dalaşmırdı, mütləq bir-birini duelə çağırırdı. Muşketyor olmaq yaxşı şeydir. Dünyada bundan yaxşı peşə yoxdur. O vaxt hamımız Fransa kraliçasına – Avstriyalı Annaya aşiq olmuşduq və ona görə məhəllədə bir neçə dəfə ölümcül duel baş tutmuşdu. Həyatımızda ilk dəfə idi, hamımız kraliçanı sevirdik.
Həmin gün kraliçanın şərəfinə növbəti duel baş tutacaqdı: Diləfruz xala növbəti dəfə “tovuz quşu” lələyinə görə mərəkə qaldıranda artıq 151-ci binadan olan rəqiblərimiz qılınclarını çəkmiş, sekundantlar döyüşə başlamaq işarəsi vermişdi. Əvvəldə uca, tükürpərdən qışqırığı ilə hinduşkalarının quyruğunu didənlərə o lələkləri qoparan yerlərinin qurumasını arzuladı. Sonra təsirli şəkildə gələcək şikəstlərin valideynlərinin necə hönkürüb ağlayacağını, nalə çəkəcəyini təsvir etdi. Ancaq bundan sonra növbə Allaha çatdı – günahsız, dilsiz-ağızsız quşların, yəni öz yaratdıqlarının əzab çəkdiyini, təhqir olunduğunu görüb buna əncam çəkmədiyi üçün, Diləfruz xalanın səsini eştimədiyi üçün onu məzəmmət etdi. O danışdıqca səsini daha da qaldırır, Allah isə ona cavab vermir, susurdu. Deyəsən, bizimlə haqq-hesabı sonraya, böyüməyimizə saxlamışdı.
Hinduşkalar laqeydliklə Diləfruz xalaya baxırdı, elə bil bütün bu hay-küyün onlara dəxli yox idi. Elə biz də susurduq. Bu hinduşkalar pis yaşamırdı, hətta lap yaxşı yaşayırdı, hörmətli adamlar kimi onların qayğısına qalırdılar. Onların qayğısına qalırdılar ki, bir gün boğazlarını üzüb ətlərindən şorba bişirsinlər. Hər gün Diləfruz xalanın evinə kefin istəyən qədər təzə ət və quş əti gəlirdi və hinduşkaların kəsilməyindən söhbət gedə bilməzdi. Odur ki, Diləfruz xala bu hinduşkaları elə-belə, zövq üçün saxlayırdı. Başqaları akvariumda balıq, qəfəsdə bülbül, ya da elə tutuquşu saxlayır, bu da eynilə onlar kimi hinduşka saxlayırdı. Doğrusu, həyətdə bu hinduşkaların iy-qoxusundan, başlarına yığışan milçəklərin əlindən tərpənmək olmurdu, amma kimin hünəri vardı, Diləfruz xanıma bu iy-qoxudan, milçəklərdən şikayət etməyə…
Həyətimizdə elə bir adam tanımırdım. Bəli… Demək, belə… Diləfruz xanım səsini başına atıb qışqırır, biz də dayanıb onun bu havayı konserti nə vaxt bitirəcəyini gözləyirdik. Birdən o, səsini kəsdi. O dəqiqə həyətə sakitlik çökdü və bu sakitlikdə qəribə marçıltı səsləri eşitdik – Diləfruz xanım bir qədər əvvəl bağdan qayıdan qızını öpürdü. Diləfruz xanımın qızının adı Səidə idi. O, anasının qollarının arasında sivişib, saçındakı bantları səliqəyə salmağa başladı.
– Saçımı dağıtdın! – nazik səslə anasına dedi.
Diləfruz xanım şəfqət dolu gözlərini ona dikmişdi. Biz dayanıb baxır, Səidəni tanıya bilmirdik.
