Введите слова для поиска

Rusiyanın keçmiş mədəniyyət naziri Mixail Şvıdkoy Maqsud İbrahimbəyovun “Ondan yaxşı qardaş yox idi” toplusuna ön söz vermişdi»:

Rusiyanın keçmiş mədəniyyət naziri Mixail Şvıdkoy Maqsud İbrahimbəyovun “Ondan yaxşı qardaş yox idi” toplusuna ön söz vermişdi»:

Rusiyanın keçmiş mədəniyyət naziri Mixail Şvıdkoy Maqsud İbrahimbəyovun “Ondan yaxşı qardaş yox idi” toplusuna ön söz vermişdi»:

Çox sağ ol, Maqsud !

Sevgi ilk baxışdan yox, hələ tanımadığın insanın ətrini, rahiyəsini, ruhunu hiss etməyə, onunla bioloji əlaqəyə girməyə  icazə verən xəfif mehdən doğulur.

Maqsud İbarahimbəyovun hələ ötən əsrin ortalarında, sırf təsadüf nəticəsində “Yunost” jurnalında ilk dəfə rast gəldiyim mətnləri ilə mənim münasibətim məhz belə başlayıb və indiyədək də davam eləməkdədir.

 Bütün həqiqi yazıçılar kimi onun sözünün öz çəkisi, vəzni, siniri, ritmi, canı, zövqi-səfası var. Ancaq yalnız bəzilərinin sözü iradəndən və aydın düşüncəndən asılı olmayaraq səni büsbütün sarsır və varlığın ruhunu  qıcıqlandıran həyat ətrinə, gücünə malikdir. Dənizin duz qoxusu və sahilyanı qızılgüllərin ətri ilə qarışan neft iyi; Azərbaycan çayına xüsusi dad qatan kəskin kəkliotu;  qızarmaqda olan balıq, ət və tərəvəzin əsrarəngiz ətrinin qarışdığı  manqal tüstüsü, insan bədəninin füsünkar rahiyələri.

Maqsud ömrünün böyük və düşünürəm ki, heç də pis olmayan hissəsini Sovet İttifaqında, Sovet Azərbaycanında yaşayıb. Və bizim son on beş ildə uğursuzcasına vidalaşmaq istədiyimiz o dövrün  bütün incəliklərini və ziddiyətlərini gözəl bilir. O, ya Bakının mərkəzindəki Azərbaycan KP MK olsun, ya Xəzərdəki  və ya Sibirdəki  neft yataqları olsun, yaxud Nardarandakı kiçik poçt şöbəsi olsun, fərq etməz, Sovet Bizansının müxtəlif mərtəbələrini hərəkətə gətirən bütün gizlin düymələri yaxşı tanıyır.

O, bütün sosial transformasiyaları həssaslıqla izləyir, XX ikinci yarısında baş verənlərin dünyanın altıda biri olan bir ərazidə insanları necə sındırdığını və ya möhkəmləndirdiyini ironiya ilə müşahidə edir.

O, insanları sosial şəraitdən özünəməxsus amiranəliklə qoparıb sevgi, ölüm və əbədiyyətlə üz-üzə qoyan başqa, həqiqi həyatın qiymətini yaxşı bilir. Bilir ki, təklif olunan şərait hər nə qədər güclü görünsə də, bu olsa-olsa insan varlığının qabığıdır. Maqsud İbrahimbəyov bu həqiqəti uzun illərini sərf etdiyi yazıçı əməyi ilə qazanıb. Ola bilsin ki (hətta mən ehtimal edirəm həqiqət məhz bu cürədir)  bunu  o lap əvvəldən, dünyaya gəldiyi ilk gündən bilib.

Onun nəsrini mütaliə eləmək – hüznün, kövrəkliyin, gülməli olanın bir-biri ilə ayrılmaz iplərlə hörüldüyü öz ömrünü xatırlamağa bənzəyir.  Təkrar-təkrar oxumaq istəyirsən, hər dəfəsində də bu mətnlərdə Maqsudun gələcək üçün saxladığı ötən keçmişin yeni-yeni incəliklərini kəşf edirsən özün üçün.

Xoşbəxtlikdən, tarixi materializm Maqsuda hökmranlıq edə bilməyib. Yazıçı ümumi dəyərlərin yoxluğu kimi bir təşvişə uymadan və həyatın xaosundan şikayətdə bulunmadan  özünə xəyanət etmədi, əvvəl necəydisə elə də qalaraq sosializmdən kapitalizmə adladı. Özünə, özünün yazıçı və insan  taleyini müəyyənləşdirən prinsiplərinə sədaqət göstərdi, sadiq qaldı.

Bir sözlə, əgər kimsə xeyir və şəri, ağ və qaranı, sevgi və nifrəti tanımaqda çətinlik çəkirsə, Bakı təyyarəsinə biletpulu tapsın. Və birbaşa Maqsud İbrahimbəyovun evinə gəlsin. O hər şeyi başa salacaq.
Ya da şübhələrini bölüşəcək.
Çünki yalnız o bilir ki, Truskavesə kim gedəcək.

Mixail Şvıdkoy