Введите слова для поиска

“İstedArt” layihəsinin yeni mövsümünə start verilib

“İstedArt” layihəsinin yeni mövsümünə start verilib

“İstedArt” layihəsinin yeni mövsümünə start verilib

Oktyabrın 17-də “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin “İstedArt” layihəsinin yeni mövsümünə start verilib.

AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunan layihənin növbəti açılış mərasimi Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində reallaşıb.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Əsgər Ələkbərov çıxış edərək layihənin keçən ildən həyata keçirildiyini qeyd edib. Bildirib ki, məqsəd nəsildən-nəslə ötürülən sənət növlərinin qorunub-saxlanması ilə yanaşı, əqli zəifliyi olan uşaqları incəsənət növlərimiz ilə tanış etmək, onları ruhlandırmaq, gələcək peşə seçimində yardım etməkdən ibarətdir.

Ə. Ələkbərov layihədə Bakı şəhərinin 6 internat məktəbində təhsil alan və Daun sindromlu Şəxslərin Reabilitasiya Mərkəzində müalicə alan 23 istedadlı uşağın iştirak etdiyini diqqətə çatdırıb: “Uşaqlar Qoruq İdarəsinin hesabına rəssamlıq, heykəltəraşlıq, keramika və qrafika sənəti üzrə 9 ay ərzində dərs alacaqlar. İnanıram ki, bu uşaqların içərisindən yeni Tahir Salahovlar, Toğrul Nərimanbəyovlar yetişəcək”.

Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzinin direktoru Anna İbrahimbəyova çıxış edərək əməkdaşlıqdan məmnun olduğunu bildirib. O, uşaqlara yaradıcılıq uğurları arzulayıb.

Sonra qonaqlar uşaqların çəkdiyi rəsmlərdən ibarət sərgiyə baxıblar.