Ay yarım keçmişdi, vaxtın necə keçdiyini unutmuşduq və bu müddətə Səidə əməlli-başlı dəyişmişdi. Gözəlləşmişdi. Çox gözəl olmuşdu! Az qala Səidənin gözəlliyi, qaralması hamının gözünə girirdi. Biz sakitcə dayanıb ona baxırdıq. O da susurdu.
– Sən onlarla oynama! – Diləfruz xanım dedi. – Onlar axmaq uşaqlardır, bizim hinduşkaları incidirlər.
– Oynayacağam! – Səidə dodaqlarını büzüb ca-vab verdi.
Onlar evə getdilər, bizsə onların arxasınca baxıb fikirləşdik: Səidə necə qəşəngləşib. Hamımız eyni vaxtda bu barədə fikirləşdik, bir neçə saat dayanmadan fikirləşdik və həmin günün axşamı hamımız ona aşiq olduq. Hətta Diləfruz xanıma olan münasibətimiz də bir qədər dəyişdi, yaxşılaşdı, daha heç kəs onun hinduşkalarının lələyini qopartmaq barədə düşünmürdü. Tovuz quşu lələyi qıtlığından təzələri muşketyorluğa qəbul etmirdik, onlar sadəcə qvardiyaçılar olurdu.
Hamımız bir yerdə oturub Səidəyə məktub yazdıq və həmin məktubda hamımız onu necə sevdiyimizi qeyd etdik. Biz onu, doğrudan da, çox sevirdik. Sanki D´Artanyanın sevgilisi Konstansiya Bonasye ilə tən ortadan bölünmüş alma kimi idi. Deyəsən, bütün bunlar Səidənin xoşuna gəlirdi və hətta bir az lovğalanırdı da. İndi o, səhərdən axşama qədər bizimlə oynayırdı. İndi o, xanım Bonasye idi və biz hər gün onun sevgisini qazanmaq uğrunda vuruşur, evimizin kandarında ölürdük. Diləfruz xanımla da aramız düzəlmişdi, bizimlə yaxşı rəftar edirdi, daha əvvəlki kimi hay-küy salmırdı.
Cəbrayıl əminin Tiflisdən qayıtdığı axşamı yaxşı xatırlayıram. Orada üç respublika arasında yarış keçirilmişdi. Oturub yarışlardan, bacarıqlı disk atan Nino Dumbadzedən, iki nəfər hündürlüyə tullanan Xandadaş və Baldadaş Mədətovlardan ağız dolusu danışırdı. Cəbrayıl əmi dedi ki, bizdən kiminsə gələcəkdə dünya çempionu, ya da dünya rekordçusu olacağına əmindir. İndiyə qədər bir şeyə sevinirəm ki, nə yaxşı, Cəbrayıl əmi o vaxt bizim gələcəyimizlə bağlı yanıldığını bilmədi. Dedi ki, idman alicənab adamların məşğuliyyətidir, elə təzəcə biz yaşda uşaqların siqaret çəkməyinin ziyanından danışmağa hazırlaşırdı ki, Səidə gəlib çıxdı. Deyəsən, Cəbrayıl əmi də o dəqiqə Səidənin gözəlləşdiyini və Konstansiya Bonasyeyə oxşadığını hiss etdi. Səidəyə dedik:
– Bu, Cəbrayıl əmidir.
Cəbrayıl əmi də öz növbəsində xeyli fransız sözü işlədərək dedi:
– Le-z-ami de me-z-ami son me-z-ami…
Bunun tərcüməsi “dostlarımın dostu – mənim dostumdur” demək idi.
Sıxlaşaraq Səidə üçün pilləkəndə oturmağa yer elədik. O, Cəbrayıl əmi ilə üzbəüz oturdu və belə məlum oldu ki, o ancaq Səidə ilə danışır və bizi heç adam yerinə qoymur.
