Введите слова для поиска

Qonşumuz Makedon

Maqsud İbrahimbəyov

QONŞUMUZ MAKEDON

 Tərcüməçi: Əyyub Qiyas

Odur, ey, yenə tində dayanıb. İki saatdır, dayanıb. Gəlib-gedən qonşularla salamlaşır. Canfəşanlıqla salamlaşır, gözlərinə baxır. Dayanıb…

Onun burada dayanmağından yaxşı nəsə gözləməyə dəyməz. Deyə bilərsiniz ki, adam evinin tinində dayanıb, burada pis nə var? Baxır, həmin adam kimdir! Əgər tində dayanan adam Makedondursa, bundan yaxşı nəsə gözləmə. Bu, dəqiqdir.

Bəlkə, o, oleandr ləklərinin yanında dayanıb və oleandr dərmək üçün münasib vaxt gözləyir? Çətin. Makedon çiçək toplayacaq adam deyil. Çiçəklər onu maraqlandırmır. Üstəlik, oleandr dərmək kimin ağlına gələr? Mənasız işdir. Doğrudur, onlar parlaq və yüngül olur, ancaq həm də yapışqan kimidir və təzə çəkmə kimi iylənir. Yox, küçəmizdəki uşaqların heç biri oleandr dərməz, hətta üzərində “Çiçəkləri dərmək olmaz!”, ya da başqa qadağa lövhəsi asılsa belə.

Doğrudur, Şura xala deyir, tanışlarından biri oleandr dərib. Dərib və həmin gül dəstəsini bağlı otaqda, çarpayısının yanında qoyub. Səhər qapını açıblar ki, bu da sizin üçün oleandr – Şura xalanın tanışı o dünyadadır. Sən demə, oleandrın iyindən zəhərlənibmiş. Şura xala deyir ki, bu, dəhşətli bir şeydir. Məncə, əgər belə bir qəribə adam tapılırsa və oleandr dərmək fikrinə düşürsə, üstəlik, yay vaxtı onu öz bağlı yataq otağında saxlayırsa, o zaman Şura xalanın tanışı kimi zəhərlənməyi qəribə deyil. Demək, həmin adamın əcəli çatıb. Üstəlik, bir şeyə sevinmək lazımdır – yaxşı ki, həmin adam gecə otaqda tək yatıb.

Читать далее