Həmişə belə olur, Səidə gələn kimi hamının başı ona qarışır. Evlərində də, hər yerdə də Səidə diqqət mərkəzindədir. Amma bu bizim ürəyimizdən idi, çünki o vaxt hamımız ona aşiq olmuşduq…
Oturub Cəbrayıl əmini dinləyirdik. Küçədən qəfil əyləc və çığırtı səsləri gələndə o, çox maraqlı şeylər danışırdı. Hamımız küçəyə cumduq. Düz həyətimizin qabağında hərəkət istiqamətinin əksinə dayanmış maşın vardı, maşının ətrafına xeyli adam toplaşmışdı. Əlbəttə, camaatı itələyib maşına yaxınlaşdıq və yekə, qara bir itin maşının altında xırıldadığını gördük… Nə edəcəyimizi bilmirdik… Kimsə dedi ki, əzab çəkməsin deyə iti güllə ilə vurub öldürmək lazımdır.
Həmişə belə məqamlarda kimsə peyda olub heyvan əzab çəkməsin deyə onun güllə ilə vurulmasını təklif edir. Sanki həmin adam həyatında nə vaxtsa itin, pişiyin, ya da elə atın güllə ilə vurulduğunu görüb. Heç bilmirəm, bu fikir necə yaranıb…
İt maşının altında uzanıb xırıldayırdı, sonra xırıltısı kəsildi. Bu vaxt maşının böyür-başında dolaşan sürücü dedi ki, təcili işləri var və mütləq getməlidir. Sonra o, sükan arxasına keçdi, maşını işə salıb getdi, it isə küçənin ortasında qaldı. Tədricən ora toplaşan adamlar da dağılışdı, bəziləri pəncərədən baxırdı.
İti sürüyüb səkiyə apardıq, yoxsa başqa bir maşın da diqqətsizlik edib onu əzə bilərdi. Sonra fikirləşdik ki, bu iti neyləyək. Kimsə dedi ki, onu şəhərə aparıb itlər üçün xüsusi qəbiristanda dəfn edə bilər, amma bunu ona upravdom şəxsən özü deməlidir. Hamı mübahisə etməyə başladı, bilmirdik, həqiqətən elə bir xüsusi qəbiristan var, yoxsa yox. Bu vaxt it qəfildən gözlərini açdı. Biz isə artıq onun öldüyünü güman edirdik.
O bizə çox ciddi baxırdı, elə bil nəsə soruşmaq istəyirdi. Sanki küçəni keçərkən maşınla toqquşduğu andan sonra baş verənləri öyrənmək fikrində idi. Axı itlər, deyəsən, bu barədə heç nə bilmir, biləndə isə çox gec olur. Doğrudan da, adi it (deyəsən, cins it deyildi) haradan bilsin ki, saatda altmış kilometr sürətlə gələn bir neçə tonluq maşın çəkisi cəmi bir neçə kiloqram olan itlə toqquşandan sonra nə baş verir. Məncə, bunu dünyadakı itlərin heç biri bilmir. Sadəcə hiss edirlər ki, bu toqquşma yaxşı şey deyil və maşından uzaq durmağa çalışırlar, bu itin isə bəxti gətirməmişdi. O, qətiyyən zingildəyib eləmir, inildəmirdi. Fikirlifikirli bizə baxırdı.
İti götürüb həyətə gətirdik. Onu aparanda bizi dişləyəcəyindən qorxurduq, quduzluqdan yox, eləbelə, ağrıdan dişləyə bilərdi, axı onun bütün sür-sümüyü əzilmişdi. Ancaq o bizi dişləmədi, sadəcə ağır-ağır nəfəs alırdı, vəssalam.
Səidə arxadan gəlir və deyirdi ki, evdə hamımızın dərsini verəcəklər, çünki başdan-ayağa qədər qana bulaşmışdıq. İti zirzəmiyə apardıq və axşam düşənə qədər onunla məşğul olduq. Evdə, doğrudan da, abrımızı ətəyimizə bükdülər.
Səhər açılan kimi tez-tələsik zirzəmiyə cumduq, qorxurduq, birdən it ölər. İt zorla nəfəs alsa da, sağ idi. Onun yaralarına streptosid məlhəmi çəkdik, sonra birinci növbə oxuyanlar məktəbə getdi, ikinci növbə oxuyanlar isə zirzəmidə qaldı.
Dərsdən sonra 4-cü Paralel küçəsindəki baytar həkimin yanına getdik, xahiş etdik ki, itimizə baxsın. Dedilər ki, iti bura gətirmək lazımdır, ancaq bunu biz itin başına gələnləri yerli-yataqlı danışana qədər dedilər, məsələnin nə yerdə olduğunu biləndən sonra doktor Aybolitə oxşayan eynəkli bir həkim gülümsədi, balaca çamadanını götürüb bizimlə gəldi. Onu zirzəmidəki itin yanına gətirdik. Baytar iti müayinə etdi və dedi ki, onun hələ də sağ qalmasına heyrət edir. Dedi, bu itin yaşayacağına inanmır və əgər yaşasa, bu sadəcə möcüzə olacaq. O bizə dərman verdi, nə etmək lazım olduğunu başa salıb getdi. Vidalaşarkən dedi ki, əgər it bir-iki günə ölməsə, onda uşaqlardan kimsə ona xəbər versin, o gəlib yenə iti müayinə edər…
İt üç gün də yaşadı və üç gündən sonra bizdən kimsə zirzəmiyə girəndə başını qaldırıb baxır, hətta bu vaxt quyruğunu da tərpətməyə çalışırdı. Məhəllədəki qonşuların, demək olar ki, hamısı itə şorba artığı, yemək göndərirdi: it şorbadan başqa heç nə yeyə bilmirdi, çünki çənəsi möhkəm əzilmişdi. Gündə üç dəfə onun yaralarına həkimin verdiyi məlhəmi çəkirdik. Məlhəm çəkərkən çox ehtiyatlı olmağa çalışırdıq, amma buna baxmayaraq, deyəsən, onun canı ağrıyırdı, çünki bu vaxt sakitcə zingildəyir və qolunu yalayırdı.
Üçüncü gün həkim gəlib itin sağ olduğunu görəndə heyrətini gizlədə bilmədi. Bizi təriflədi və dedi ki, bundan sonra it yaşayacaq. Həkim gedəndən sonra itə ad fikirləşməyə başladıq. Müxtəlif adlar dedik, ancaq heç biri xoşumuza gəlmədi.
Səidənin də fikrini soruşduq, maraqlı idi, görəsən, o, itimizə nə ad vermək istəyirdi. Ancaq Səidə dedi ki, onun üçün fərqi yoxdur, bu itdən zəhləsi gedir, çünki çox pis iylənir və yəqin, bədənində birə də var. Bir sözlə, o bu itə nifrət edir.
Doğrudan da, itin yaralarına çəkdiyimiz məlhəmin pis iyi vardı və üstəlik, deyəsən, birəsi də vardı, ancaq burada itin heç bir günahı yox idi. Səidəyə dedik ki, bir balaca özünə gələn kimi iti çimizdirəcəyik, ancaq o susdu, çox narazı görkəmi vardı. Cəbrayıl əmi diqqətlə ona baxdı, amma bir söz demədi.
Beləliklə, itimizə bir ad tapa bilmədik. Sonra adətimiz üzrə yenə muşketyor oyunu oynamağa başladıq və yenə həmişə olduğu kimi, Səidə Konstansiya Bonasye idi, biz isə hamımız növbə ilə D´Artanyan olurduq və hər birimiz ona görə növbə ilə digərlərinə qalib gəlirdik.
Yarım ay da keçdi və it artıq gəzməyə başladı. O, zirzəmidə bir neçə addım atır, sonra yenə uzanırdı. Görünür, ya tez yorulur, ya da hələ yaraları incidirdi. Artıq ət, çörək yeyə bilirdi, hər dəfə bizi görəndə quyruğunu yellədirdi, o dəqiqə hiss edirdik ki, bizi görəndə sevinir. O, böyük, qara itdi və həyətimizdə heç kəsin belə bir iti yoxdu.
Hamımız Səidəni dilə tutduq ki, bizimlə bir yerdə zirzəmiyə ensin, ancaq nə illah etsək də, o buna razı olmadı. Orada üst-başını bulayacağından ehtiyat edirdi.
İtin hansı cinsdən olduğunu dəqiqləşdirə bilmirdik və bunu baytar həkimdən soruşmağı da unutmuşduq. Cəbrayıl əmi dedi ki, dünyada ən ağıllı itlər Nyufaundlend cinsindən olanlardır və ola bilsin, bizim itimiz də Nyufaundlenddir, amma o, yəni Cəbrayıl əmi buna şübhə edir, çünki onda olan məlumata görə, Bakıda ancaq alman ovçarkaları, doqlar və bir dənə də buldoq var, o ki qaldı Nyufaundlendə, bu barədə heç bir məlumatı yoxdur.
– Amma bunun heç bir əhəmiyyəti yox-dur, – deyərək əlavə etdi. – Çox güman ki, itimiz elə bu vaxta qədər diqqətdən kənarda qalan Nyufaundlenddir.
Əmin olmaq üçün yenə zirzəmiyə endik. Qara, yekə və ağıllı it idi. Xalis Nyufaundlend. Biz bu fikirlə razılaşdıq və hətta Cəbrayıl əmi gülümsədi.
Nəhayət, gün gəlib yetişdi və it sərbəst şəkildə, bizim köməyimiz olmadan pillələrlə qalxıb zirzəmidən çıxdı. O, həyətdə gəzir və parlaq günəş şüalarından gözlərini qıyırdı. Hamımız onun arxasınca düşüb gəzir, sevinirdik. İt yüngülcə ayağını çəkirdi və Cəbrayıl əmi bizi əmin etdi ki, onu özümüzlə çimərliyə aparsaq, bir-iki həftəyə bu da ötüb-keçəcək. O, yenə nəsə demək istəyirdi, lakin it qəflətən Diləfruz xanımın açıq qapısından evə girdi və bu vaxt Səidə dəhlizdəki masa arxasında oturub yemək yeyirdi. İt ona yaxınlaşıb ayağını yalamağa başladı, biz hamımız qapıda dayanıb itimizin Səidə ilə necə tanış olduğunu izləyirdik.
– Ana, – Səidə titrək səslə dedi, – bu iyrənc it məni yaladı!
Diləfruz xanım otaqdan çıxdı, əlində üzərində “Qafqaz” yazısı olan dəyənək vardı. Ağzımızı açıb bir söz deməyə macal tapmadıq, o, əlindəki dəyənəklə iti vurdu. İki dəfə dalbadal vurdu, ancaq çox möhkəm vurmurdu. İt evdən çıxıb zirzəmiyə tərəf getdi, Diləfruz xanım onun arxasından çığırdı, dedi, bircə bu çatmır, itlər evinə doluşsun. Onun bu həyətdə görmədiyi bir şey qalmayıb, bir bu qalmışdı, onu da gördü. Səidə də nəsə deyirdi, ancaq biz daha onları eşitmirdik, hamımız zirzəmiyə qaçmışdıq…
O axşam it öldü.
Həmin gündən sonra məhəllədə hər kəs, hətta “Üç muşketyor”u oxumayanlar belə Səidəyə “Miledi” deməyə başladı. Hətta uzun illər sonra Cəbrayıl əmi rəhmətə getdi, biz böyüyüb yekə oğlanlar olduq, “muşketyorların” böyüdüyü evi sökdülər və hərəmiz bir tərəfə dağılışdıq, amma Səidə hamı üçün “Miledi” olaraq qaldı.